Mərhəmətin ünvanı
Uşaq həyatın
davamı, xoş gələcəyimiz,
varlığımızın əbədi sevincidir. Harada
uşaq varsa, orada səmimiyyət, sevinc, ümid böyük
olur. Uşaqsız ömür qaranlıq, həyat isə mənasızdır.
Ta bineyi-qədimdən bu günə kimi uşağa həmişə
məhəbbətlə yanaşılır, onu sevgi və
qayğı ilə əhatə etməyə
çalışırlar. Əlbəttə, müəyyən
istisnalar da var. Ayrı-seçkilik, uşağa ögey
münasibət, onun qədrini bilməmək, vaxtsız qəzalar,
qəfil qadalar, müharibələr, terrorlar, münaqişələr
və bir sıra xoşagəlməz olaylar körpə fidanların
sevincini əlindən alır, onları ata-ana nəvazişindən
ayrı salır. Bəzən də nadanlıq ucbatından
uşaqlar öz doğma valideynlərinin himayəsindən məhrum
olurlar. Bu günə kimi qəbul edə bilmədiyimiz və
Azərbaycan milli adət-ənənəsinə, mentalitetinə
uyğun gəlməyən uşaq evlərinin
mövcudluğu ürəyimizi ağrıdır. Dünyanın
bütün var-dövlətini, qayğısını, təbəssümünü,
hətta balacaların çox sevdiyi oyuncaqların
hamısını bu məkanlara doldurmaq mümkün olsa da
belə, onların gözlərindəki nisgili silmək
müşküldür. Yəqin fikir veribsiniz ki, uşaq evlərində
tərbiyə alan bu günahsızların
baxışlarından daim əskik olmayan bir xiffət duyulur.
Bütün bunlarla
yanaşı, fərəhli haldır ki, Azərbaycanda
uşaqların müdafiəsi mexanizminin təşkili ilə
bağlı bir sıra irəliləyişlər var. Ölkə
Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq
edilən "Azərbaycan Respublikasında dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (de-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı (2006-2015-ci illər)" böyük əhəmiyyətə
malikdir. Bu proqramdan irəli gələn vəzifələrin
icrası istiqamətində bir sıra uğurlu addımlar
atılıb. Eləcə də Prezident
İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin
"Uşaq ili" elan olunması ölkəmizdə
uşaqların hüquq və azadlıqlarının
qorunması daha da möhkəmlənmiş, bu işdə birgə
səylərin artırılması üçün geniş
imkanlar açılmışdır. Xüsusilə də
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti
xüsusi önəm daşıyır. Azərbaycanda
uşaqların müdafiəsi sistemində müəyyən
edilmiş islahatların yerinə yetirilməsində aidiyyəti
təşkilatlar, qurumlar, nazirliklər də öz dəstəklərini
əsirgəmirlər.
Bu ilin oktyabrında Bakıda
"Gülüstan" sarayında Azərbaycanda Uşaq ilinə
və BMT-nin Uşaq Hüquqları haqqında
Konvensiyasının 20 illiyinə həsr olunmuş
uşaqların müdafiəsi islahatı üzrə iki
günlük milli konfrans keçirildi. Həmin konfransda Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva öz
çıxışında çox vacib mətləblərə
toxundu.
Sivilizasiya və mədəniyyətlərin
toqquşması, eləcə də dünyada baş verən
hərbi münaqişələr, texnogen faciələr, iqlim
dəyişməsi, xəstəliklər və digər
problemlər uşaqların taleyindən izsiz keçmir. Belə
olan halda onlar təkcə fiziki cəhətdən deyil, mənəvi
baxımdan da şikəst olurlar. Bəzən də
ata-anasından, ailə mühitindən ayrı düşən
uşaqlar müəyyən mənəvi dəyərlərdən
də təcrid olunurlar. Azərbaycan xalqının
özünəməxsus gözəl adətlərindən
biri də övlada xüsusi diqqət və məhəbbətlə
yanaşmaqdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva öz nitqində məhz bu mənəvi dəyərlərin
qüdrətindən söz açdı: "Bu gün Azərbaycan
qadını, demək olar ki, ölkəmizin həyatının
bütün sahələrində çox fəaldır və
həm dövlət qurumlarında, həm özəl sektorda
bir sıra nailiyyətlər əldə edibdir. Bu gün Azərbaycan
qadını öz sözünü deyir və öz
mövqeyini nümayiş etdirir. Bununla yanaşı, mən əminəm
ki, hər bir qadın üçün onun ailəsi, onun
uşaqları həyatının ən vacib, ən
mühüm hissəsidir. Mən özüm
üç uşaq anası olaraq analıq missiyasını həyatımın
ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə,
hər bir valideyn arzulayır ki, onun uşağı sağlam,
bilikli, savadlı, xoşbəxt böyüsün və bunun
üçün əlindən gələni edir".
Mehriban xanım Əliyevanın
söylədiyi kimi, heç də bütün
uşaqların hamısı valideyn himayəsində
yaşamır. Təəssüf ki, bu qayğıdan məhrum
olanlar və dövlət tərbiyə müəssisələrində
böyüyənlər də var. Qədərin bu ağır
zərbələrinə tuş gəlmiş uşaqlar o qədər
zərif və aciz olurlar ki, onlar heç zaman talelərini
özləri təkbaşına düzgün müəyyən
edə bilməzlər. Bu balacaların böyüklərdən,
onların qayğısından, başlıcası isə məhəbbətlərindən
asılılığı çoxdur. Bu baxımdan Mehriban
xanım Əliyeva haqlı olaraq həyəcan təbili
çalır ki, bu cür uşaqların həyatı və
gələcəyi bizim hamımızı narahat etməli,
hamımızı düşündürməlidir. Məhz bu
baxımdan Heydər Əliyev Fondunun uşaqlarla bağlı məsələlərə
xüsusi diqqət yetirməsi, həmin sahələrə
qayğının daha da artırılması diqqət çəkir.
Bu fond, demək olar ki, yarandığı gündən valideyn
himayəsindən məhrum olmuş, dövlət müəssisələrində
böyüyən uşaqların taleyini daim diqqət mərkəzində
saxlayır. Təsadüfi deyil ki, ata-ana himayəsindən məhrum
olan uşaqlar bu gün Mehriban xanım Əliyevaya mənəvi
Ana kimi baxırlar. Bu da səbəbsiz deyildir. "Uşaq evləri
və internat məktəblərinin inkişafı proqramı"
çərçivəsində Fond tərəfindən 31
dövlət müəssisəsi əsaslı təmir edilərək
avadanlıqlarla təchiz olunub. Tez-tez uşaqların
qonağı olan, vaxt tapan kimi onlara baş çəkən
Mehriban xanım Əliyeva çalışır ki, bu
uşaqlarla həmişə ünsiyyət qursun. Onların problemləri
ilə maraqlanır, uşaqların asudə vaxtlarının
səmərəli keçməsi üçün onlara diqqət
və məhəbbət göstərir. Fondun təşəbbüsü
ilə bu gün Azərbaycanda ən yüksək standartlara
cavab verən uşaq evləri və internat məktəbləri
fəaliyyət göstərir. Əlbəttə, belə evlərin
keyfiyyətli tikilməsi, orada peşəkar insanların
çalışması, uşaqlara diqqətin
artırılması çox yaxşı haldır. Amma
yenə də narahatlıq doğuran səbəb var. Son illər
bu müəssisələrdə uşaqların sayı
artmaqdadır. Mehriban xanım Əliyeva söyləyir:
"Heydər Əliyev Fondu bu sahədə beynəlxalq təşkilatlarla,
ilk növbədə BMT-nin Uşaq fondu ilə çox
uğurlu əməkdaşlıq qurur və bir sırpa
proqramlar həyata keçirir. Dövlət tərəfindən
bu sahədə çox vacib addımlar atılır və gələcəkdə
görülən işlər də
planlaşdırılıb. 2006-2015-ci illəri əhatə edən
Dövlət Proqramında nəzərdə tutulmuş plana əsasən,
bir il ərzində 11 dövlət uşaq müəssisəsinin,
3-5 il ərzində isə 44 müəssisənin
transformasiyası həyata keçiriləcək".
Əgər biz söyləyiriksə
uşaqlar bizim gələcəyimiz, Azərbaycanın
sabahıdır, onların problemlərinə də biganə
qalmamalıyıq. Bizim məhəbbətimizə,
qayğımıza ehtiyacı olan kimsəsizlər - körpələr
unudulmamalıdır. Uşaqların dövlət uşaq
müəssisələrindən ailələrə verilməsi
səmərəli şəkildə həyata keçməlidir.
YUNİSEF-in Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Mark Herevard Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaq problemlərinin
həlli istiqamətində göstərdiyi fəaliyyəti
yüksək qiymətləndirərək hazırlanan layihələrin
həyata keçməsində dövlətin dəstəyini xüsusi qeyd edərək
dedi: "Bu xidmətlər Azərbaycanın
müxtəlif yerlərində ehtiyac içərisində
yaşayan uşaqları həyati əhəmiyyət kəsb
edən yardım ilə təmin etməklə yanaşı,
ölkədə alternativ qayğı sistemlərinin daha
geniş miqyasda inkişaf etdirilməsinə töhfələr
verir".
Heydər Əliyev
Fondu BMT-nin Uşaq Fondunun və "Azərcell Telekom" birgə
müəssisəsinin təşkilatçılığı
ilə keçirilən Azərbaycanda uşaqların
müdafiəsi islahatı üzrə milli konfransın ikinci
günündə dövlət qurumlarının nümayəndələri
və beynəlxalq ekspertlər müzakirə zamanı diqqət mərkəzində olan məsələnin
mexanizmi ilə bağlı müxtəlif təkliflər səsləndirdilər,
uşaqların dövlət müəssisəsindən ailəyə
verilməsi zamanı həmin mühitin dəqiqləşdirilməsi,
qiymətləndirilməsi zərurətinə toxundular. Bütün işlərin təkmil metodologiya və
qaydalar əsasında aparılması xüsusi olaraq
vurğulandı. Uşaqların müdafiə olunmasına
yönələn səylər mütləq beynəlxalq
normalara, prinsiplərə, ən ümdəsi isə milli
prioritetlərə uyğun olmalıdır. Azərbaycanda
uşaqların müdafiəsi ilə bağlı bir sıra
tədbirlər görülür. Müəyyən olunmuş
34 müavinət növündən 6-sı uşaqlara yönəlmişdir.
İndi əsas məsələ uşaqların müdafiə
sisteminin daha da yaxşılaşdırılmasından ibarətdir.
Konfransda uşaq hüquqları və müdafiəsi ilə
bağlı bəyannamə qəbul edildi.
Dövlət
Statistika Komitəsinin bu il oktyabrın 1-nə olan məlumatına
görə, Azərbaycan Respublikası əhalisinin sayı
ilin əvvəlindən 76 min nəfər artaraq 8 milyon 973 min
nəfərə çatıb. Əhalinin 49 faizini kişilər,
51 faizini qadınlar təşkil edir. Cari ilin yanvar-sentyabr aylarında
dünyaya gələn 109,5 min körpənin 54,1 faizi
oğlan, 49,9 faizi qızdır. Doğulanların 1196-sı əkiz,
18-i üçəmdir. Ötən ilin müvafiq dövrü
ilə müqayisədə əhalinin hər min nəfərinə
hesabı ilə 16,5-dən 16,6-ya qalxmış, vəfat edənlərin
sayı 6,1-dən 6-ya enmişdir. Bu dövrdə ölkədə
54,6 min nikah və 5,8 min boşanma qeydə alınıb.
Ötən ilin müvafiq dövrünə nisbətən əhalinin
hər min nəfərinə düşən nikahın
sayı 8,1-dən 8,2-yə yüksəlib. Boşanmaların
sayı eyni səviyyədə (0,9) qalıb. Bu statistik məlumatların
cərgəsindəki rəqəmlərin hər birinin
arxasında insan taleyi dayanır. Hər qurulan ailə xoşbəxt
olmaq arzusu, bəxtəvərliyə can atmaq istəyi ilə həyata
qədəm atır. Bu ailələr gələcək
övladların dünyaya doğulacağı mühit və
tərbiyə alacağı ocaq deməkdir. Məhz ona
çalışılmalı, o niyyətə sahib
durmalıyıq ki, uşaqlar sağlam, gümrah olmaqla
yanaşı, atalı-analı böyüsünlər.
Onlardan birinin olmaması yarımcanlıqdır. İkisinin
sıradan çıxması fidanın sürünməsinə,
bəzi hallarda isə məhvinə səbəb olur. Dövlətin də, ictimaiyyətin də,
bütünlükdə körpələrin taleyi ilə məşğul
olan qurumlarında bir məqsədi var: gələcəyimizin
xoş təminatı olacaq uşaqların müdafiəsi ən
yüksək standartlara cavab verəcək səviyyədə
qurulsun.
Bu nəcib niyyətin həyata
keçməsində Heydər Əliyev Fondunun göstərdiyi
fəaliyyət bütün ictimai təşkilatlar və
qurumlar üçün nümunədir. Elə bir əlamətdar
gün, bayram olmaz ki, Mehriban xanım Əliyeva uşaqlarla
görüşüb, onlarla müəyyən məclislərdə
iştirak etməsin. YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri uşaqlarla bağlı həyata keçirilən
bütün layihələrin, demək olar ki, təşəbbüsçüsü
və dəstəkçisidir. Talassemiyadan - qan xəstəliyindən
əziyyət çəkən uşaqları himayəyə
götürərək bu istiqamətdə Azərbaycanda
könüllü donorluq inkişaf etdirildi. Məhz
Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində
talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən
əziyyət çəkən uşaqların qanla təminatı
yaxşılaşdırıldı. Şəkər xəstəliyindən
əziyyət çəkən uşaqlar da Azərbaycanda ilk
dəfə olaraq məhz Mehriban xanım Əliyevanın
himayəsinə alındı. Ölkənin birinci
xanımının xeyriyyəçilik fəaliyyəti
çoxdur. Amma ən önəm çəkəni onun
uşaqlara göstərdiyi xüsusi diqqət və
qayğıdır. Təsadüfi deyil ki,
uşaqları böyük məhəbbətlə sevən,
daim onların yanında olmağa can atan Mehriban xanım Əliyevanın
"Uşaqlar bizim gələcəyimizdir, gəlin onların
problemlərinə biganə qalmayaq"
çağırışındakı səmimiyyət təsirsiz
olmur. Çünki uşaqlıq dövrü insanın ən
yaddaqalan və unudulmaz anlarıdır. Məhz bu illərdə
insanın gələcək taleyinin əsası qoyulur. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
kimsəsizlərin kimsəsi olması isə heç bir zaman
bu uşaqların yaddaşından silinməyəcək. Vaxt
yetəcək ki, onlar həyatın sınaqlarından, tənhalığın
nisgilindən, xəstəliklərin
ağrı-acılarından, fəsadlarından qurtularaq cəmiyyətdə
öz layiqli yerlərini tutacaqlar. Nə vaxtsa ötənlərə
boylananda isə onlara mərhəmət göstərən,
qollarından tutan, yıxılmağa qoymayan, yaşadan
xeyirxah insanları tez-tez xatırlayacaqlar. Yaxşılıq
heç vaxt unudulmur. Uşaqlıq isə tam başqa bir aləmdir.
Məhəbbət gördüyün, nəvaziş
duyduğun, lətafətini, məhəbbətini, səmimiyyətini
hiss etdiyin insan sənə hamıdan əziz və doğma
olur. Bu gün Azərbaycanda yüzlərlə, uşağa
sözün həqiqi mənasında, mənəvi analıq
edən Mehriban xanım Əliyeva gör neçəsinin
taleyində əbədi şölələnəcək
çıraq yandırır.
Mehriban xanım Əliyevanın
bütün xeyirxahlıq missiyası həmişə
vaxtında və lazımi məqamında yerinə yetirilir. Bu
böyüklükdən isə hamıya pay düşür.
İndi Azərbaycanın birinci xanımının
xeyirxahlıq missiyası sərhədlər aşır. Bu məhəbbətin
mayasındakı bəşərilik çox mətləblərdən
xəbər verir. Heydər Əliyev Fondunun təşəbbüsündə
olduğu layihələrin nəticəsində uzaq Pakistanda
qızlar üçün məktəb açılır,
Misirdə tikilən təhsil ocağına ölkəmizin
birinci xanımının şərəfli ismi verilir. Bu fəxarətli
duyğuların yaratdığı sevincin əks-sədası,
xoş sorağı hələ çox eşidiləcək.
Fərəhimiz köksümüzə sığmır: həqiqətən
də, halımıza yanan var. Bu qayğının içindəki
sonsuzluq, mərhəmət adama böyük ruh verir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.-1 noyabr.- S. 4.