Mil düzündə büsat var

 

70 il əvvəl Azərbaycan SSR Ali Sovetinini qərarı ilə qonşu Füzuli, İmişli, Ağcabədi rayonlarının və sovxozların bazasında yeni rayon yaradıldı. Yarım əsr Jdanov adını daşıyan bu rayon müxtəlif kənd təsərrüfatı məhsulları istehsalı sahəsində respublikanin nailiyyətlərinə sanballı töhfələr verdi. Yalnız 50 ildən sonra Azərbaycanın şanlı tarixə malik bu qədim yaşayış məskəni öz ilkin adına qovuşaraq Beyləqan adlandırıldı. Bir neçə gündür ki, Beyləqanda bayram əhvali-ruhiyyəsi yaşanır. Həmişə halal zəhmətləri ilə dolanmağa adət etmiş, dövlətçiliyə sədaqətləri ilə seçilmiş beyləqanlılar bu hadisənin 70 illiyini böyük təntənə ilə bayram edirlər.

 

Yuxarı Qarabağ kanalı körpüsü ətrafında tikilmiş qədim Beyləqanı xatırladan qala divarları abidə kompleksinin açılış mərasimi ilə yubiley tədbirlərinə sanki start verildi. "Karvan" simfonik muğamının sehrli sədaları altında elat camaatının köçü körpü üzərindən keçərək qala divarlarının yaxınlığında qərar tutdu. Burada böyük el şənliyi başladı. Qədim adət-ənənələrimiz, milli oyunlarımız ustalıqla nümayiş etdirildi. Sonra rayon mərkəzindəki "Beyləqan rayonu-70" abidə kompleksinin açılış mərasimi oldu. Ağsaqqalların, ictimaiyyət nümayəndələrinin, ziyalıların, əmək qəhrəmanlarının, məktəblilərin qatıldığı mərasimdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev bu qədim diyarın şöhrətli keçmişindən, sürətli sosial-iqtisadi inkişafı ilə diqqət çəkən müasir durumundan, xalqımızın ümummilli lideri Heydər Əliyevin bölgənin yüksəlişinə göstərdiyi misilsiz qayğıdan ətraflı söhbət açdı.

...Beyləqan Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Hələ eramızdan əvvəl burada əcdadlarımız yaşamışdır. Rayon ərazisində hər birinin yaşı 2000-2500 il olan Örənqala, Qaratəpə, Nərgiztəpə, Saraytəpə, Sarıtəpə və başqa tarixi abidələrin mövcudluğu bunu təsdiq edir.

XX əsrin 30-cu illərində ərazidə xutorlar salınmış, mərkəzdən idarə olunan 3 pambıqçılıq sovxozu yaradılmışdı. 1939-cu il yanvarın 24-dən ayrıca rayon olan Jdanovun mərkəzi 5-ci xutor idi. 1941-1945-ci illərdə rayon sakinləri həm ön cəbhədə, həm də arxa cəbhədə böyük hünərlərə imza atmışlar. Müharibədə beyləqanlılar müdafiə fonduna 200 min manat pul, 2,5 kiloqram qızıl, 18 kiloqram gümüş, 100 min pud taxıl, 30 min dəst isti paltar vermişlər. Göstərdiyi igidliyə görə beyləqanlı Gəray Əsədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Müharibədən sonrakı dinc quruculuq dövründə beyləqanlılar pambıq tarlalarında, heyvandarlıq sahəsində, üzüm plantasiyalarında yorulmaq bilmədən çalışır, bol kənd təsərrüfatı məhsulları istehsal edir, əmək xariqələri yaradırdılar. 17 nəfərin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi məhz bunun nəticəsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə isə Beyləqanda yeni-yeni yaşayış massivləri salındı, məktəb, xəstəxana binaları, mədəniyyət və idman sarayları, müxtəlif sosial obyektlər inşa olundu. Heydər Əliyev Beyləqanın qurulmasına, inkişafına xüsusi qayğı və diqqət göstərir, rayonda əmək adamlarının qazandıqları nailiyyətlərə böyük dəyər verirdi. Həmin dövrdə respublikamızın hər yerində olduğu kimi, Beyləqanda da genişmiqyaslı quruculuq işləri aparılmış, köhnə, kərpic komaların yerində ağ mişar daşından yeni və yaraşıqlı evlər, idarə və müəssisələr üçün çox sayda inzibati binalar tikilib istifadəyə verilmiş, əhalinin dolanışığı, məişət şəraiti müqayisəolunmaz dərəcədə yaxşılaşmışdır.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə isə Beyləqan rayonu işğal təhlükəsi ilə üzləşmişdi. Ulu öndərin 1993 və 1994-cü illərdə cəbhə xəttinə səfərləri, əsgər və zabitlərlə səngərlərdə görüşü hamı kimi, beyləqanlılara böyük ruh yüksəkliyi verdi. Cəbhə xəttində artan döyüş əzmi Beyləqanı işğal təhlükəsindən xilas etdi. Qarabağ müharibəsində rayonun 3 övladı Milli Qəhrəman adına layiq görüldü.

İndi Beyləqan sürətli inkişaf dövrünü yaşayır. Regional inkişaf dövlət proqramlarının icrası çərçivəsində görülən işlər rayonun həyatında böyük dəyişikliklər yaratmışdır. 2008-ci ilin aprelində Beyləqana səfər edən Prezident İlham Əliyev rayon içtimaiyyətinin nümayəndələri ilə görüşdə son illər burada aparılmış abadlıq və quruculuq işlərindən razılığını ifadə etmişdir. Dövlət başçısı rayona təbii qazın verilməsini bildirən məşəli alovlandırmış, Heydər Əliyev muzeyinin açılış mərasiminə qatılmışdır. Sonra isə Prezident rayon mərkəzində Qarabağ müharibəsi veteranları və şəhid ailələri üçün inşa edilmiş 3 mərtəbəli 24 mənzilli yaşayış binasındakı mənzillərin açarlarını sahiblərinə təqdim etmişdir.

Ümumiyyətlə, son 5 ildə rayon sosial-iqtisadi sahədə böyük uğurlar qazanmışdır. Rayon mərkəzinin və kəndlərin siması tanınmaz dərəcədə dəyişmiş, sosial infrastrukturu müasir tələblər səviyyəsinə çatdırılmışdır. Yeni tikilən məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, müxtəlif xidmət sahələri, yaraşıqlı parklar, xiyabanlar bu gün qədim Beyləqana müasir görkəm verir. Ən başlıcası isə odur ki, əhalinin həyat tərzi, dolanışığı ildən-ilə, aydan-aya yaxşılaşır. Ötən 5 il ərzində 5400-dən çox daimi iş yerinin açılması Beyləqanda dinamik iqtisadi inkişafın, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, sahibkarlığa göstərilən qayğı və diqqətin nəticəsidir.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Beyləqan indi yeni inkişaf dövrünü yaşayır. Bu diyarın övladları, sözün həqiqi mənasında, Mil düzündə büsat yaradırlar. Qızıl payızın bu barlı, bəhrəli günlərində Beyləqan bərəkət xonçasına bənzəyir. Təknəsi bol çörəkli, ürəyi qurub-yaratmaq həvəsli Mil düzünün sahibləri yeni uğurların sorağındadırlar.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 1 noyabr.- S. 7.