Türk dünyasının fenomen lideri

 

Bəşər sivilizasiyasının qədim etnoslarından olan türklər tarixin ən çətin imtahanlarından, sınaqlarından daim üzüağ çıxmış, öz mövcudluğunu, milli varlıq və özünəməxsusluğunu hifz etmiş, dövlət qurmaq, müstəqil yaşamaq kimi halal haqqı uğrunda mərdliklə mücadilə aparmış, torpağını, qürurunu hifz edərək müqəddəs bayrağını göylərə qaldırmışdır. Türklərin tarix boyu dünyaya açıq olmaları, dünya ilə fəal münasibətləri yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli xalqın nümayəndələri arasında böyük mütəfəkkirlərin, qüdrətli dövlət xadimlərinin yetişməsinə şərait yaratmışdır.

 

Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyev XX əsrdə Azərbaycan tarixinin yetirdiyi ən böyük sərkərdə və liderdir. Bu münasibət ümummilli liderin türk dünyasına, türk kimliyinə və mədəniyyətinə yanaşmasında da özünü daim büruzə vermişdir. Qüdrətli lideri yaxın və uzaq türk dünyasına hələ yeniyetməliyindən qırılmaz tellərlə bağlayan bu hisslər onu həyatının heç bir mərhələsində tərk etməmişdir. Başlanğıcda, sadəcə, öz kökünə bağlı, milli duyğulu bir gəncin həyəcanlarından ibarət olan bu hisslər sonrakı dönəmlərdə Heydər Əliyevin apardığı siyasi mübarizəyə istiqamət verən, onu milli savaşa ruhlandıran sarsılmaz qüvvəyə çevrilmişdir. Bu mənada, ulu öndərin ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycanda hakimiyyət rəhbərliyinə gəlisi repressiya qılıncının xofu qarşısında illər boyu kimliyindən uzaq düşmüş Azərbaycan türkünün yenidən özünə, öz böyüklüyünə qayıdışı olmuşdur.

Ulu öndər Heydər Əliyevin türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olmağa başladığı mərhələ isə, əsasən, 1993-cü ildən - ümummilli liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Bu mərhələdə ulu öndər türk dünyasının gələcəyi ilə bağlı sistemli konsepsiya müəyyənləşdirərək ortaya qoymuşdur. Ulu öndər Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı baxışlar sistemi tarixin gələcək dönəmlərində ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, bütün mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunması, həmin birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə xidmət etməsi kimi üç mühüm məqamı özündə birləşdirirdi. Heydər Əliyev bu məqsədlərin həyata keçirilməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, hakimiyyətə qayıdışından sonra Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyəyə yüksələrək, əbədi və dönməz xarakter almışdır.

Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər iki ölkənin milli-mədəni əlaqələrinin inkişafını və dahi Atatürk ideyalarının təbliğini qarşıya məqsəd qoyan bir qurum - Atatürk Mərkəzi yaradılmışdır. Ulu öndərin 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi faktı bir daha təsdiqlədi ki, Heydər Əliyevin türk dünyası qarşısındakı əvəzsiz xidmətləri Türkiyədə də yüksək qiymətləndirilir. Xatırlatmaq lazımdır ki, bu möhtəşəm ödül Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə uyğun olaraq regionda, beynəlxalq arenada və ölkələrarası münasibətlərdə sülh, dostluq, anlaşma, xoşməramlı əməkdaşlıq yaradılmasına xidmət edən görkəmli şəxsiyyətlərə verilmək üçün təsis edilmişdir. Şübhəsiz, Türkiyə Cümhuriyyətinin bu ali mükafatına layiq görülmək xoşbəxtliyi heç də bütün dahilərə nəsib olmur. 1986-cı ildə təsis edilən Beynəlxalq Atatürk Sülh Mükafatı ulu öndər Heydər Əliyevə qədər yalnız NATO Baş katibi Josef Lunsa, Almaniyanın sabiq prezidenti Rixard Fon Veytzagerə, Yaponiya şahzadəsi Takaxito Mikasaya, Türkiyənin yeddinci prezidenti Kənan Evrenə, tanınmış amerikalı alim Bernard Levisə, Türkiyə Qızıl Ay Cəmiyyətinə, YUNİSEF təşkilatına və Bosniyada sülhü qoruyan Türkiyə sülhməramlılarına verilmişdi. Ümummilli lider Heydər Əliyev bu möhtəşəm ödülə layiq bilinən sayca beşinci ictimai-siyasi xadim olmuşdur.

"...Mən bu gün böyük həyəcan içindəyəm, çünki Türkiyə dövlətinin qurucusu, böyük öndər Atatürkün adını daşıyan beynəlxalq sülh, barış mükafatına layiq görülmüşəm. Bu mükafatı mənə belə təntənəli şəraitdə - ən yüksək vəzifəli şəxslərin iştirakı ilə Türkiyə Cümhuriyyətinin başçısı, əziz dostum, qardaşım Süleyman Dəmirəl təqdim etdi. Mən həyatımda çox mükafatlar almışam. Ancaq Türkiyə Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan sülh mükafatını almaq mənim üçün böyük şərəfdir. Bu mükafat indiyə qədər aldığım mükafatların hamısından yüksək və qiymətlidir" - türk dünyasının birliyi naminə misilsiz xidmətlər göstərən, bu yolda qarşısına çıxan bütün maneələrə mərdliklə sinə gərən müdrik dövlət xadimi Heydər Əliyev bu sözləri hələ 1999-cu il noyabrın 1-də - Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi münasibətilə təşkil edilmiş möhtəşəm tədbirdə söyləmişdi. Həmin tarixi hadisədən 10 il keçməsinə baxmayaraq, Türkiyə ictimaiyyəti bu gün də Heydər Əliyevi təkcə Azərbaycan dövlətçiliyinin qurucusu və xilaskarı kimi deyil, yüksək humanizm prinsiplərinin, sülh, sabitlik, barış missiyasının, eyni zamanda türkçülük ideyalarının yorulmaz daşıyıcısı kimi ehtiramla anır.

Bütün həyatı boyu türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin müdafiəsində dayanmış ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 6 illik fəaliyyəti bu baxımdan diqqəti xüsusi cəlb edir. Dövlət başçısı İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə, mental xüsusiyyətlərinə həm də ümumi səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır.

Bir müddət əvvəl Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. İlk dəfə 2006-cı ildə türkdilli ölkələrin dövlət başçılarının sammitində Prezident Nursultan Nazarbayev Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür. Ortaq mədəni irsə, dinə, dilə malik olan dövlətləri bir araya gətirdiyi üçün Assambleya böyük əhəmiyyətə malikdir. Sammit iştirakçılarının ümumi fikri bundan ibarət olmuşdur ki, türkdilli dövlətlərin yerləşdikləri bölgələrin dünya siyasətində və iqtisadiyyatında artan rolu türkdilli xalqlar ailəsinin bütün üzvləri arasında sıx birliyi, əməkdaşlığı zəruri edir. Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası ünsiyyətin demokratik forumu kimi təşəkkül tapacaq, bölgələrin əmin-amanlıq və inkişaf ərazilərinə çevrilməsi məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə əlverişli şərait yaradacaqdır.

Türkdilli ölkələrin - dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır. Faydalı müzakirələrlə tarixə düşən zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin yaradılması vacibliyi önə çəkilmişdir. Eyni zamanda, türkdilli dövlət başçıları ildə iki dəfə - rəsmi və qeyri-rəsmi görüşmək barədə razılığa gəlmişlər. Görüş zamanı imzalanmış Naxçıvan Bəyannaməsinə görə isə, yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulur.

Dövlət başçısı İlham Əliyev zirvə toplantısındakı dərin məzmunlu çıxışında türkdilli dövlətlərin birliyini zəruri edən amilləri bir daha diqqətə çəkmişdir: "Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər ərzində daha da güclənir".

Çağdaş dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Fəqət, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət nəticəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri tamamilə fərqli, analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bundan narahat olan qüvvələr son aylarda müəyyən spekulyativ iddialarla iki qardaş ölkə arasında münasibətlərə xələl gətirməyə çalışsalar da, buna nail ola bilmədilər. Bu gün Türkiyə dövləti də yaxşı başa düşür ki, onun Cənubi Qafqaz regionunda ən etibarlı, sınanılmış müttəfiqi məhz Azərbaycandır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 1 noyabr.- S. 3.