Bir qanadda
iki müxtəlif rəngli gül
Uzun illərdir ki, redaksiyamızın mədəniyyət şöbəsinin
otağında Çin
qızılgülləri becərilir.
Qəzetimizin ötən
saylarında da bu güllərin Tibet dağlarından dünyaya necə yayılmasından, müxtəlif
növlərindən söz
açmışdıq. İyirmi
ilə yaxındır
ki, bu güllərin
qayğısına qalırıq.
Vaxtlı-vaxtında suvarılmasına, tozunun alınmasına çalışırıq.
Çin qızılgüllərinin
özünəməxsus xüsusiyyətləri
var. Bu dəfə
bizi heyrətə gətirən başqa səbəbdir.
Bir səhər
iş otağına daxil olanda gözlərimizə
inanmadıq. Bir qanadda iki gül
açmışdı. Biri
qırımızı rəngdə,
biri zoğalı. Maraqlıdır ki, hər ikisinin də yanında tumurcuq var idi.
Zoğalı rəngli
qızılgülün qonşuluğundakı
tumurcuq beşguşə
formasında, qırmızı
rənglinin davamçısı
isə adi qönçə idi. Çox təəccüblənsək
də, səbəbini
başa düşmədik.
Bir necə gündən sonra yenidən həmin müxtəlif rəngli güllərin açılması
həqiqətən bizə
möcüzə təsiri
bağışladı. Kimdən
soruşduqsa da, bu dəyişməni açıqlaya bilmədi.
Maraqlıdır ki, bu gülün əsl sahibi çox uzun illər bundan əvvəl dünyasını
dəyişib. Sahibinin
vəfatından sonra Çin qızılgülü
yaşıllığını saxlasa da, heç
vaxt gül açmayıb. İnadkar
övladsa ondan bir qanad kəsərək
iş yerində böyüdüb. Çəkilən
zəhmət hədər
getməyib. Nəhayət,
yaşıl yarpaqların
arasında qırmızı
güllər görünüb.
Beş-altı ildən bir həmin gülün qanadından kəsərək
yenidən göyərdən
övlad isə anasından yadigar qalmış bu Çin qızılgülünü
əbədi yaşatmaq
istəyir. Kim bilir, bəlkə də bu sədaqətin
və ehtiramın nəticəsidir ki, adi yaşıllıq kimi baxdığımız
qızılgüllər də
öz "təşəkkürünü"
bu cür bildirir. Doğrudan da təbiət qəribədir və möcüzələrlə doludur.
Adi otaq şəraitində becərilən Çin qızılgülünün bu
cür "hədiyyəsi"
hamımızın qəlbini
riqqətə gətirdi.
Əməkdaşlarımızdan kimsə söylədi ki, sanki bir
ananın iki övladı var: oğlan və qız. Bənzətmə
nə qədər yerinə düşür.
Həqiqətən də,
başqa ad düşünmək olmur.
F.XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 1 noyabr.- S. 8.