Azərbaycanın iqtisadi potensialı
ildən-ilə güclənir
Son 6 ildə
Prezident İlham Əliyevin rəhbərliyi
altında hər bir vətəndaşın
mənafeyinə hesablanan
islahatların həyata
keçirilməsi, qloballaşma
dövrünün reallıqlarına
uyğun rasional siyasətin yürüdülməsi,
böyük infrastruktur
layihələrinin gerçəkləşdirilməsi
Azərbaycanı inkişaf etmiş ölkələrin
etibarlı tərəfdaşına
çevirmişdir. Bütün sahələrdə
həyata keçirilən
kompleks islahatlar mahiyyət etibarilə respublikada demokratikləşmə
proseslərinin daha da sürətləndirilməsinə,
vətəndaş cəmiyyəti
təsisatlarının gücləndirilməsinə,
sosial-iqtisadi tərəqqinin
əldə olunmasına
imkan yaratmışdır.
Dövlət başçısı
İlham Əliyev prezidentlik səlahiyyətlərinin
icrasına başladığı
ilk gündən bəyan etmişdir ki, demokratik dövlət insanların birgə fəaliyyətinin
təşkili və tənzimlənməsinin mühüm
şərti, onların
qarşılıqlı münasibətlərinin
qaydaya salınmasının, cəmiyyətdə
sabitliyin təmin olunması vasitəsidir. Bu yolla irəliləyən dövlətlərin mütləq
əksəriyyətində ictimai-siyasi sabitliyin möhkəm təmələ
söykənməsi, insanların
iqtisadi azadlığı,
yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət
münasibətlərinin ahəngdarlığı,
şəxsiyyətin mənafelərinin,
hüquq və azadlıqlarının
maksimum səviyyədə
qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə
əməl olunması
demokratiyanın optimal
idarəetmə üsulu
kimi dominantlığını
təmin etmişdir.
Azərbaycanda hüquqi
dövlət quruculuğu
sahəsində yüksək
nailiyyətlər qazanılması,
davamlı sosial-iqtisadi
inkişafın təmin
edilməsi ölkə
rəhbərliyinin həyata
keçirdiyi uğurlu
siyasətin nəticəsidir.
Ötən altı ildə Azərbaycan öz inkişafının
Qərb modelini müəyyənləşdirərək böyük
irəliləyişlərə imza atmışdır. Sosial-iqtisadi inkişafla paralel gedən demokratikləşmə prosesi
Azərbaycanın bugünkü
yüksəlişini təmin
etmişdir. Dövlət başçısının bununla bağlı irəli sürdüyü
fikirlər təkcə
Azərbaycanın yox,
ümumilikdə demokratiya
yoluna yenicə qədəm qoymuş bütün müstəqil
ölkələrin gələcək
inkişafının təməl
prinsipi kimi tətbiq edilə bilər. Cənab İlham Əliyev hər zaman qətiyyətlə bildirir
ki, əgər biz diqqətimizi yalnız iqtisadi məsələlərə yönəltsək,
siyasi proseslər kənarda qalsa, demokratikləşmə getməsə,
ciddi uğur qazana bilmərik. Eyni zamanda, əgər
iqtisadiyyat inkişaf etməsə, demokratikləşmə
prosesi də təhlükə altına
düşər. Çünki
çoxlu sosial problemləri olan kasıb ölkədə insanlar demokratiya, siyasi proseslər haqqında düşünmürlər.
Yalnız hərtərəfli
inkişaf Azərbaycanı
qısa müddətdə
çox güclü dövlətə çevirə
bilər.
Ölkəmizdə formalaşmaqda
olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı
şəkildə güclənməsi,
beynəlxalq iqtisadi münasibətlər sisteminə
uğurlu transformasiya,
habelə qlobal enerji layihələrinin həyata keçirilməsi
nəticə etibarilə
demokratikləşmə və
vətəndaş cəmiyyəti təsisatlarının
sürətli inkişafına
imkan yaratmışdır.
Müasir mərhələdə respublikada demokratik inkişafı şərtləndirən
başlıca amillərdən
biri də insanların iqtisadi azadlıqlarının, səmərəli
təşəbbüskarlığının
artması, mülkiyyət
münasibətlərinin yeni
forma və məzmun kəsb etməsidir. İqtisadi azadlığını təmin
edən vətəndaşın siyasi
cəhətdən yetkinləşməsi,
tədricən cəmiyyətin
demokratikləşməsi xəttinin
fəal iştirakçısına
çevrilməsi qaçılmaz
prosesə çevrilir.
Azərbaycanda demokratiyanın
mərhələli səciyyə
daşıması da iqtisadi inkişaf və demokratikləşmə
xəttinin bir-birini tamamlaması vacibliyi ilə şərtlənir.
Son altı ildə dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatın modernləşdirilməsi
istiqamətində həyata
keçirdiyi tədbirlər
müsbət nəticələr
vermişdir.
Azərbaycanın davamlı
iqtisadi inkişafı
və qəbul edilmiş dövlət proqramlarının uğurla
icrası yeni perspektivlər açmışdır.
Ölkə başçısının
təsdiq etdiyi "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı" və
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatina
dair Dövlət Proqramı" ölkə
iqtisadiyyatının şaxələndirilməsinə
və dünya iqtisadiyyatına səmərəli
inteqrasiyasına, bölgələrdə
infrastruktur və kommunal xidmət səviyyəsinin yaxşılaşdırılmasına,
xalqın rifah halının daha da yüksəldilməsinə hesablanmışdır.
Prezident İlham Əliyevin yürütdüyü
məqsədyönlü siyasət
Azərbaycan iqtisadiyyatını
böhrana qarşı
dayanıqlı etmiş,
ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə
çevirmişdir. Cari
ilin doqquz ayında inflyasiya 2,1 faiz olmuş, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1 milyard
dollar artaraq 19,1 milyard dollara çatmışdır. Səkkiz ay
ərzində xarici ticarət dövriyyəsi
12,4 milyard, o cümlədən ixrac 8,6
milyard, idxal 3,8 milyard dollar təşkil etmiş, 4,8 milyard dollar həcmində müsbət
saldo yaranmışdır.
Ölkə iqtisadiyyatında
əldə olunmuş
davamlı inkişaf, əhalinin rifahınn yaxşılaşmasına, o
cümlədən gəlirlərin və əməkhaqqının artmasına
öz müsbət təsirini göstərmişdir.
Doqquz ay ərzində orta aylıq əməkhaqqı
15,5 faiz, əhalinin gəlirləri 9,8, adambaşına
düşən gəlirlər
8,4, pullu xidmətlər
isə 12,5 faiz artmışdır.
Dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatında
davamlı inkişafın
təmin olunması beynəlxalq maliyyə qurumlarının hesabatlarında
da əks olunur. Dünya İqtisadi Forumunun
makroiqtisadi sabitlik, əmək bazarının
səmərəliliyi, dövlət
idarəetməsinin, infrastrukturun
və maliyyə bazarının mükəmməllik
səviyyəsi və
bu kimi digər
mühüm meyarlar əsasında 2009-2010-cu il
üçün hazırladığı
"Qlobal Rəqabətlilik
Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək
133 ölkə arasında
51-ci yerə, MDB ölkələri
arasında isə 1-ci
yerə yüksəlmişdir.
Bu hesabatda qonşu ölkələrdən
Türkiyə 61-ci, Rusiya
63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan
90-cı yerdədir.
Prezident İlham
Əliyev Nazirlər Kabinetinin cari ilin doqquz ayının
sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında bildirmişdir: "2009-cu ildə
Azərbaycan çox uğurla inkişaf etmişdir, 2008-ci ilin sonlarında qarşıya
qoyulan bütün vəzifələr icra edilir. Bu çox vacibdir. Bu, bir daha onu göstərir ki, istənilən şəraitdə Azərbaycan
öz planlarını
icra etməyə qadirdir. 2003-2008-ci illərdə
bizim uğurlu inkişafımız gözəl
bir zəmin yaratdı. O illərdə
iqtisadiyyat 2,6 dəfə
artmışdır və
bu artım həyatımızın bütün
sahələrində özünü
göstərmişdir. 2009-cu il böhranlı il oduğuna görə, əlbəttə
ki, ümumi daxili məhsulun 6,1 faiz səviyyəsində artımı bizi çox sevindirir. Bu barədə mən öz fikirlərimi bildirdim və hesab edirəm ki, ilin sonuna
qədər indiyədək
həll olunmamış
məsələlər də
həll olunmalıdır,
bütün sosial və infrastruktur layihələrin icrası
davam etdirilməlidir. Əminəm ki, 2009-cu ilin yekunları da çox müsbət
olacaqdır. Makroiqtisadi
sabitlik qorunub saxlanılacaqdır. Çalışmalıyıq
ki, 2010-cu ildə də makroiqtisadi sabitliyin qorunması üçün praktiki işləri davam etdirək".
Azərbaycan iqtisadiyyatının
ildən-ilə güclənməsi, mühüm
sosial-iqtisadi proqramların
uğurla reallaşdırılması
son nəticədə
əhalinin maddi rifah halının yüksəlməsinə gətirib
çıxarıb. Bölgələrimizin
davamlı və tarazlı inkişafına
hesablanan proqramların
icra edilməsi, yeni infrastruktur layihələrin həyata
keçirilməsi ölkəmizin
hərtərəfli inkişafını
təmin etməkdədir.
Azərbaycan qüdrətli
dövlətə çevrilməklə
dünya birliyində tutduğu layiqli yerini möhkəmləndirməkdədir.
Azərbaycan.- 2009.- 1 noyabr.- S.1.