Azərbaycan-Çexiya əlaqələri dinamik inkişaf edir

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, oktyabrın 31-də Azərbaycan Respublikası hökuməti və Çexiya Respublikası hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sənədi Azərbaycan hökuməti adından iqtisadi inkişaf naziri Şahin Mustafayev, Çexiya hökuməti adından bu ölkənin Azərbaycandakı səfiri Radek Matula imzalamışlar.

Şahin Mustafayev əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişaf etdiyini, dünyanın aparıcı dövlətlərinin əsas tərəfdaşına çevrildiyini, respublikamızda beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulamışdır.

Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mayında Praqaya işgüzar səfərinin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausla aparılan danışıqların iki ölkə arasında əməkdaşlığın inkişafına böyük imkanlar açdığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Çexiya ilə mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial vardır və bu imkanlardan səmərəli istifadə etməklə ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına nail olmaq mümkündür. İmzalanan saziş də bu məqsədlərə xidmət edir və əlaqələrin genişlənməsində əhəmiyyətli olacaqdır.

Sazişdə iqtisadi, elmi-texniki və mədəni, o cümlədən maşınqayırma, nəqliyyat, energetika, neft-qaz, kimya, metallurgiya, dağ-mədən sənayesi, kənd təsərrüfatı, standartlaşdırma, tikinti və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri əksini tapmışdır. Bu məqsədlər üçün Azərbaycan ilə Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın yaradılması nəzərdə tutulur. Komissiyanın yaradılması iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə imkanlarını daha da artıracaqdır. Çexiyanın Azərbaycandakı səfiri Radek Matula ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, imzalanmış sənədin Çexiya-Azərbaycan əlaqələrinin genişlənməsində əhəmiyyətli olacağını qeyd etmişdir.

 

 

Azərbaycan.- 2009.-1  noyabr.- S. 3.