Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun
çıxışı
- Azərbaycan
Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev!
Hörmətli qonaqlar!
Əziz müəllimlər və
tələbələr!
Xanımlar və cənablar!
İcazə verin, ilk növbədə
sizin hamınızı Azərbaycanın ilk ali təhsil
ocağı olan Bakı Dövlət Universitetində
salamlayım və qonaqlarımıza bu qocaman elm və təhsil
məbədinə "Xoş gəlmisiniz!" deyim.
Möhtərəm cənab
Prezident, artıq biz Sizin nitqinizi dinlədik. Bu proqram xarakterli
tarixi bir çıxış idi. Buna görə
universitetimizin kollektivi adından Sizə öz minnətdarlığımızı
bildiririk. Siz çıxışınızda universitetin
kollektivinin ünvanına çox xoş sözlər dediniz.
Biz bunu məmnuniyyətlə qəbul edirik və öz əməli
fəaliyyətimizdə həmişə rəhbər tutacağıq.
Hörmətli tədbir
iştirakçıları, iki gün bundan öncə,
möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən
Bakı Dövlət Universitetinin bir qrup aliminə - 107 nəfərə
Azərbaycanın ən böyük mükafatları, fəxri
adları verilmişdir. Bu, universitetə olan böyük diqqətdir, böyük
qayğıdır. Nəinki universitetə, mən hesab edirəm
ki, Azərbaycan elminə, Azərbaycan təhsilinə
böyük diqqət və qayğıdır. Ona görə,
cənab Prezident, icazə verin, bütün təhsil
işçiləri adından, o cümlədən Bakı
Dövlət Universitetinin kollektivi adından Sizə dərin
minnətdarlığımızı bildirək.
Bu gün biz çox şadıq
ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilə
birlikdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva da burada iştirak edir.
Onun bütün fəaliyyəti həmişə bizi şərəfləndiribdir.
O, bizim qürur yerimiz olubdur. Bütün sahələrə
kömək və dəstək veribdir. İcazə verin, bu
tarixi fəaliyyətinə görə hörmətli Mehriban
xanıma da öz təşəkkürümüzü bildirək.
Bakı Dövlət
Universitetinin şanlı yubileyində Avropadan, Asiyadan,
ümumiyyətlə, dünyanın ən aparıcı
universitetlərinin rektorları, nümayəndə heyətləri
iştirak edir. İcazə verin, bütün kollektiv
adından, bütün tədbir iştirakçıları
adından qonaqlarımızı bu qocaman elm və təhsil məbədində
bir daha salamlayaq.
Mən
çıxışımı ümummilli liderimiz Heydər Əliyevin
tarixi sözləri ilə başlamaq istəyirəm:
"Bakı Dövlət Universiteti Azərbaycan
xalqının milli sərvətidir". Universitetimiz
bu milli sərvət adını qazanmaq yolunda hansı
acılı-ağrılı günlərdən keçib,
hansı nailiyyətlər əldə edib və bu gün gələcək
haqqında nə düşünür - bu istiqamətdə
qısa çıxışımı sizin nəzərinizə
çatdırmaq istəyirəm.
Bakı Dövlət
Universiteti hər zaman xalqın milli şüurunun, milli
özünüdərkinin yetkinləşməsi,
maarifçilik ideologiyasının bərqərar olması,
elm və təhsilin inkişafı, Azərbaycan dili və
tarixinin sistemli şəkildə tədqiqi və Azərbaycançılıq
ideologiyasının formalaşmasında əvəzsiz rol
oynamışdır.
Hələ 90 il bundan əvvəl, universitetin ilk rektoru Vasili
İvanoviç Razumovski demişdir: "Azərbaycan öz
maarif ocağını yaratdı. Türk xalqının
tarixinə yeni bir parlaq səhifə yazıldı. Avropa və
Asiyanın qovuşuğunda yeni məşəl yandı. Mən
Bakı Dövlət Universitetinin parlaq gələcəyinə
inanıram".
Yarandığı gündən
indiyə qədərki bütün fəaliyyəti ilə
Bakı Dövlət Universiteti həmin sözləri həqiqətə
çevirmişdir. XX əsrin əvvəllərində Azərbaycan
demokratik respublika qurmaqla xalqımız Şərq
dünyasına respublika məfkurəsini və demokratik idarə
üsulunu gətirdi. Mövcud olduğu qısa müddət ərzində
Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən
mühüm tədbirlərdən biri də müsəlman
Şərqində ilk Avropa tipli ali məktəbin - Bakı
Dövlət Universitetinin yaranması oldu. Xalqın
maariflənməsini və təhsilin inkişafını
düşünən Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin
- Əlimərdan bəy Topçubaşov, Fətəli xan
Xoyski, Nəsib bəy Yusifbəyli, Məmməd Əmin Rəsulzadə,
Əhməd bəy Ağayev, Behbud xan Cavanşir və
başqalarının başlıca arzularından biri
universitet açmaq idi. Qeyd etmək istəyirəm ki, Bakı
Dövlət Universitetinin yaradılmasında tarixi xidmətlər
göstərmiş bu vətənpərvər
ziyalıların əksəriyyəti Avropanın qabaqcıl
universitetlərində təhsil almışdılar. Parlamentdə
10 ay sürən gərgin mübahisə və müzakirələrdən
sonra onlar həyatlarının bəlkə də ən
böyük arzusuna qovuşdular. Müstəqil dövlətin
müstəqil ali təhsil ocağını - Bakı Dövlət
Universitetini yarada bildilər.
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı bir çox təsisatlar, dövlət rəmzləri ləğv edilmiş, ilk müstəqil dövlətimizin özü kimi onlar da yalnız arxiv sənədlərində qalmış, vətənpərvər insanların xatirələrində yaşamışdır.
Xalq Cümhuriyyətinin yaratdığı möhtəşəm
elm abidəsi - Bakı Dövlət Universiteti isə təzyiqlərə
davam gətirmiş, uzun illər sınaqdan
alnıaçıq, şərəflə
çıxmış, vətən övladlarına ziya vermək
amalını qoruyub saxlamışdır. Azərbaycan mədəniyyəti,
elmi, ziyalılığı tarixinə qanlı hərflərlə
yazılan 1937-ci il özündə milli təəssübkeşliyi
təcəssüm etdirən Bakı Dövlət Universitetinə
ağır zərbələr vurdu. 90 illik yubiley ərəfəsində
arxiv materiallarını araşdırarkən belə bir
acınacaqlı fakt da aşkarlandı ki, təkcə 1937-ci ildə
2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın
direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və
komsomol təşkilatlarının rəhbərləri, 8
professor, həmçinin universitetin rektoru olmuş dörd
görkəmli ziyalı - Tağı Şahbazi, Maqsud Məmmədov,
Məmmədkərim Ələkbərli, Balabəy Həsənbəyov
ən ağır cəzaya - güllələnməyə məhkum
edilmişlər. Bu insanların hər birinin Azərbaycan
ziyalılığının formalaşmasında və təşəkkülündə
müstəsna xidmətləri olmuşdur.
1930-cu illərin
repressiyalarına, İkinci Dünya müharibəsi illərindəki
itkilərə baxmayaraq, artıq 1945-1950-ci illərdə
Bakı Dövlət Universiteti Azərbaycanda elmi məktəblərin
formalaşmasında, fundamental elm sahələrinin əsaslı
inkişafında əvəzsiz rolu olan yüzlərlə dəyərli
alim yetişdirə bilmişdir. Böyük şərəf hissi
duyuruq ki, elmin yüksək zirvələrini fəth etmiş
dünya şöhrətli alimlər - Yusif Məmmədəliyev,
Abdulla Qarayev, Cəfər Xəndan Hacıyev, Şəfayət
Mehdiyev, Zahid Xəlilov, Həsən Əliyev, Murtuza
Nağıyev, Mircəlal Paşayev, Musa Əliyev, Həmid
Araslı, Bəkir Çobanzadə, Nəsir
İmanquliyev, Feyzulla Qasımzadə, Heydər Hüseynov, Bəxtiyar
Vahabzadə, Mirəli Qaşqay və bir çox
başqaları Bakı Dövlət Universitetində
çalışmışlar.
Universitet
bugünkü fəaliyyətinə görə məhz
yuxarıda adlarını çəkdiyim, həmçinin
burada vaxt məhdudiyyəti üzündən adlarını
çəkə bilmədiyim yüzlərlə elm və təhsil
fədaisinin həyatlarının ən mənalı hissəsini
bu möhtəşəm elm və təhsil ocağına həsr edən təkrarsız
insanlara borcludur.
Universitetin inkişafında yeni
keyfiyyət mərhələsi Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin adı və fəaliyyəti
ilə bağlıdır. Xalqımızın
böyük oğlu, ulu öndər Heydər Əliyev məzunu
olduğu elm, təhsil və mədəniyyətimizin möhtəşəm
məbədinə - Bakı Dövlət Universitetinə
xüsusi həssaslıqla yanaşır, ona hər cür
qayğı göstərirdi. Heydər Əliyev cəmiyyətin
tərəqqisi, elm, mədəniyyət və mənəviyyatın
inkişafında təhsilin qüdrətli vasitə
olduğunu bilirdi, ona diqqət və qayğını dövlət
səviyyəsində prioritet prinsip kimi ön plana çəkirdi.
Bu amil Azərbaycanda 1970-ci illərdən başlayaraq Heydər
Əliyev epoxasının ölkəmizin mənəvi yüksəliş
tarixinin inkaredilməz reallığıdır.
Əlamətdar
haldır ki, düz 40 il bundan əvvəl - 1969-cu il noyabr
ayının 1-də Heydər Əliyev məhz Bakı
Dövlət Universitetinin 50 illik yubileyində yubiley
komissiyasının sədri kimi Azərbaycan elminin və təhsilinin
inkişaf strategiyasını müəyyənləşdirən
möhtəşəm bir nitq söyləmişdir. Onu
da xüsusi vurğulamaq istərdim ki, sovet rejiminin
bütün qadağalarına baxmayaraq, ulu öndər o
dövr üçün inqilaba bərabər bir addım
atmış - ana dilində nitq söyləmiş və bu,
bütün Azərbaycan cəmiyyəti üçün milli
ruha və özünüdərkə qayıdış anı
olmuşdur.
Heydər Əliyevin Azərbaycanın
gələcəyini düşünərək uzaqgörənliklə
atdığı addımlardan biri də gənclərimizi
keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə
təhsil almağa göndərməsi idi. Bu
yolla həm Azərbaycanın elmi və kadr potensialı
yüksəlir, həm də xalqımızın milli mənəvi,
əxlaqi dəyərlərinin təbliği həyata
keçirilirdi. 1969-1982-ci illərdə 15 minə yaxın
istedadlı gənc Moskva, Leninqrad, Kiyev, keçmiş Sovetlər
Birliyinin başqa böyük şəhərlərinin
aparıcı universitetlərinə oxumağa göndərilmişdir.
İndi həmin gənclər respublikamızda ziyalı təbəqəsinin,
elmin, təhsilin və ictimai həyatın digər sahələrinin
aparıcı şəxsləri, dövlət idarəçiliyində
ali struktur rəhbərləridirlər. Müxtəlif
universitetləri bitirdiklərinə baxmayaraq, mən onları
Heydər Əliyev universitetinin yetişdirmələri
adlandırıram.
Yeri gəlmişkən deyim ki, bu
gün həmin siyasəti Prezidentimiz İlham Əliyev qlobal cəmiyyət
müstəvisində uğurla davam etdirir. Prezidentin
5 min nəfər istedadlı gəncin dövlət vəsaiti
hesabına Avropa və Asiyanın aparıcı ali məktəblərinə
təhsil almağa göndərilməsi barədə qəbul
etdiyi qərar və bununla bağlı imzaladığı sərəncamlar
Azərbaycanın qlobal cəmiyyət məkanına
inteqrasiyası prosesində çox uğurlu addımdır.
1993-cü ildə Azərbaycanda
siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Bakı
Dövlət Universitetini yaddan çıxarmadı, dövlətin
yaradılıb möhkəmlənməsində onun rolunu
çox yüksək qiymətləndirdi. Həmin dövrdə
Bakı Dövlət Universiteti çox acınacaqlı durumda
idi. Tədrisin səviyyəsi aşağı
düşmüş, kollektivdə gələcəyə inam
hissi qalmamışdı. Təkcə bizim universitet deyil,
respublikanın digər təhsil müəssisələri,
Milli Elmlər Akademiyası da dağılmaq təhlükəsi
ilə üzləşmişdi.
Bir məsələ xüsusi
vurğulanmalıdır ki, həmin dövrdə
respublikanın üzdə olan bir çox alimləri xarici
ölkələrdə çalışmaq məcburiyyətində
qalmışdılar. Məhz Heydər Əliyevin
qayıdışı və "Təhsil xalqın gələcəyidir"
tarixi çağırışı bütün elmi və
pedaqoji ictimaiyyətdə, o cümlədən Bakı Dövlət
Universitetinin kollektivində gələcəyə inam hissi
oyatdı və bundan sonra alimlərimizin də Vətənə
qayıdışı prosesi başlandı.
Bu gün də biz həmin siyasətin
davamının şahidiyik. Cəmiyyətin
inkişaf konsepsiyasını dəqiq müəyyənləşdirən
Prezidentimiz İlham Əliyev bu gün həmin
çağırışı qlobal müstəviyə
keçirərək, ölkənin iqtisadi potensialını
intellekt kapitalına çevirmək istiqamətində Azərbaycan
üçün taleyüklü addım atır.
Çünki müasir dünyada dövlətlərin
mövqeyini əhalisinin sayı, ərazisi, hərbi qüdrəti
yox, yalnız intellektual inkişafı, yəni elm və təhsilin
səviyyəsi müəyyənləşdirir. Biz ziyalılar hesab edirik ki, çox da uzaq olmayan gələcəkdə
əsgərlərin süngülərini qələm əvəz
edəcək və qələmdən məharətlə
istifadə edən insanlar ölkənin, cəmiyyətin
inkişafında daha da həlledici rol oynayacaqlar.
Bu istiqamətdə
inkişafa böyük diqqət və qayğı göstərən
möhtərəm Prezidentimizin apardığı məqsədyönlü
və ardıcıl siyasət elm və təhsil sahəsində
26 dövlət proqramının qəbulu, nou-hau tipli innovasiya
texnologiyalarının respublikaya transferi və başqa
taleyüklü qərarlarla
səciyyələnir. Bu siyasətin ən bariz
nümunələrindən birini Bakı Dövlət Universitetinin
timsalında əyani şəkildə görmək olar.
İnkişafının yeni mərhələsini yaşayan
universitetimizdə məhz Prezidentin qayğısı və
birbaşa dəstəyi ilə yalnız son bir ildə 4 min tələbənin
təhsil aldığı ən müasir texniki
avadanlıq və ləvazimatla təchiz edilmiş yeni tədris
binası, yeni idman kompleksi, 500 əməkdaş
üçün 2 müasir yaşayış kompleksi tikilib
istifadəyə verilmişdir.
Hörmətli yubiley
iştirakçıları, möhtərəm Prezidentimiz
İlham Əliyevin tarixi xidmətlərini yalnız universitetlə
məhdudlaşdırmaq olmaz. Onun ümumilikdə Azərbaycan
elmi və təhsili qarşısında müstəsna xidmətləri
vardır. Azərbaycan dövlətçiliyinin
daha da möhkəmləndirilməsində, beynəlxalq
nüfuzunun yüksəldilməsində, ölkə
iqtisadiyyatının sürətli inkişafında, siyasi
sabitliyin qorunub saxlanmasındakı misilsiz xidmətlərini nəzərə
alan universitetin Elmi Şurası son iclasında Prezident
İlham Əliyevə Bakı Dövlət Universitetinin fəxri
doktoru adı verilməsi barədə qərar qəbul
etmişdir.
Hörmətli toplantı iştirakçıları, icazə verin, sonda bu şanlı yubiley münasibətilə bir daha hər birinizi təbrik edim və dediyim tarixi missiyanı həyata keçirmək üçün möhtərəm Prezidentimizi səhnəyə dəvət edim.
* * *
BDU-nun rektoru Abel Məhərrəmov dövlətimizin başçısına fəxri doktorluq mantiyasını və diplomunu təqdim etdi.
Prezident İlham ƏLİYEV təşəkkür edərək dedi: - Sağ olun. Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi mənim üçün böyük şərəfdir. Mən müxtəlif universitetlərin fəxri doktoruyam. Ancaq, əlbəttə ki, mənim üçün ən doğma olan Bakı Dövlət Universitetinin fəxri doktoru adını almaq xüsusi məmnunluq hissləri oyadır. Mənim fəaliyyətimə verilən bu yüksək qiymətə görə sizə bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin hərtərəfli inkişafı üçün bundan sonra də əlimdən gələni əsirgəməyəcəyəm.
* * *
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor SADOVNİÇİ çıxış edərək dedi:
- Möhtərəm
İlham Heydər oğlu, icazə verin, bütün nümayəndə
heyətləri adından, Moskva Dövlət Universiteti
adından Bakı Dövlət Universitetinin fəxri doktoru kimi
çox yüksək ada layiq görülməyiniz münasibətilə
Sizi təbrik edim.
Hörmətli Prezident!
Hörmətli həmkarlar!
Əziz rektor!
Bu gün biz, həqiqətən,
çox əlamətdar bir tədbirdə - universitetin
yubileyində iştirak edirik. Universitetin yubileyi hər bir
ölkə üçün əlamətdar hadisədir.
Çünki məhz universitetlər ölkənin gələcəyinin
cəmləşdiyi məkandır. Ölkənin gələcəyinin
necə olacağı məhz universitetlərdən
asılıdır. Biz hamımız böhran adlandırılan
dəhşətli dövrü yaşadıq. Lakin həm
böhran, həm də cəmiyyətdəki digər təzahürlər,
adətən, texnoloji sistemlərin dəyişməsi ilə əlaqədardır.
Texnologiyalar dəyişir, - bəşəriyyətin
bütün tarixi boyu çox texnologiyalar dəyişmişdir,
- insanlar stress keçirir, bu və ya digər
sarsıntılara məruz qalırlar. Yalnız güclü
elmə malik olan və təhsili dəstəkləyən
ölkə bu sarsıntılardan tez və itkisiz çıxa
bilər. İndi demək olar ki, bütün alimlər belə
bir suala cavab axtarırlar: "Yeni texnoloji sistem necə olacaq,
bəşəriyyəti nə gözləyir?". Mənasız
sual deyil, çünki bu, faktdır ki, bizi əhatə edən
materiyanın yalnız 5 faizini anlayırıq, 95 faizinin isə
mənşəyindən xəbərsizik. Hər şey hələ
irəlidədir. Alimlərin əksəriyyətinin fikrincə,
yeni texnoloji sistem nanotexnologiyalar, biotexnologiyalar, koqnitiv adlanan
elmlərin, insan haqqında, beyin haqqında, psixologiya
haqqında elmlərin məcmusu olacaqdır. Təbii ki, buna
görə də ölkələrimiz yeni texnoloji sistemi qəbul
etməyə hazır olmalıdırlar. Mən çox
şadam ki, Azərbaycan universitetinin ölkə
üçün belə mütəxəssislər
hazırlamaqdan ötrü yetərincə bazisi və
imkanları vardır. Çünki universitet şərəfli
tarixə malikdir. Bütün 90 il ərzində universitet digər
universitetlərin ən yaxşı nümunələrini əxz
etmişdir. İndi bu mərasimdə iştirak edən
rektorların əksəriyyəti deyə bilərlər ki,
biz də universitetlə əməkdaşlıq etmişik.
Moskva Universitetinin rektoru kimi, mən də deyə bilərəm
ki, biz də Bakı Dövlət Universiteti ilə əməkdaşlıq
etmişik.
Dəfələrlə Bakıya
müxtəlif konfranslarda, dissertasiyalara opponentlik etmək
üçün gəldiyim illəri xatırlayıram. Bəlkə
də 10-dan çox dissertasiyaya opponentlik etmişəm, rəy
yazmışam. Mən Azərbaycan xalqının ölkədə
elmin inkişafı üçün çox işlər
görmüş görkəmli nümayəndələrini,
ilk növbədə, mənə daha yaxın olan
riyaziyyatçıları xatırlayıram. Bu, Elmlər
Akademiyasının prezidenti Xəlilov, Elmlər
Akademiyasının prezidenti Maqsudov, gözəl alimlər Rəsulov,
Allahverdiyev, - bəlkə də o, indi buradadır, - və
onlarla başqalarıdır. Salona daxil olmazdan əvvəl dəhlizdə
çox insanlarla söhbət etdim. Onlar bu və ya digər
kafedra, bu və ya digər professor barədə soruşur,
harada müdafiə etdiklərindən danışır, qonaq
gələcəklərini deyirdilər. Hörmətli dostlar,
Bakı Universitetinin professorları, bu, o deməkdir ki, tariximizin
və ənənələrimizin ümumi cəhətləri
çoxdur.
Mən tariximizin Heydər Əlirza
oğlu Əliyev ilə bağlı səhifələrini
xüsusilə xatırlamaq istərdim. İş elə gətirmişdir
ki, Heydər Əlirza oğlu SSRİ Nazirlər Sovetində
işləyərkən Moskva Universitetinə kuratorluq edirdi. O zaman Moskva Universiteti çətin vəziyyətə
düşmüşdü. O vaxtkı nazir, - bu, həmişə
belə olur, bütün ölkələrdə olduğu kimi,
nazirlər aparıcı universitetlərə bir qədər
ehtiyatla yanaşırlar, - Moskva Universitetinə təzyiq
göstərməyə başlamışdı. Elə onda
Heydər Əlirza oğlu Moskva Universitetinin
inkişaf proqramını yaratdı. Gənc ictimai xadim kimi mənə
bu proqramın həyata keçirilməsinə kuratorluq etmək
tapşırılmışdı. Sonralar Heydər Əlirza
oğlu ilə dəfələrlə görüşərək
ona universitetdəki vəziyyət barədə məlumat
verirdim, o, isə bütün soyadları
xatırlayırdı və məndən kimin nə ilə məşğul
olduğunu, Moskva Universitetində görüşdüyü
bütün professorları soruşurdu. Mən
Azərbaycan xalqının görkəmli oğlunun Moskva
Universitetinin inkişafına töhfələrindən
danışdım. Ölkə üçün görülən
işlərdən burada danışılmışdır və
hələ çox danışılacaq, çünki Heydər
Əlirza oğlu Azərbaycan xalqının tarixində, həqiqətən,
dönüş mərhələlərinin əsasını
qoymuşdur.
Nəhayət, bugünkü
gün. Bilirsiniz, mən çox şadam.
Düşünürəm ki, biz hamımız taleyə, tarixə
minnətdar olmalıyıq ki, indi dövləti layiqli Prezident
İlham Heydər oğlu Əliyev idarə edir. Bunu ona görə deyirəm ki, Prezidentin təhsilin
- həm ali, həm də orta təhsilin dəstəklənməsinə
dair göstərişinə əsasən görülən
böyük işlərdən və onların nəticələrindən
xəbərim vardır. Düşünürəm ki,
heç bir ölkə Azərbaycanda olduğu kimi, məktəblərə
dəstək üzrə belə göstəricilər ortaya
qoya bilməz. Praktiki olaraq bütün məktəblər
təmir edilmişdir, avadanlıqla təchiz olunur və ən
başlıcası məktəb proqramı daim Prezidentin və
onun hörmətli həyat yoldaşının, ölkənin
birinci xanımının diqqət mərkəzindədir.
Buna görə təkcə azərbaycanlılar
deyil, biz hamımız minnətdar olmalıyıq.
Çünki universitetlərin, məktəblərin himayə
olunması beynəlmiləl məsələdir, bəşəriyyətin
ümumi inkişafıdır. Əgər bir ölkədə
universitetlərə və məktəblərə kömək
göstərilirsə, bu, bütün dünyaya xidmət
deməkdir. Buna görə, İlham Heydər oğlu, Sizə,
həqiqətən, çox-çox minnətdarıq.
Tarixin daha bir səhifəsi barədə
danışmaq istəyirəm. İki il bundan əvvəl
Prezident tərəfindən qəbul edilmək şərəfinə
nail oldum və həmin görüşdə Moskva
Universitetinin Bakıda filialının yaradılması
ideyası meydana gəldi. Bilirsiniz, bu ideya Prezident tərəfindən
dəstəkləndi və görünməyən sürət
və keyfiyyətlə həyata keçirildi. İndi
Bakıda Moskva Universitetinin filialı fəaliyyət göstərir.
Orada 200-ə yaxın tələbə təhsil alır. Həmin
filialda dörd fakültə - riyaziyyat, kimya, filologiya,
psixologiya fakültələri yaradılmışdır. Bu
filialın gözəl perspektivləri vardır. Filialın
möhtəşəm kampusunun tikintisi nəzərdə
tutulur. Hesab edirəm ki, Moskva Universiteti Bakıda belə elmi
bazanın yaradılması üçün hər şeyi edəcəkdir.
Biz çalışacağıq ki, gənclər müxtəlif
universitetlərdə təhsil alsınlar, mobil imkanları
olsun. Bizim filial isə onların kosmik ənginliklərə
uçuşları üçün start meydançası,
bir növ Baykonur olacaqdır. Filiala kömək göstərdiyinizə
görə Sizə "Sağ olun" deyirəm.
Nəhayət, sonda demək istəyirəm
ki, Bakı Universiteti mənim üçün əzizdir.
Universitet həyatımla bağlı müxtəlif səbəblərə
- burada çox olmağıma, opponentlik etdiyimə,
çoxlarını tanıdığıma görə mənə
əzizdir. Doktorluq dissertasiyamı müdafiə etdiyim gün,
bu, çoxdan olmuşdur, mən Bakıya gəldim. Biz burada,
dənizin sahilində, Zuğulbada yaşayırdıq. Bu hadisə
ilə əlaqədar orada kiçik konfrans keçirildi. Bu, həyatımın
ən parlaq səhifələrindən biridir. Təsəvvür
edirsiniz, insan 30 yaşında doktorluq dissertasiyasını
müdafiə edib, dostlarının yanına gəlib, konfrans
keçirilir. Bu, qəlbimə həkk olunub. Buna görə də
mən Bakı Universitetini, onun rektorunu, yeri gəlmişkən,
Moskva Universitetinin məzununu səmimi qəlbdən təbrik
edirəm. Zalda rektor Abel Məmməd oğlu Məhərrəmovun
müəllimi, dünyanın görkəmli
kimyaçısı, akademik Nikolay Serafimoviç Zefirov, habelə
kimya fakültəsinin dekanı, görkəmli
kimyaçı, akademik Lunin əyləşmişlər. Biz gəlmişik
ki, - burada Moskva Universitetindən 40 nəfər - filialda dərs
deyənlər və qonaqlar vardır, - Abel Məmməd
oğlu, sizi gözəl yubileyiniz münasibətilə təbrik
edək. Xahiş edirik, bizim kiçik hədiyyələrimizi
qəbul edəsiniz. Gətirdiyimiz kitabların bir hissəsini
sizə təqdim etmək istəyirik. Bu, nadir nəşrlərdir
- klassik universitet dərslikləridir. Bu, klassik universitet fənlərinin
dərsliklərdir. Bütün 250 dərslik Bakı
Universitetinə hədiyyə ediləcəkdir.
İlham Heydər oğlu, Siz Moskva Universitetinin fəxri professorusunuz, bir neçə il bundan əvvəl bu yüksək ada layiq görülmüsünüz. Sizə nadir hədiyyə təqdim etməyi məndən xahiş etmişlər. Bu, Moskva Universitetinin minadan hazırlanmış rəmzidir və ən başlıcası yeganə nüsxədə hazırlanmışdır. İcazə verin, onu Sizə təqdim edim.
* * *
Akademik Viktor Sadovniçi hədiyyəni Prezident İlham Əliyevə təqdim etdi.
* * *
Türkiyənin
Atatürk Universitetinin rektoru Hikmət KOÇAK ulu öndər
Heydər Əliyevin və Atatürkün Azərbaycan-Türkiyə
münaisbətlərinə verdiyi mühüm töhfələri
xatırladaraq dedi: - Mərhum Prezident Heydər Əliyevin
"bir millət, iki dövlət" və Türkiyə
Respublikasının qurucusu Mustafa Kamal Atatürkün
"Sizin kədəriniz bizim kədərimiz, sizin sevinciniz bizim
sevincimiz" ifadələrinin təcəssüm
tapdığı yerlərdən biri də Ərzurumdur. Biz Türkiyəni və Azərbaycanı
belə görürük. Bu duyğular içərisində
olan Atatürk Universiteti də daha əvvəl qəbul etdiyi qərarı,
hörmətli Prezident İlham Əliyevə Atatürk
Universitetinin fəxri doktoru adını təqdim etmək istədiyimizi
və qəbul edərsə, bizi sevindirəcəyini
bildirmişdik. Bu gün fəxri doktor
adını Bakı Dövlət Universitetindən
aldınız. İnşaalah, biz fəxri doktor adını
zati-alilərinə özünün münasib bildiyi bir vaxtda
təqdim etmək istəyirik. Çünki mərhum Prezident
Heydər Əliyev də bizim universitetin fəxri doktoru
adını almış böyüklərimizdən biri
idi.
Atatürk Universiteti olaraq və Türkiyədən gələn dostlarım adından neçə belə müvəffəqiyyətli 90 illər keçirməyiniz diləyi ilə öz adımdan və dostlarım adından hamınızı hörmətlə salamlayıram.
* * *
Tbilisi
Dövlət Universitetinin rektoru professor Giorgi XUBUA da mərasim
iştirakçılarına təbriklərini
çatdıraraq bildirdi: - Cənab İlham Əliyevə
Tbilisi Dövlət Universitetinin fəxri doktoru adının
verilməsi haqqında qərar qəbul edilmişdir. Cənab Prezident, ümidvarıq
ki, tezliklə Sizi Tbilisi Dövlət Universitetinin
qonağı kimi salamlamaq və fəxri doktor adı
almağınız barədə diplomu Sizə təqdim etmək
imkanımız olacaqdır.
Azərbaycan və Gürcüstan
təkcə qonşu deyildir. Biz çox böyük dostlar,
strateji tərəfdaşlarıq. Qonşuluq bir-birimiz
haqqında çoxlu biliklərə malik
olmağımızı tələb edir və bu baxımdan,
universitetlərimizin xüsusi missiyaları vardır. Biz istəyirik
ki, Gürcüstanda Azərbaycan haqqında, Azərbaycan mədəniyyəti,
Azərbaycan tarixi haqqında bilsinlər. Bu baxımdan,
universitetimiz, həqiqətən, fəxr edə bilər.
İki il əvvəl biz Azərbaycanşünaslıq üzrə
yeni akademik kurs yaratmışıq və tələbələrimiz
bu kursa böyük maraq göstərirlər. Universitetimizdə
Azərbaycan auditoriyası da uğurla fəaliyyət göstərir.
Yeri gəlmişkən, bu auditoriya Azərbaycanın
Gürcüstandakı səfirliyinin dəstəyi ilə
açılmışdır. Azərbaycan
auditoriyasının ideyası və fəlsəfəsi bundan
ibarətdir ki, auditoriyaya daxil olan hər bir tələbə
Azərbaycanın ruhunu hiss etsin. Mən çox şadam ki, tələbələrimiz
arasında belə bir deyim yaranmışdır - onlar Azərbaycan
ədəbiyyatına dair mühazirələri dinləməyə
gedəndə söyləyirlər: "Gəl, azərbaycanlıların
yanına gedək". Bunu eşitmək çox xoşdur.
Düşünürəm ki, universitetlərimiz regional
inteqrasiya baxımından çox işlər görməlidir.
Azərbaycan-Gürcüstan dosluğunun bundan sonra da möhkəmlənəcəyinə əminliyini vurğulayan qonaq təbriklərini çatdıraraq bildirmişdir: - Bir daha Bakı Dövlət Universitetini şanlı yubiley münasibətilə təbrik edirəm. Bakı Dövlət Universitetinin bütün professorlarını, bütün tələbələrini, bütün nəsillərdən olan məzunlarını yubiley münasibətilə təbrik edirəm. Bir daha sizə böyük uğurlar arzulayıram.
* * *
Tehran Universitetinin rektoru, professor Nəsrətollah ZANQHAM da BDU-nun yubileyi münasibətilə təbriklərini çatdıraraq söylədi: Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan və
İran universitetləri arasında həm mədəni, həm
də digər göstəricilər baxımından iki əsas
oxşarlıq vardır. İranın Kiş beynəlxalq
kampusu ilə Bakı Dövlət Universitetinin çox uzun təhsil
və tələbə mübadiləsi əlaqələri
vardır. Biz belə
düşünürük ki, bir çox sahələr
üzrə faydalı əməkdaşlıq edə bilərik.
İki qonşu dövlət arasında bu sahədə
görüləcək işlər vardır. Biz böyük
həvəs hissi ilə universitetlərimiz arasında əməkdaşlığın
daha da genişləndirilməsini istəyirik və bunun əzmindəyik.
Fürsətdən istifadə edərək, mən hamınıza uğurlar arzu etmək istəyirəm. Təşəkkür edirəm.
* * *
Ölkəsi
ilə Azərbaycan arasında münasibətlərin yüksək
səviyyədə olduğunu qeyd edən Lev Qumilyov adına Qazaxıstan Avrasiya Milli Universitetinin
rektoru Baxitjan ABDRAİMOV Bakı Dövlət Universitetinin mənəvi
dəyərlərin təbliğindəki rolunu vurğulayaraq
bildirdi: - Həm universitetlərimiz, həm də
xalqlarımız arasında hazırkı münasibət
çox yüksək səviyyədədir. Qazaxıstanda, Almatıda və digər
şəhərlərimizdə sülh şəraitində
yaşayan 100 mindən çox azərbaycanlının öz
ana dillində təhsil almaq imkanları vardır. Azərbaycan
ilə Qazaxıstanın qardaşlıq münasibətləri
çox böyük tarixi köklərə malikdir. Tarix
boyunca bu qardaşlıq münasibətinə ləkə gətirən,
kölgə salan elə bir hadisə olmamışdır. Bu
gün də münasibətlərimiz prezidentlər səviyyəsində
təşəkkül tapır. Prezident İlham Əliyev bu
münasibətlərin inkişafına çox böyük
töhfə vermişdir. Müstəqillik dövründə
dövlətlərimiz arasında 65 rəsmi sənəd
imzalanmışdır. Onlardan biri bu yaxınlarda
imzalanmış Naxçıvan Bəyannaməsidir. Həmin
bəyannamə türkdilli dövlətlər
üçün çox vacibdir. Burada aydın
bildirilmişdir ki, bu münasibətlər nə qədər
vacibdir.
Avrasiya Milli Universiteti haqqında
danışarkən demək istərdim ki, universitetimizdə
Heydər Əliyev guşəsi vardır. Məncə, bu da
xalqlarımız arasındakı sıx əlaqənin bir
nümunəsidir. Guşədə tələbələr Azərbaycanın
ümummilli liderinin həyatı və fəaliyyəti, həmçinin
qardaş Azərbaycan xalqının milli adət-ənənələri
haqqında zəngin məlumat əldə edə bilərlər.
Avrasiya Universitetləri
Assosiasiyasının XI konqresində Bakı Dövlət Universiteti
və Avrasiya Milli Universiteti qarşılıqlı anlaşma
və əməkdaşlıq haqqında Memorandum
imzalamışlar. Avrasiya məkanında əməkdaşlıq
çox vacib və labüddür. Bir halda ki,
xalqlarımız ümumi tarixə malikdirlər,
qardaşlıq münasibətləri vardır və biz xalqlarımıza
bu varis ənənələri inkişaf etdirmək fürsəti
və imkanları yaratmalıyıq.
Qonaq iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminliyini bildirərək dedi: - Arzu edirik ki, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənsin və ölkələrimiz daha da inkişaf etsin.
* * *
Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunan mərasimdə iştirak edən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu təhsil ocağındakı Heydər Əliyev Muzeyinə baxdılar. 1996-cı ildə yaradılmış muzeydə universitetin dünya şöhrətli məzunu, xalqımızın ümummilli lideri, bu ali təhsil ocağının fəxri doktoru və qayğıkeşi olan dahi şəxsiyyət barədə tarixi sənədlər və materiallar toplanmışdır. Həmin materiallar universitetdə təhsil alan hər bir tələbə üçün örnəkdir.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2009.- 3 noyabr.- S. 2, 3.