Britaniya parlamentində Avropa Azərbaycan Cəmiyyətinin təqdimat mərasimi keçirilmişdir

 

AzərTAc xəbər verir ki, Londonda Britaniya parlamentinin Lordlar Palatasında Avropa Azərbaycan Cəmiyyətinin (AAC) rəsmi təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə Britaniya parlamentinin üzvləri, Londonda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər, iş adamları və Azərbaycan icmasının fəalları iştirak etmişlər.

AAC-ın sədri Tale Heydərov təşkilatın məqsəd və məramından danışmışdır. O demişdir ki, 2004-cü ildə Böyük Britaniyada təsis olunmuş İngiltərə-Azərbaycan Cəmiyyətinin bazasında yaradılmış AAC-ın başlıca məqsədi zəngin mədəniyyətə, böyük iqtisadi imkanlara malik olan Azərbaycanı Avropada tanıtmaq, siyasi və mədəni dairələrdə təbliğ etmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxalq səviyyədə yaymaqla Qərbin bu problemə diqqətini artırmaq, eləcə də Avropada yaşayan və təhsil alan azərbaycanlıları həmin istiqamətdə birgə fəaliyyətə cəlb etməkdir.

Cəmiyyətin fəaliyyət istiqamətlərindən bəhs edən T.Heydərov demişdir ki, təşkilat üç aydan bir ingilis dilində "Visions of Azerbaijan" adlı jurnal nəşr edərək dünyanın aparıcı kitabxanaları, elm və tədqiqat mərkəzlərində yayır. Bundan əlavə, AAC Azərbaycan barədə informasiyaları xarici auditoriyaya sadə və cəlbedici formada təqdim etmək məqsədilə ingilis və rus dillərində "Azerbaijan: 100 Questions Answered" ("Azərbaycan: 100 sual-cavab") kitabını nəşr etdirmişdir. Yaxın aylarda Britaniyada Dağlıq Qarabağ münaqişəsi barədə xarici müəlliflərin elmi məqalələrindən ibarət kitab yenidən çap olunacaqdır. Bu nəşrlərin Avropada aparıcı kitab mağazaları şəbəkələri vasitəsilə yayılması planlaşdırılır. AAC tərəfindən çap olunan aylıq biznes və üzvlük bülletenləri Avropanın siyasi və işgüzar dairələrində yayılır.

Hazırda cəmiyyət britaniyalı rejissor Nik Tiron tərəfindən çəkilən "My Surreal Duty" ("Mənim sürreal vəzifəm") adlı film üzərində çalışır. AAC-ın təşəbbüsü və Azərbaycan musiqi alətlərinin mahir ifaçısı amerikalı Cefri Verbokun yaxından iştirakı ilə çəkilən bu sənədli film Ermənistanın təcavüzü nəticəsində Qarabağdan didərgin düşmüş azərbaycanlıların həyatından bəhs edir. Film üzərində işlərin yanvar ayında yekunlaşacağı gözlənilir.

Tədbirdə çıxış edən İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri lord Freyzer Londonda Avropa Azərbaycan Cəmiyyətinin yaradılmasının Azərbaycanı dünyada tanıtmaq baxımından çox əlamətdar hadisə olduğunu vurğulamışdır. O, cəmiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Avropada yayılması istiqamətində fəaliyyətini müsbət dəyərləndirmiş və buna çox böyük ehtiyac olduğunu bildirmişdir. Azərbaycanın ərazi bütövlüyünü ən mühüm prinsip kimi qeyd edən lord Freyzer problemin ədalətli həllinin tapılmasında diaspor fəaliyyətinin əhəmiyyətini vurğulamışdır. Lord Freyzer Avropa Azərbaycan Cəmiyyətinin yaradılması ideyasını dəstəklədiyini və təşkilatın fəaliyyətinə hər zaman kömək etməyə, himayədarlıq etməyə hazır olduğunu bildirmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxışında lord Freyzerə ölkəmizə olan xoş münasibətinə görə təşəkkürünü bildirmiş və noyabr ayında Lordlar Palatasında Azərbaycanla bağlı artıq ikinci tədbirin keçirildiyini məmnunluqla qeyd etmişdir. F.Qurbanov səfirliyin AAC-ın Birləşmiş Krallıqdakı fəaliyyətinə yaxından dəstək olacağını və artıq birgə tədbir keçirildiyini bildirmişdir. Səfir AAC-ın ən vacib layihələrindən biri kimi azərbaycanlı qaçqınlar və muğam sənətimiz barədə çəkilən "My Surreal Duty" sənədli filminin əhəmiyyətindən də söz açmışdır. Diplomat filmdə erməni təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların acı taleyindən, ağır yaşayışından bəhs edildiyini vurğulamışdır.

Tədbirin sonunda sözügedən sənədli filmin rejissoru Nik Tiron ərsəyə gətirdiyi ekran əsərindən bir parçanı nümayiş etdirmiş, tədbir iştirakçılarına Avropa Azərbaycan Cəmiyyətinin Londonda nəşr etdirdiyi "Biznes bülleten", "Qafqazda və beynəlxalq siyasətdə Azərbaycanın rolu" və "Dağlıq Qarabağ" adlı broşürlər, həmçinin "Azərbaycan: 100 sual-cavab" kitabı paylanmışdır.

 

 

Azərbaycan.-2008.-30 noyabr.-S.3.