Prezident İlham Əliyevin çıxışı
-
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Mən sizin hamınızı
Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə
ürəkdən təbrik etmək istəyirəm,
universitetin bütün kollektivinə xoşbəxtlik və
yeni-yeni uğurlar arzulayıram.
Bakı Dövlət Universitetinin
çox gözəl və böyük tarixi vardır. 1919-cu
ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın
hərtərəfli inkişafında çox mühüm rol
oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan
müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan
Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis
edilmişdir. Bu çox düşünülmüş və
uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc
idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda
savadsızlığın aradan qaldırılması və
intellektual potensialın gücləndirilməsi
üçün universitetin yaradılması çox
mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan
Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun
olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət
Universiteti yaşadı. Düzdür, o zamanın müəyyən
ideoloji çərçivələri daxilində fəaliyyət
göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət
Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin
inkişafı, elmi potensialın gücləndirilməsi
üçün çox mühüm rol oynamışdır.
Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki,
Bakı Dövlət Universiteti bütün bu illər ərzində
Azərbaycanda təhsil sahəsində öz aparıcı
rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da
güclənir. Bu, bir daha onu göstərir ki, universitetin
çox zəngin ənənələri, çox
böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi,
tələbələrin oxuması və təhsilə verdikləri
önəm vardır. Xüsusilə indiki şəraitdə hər
şey təhsilin səviyyəsi ilə
ölçülür. Hər bir insanın gələcəyi,
hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən,
savadından asılıdır.
Biz bazar iqtisadiyyatı şəraitində
yaşayırıq və bazar iqtisadiyyatının öz
qanunları vardır. Hər bir insan qarşısında eyni
imkanlar, bərabər imkanlar yaradılır. O imkanlardan
faydalanmaq, xüsusilə Azərbaycanın indiki inkişaf
dövrünü yaşadığı bir vaxtda yaradılan
bu imkanlardan faydalanmaq üçün ilk növbədə gənclər
bilikli, savadlı olmalıdırlar.
Bakı Dövlət Universiteti
müxtəlif dövrlərdə Azərbaycanın hərtərəfli
inkişafı üçün öz dəyərli töhfəsini
vermişdir. Bakı Dövlət Universitetinin məzunları
öz fəaliyyəti ilə ölkəmizin çiçəklənməsinə
dəyərli töhfələrini vermişlər. Ulu öndər
Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu
idi və bütün dövrlərdə - 1970-80-ci illərdə
və müstəqil Azərbaycanın Prezidenti kimi Bakı
Dövlət Universitetinin inkişafı üçün
çox böyük səylər göstərmişdir. Həmişə
universitetə çox böyük diqqət göstərmişdir,
universitetin tədbirlərində iştirak etmişdir və
Bakı Dövlət Universitetinin belə yüksək səviyyəyə
qalxması üçün əməli işlər
görmüşdür.
1970-80-ci illərin əvvəllərində
və 1990-cı illərdə ulu öndər Heydər Əliyevin
fəaliyyəti nəticəsində Azərbaycan çox
böyük və uğurlu yol keçmişdir. 1970-ci ildə
Azərbaycan müttəfiq respublikalar arasında ən
axırıncı yer tuturdu. Ancaq 1982-ci ildə Azərbaycan
müttəfiq respublikalar arasında birinci sıralarda idi. O
illər ərzində sənaye potensialının, intellektual
potensialın inkişaf etdirilməsi, gənc nəslin maarifləndirilməsi
və Sovet İttifaqının aparıcı ali məktəblərinə
onların imtahansız qəbulu sayəsində Azərbaycanın
elmi potensialı böyük dərəcədə gücləndirilmişdir.
Azərbaycanın ali məktəblərində aparılan
islahatlar və görülən işlər bu gün ölkənin
intellektual potensialını müəyyən edir.
Müstəqilliyin ilk
dövründə - 1993-cü ildə Azərbaycanın qarşısında
duran çağırışlar, demək olar ki, müstəqilliyimizi
sınağa çəkirdi, çox ciddi böhran - həm
iqtisadi, həm siyasi böhran yaşanırdı. Buna
baxmayaraq, 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər
Azərbaycanda təhsilin inkişafı üçün
köklü islahatlar aparıldı, lazımi qərarlar
verildi. Azərbaycan təhsilinin maddi-texniki bazasının
gücləndirilməsi işində çox vacib addımlar
atılmışdır. Bu siyasət bu gün davam etdirilir. Bu
gün Azərbaycanın, demək olar ki, bütün ali məktəblərinin
maddi-texniki bazası ən yüksək standartlara cavab verir.
Demək olar ki, bütün dövlət ali məktəblərində
əsaslı təmir işləri aparılmışdır.
Ali məktəblərin maddi-texniki bazası böyük dərəcədə
gücləndirilmişdir. Bu onu göstərir ki, Azərbaycan
dövləti həmişə olduğu kimi, təhsilin
inkişafına çox böyük əhəmiyyət verir.
Bu, həqiqətən də, belədir. Bunu görmək
üçün ancaq Azərbaycanın dövlət büdcəsinə
baxmaq kifayətdir.
Təhsil xərcləri ordu xərclərindən
sonra dövlət xərclərimizdə ikinci yerdədir. Bu da
təbiidir. Çünki biz müharibə şəraitində
yaşayırıq. Müharibə hələ bitməyib və
biz hər an hazır olmalıyıq ki, öz doğma
torpaqlarımızı işğalçılardan hərbi
yolla azad edək.
Ancaq hərbi xərclərdən
sonra ikinci yerdə təhsilə ayrılan xərclərdir.
Bu, Azərbaycan dövlətinin prioritetlərini göstərir
və bizim siyasətimizin ən bariz nümunəsidir.
Çünki hər bir ölkənin inkişafı
üçün ən başlıca şərt o ölkənin
təhsilinin səviyyəsidir. Əgər inkişaf etmiş
ölkələrin təcrübəsinə baxsaq, görərik
ki, İkinci Dünya müharibəsindən sonra və bəzi
ölkələrdə ondan əvvəl, elmi-texniki tərəqqi
olan yerlərdə ölkələr inkişaf edib və bu
gün dünyanın inkişaf etmiş ölkələri
kimi tanınır. Nə təbii resurslar, nə coğrafi vəziyyət,
- halbuki bu amillər də çox önəmlidir, - bu şərti
təmin etmir. Ancaq təhsilin səviyyəsi, elmi-texniki tərəqqi,
təhsilə verilən önəm və təhsil sahəsində
aparılan islahatlar əsas şərtlərdir. Biz də bu
yolu seçmişik. Biz də təhsildə islahatlaın
aparılması ilə bərabər, bizim üçün ənənəvi
olan təhsil formalarını saxlayırıq, öz ənənələrimizi
qoruyuruq, bütün mütərəqqi təcrübələrə
qoşuluruq və ali məktəblərimiz beynəlxalq
müstəvidə çox fəal iştirak edirlər.
Bir sözlə, təhsil
sisteminin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin
qaldırılması üçün bundan sonra da lazımi tədbirlər
görüləcəkdir. Son altı il ərzində Azərbaycanda
1800 yeni məktəb tikilibdir. Yüzlərlə məktəbdə
yeni korpuslar tikilib, təmir aparılıbdır. Bu nəyi
göstərir?! Bu onu göstərir ki, bu sahə prioritet sahədir.
Bütün orta məktəblərdə kompüter sinifləri
yaradılır, informasiya-kommunikasiya texnologiyaları tətbiq
edilir. Bütün məktəblərin internetə
qoşulması prosesi uğurla davam edir. Belə olan halda gənclərimiz,
uşaqlarımız, yeniyetmələrimiz bilikli və
savadlı olacaqlar, həyatda özlərinə layiq yeri
tutacaq, eyni zamanda, gələcəkdə - 10 ildən, 20 ildən,
50 ildən sonra Azərbaycanın uğurlu
inkişafını təmin edəcəklər.
Çünki bir daha demək istəyirəm ki, təbii sərvətlər
tükənən dəyərdir, ancaq təhsil, bilik, elm əbədi,
hər bir ölkənin gücləndirilməsinə töhfə
verən amillərdir.
Son illər ərzində təhsilin
səviyyəsinin qaldırılması işində vacib
addımlar atılır, "Təhsil haqqında" qanun
uzun müzakirələrdən sonra qəbul edilibdir. Ancaq bu
sahədə inkişaf üçün hələ çox
iş görülməlidir. Bir daha demək istəyirəm
ki, dünyanın ən mütərəqqi təcrübəsi
öyrənilməlidir, eyni zamanda, Azərbaycan gəncləri
milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu
başqa ölkələrin, imperiyaların tərkibində
yaşamışıq. Ancaq öz milli dəyərlərimizi,
ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik.
Öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına?! Ona görə
ki, Azərbaycan xalqında milli ruh həmişə çox
yüksək səviyyədə olmuşdur.
Bu gün qloballaşan dünyada,
bəlkə də buna daha da çox diqqət verilməlidir.
Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən
düzəlişlərlə davam edəcəkdir. Xüsusilə
belə olan halda milli dəyərlərə önəm vermək,
gənc nəsli milli dəyərlər əsasında tərbiyə
etmək xüsusi əhəmiyyət daşıyır. Mən
çox şadam ki, Azərbaycanda milli ənənələr
güclənir, möhkəmlənir və bu prosesləri daha
da sürətləndirmək üçün kompleks tədbirlər
görülməlidir. Əlbəttə, təhsil bu işlərdə
ən prioritet məsələdir. Eyni zamanda, bizim mədəni
irsimizin öyrənilməsi, ədəbiyyatımızın
təbliği, xalq musiqimizin təbliği və öyrənilməsi
böyük əhəmiyyət daşıyan məsələlərdir.
Azərbaycanda bütün bu sahələrə çox
böyük əhəmiyyət verilir.
Biz öz
iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan
iqtisadi cəhətdən artıq oturuşmuş dövlət
kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi
sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə
alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda
aparılan islahatları çox yüksək qiymətləndirir.
Müxtəlif hesablamalara görə Azərbaycan postsovet məkanında
iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci
yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə
keçid dövrü başa çatıbdır. Dünya
İqtisadi Forumu - dünyanın ən mötəbər
qurumlarından biri olan bu təşkilat rəqabət qabiliyyətliliyinə
görə Azərbaycanı dünya miqyasında 51-ci yerdə
görür və bütün MDB məkanında biz bu sahədə
birinci yerdəyik. Dünya Bankı 2008-ci ilin hesablamalarına
görə Azərbaycanı bir nömrəli
islahatçı ölkə kimi tanıdı. Bu, bir daha onu
göstərir ki, bizim uğurlarımızın əsas səbəbi
ölkədə aparılan siyasi və iqtisadi islahatlardır.
Hasilat sənayesi sahələrində şəffaflığın
təmin edilməsi ilə əlaqədar Azərbaycan təcrübəsi
dünya miqyasında öyrənilir. Birləşmiş Millətlər
Təşkilatı Azərbaycanı bu sahə üzrə
mükafatlandırıbdır.
Ona görə biz gələcəyə
bu prizmadan yanaşmalıyıq. Azərbaycan üçün
ən ağır, ən çətin dövr artıq arxada
qaldı. Sabitlik dövrü tam bərqərar olundu və biz
irəliyə baxmalıyıq. Azərbaycan 20 ildən, 50 ildən
sonra necə inkişaf edəcək, hansı resurslar bunu təmin
edəcək?! Əlbəttə ki, təbii
resurslarımızın mövcudluğu bizə əlavə
güc verir. Xüsusilə müstəqilliyimizin ilk illərində
və bu gün müstəqil siyasət aparmaq
üçün, öz taleyimizin özümüz tərəfindən
həll edilməsi üçün çox mühüm rol
oynayır. Əlbəttə ki, uzun illər bundan sonra bu amillər
nəinki ölkəmizin inkişafına, eyni zamanda regional vəziyyətə
mühüm təsirini göstərəcəkdir.
Ancaq biz elə etməliyik ki, Azərbaycan
uzun illər, onilliklər bundan sonra, əsrlər boyu müstəqil
ölkə kimi yaşasın və nəinki yaşasın,
yaxşı yaşasın.
Dünyada müstəqil
sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir
az dərinə baxsaq, görərik ki, onların heç də
hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir.
Bunun müxtəlif səbəbləri vardır və bu, təkcə
bugünkü siyasi mənzərə deyil, bu, əsrlər
boyu belə olubdur. O ölkələr dünyada özünə
layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya
bilsinlər, başqa ölkələrin yardımına
onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən,
nə də ölkələrin ehtiyaclarının ödənilməsi
baxımından. Azərbaycan bu ölkələrdəndir.
Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə, bəlkə
də Azərbaycan ən ağır vəziyyətdə idi.
Çünki ölkə iqtisadiyyatı
dağılmışdı, ölkədə siyasi proseslər,
faktik olaraq ölkəni uçurum kənarına qoymuşdu.
1990-cı illərin əvvəllərində yaşanan siyasi,
iqtisadi, hərbi böhran faktik olaraq müstəqilliyimizi təhlükə
altına qoymuşdu. Ancaq buna baxmayaraq, Azərbaycan o dövrdən,
xüsusilə ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra uğurla çıxa bilmişdir və
bu gün uğurla inkişaf edir. Yəni bu tarix
hamımızın yadındadır və biz elə etməliyik
ki, uzun illər bundan sonra da Azərbaycan öz müstəqil
siyasətini apara bilsin. Bunu etmək üçün müxtəlif
amillər lazımdır. İlk növbədə, siyasi iradə
lazımdır. Digər tərəfdən, xalqla iqtidar
arasında birlik, sabitlik, əmin-amanlıq, inkişaf, iqtisadi
canlanma, siyasi islahatların, demokratiya proseslərinin sürətləndirilməsi
lazımdır. Bütün bu amillər Azərbaycanda
vardır.
Bu il bütün dünya
böhran içindədir və biz dünyada gedən proseslərə
bələdik. Azərbaycan iqtisadiyyatı doqquz ayda 6,1 faiz
artıbdır. Bütün bu nəticələr onu göstərir
ki, biz, sözün əsl mənasında, müstəqil
dövlətik, müstəqilliyimizi hər şeydən uca
tuturuq, müstəqilliyimizin möhkəmləndirilməsi
üçün əlimizdən gələni edirik. Bu müstəqilliyi
əbədi, dönməz etmək üçün mən bir
daha vurğulamaq istəyirəm, hesab edirəm ki, təhsilin səviyyəsi
ən vacib rollardan birini oynayır. Azərbaycanda bu istiqamətdə
çox vacib işlər görülüb.
Bütövlükdə təhsil sahəsində görülən
işlər müsbət qiymətləndirilə bilər.
Çatışmayan cəhətlər vardır. Biz də
onları bilirik. Onları aradan qaldırmaq üçün
biz daha da fəal işləməliyik.
Azərbaycanı irəliyə
aparan çox gözəl və milli ruhda böyüyən gənc
nəsil yetişir. Müəllimlərin, əlbəttə
ki, bu işdə rolu, bəlkə də ən önəmli
roldur. Çünki müəllimlər həm tələbələrə
öz biliyini çatdırırlar. Eyni zamanda, gənc nəslin
hansı formada böyüməsinə də müəllimlərin
böyük təsiri vardır. Mən bu fürsətdən
istifadə edərək Bakı Dövlət Universitetinin
bütün professor-müəllim heyətinə uzun illər
çox vacib funksiya daşıdıqlarına görə
öz minnətdarlığımı bildirmək istəyirəm.
Onlara gələcəkdə yeni uğurlar arzulamaq istəyirəm.
Tələbələrə isə yaxşı oxumağı,
yaxşı biliyə malik olmağı və gələcəkdə
Azərbaycanın dövlət müstəqilliyinə öz
töhfəsini verməyi arzulayıram. Əziz dostlar, bu
gözəl yubiley münasibətilə sizi bir daha ürəkdən
təbrik edirəm, sizə cansağlığı və
yeni-yeni uğurlar arzulayıram. Sağ olun.
Azərbaycan.- 2009.- 3 noyabr.- S. 1.