90 illik şərəfli yol

 

Müasir qloballaşma dövründə hər bir dövlətin, xalqın gələcək taleyi onun malik olduğu elmi-intellektual və mənəvi potensialdan asılıdır. Cəmiyyət həyatı üçün strateji əhəmiyyətli bu sahələrdə qazanılan nailiyyətlər dövlətlərin ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verən, sosial-iqtisadi, mədəni-intellektual yüksəlişi təmin edən vacib meyarlardan birinə çevrilmişdir. Milli intibahın təmin edilməsində başlıca vasitə olan elm və təhsil həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib açar rolunu oynayır. İqtisadi inkişaf strategiyasını insan kapitalının formalaşdırılması məramı üzərində quraraq elmin, təhsilin tərəqqisini dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman mütərəqqi ənənələrə istinad edən dövlətlər yüksək irəliləyişə nail olur, dünya arenasında özlərinə layiq yer tuturlar. Müstəqil Azərbaycan da XXI əsrin qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi öz inkişafını elm və təhsildən kənarda görmür, bu sahələrə daim xüsusi diqqət yetirir.

 

Elmin, təhsilin milli inkişafdakı müstəsna rolunu daim yüksək dəyərləndirərək "Təhsil millətin gələcəyidir" deyən müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev hələ respublikaya birinci rəhbərliyi dövründə bu sahələrin davamlı yüksəlişinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərin ötən əsrin 70-80-ci illərində respublikamızın elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının, yüksək diqqət və qayğının adekvat əks-sədası çağdaş tariximizdə bu sahənin ən möhtəşəm izlərinə çevrilmişdir. Böyük strateq məhz bu illərdə təhsil sisteminin tənəzzüldən çıxarılması və ölkənin gələcək inkişafının elmi təməl üzərində qurulması, respublikanın intellektual resurslarının güclənməsi üçün səylə çalışmışdır. Həmin dövrdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin, ixtiraların iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsasını təşkil etmişdir.

Taleyin hökmü, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda xalqa rəhbərlik kimi çətin və şərəfli missiyanı yenidən üzərinə götürən ümummilli lider Heydər Əliyev hələ 70-80-ci illərdə respublikada formalaşmış zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxlamışdır. Ulu öndər milli təhsilin inkişafını və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyasını ciddi vəzifə kimi müəyyənləşdirmiş, bu sahədə aparılacaq islahatların prioritet istiqamətlərini açıqlamışdır. Böyük strateqin irəli sürdüyü təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi, ən əsası, cəmiyyət üçün ləyaqətli şəxsiyyətin formalaşdırılması kimi ümdə prinsiplər təşkil etmişdir. Ümummilli lider keyfiyyətcə yeni mərhələdə də Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada fundamental və humanitar elmlərin inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Təhsil sahəsində islahat proqramının hazırlanması və mərhələlərlə həyata keçirilməsi nəticəsində Azərbaycan təhsili böhrandan qurtularaq davamlı tərəqqi yoluna qədəm qoymuşdur.

Elm və təhsil sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti son 6 ildə inamla davam etdirən, onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır. Elmin, təhsilin inkişafına göstərilən yüksək diqqət eyni zamanda Azərbaycanın dünya miqyasında tanıdılmasına, layiqli yerinin təmin olunmasına xidmət edir. Bu məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda müstəqil Azərbaycan dövləti öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını güclü insan kapitalının formalaşdırılması yönümündə qurur. Respublika iqtisadiyyatının yüksək inkişaf tempi təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün yeni dövrün tələblərinə cavab verən çevik islahatlar aparmağa imkan yaratmışdır. "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq" deyən cənab İlham Əliyev hazırkı "sürət əsri"ndə davamlı və sabit inkişafın yeganə yolunu haqlı olaraq çağdaş dövrün tələbləri ilə uzlaşan fundamental təhsil strategiyası həyata keçirməkdə, müasir biliklərin, "nou-xau" texnologiyalarının dərindən mənimsənilməsində görür.

Dövlət başçısının bu sahəyə xüsusi diqqətlə yanaşması son illərdə müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Bu zərurətdən çıxış edən cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərindən elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını ən başlıca prioritetlərdən biri kimi götürmüşdür. Son 6 ildə elm və təhsilin inkişafına xidmət edən 30-dək fərman, sərəncam və dövlət proqramının imzalanması ölkə rəhbərinin bu sahəyə necə böyük həssaslıqla, diqqətlə yanaşdığını əyani surətdə təsdiqləyir. Həyata keçirilən bu və digər tədbirlər fonunda əminliklə demək olar ki, Azərbaycan "inkişaf qatarı"nda öz layiqli yerini tutaraq intellektual gələcəyə doğru inamla irəliləyir.

Yeni dövrün tələbi kimi imzalanmış həmin fərman və sərəncamlarda ümumən üç əsas məqsəd önə çəkilir və bunlardan birincisi təhsilin, elmin problemlərinin həlli, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasıdır. Regional inkişaf prosesi çərçivəsində yeni məktəblərin tikintisi və onların kompüterləşdirilməsi, ali təhsil sisteminə qayğının gücləndirilməsi, müəllimlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi, elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılması, Avropa təhsil məkanına inteqrasiyanın təmini, "Təhsil haqqında" yeni mükəmməl qanunun qəbulu bu tədbirlərin əsas tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyevin 30 may 2005-ci il tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında", 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında", 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 21 oktyabr 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" sərəncamları da bu sahədə qarşıda duran konseptual vəzifələrin həllinə yönəlmişdir.

Elm və təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ikinci əsas istiqaməti Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi, Bolonya prosesinə keçidin təmini, ən başlıcası, azərbaycanlı gənclərin dövlət hesabına dünyanın nüfuzlu universitetlərində təhsilinə şəraitin yaradılmasıdır. Gənclərin xaricdə təhsil almağa göndərilməsi ilə bağlı hələ ötən əsrin 70-ci illərində mövcud olmuş mütərəqqi ənənənin bərpası dövlət idarəçiliyi üçün müasir təfəkkürlü, bilikli və yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi daşıyır. Dövlət başçısının 31 yanvar 2008-ci il tarixli "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında", habelə 16 aprel 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" sərəncamları da məhz bu məqsədə xidmət etmişdir. Ümumilikdə, proqram əsasında 5 min tələbənin xaricdə təhsil almağa göndərilməsi Azərbaycan dövlətinin gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin təkmil elm və təhsil strategiyasında "nou-xau" texnologiyalarının dərindən mənimsənilməsi üçüncü mühüm istiqamət kimi diqqəti çəkir. Müasir dünyanın inkişaf perspektivlərini düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə keçirilən ümumdünya sammitində bəyan etmişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiya və kommunikasiya texnologiyalarının inkişafı olacaqdır. Dövlət başçısının 2004-cü il 21 avqust tarixli "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illlər)"nın təsdiq edilməsi haqqında", habelə 2008-ci il 10 iyun tarixli "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları ölkədə müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, xaricdə yüksək texnologiyalar əsasında təhsil alan gənclər gələcəkdə yüksək ixtisaslı kadr kimi respublikamıza qayıtdıqdan sonra burada normal iş şəraitinə malik olmalıdırlar. Deməli, "nou-xau" tipli texnologiyaların respublikamızda geniş tətbiqi, bu sahəyə investisiyaların qoyuluşu həm də xaricdə təhsil alaraq respublikaya dönəcək 5 minədək gəncin elmi-intellektual potensialından daha səmərəli və məqsədyönlü istifadəyə imkan yaradacaqdır.

Son illər respublikada elmin, orta və ali təhsilin inkişafı yönümündə həyata keçirilən islahatların müsbət nəticələri bütövlükdə Yaxın Şərqin ilk dünyəvi universiteti kimi 90 illik yubileyini təntənəli surətdə qeyd edən Bakı Dövlət Universitetinin də fəaliyyətində dolğun əksini tapır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin əsasını qoyduğu mütərəqqi ənənələri keyfiyyətcə yeni mərhələdə davam etdirərək 2009-cu il 24 aprel tarixdə "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdır. Bundan bir qədər əvvəl - 2008-ci ilin 15 sentyabrında Bakı Dövlət Universitetinin yeni korpusunun təntənəli açılış mərasimində iştirak edən dövlət başçısı bu ali təhsil ocağı barədə xoş fikir və düşüncələrini bölüşmüşdür: "Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanmasında çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır".

Dövlət başçısı İlham Əliyevin qayğısı sayəsində 2006-cı ildə BDU-nun tikintisi uzun illərdən bəri yarımçıq qalmış III tədris korpusunda yenidən əsas inşaat işlərinə başlanılmış, həmin il dövlət büdcəsindən 600 min manat, 2007-ci ildə 2,5 milyon manat vəsait ayrılmışdır. 2008-ci il mayın 20-də dövlət başçısı tərəfindən imzalanmış "Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamla Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinə 4,6 milyon manat vəsaitin ayrılması isə inşaat işlərinin uğurla yekunlaşmasına zəmin yaratmışdır. Sonuncu sərəncamın nəticəsi olaraq yeni tədris korpusunun az bir müddətdə istifadəyə verilməsi mümkün olmuş, universitetin tədris şəraiti, maddi-texniki bazası əsaslı dərəcədə gücləndirilmişdir.

Azərbaycan Prezidentinin universitetə hər zaman milli elm və təhsilin lokomotivi, mütərəqqi ictimai düşüncənin mərkəzi kimi yanaşması onun çağdaş tariximizdəki müstəsna rolu və xidmətləri ilə şərtlənir. Bakı Dövlət Universiteti ötən 90 ildə hər bir xalqın mənəvi böyüklüyünün rəmzi, elm, təhsil və mədəniyyətinin möhtəşəm məbədi, habelə ölkənin iqtisadi, siyasi və mədəni səviyyəsinin barometri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan BDU XX əsrdə çətin, eyni zamanda şərəfli inkişaf yolu keçməklə milli universitet missiyasını şərəflə daşıyan nüfuzlu ali təhsil ocağıdır.

Azərbaycanın müstəqillik tarixinin cığırdaşı olan BDU 90 illik mövcudluq tarixində nəinki respublikada, ümumilikdə Yaxın Şərqdə mütərəqqi maarifçilik ənənələrinin formalaşmasında müstəsna rol oynamışdır. Yarandığı gündən bu elm məbədi xalqın milli-mənəvi dirçəlişi və elmi tərəqqisində aparıcı qüvvəyə çevrilmiş, Azərbaycanın qədim dövrlərdən malik olduğu tarixi-elmi ənənələrin sistem halına salınaraq dünya elmi uğurları ilə eyni sıraya qədəm qoymasında misilsiz rol oynamışdır. Universitetin ilk rektoru olmuş görkəmli alim V.İ.Razumovskinin dediyi kimi: "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı... Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram".

BDU təhsil və elm ocağı kimi cəmi 90 il fəaliyyət göstərsə də, əslində, onun mənəvi-tarixi kökləri daha qədimlərə gedib çıxır. İlk ali təhsil ocağımız milli mədəniyyətimizə əsaslanmaqla öz bünövrəsini hərəsi bir universitet olan, bəşəriyyətə tükənməz mənəvi qida verən Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli kimi dünya şöhrətli dahilərimizin maarifçi görüşləri üzərində formalaşdırmışdır. Məhz bu möhkəm əsasların və mənəvi bazanın mövcudluğu hesabına yaşı hələ bir əsr olmayan BDU dünyanın bir neçə yüz il əvvəl yaradılmış aparıcı universitetləri ilə bir sırada dayanır, onlarla əməkdaşlıq edir, hərtərəfli elm və təcrübə mübadiləsi aparır.

Bakı Dövlət Universitetinin xalq qarşısında müstəsna xidmətlərini səciyyələndirən ən əlamətdar məqamlardan biri də mövcudluq tarixində onun 5 yubileyinin dövlət səviyyəsində qeyd edilməsidir. Fərəhləndirici haldır ki, 10 illik yubileyi istisna olmaqla, bu beş yubileydən dördü - 50, 60, 75, 80 illik yubileylər məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında keçirilmişdir. Bu, ulu öndərin universitetin milli inkişaf və tərəqqi prosesindəki roluna necə böyük dəyər verdiyini bir daha təsdiqləyir. Universitetin dünya şöhrətli məzunu olmuş ümummilli liderin 1969-cu il noyabrın 1-də BDU-nun 50 illik yubileyində söylədiyi fikirlər də müdrik rəhbər münasibətinin əyani təcəssümü kimi tarixilik qazanmışdır: "Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində (o dövrdə BDU belə adlanırdı - A.M.) inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı astronom Nəsirəddin Tusinin və dahi lirik şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən M.Ə.Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu milli dəyərlərin çoxəsrlik tarixinin bəzəyidir".

Bakı Dövlət Universiteti Azərbaycan Milli Elmlər Akademiyasının və bir neçə ali təhsil müəssisəsinin (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və s.) yaradılmasında da mühüm xidmətlər göstərmişdir. Bununla yanaşı, universitetdə Azərbaycanda elmi məktəblərin formalaşmasında, fundamental elm sahələrinin əsaslı inkişafında əvəzsiz rolu olan yüzlərlə alim yetişmişdir. Böyük şərəf hissi ilə duyuruq ki, elmin yüksək zirvələrini fəth etmiş riyaziyyatçılar - Zahid Xəlilov, Azad Mirzəcanzadə, Məcid Rəsulov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Fərəməz Maqsudov, fizik Həsən Abdullayev, kimyaçılar - Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Əli Quliyev, Soltan Mehdiyev, bioloqlar - Abdulla Qarayev, Səttar Əsədov, Hüseyn Həsənov, Yusif Əbdürrəhmanov, Dəmir Hacıyev, geoloqlar - Mirəli Qaşqay, Musa Əliyev, Şəfayət Mehdiyev, Ədhəm Şıxalıbəyli, Faiq Bağırzadə, Xudu Məmmədov, coğrafiyaçılar - Həsən Əliyev, Qasım Gül, Hadı Əliyev, Ənvər Şıxlinski, filoloqlar - Məmməd Arif Dadaşzadə, Məmmədağa Şirəliyev, Həmid Araslı, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Məmməd Cəfər Cəfərov, Feyzulla Qasımzadə, Cəfər Xəndan Hacıyev, Məmmədhüseyn Təhmasib, Kamal Talıbzadə, jurnalistlər - Nəsir İmanquliyev, İsrafil Nəzərov, Rəşid Mahmudov, tarixçilər - İsmayıl Hüseynov, Əlisöhbət Sumbatzadə, Ziya Bünyadov, Püstəxanım Əzizbəyova, İqrar Əliyev, Tofiq Köçərli, Zülfəli İbrahimov, Əlövsət Quliyev, Mahmud İsmayılov, Qaraş Mədətov, hüquqşünaslar - Vahid Qəhrəmanov, Məmməd Xələfov, şərqşünaslar - Bəkir Çobanzadə, Ələsgər Məmmədov, Rəhim Sultanov, Məmməd Mübariz Əlizadə, Aida İmanquliyeva, Rüstəm Əliyev, filosoflar - Heydər Hüseynov, Mehbalı Qasımov, Firudin Köçərli, iqtisadçı - Həsən Dadaşov və adları çəkilməyən bir çox digər görkəmli şəxsiyyətlər məhz Bakı Dövlət Universitetində formalaşmışlar. Ümumilikdə, Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində yüz əlli minə yaxın mütəxəssis, o cümlədən dünyanın bir çox dövlətləri - Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələri üçün yüzlərlə yüksək ixtisaslı kadr hazırlamışdır.

90 il ərzində Azərbaycan alimlərinin dünya elminə verdiyi böyük kəşflər, elmi ixtira və tapıntılar, ən köklü problemlərin həllinə açar salan orijinal elmi nəticələr, peşəkar mütəxəssislərin hazırlanması məhz universitetin mövcudluğu sayəsində mümkün olmuş, ötən əsrin sonlarına doğru bütün bunlar imperiya tərkibində yaşayan Azərbaycanın müstəqilliyə qovuşmasında, demokratik, sivil dövlət kimi formalaşmasında həlledici amillərdən biri kimi çıxış etmişdir.

BDU-nun elmi strukturu olduqca geniş və əhatəlidir - bu ali təhsil ocağında 16 fakültə, 125 kafedra, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 20 elmi-tədqiqat laboratoriyası, habelə 3 milyona yaxın fonda malik fundamental kitabxana fəaliyyət göstərir. Respublika alimlərinin xeyli hissəsinin cəmləşdiyi Bakı Dövlət Universitetində 300-dək elmlər doktoru, professor, o cümlədən 8 akademik, 15 AMEA-nın müxbir üzvü, 900-ə yaxın elmlər namizədi, dosent 18 min tələbənin təlim-tərbiyəsi ilə məşğul olur. Bunlardan təqribən 100 nəfəri dövlətin ali mükafatlarına layiq görülmüş, 30 nəfərə qədəri əməkdar elm xadimi, 4 nəfəri Dövlət mükafatı laureatı, 10 nəfərdən çoxu Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, 14 nəfəri Milli Məclisin deputatıdır. Hazırda universitetdə təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 230 mövzu üzrə 1160 elmi iş yerinə yetirilir. BDU-da yerinə yetirilmiş elmi-tədqiqat işlərindən kifayət qədər mühüm elmi nəticələr alınır və bu elmi nəticələr hər il AMEA-nın illik hesabatına daxil edilir. 1998-2008-ci illərdə Bakı Dövlət Universitetində yerinə yetirilmiş 188 elmi-tədqiqat işinin nəticələri mühüm əhəmiyyətinə görə AMEA-nın illik hesabatına daxil edilmişdir və bunlardan 88-i fizika-riyaziyyat və tətbiqi riyaziyyat elmlərini, 26-sı kimya elmləri, 13-ü biologiya elmləri, 5-i yer elmləri, 56-sı humanitar və ictimai elmləri əhatə edir. Bu illərdə həmçinin BDU əməkdaşlarının dövlət qeydiyyatından və ekspertizadan keçmiş 85 ixtiraya patent alınmışdır. Təkcə 2009-cu ilin birinci yarısında universitetin əməkdaşları tərəfindən 5 yeni ixtiraya patent alınmışdır.

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində aparılan işlərdən biri də alimlərin öz elmi araşdırmalarının nəticələrini xarici dövri elmi mətbuata çıxarılma yollarını müəyyən etmələridir. Azərbaycanda elmin səviyyəsinin yüksək olmasına baxmayaraq, 2008-ci ilin əvvəllərinə qədər respublikada nəşr olunan elmi jurnallardan heç biri "Thomson Reyters Agensy" kimi nəhəng təşkilatın reytinq cədvəlində təmsil olunmamışdı. 2008-ci il may ayının 7-də isə beynəlxalq "Applied and Computational Mathematics" ("Tətbiqi və hesablama riyaziyyatı") jurnalı bu siyahıya daxil edilmişdir. Respublikada ilk dəfə elmi jurnala belə indeksin verilməsi bu istiqamətdə aparılan tədqiqatların elmi səviyyəsinin dünyanın qabaqcıl elmi mərkəzlərində aparılan tədqiqatların elmi səviyyəsi ilə uzlaşmasının məntiqi nəticəsidir.

Professor-müəllim heyətinin, elmi işçilərin, aspirant və dissertantların, tələbələrin elmi əməyinin stimullaşdırılması məqsədilə BDU-nun 90 illik yubileyi ərəfəsində universitetdaxili "50+50" adlı qrant proqramı təsis edilmişdir. Proqram üzrə elm və təhsildə, eləcə də ictimai fəaliyyətdə uğurları dəyərləndirmək məqsədilə professor-müəllim heyətində 50 nəfərə, 25 aspirant və magistranta, habelə 25 tələbəyə fərdi qrantlar ayrılmışdır. Qrantların 9 ay ərzində - bu ilin oktyabr ayından 2010-cu ilin iyun ayınadək müsabiqə əsasında verilməsi qərara alınmışdır.

1998-2009-cu illərdə BDU-nun laboratoriyalarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində də addımlar atılmış, MDB məkanında analoqu olmayan bir sıra müasir cihazlar alınmışdır. Bu baxımdan nüvə maqnit rezonans spektrometri - "BRUKER 300", "Varian Furier Spectromer 3600 FT-IR", "Electrometr KEITHLEY System", "Atom-qüvvət mikroskopu", "AREX II Rentgen difraktometri, "Caru Eslipse" spektroflüorimetri, sulu məhlullarda metalların təyini üçün ABŞ-ın "Perkin Elmer" firmasının istehsalı olan optik spektrometr və s. cihazları qeyd etmək olar.

Respublikada ilk dəfə olaraq beş il əvvəl məhz BDU-da yaranan Nano Araşdırmalar Mərkəzində "nou-xau" tipli texnologiyaların tətbiqi istiqamətində geniş tədqiqatlar aparılır. Konkret olaraq, nanokompozisiyanın neftçıxarma prosesində tətbiqi ilə bağlı tədqiqat işi artıq neft sənayesində tətbiq olunur. Bu sahəyə yönəldilən 1 dollar məbləğində sərmayə 5 dollarlıq dividend gətirir.

BDU əməkdaşlarının dünya elminin nəzəri və praktik yenilikləri ilə hərtərəfli məlumatlandırılması da qarşıda duran əsas vəzifələrdən biridir. Alimlərimiz müntəzəm olaraq xarici ölkələrə ezam olunur, müxtəlif elmi konfrans və simpoziumlarda iştirak edirlər. Eyni zamanda, universitet tələbələri dövlət başçısının müvafiq sərəncamı əsasında, habelə Təhsil Nazirliyinin və beynəlxalq donor təşkilatlarının köməyi ilə xaricdə müddətli təhsil almağa göndərilirlər.

Universitetdə elmi-tədqiqat işlərinin müasir dövrün tələbləri səviyyəsində aparılmasına, həmçinin aspirantura, doktorantura təhsilinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda BDU-da əyani və qiyabi olmaqla 60 ixtisas üzrə 195 aspirant təhsil alır. Aspirantura ilə bərabər, BDU-da dissertantura əməkdaşlarının - istehsalatdan ayrılmamaq şərti ilə sərbəst şəkildə namizədlik dissertasiyaları hazırlaması da həyata keçirilir. İndi universitetdə 85 ixtisas üzrə 429 nəfər dissertant elmi araşdırma aparır. Son illərdə BDU-da əyani doktoranturaya qəbul keçirilir, onlarla əyani doktorantın elmi yaradıcılığına şərait yaradılır. Bakı Dövlət Universitetində respublikanın digər ali təhsil ocaqları üçün də elmi kadr hazırlığı həyata keçirilir. Universitetin aspiranturasında dünyanın ən müxtəlif ölkələrindən 350-dən artıq aspirant təhsil alır və konkret elmi iş üzərində çalışır.

Region ölkələri və ümumiyyətlə, MDB məkanında lider dövlətlərdən birinə çevrilən Azərbaycanın ilk ali məktəbi - Bakı Dövlət Universiteti də öz kadrları ilə bu məkanda, ümumilikdə Avropada ən aparıcı ali məktəblərdən birinə çevrilmişdir. Dünyanın bir çox aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edən universitet Avrasiya Universitetlər Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası, habelə Xəzəryanı Ölkələrin Universitetlərinin Assosiasiyasının fəal üzvlərindəndir.

2007-ci ildən BDU nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyi də qısa müddətdə orta təhsilin inkişafında sözünü demişdir. Liseyin başlıca vəzifəsi milli amallara xidmət edəcək gənc istedadları axtarıb üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, dərin biliyə, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirməkdən ibarətdir. Lisey öz fəaliyyətində ümumtəhsil məktəblərinin nümunəvi tədris proqramlarını əsas götürməklə yanaşı, həmçinin BDU-nun Elmi Şurasının tövsiyələrini, təhsil və tərbiyə haqqında müasir pedaqogikanın son nailiyyətlərini də rəhbər tutur. Qısa müddətdə BDU-nun nəzdində fəaliyyət göstərən liseyin cəmiyyətdə böyük nüfuz qazanması həm də burada universitetin nüfuzlu müəllimlərinin, professorlarının dərs deməsi ilə şərtlənir. Yalnız bir faktı demək kifayətdir ki, liseyin builki məzunları 100 faizlik nəticə ilə ali məktəblərə qəbul olunmuşlar.

BDU-nun 90 illik yubileyi respublika əhəmiyyətli hadisə olmaqla yanaşı, elmi-intellektual səviyyəli müzakirə və diskussiyalarla səciyyəvidir. Yubiley mərasiminə həsr olunmuş elmi konfranslar və digər tədbirlər də elmi sanbalı və əhəmiyyəti ilə seçilir. Xatırladaq ki, 2009-cu il oktyabrın 23-24-də BDU-nun "Gənc istedadlar" liseyində "Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda I respublika elmi-metodiki konfrans keçirilmiş, nüfuzlu alimlərin, müəllimlərin iştirakı ilə orta təhsil sferasındakı problemlər, qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Oktyabrın 30-da universitetin 90 illik yubileyi münasibətilə keçirilən iki günlük beynəlxalq elmi konfransın proqramı da son dərəcə zəngin, əhatəli və məhsuldar idi. Konfransın işində 1266 nəfər, o cümlədən 100-ə yaxın xarici nümayəndə iştirak edirdi. 16 bölmə və 38 yarımbölmə üzrə 764 məruzə dinlənildi. Plenar iclasda "Bakı Dövlət Universiteti və Azərbaycanda təbiət və dəqiq elmlərin inkişaf perspektivləri", "Bakı Dövlət Universiteti və Azərbaycanda milli ideologiyanın formalaşmasında humanitar elmlərin rolu" mövzusunda məruzələr böyük maraq doğurdu. Konfransda BDU-nun və respublikanın görkəmli alimləri ilə yanaşı, ayrı-ayrı xarici ölkələrin nüfuzlu elm adamlarının da müxtəlif məsələlərlə bağlı məruzələri rəğbətlə qarşılandı. Yubiley mərasiminə Rusiya, Ukrayna, İran, Türkiyə, Almaniya, Gürcüstan və başqa ölkələrdən nümayəndələr gəlmişdilər. Onlardan 15-i bilavasitə dünyanın nüfuzlu universitetlərinin rektorları idi.

Universitetdə müəllim və tələbələrin tədris məsələləri ilə yanaşı, onların sosial və məişət problemlərinin həllinə də diqqət göstərilir. BDU-nun bütün tədris korpuslarında yeməkxana kompleksi yaradılmış, Altıağacdakı istirahət mərkəzində əsaslı yenidənqurma işləri aparılmış, universitet əməkdaşları üçün 3 yaşayış kompleksi tikilmişdir. Sevindirici haldır ki, ölkə rəhbərinin xüsusi qayğısı ilə şanlı yubiley ərəfəsində universitetin 300-dək müəllimi yeni mənzillə təmin edilmişdir. Bu yaşayış komplekslərinin universitetə yaxın ərazidə yerləşməsi də BDU-nun əməkdaşlarının sosial müdafiəsinin, yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir.

 

Universitetin keçdiyi çətin və şərəfli yolun təhlili göstərir ki, Afina Universiteti yunanların, Sorbona fransızların, Kembric ingilislərin, Harvard Universiteti ameikalıların milli şüurunun, elminin, maarifinin yüksəlməsində hansı rolu oynamışdırsa, Bakı Dövlət Universiteti də Azərbaycan xalqının taleyində bu şərəfli missiyanı yerinə yetirmişdir. Ali məktəb sisteminin yaradılmasında baza rolunu oynamış Bakı Dövlət Universiteti bu gün də ölkə ali məktəblərinin flaqmanı kimi dövlət başçısı İlham Əliyevin elm xadimləri qarşısında müəyyənləşdirdiyi strateji vəzifələrin gerçəkləşdirilməsində öz sözünü deyir. İnanırıq ki, ölkə rəhbərinin BDU-ya qayğısı nəticəsində universitet daha da inkişaf edəcək, cəmiyyət üçün layiqli kadrların hazırlanması prosesinə bundan sonra da öz töhfəsini verəcəkdir.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

 

 

Azərbaycan.- 2009.- 1 noyabr.- S. 5.