Təqlidçilikdən qurtarmaq lazımdır

 

Vaxt var idi ki, televiziya yaranmamışdı, amma radio efirdə idi. Azərbaycan radio verilişləri kanalı ilə yayımlanan sehrli elm, mədəniyyət, incəsənət aləmi! O, uşaqdan tutmuş böyüklərədək hamını öz ağuşuna alır, insanları həm məlumatlandırır, həm də maarifləndirirdi. Radio öz dinləyicilərini dünyanın məşhur yazıçılarının və bəstəkarlarının əsərləri ilə tanış etmək üçün müxtəlif zəngin proqramları ilə evlərə "qonaq" gəlirdi. Radio ilə yayımlanan tamaşalar əhalinin böyük marağına səbəb olurdu. Ona görə ki, radio gözə görünməyən bir sənət nümayişçisi idi.

 

Radio tamaşaları Azərbaycanın görkəmli sənət xadimlərinin ifasında əzəmətli bir hadisə kimi yaddaşlarda qalırdı. Həmin vaxtlar radionun lent yaddaşına köçürülmüş tamaşalar sadə adamları da elmə, mədəniyyətə, ədəbiyyata səsləyirdi. Məktəblərdə də radio verilişlərinin təsiri altında dram tamaşaları hazırlanır, şagirdlər aldıqları rollarda özlərini Cəfər Cabbarlının, Səməd Vurğunun, Süleyman Rüstəmin şah əsərlərinin qəhrəmanlarına oxşatmaq üçün böyük həvəslə çalışırdılar. Cəfər Cabbarlının "Almas", "1905-ci ildə", "Od gəlini", "Sevil", Səməd Vurğunun "Vaqif", Süleyman Rüstəmin "Qaçaq Nəbi" pyesləri, Üzeyir Hacıbəylinin "Məşədi İbad" operettası dediklərimizə misal ola bilər. Müqtədir aktyor Əli Zeynalovun, unudulmaz diktorlar Aydın Qaradağlının, Sabutay Quliyevin, gözəl səs tembrli Fatma Cabbarovanın, aydın diksiyalı Soltan Nəcəfovun radiotamaşalarında aparıcı kimi çıxışları indi də qulaqlarda səslənir. Unudulmaz dram aktyoru Ələsgər Ələkbərovun Səməd Vurğunun "Vaqif"ində Vaqif, aktyor-alim Mehdi Məmmədovun Lev Tolstoyun "Canlı meyit" tamaşasında Protasov, bənzərsiz Mirzağa Əliyevin Cəfər Cabbarlının "Almas" pyesində Mirzə Səməndər, Üzeyir bəyin "Məşədi İbad"ında Məşədi İbad obrazları əsl sənət şedevrləri idi. Mirzağa Əliyevin "Məşədi İbad"da tarın müşayiəti ilə oxuduğu "Rast", simfonik orkestrin müşayiəti ilə ifa etdiyi ariyalar artistin böyüklüyündən xəbər verirdi. Bir sözlə, Azərbaycan radiosu bir tərbiyə məktəbi idi.

Bir müddətdən sonra zamanın hökmü ilə televiziya verilişləri tamaşaçı və dinləyicilərin böyük rəğbətini qazandı. "Sehrli qutu" müəyyən vaxtdan sonra mənzillərin sakinlərinin sevimli əşyasına çevrildi. Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şirkətinin yeganə kanalı ilə yayımlanan verilişlər tamaşaçıların rəğbətini qazandı. İfaçıların səslərini eşitməklə bərabər, özlərini də görmək imkanı möcüzəli televerilişlər dövrünün başlanğıcı oldu. Yalnız bir teleproqramın yayımlanmasına baxmayaraq, verilişlər Az.TV-nin səriştəli aparıcılarının, professional rejissorlarının səyləri sayəsində tamaşaçılara rəngarəng formada təqdim olunurdu. Az.TV-nin kiçik otaqlarda fəaliyyət göstərməsinə baxmayaraq, tamaşaçılar filarmoniyanın və şəhərdəki digər teatrların səhnələrindən təşkil olunan verilişlərə həvəslə baxırdılar. Efirə çıxacaq verilişlərə yüksək tələbkarlıqla yanaşıldığından bayağılığa yolvermə hallarına, demək olar ki, təsadüf edilmirdi. Hətta kişi və qadın diktorların libaslarının da abırlı görünməsinə diqqət yetirilirdi. Efirə ancaq sayılıb-seçilən sənətkarların çıxışları verilirdi. Təsadüfi "ifaçılar"ın çıxışlarına bütün yollar bağlı idi. Bir sözlə, başlıca diqqət tamaşaçıların elmi biliklərinin artırılmasına, bədii zövqlərinin yüksək dərəcədə formalaşmasına, respublikada gedən iqtisadi-siyasi hadisələrin dəqiqliklə çözülməsinə, gənclərdə öz xalqının yüksək mənəvi dəyərlərinin qorunub saxlanılmasına və daha da yüksəlməsi istəyinin artmasına və s. yönəldilirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrdə televerilişlərin keyfiyyətcə yaxşılaşmasına, demokratik ab-havanın yayılmasına istiqamətləndirilmiş əməli tədbirlər həyata keçirilməyə başladı. Bakı zəhmətkeşlərinin, kənd əməkçilərinin, sənaye qabaqcıllarının qəhrəmanlıq nümunələri ilə tanış olmaq, neqativ halları qamçılayan satirik məqamları müşahidə edib, lazımi nəticə çıxarmaq imkanları genişlənmişdi. Bir sözlə, teleməkanın güclənməsi üçün geniş imkanlar yaradılmışdı.

Bir qədər sonralar meydana gəlmiş özəl teleşirkətlər fəaliyyətə başladıqdan sonra, təəssüf ki, kəmiyyət dəyişiklikləri keyfiyyət dəyişikliklərinə çevrilmədi. Hər özəl kanal "öz havasını çalmağa" başladı. Bu, proqram yeniliklərinin yoxa çıxması ilə nəticələndiyindən televeriliş oxşarlıqları geniş vüsət aldı. Tamaşaçı bütün kanallarda məzmunca oxşar hadisələrin gedişini, el şənlikləri adlandırılan toy mərasimlərinin "fəal" ifaçılarının çıxışını izləməkdən zinhara gəldiyi üçün Moskva kanalları ilə yayımlanan və bizlərə yad verilişlərə üz tutdu. Bunu görən "yerli özəllər" də öz fəaliyyətini Moskva verilişləri məcrasında qurmağa tələsdilər. Teleproqramlarda Azərbaycanın görkəmli musiqi xadimlərinin ifalarını izləmək müşkülə çevrildi. Bülbülün, Rəşid Behbudovun, Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Mirzə Babayevin və b. yerini millətimizə yad musiqi motivləri səsləndirən ifaçıların - Filipp Kirkorovun, Lyalya Rublyovanın, İnna Malikovanın, Olqa Varvusun, Aleksandr Rakitinin, Olqa Sakurovanın və s. klipləri tutmağa başladı. Bizə elə gəlir ki, əcnəbi ifaçıların veriliş yükü azərbaycanlı ifaçıların çıxış yükündən daha çoxdur. Millətimizin orta və ahıl yaşlı nümayəndələri Xan Şuşinskinin, Mütəllim Mütəllimovun, Əbülfət Əliyevin, Yaqub Məmmədovun, Seyid Şuşinskinin və digər görkəmli muğam ustalarının çıxışlarının həsrətindədirlər. Telekanallarda milli musiqi ruhunun tərbiyəsinə diqqət ayrılmadığından hətta bölgə gəncləri də mobil telefonlarının radio qulaqcıqları vasitəsilə hay-küylü pop musiqiləri ilə şəhəri dolaşırlar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən muğam müsabiqələrindən sonra milli musiqimizin tacı olan muğamlarımızın təbliğinə diqqət getdikcə artır. Millətimizin bir çox nümayəndələri, acınacaqlı olsa da, muğamlardan bir o qədər də baş çıxara bilmirlər. Azərbaycanın Dövlət Televiziyasının musiqi departamentinin rəhbəri Nadir Axundovun səyi ilə muğam konsertləri zamanı titrlərdə muğam guşələrinin adlarının yazılması tamaşaçıların bu sehrli xəzinənin içərilərinə baş vura bilmələri üçün təqdirəlayiq bir təşəbbüsdür. Özəl telekanalların heç birində bu təşəbbüs nəzərə alınmır. Sutka ərzində ruh oxşamayan aramsız təranələr azərbaycanlı dinləyicilərin musiqi zövqlərinin korlanmasına xidmət edir.

Özəl telekanallarda çoxdandır ki, kəmiyyət keyfiyyəti üstələyib. Peyda olan saysız-hesabsız fonoqram ifaçıları hətta yeri gələndə muğam parçalarını da canlı oxuya və çala bilmirlər. Ağızlarını açıb-yuman "ifaçılar" tarın pərdəsini tuta bilmədiklərindən rüsvayçı hallar baş verir: "ifa" zamanı ağzı yumulu "ifaçının" səsi kəsilmir, yaxud digər artikulyasiya pozuntuları ortaya çıxır. İfaçılıq peşəsinə axın son dərəcə güclənib. Əks-sədalı boş otaqlarda oxumaqları özlərinə xoş gələn "müğənnilər" bu və ya digər vasitələrlə əvvəlcə "el şənlikləri" adlandırdıqları toylara, bir müddət sonra isə "yaxınlarının" köməyi ilə telekanallara "yol" tapırlar. Nəticədə sənət uduzur, əsl sənətkarların efir məkanına yolları bağlanır.

"Estrada ulduzları"nın telekanallar vasitəsilə yayılan "minik avtomobilləri ilə öyünmək" məqamları tamaşaçılarda ikrah hissi doğurmaya bilmir. ATV kanalı ilə yayımlanan "Yağ kimi" qonaqlıq" verilişlərinin birində estrada müğənnisi Almaz Ələsgərovanın ekranda sərgiləndirilən mətbəxi və otaqları özünün təhərsiz zəngin teatral görünüşünə, avadanlıq dəstinin rəngarəngliyinə görə Sankt-Peterburqdakı imperator sülaləsinin iqamətgahlarını xatırladırdı. (Əslində həmin ev çəkiliş üçün icarəyə götürülmüşdü.)

Toy ifaçılarının, daha neçə-neçə zənginlərin bağlarında tikdirmiş olduqları sarayları telekanallar vasitəsilə nümayiş etdirmək tamaşaçılarda qəzəbə çevrilən təəccübə səbəb olur. Azərbaycanın zəngin sərvət sahiblərinin yalnız şəxsi mənafelərinin çiçəklənməsi yolunda fəaliyyətləri normal bir hal kimi qəbul olunur. Onların imkansız və xəstə adamların şəfa tapmalarına yardımçı olmaları üçün öz şəxsi vəsaitləri hesabına heç bir məccani poliklinika və xəstəxana açdırmamalarından telekanallarda söz açılmır. Özəl teleşirkətlər bu kimi neqativ halların tənqidinə yerli-dibli diqqət yetirmirlər.

Azərbaycan böyük elmi potensialı olan ölkədir. Ali məktəblərə test imtahanları zamanı çox sayda gəncin böyük bal toplaması milləti sevindirir və həm də düşündürür. Ona görə düşündürür ki, böyük istedadların xarici ölkələrdə təhsil almalarının xərcinin müəyyən bir hissəsini müasir milyonçularımız nə üçün öz üzərlərinə götürmürlər? Telekanallarda neft milyardçısı Vahid Ələkbərovun Türkiyədə beşulduz otellər tikdirən Telman İsmayılovun vətən övladlarının elm və sənət aləmində tərəqqisi yolunda hansı işlər gördüklərindən verilişlər hazırlasalar, məgər pis olar?

Yemək hazırlanmasının nümayişinə az qala özlərinin əsas proqramı kimi baxan özəl telekanallarda "almanı ətli-canlı doğramaq", "balığı qovurmaq", "fəaliyyətdə olan nöqsan", "süfrənin hazırlanması alınmışdı", "duru yağdan istifadə son vaxtlar icad olunub", "bu dəqiqə xanımları reseptlə yükləyəcəklər", "yeni cücərmiş buğda unu", "müxtəlif ağac növləri yetişdirilir" kimi dil nöqsanlı ifadələrin işlədilməsi adi hal almışdır. Televerilişlərdə "torpaqlarımızın azad olunmasının yerinə yetirilməsi", "səhhətinizə soyuq dəyməyə qoymayın" və s. yöndəmsiz ifadələrin yer alması özəl telekanallarda dil hərc-mərcliyinin hökm sürdüyünü göstərir.

Televerilişlərdə rus dilindən təhriflə gələn sözlər də tez-tez işlədilir. Məsələn, "Straşnıy sud" ifadəsi "Dəhşətli məhkəmə" kimi təqdim olunur. Halbuki bu, "Qiyamət günü kimi" səsləndirilməliydi.

Özəl telekanallar üçün SMS (ingiliscə mənası qısa xəbərlər xidməti deməkdir) gəlir mənbəyinin açarıdır. SMS xatirinə uydurma layihələr də həyata keçirilir. Məsələn, özünü şoumen adlandıran, toylarda həm tamada, yeri gələndə də "müğənni" kimi çıxış edən, əslində isə nəfəs aləti ifaçısı olan Kamran Həsənli ANS kanalı ilə "Toylar kralı" layihəsini həyata keçirəndən sonra fəxarət hissini gizlətməyərək demişdi ki, "Toylar kralı" adı uğrunda yarış iştirakçılarından iki nəfər - Manaf Ağayev və Nəriman Mingəçevirli bir gecədə 1 milyonadək SMS yığmışdı. Bu isə milyon manatdan artıq məbləğ deməkdir. Sual olunur: görəsən, bu pullar kimlərin ciblərini doldurur? Bu qazancdan dövlət büdcəsinə bir şey daxil olurmu? Daha da şirniklənən şoumen artıq "Toylar kraliçası" layihəsini həyata keçirməkdədir.

Bu gün Azərbaycanın efir məkanından restoran qoxusu gəlir. Dövlət telekanalı istisna edilməklə, bütün digər kanallarda müxtəlif adlarla bişir-düşür proqramları yayımlanır. Geniş tamaşaçı kütləsi isə telekanallardan onların maddi-mənəvi, elmi-kütləvi, hüquqi, ədəbi-bədii maraqlarına cavab verən proqramlar gözləyirlər. Milli-maddi dəyərlərimizin, incəsənət, ədəbiyyat tariximizin təkzibolunmaz faktlar əsasında dərindən öyrənilməsinə olan ehtiyac ödənilmir. Ölkədə aparılan abadlıq-quruculuq işlərindən bəhs edən tutarlı (epizodik yox!) verilişlərin azlığı da təəssüf doğurur!

Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunmuş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi teleməkanda yaranmış neqativ halların aradan qaldırılması üçün çox mühüm xatırlatmadır Məqalədə teleşirkətlərdə baş verən arzuolunmaz məsələlərin səbəbləri göstərilmiş və telekanallarda yaradıcılıq yeniliklərinə doğru addımlamağın zəruriliyi diqqətə çatdırılmışdır. Biz istərdik ki, teleefir SMS asılılığından tezliklə qurtarsın və Azərbaycan tamaşaçıları öz teleekranlarında sivil dünyada baş verən yenilikləri izləmək imkanı qazansınlar. Telekanalların tezliklə təqlidçilik yolundan əl çəkməsini, Rusiyanın, Türkiyənin və digər ölkələrin televerilişlərini təqlid etmək əvəzinə, orijinal proqramlarını və verilişlərini diletantların yox, intellektualların qüvvəsi ilə hazırlamasını istəyirik.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2009.- 1 noyabr.- S. 4.