Bakıda informasiya-kommunikasiya texnologiyalarının gəncliyin
inkişafında rolu üzrə I Beynəlxalq konfrans
keçirilir
Noyabrın 2-də Bakıda
"Hyatt-Regency-Naxçıvan" mehmanxanasında Dialoq və
Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər
Forumunun (DƏİKGF) Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil
etdiyi "Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil:
İKT sahəsində gənclərin biliklərinin
artırılması" mövzusunda I Beynəlxalq konfrans
öz işinə başlamışdır.
Tədbirdə Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev
Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri
Leyla Əliyeva iştirak etmişdir.
Konfransa İslam Konfransı Təşkilatının
üzvü olan dövlətlərdən və Avropa ölkələrindən
yüzə yaxın gənc ekspert, o cümlədən
informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində
ixtisaslaşmış aparıcı şirkət, elmi institut
və qeyri-hökumət təşkilatlarının nümayəndələri
qatılmışlar.
İslam Konfransı Təşkilatı
Gənclər Forumunun baş katibi Elşad İskəndərov
konfransı açaraq iştirakçıları
salamlamış və bildirmişdir ki, beynəlxalq
toplantının keçirilməsindən əsas məqsəd
gənclərin bu sahəyə olan marağını
artırmaq, İKT sahəsində təcrübə mübadiləsini
genişləndirməkdir. Bildirilmişdir ki, Avropada İKT sahəsində
əldə edilmiş təcrübənin İslam Konfransı
Təşkilatı ölkələrində fəaliyyət
göstərən gənc iş adamlarına
ötürülməsi baxımından yeni yaranan bir prosesin təməlini
qoyacaq konfransda, yeni texnologiyaların tətbiqi və gənclərin
informasiya-kommunikasiya sektorunun inkişafında rolu müzakirə
olunacaqdır. Bundan başqa, iştirakçılar tərəfindən
əsasən gənclərin informasiya-kommunikasiya sektorunun
formalaşmasına dair yaradıcı yanaşmalarının
müzakirə ediləcəyi, onlayn gənc sahibkarlıq və
marketinq mövzusunda məruzələrin dinləniləcəyi
nəzərdə tutulur. Tədbir iştirakçıları
tərəfindən İKT sahəsinin formalaşmasında
dövlət və özəl sektorun, eləcə də
universitetlərin fəaliyyəti barədə fikir mübadiləsinin
aparılması da nəzərdə tutulur.
Azərbaycanın dövlət
başçısı İlham Əliyevin prioritet sahələrdən
elan etdiyi informasiya-kommunikasiya texnologiyalarının
inkişafı üzrə mühüm addımların
atıldığını qeyd edən rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki,
son zamanlar İslam Konfransı Təşkilatı ölkələrində
yeni texnologiyaların tətbiqi üzrə böyük hərəkat,
canlanma müşahidə olunur. Belə bir hərəkatın
davamlı və dayanaqlı olması üçün gənclərin
fəallığı çox vacibdir. Azərbaycan mədəniyyətlərarası
dialoqun inkişafında böyük mərkəzə
çevrilmişdir. Bu istiqamətdə Heydər Əliyev
Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın
təşəbbüsü ilə keçirilən qlobal əhəmiyyətli
tədbirlər xüsusi vurğulanmalıdır.
Konfransın Bakıda
keçirilməsinin təsadüfi olmadığını
qeyd edən nazir, Azərbaycanda İKT sahəsində
çoxsaylı layihələrin həyata keçirildiyini
xatırlatmış, ölkəmizin yeni "Transmilli super
informasiya magistralı" layihəsini həyata keçirməyə
hazırlaşdığını diqqətə
çatdırmışdır.
BMT-nin İnkişaf
Proqramının xüsusi müşaviri Şəid
Hüseyn, "Türk-Telekom"un icraçı direkroru Paul
Doani çıxışlarında İKT-nin təhsilin
inkişafındakı rolundan bəhs etmişlər. Qeyd
olunmuşdur ki, gələcək təhsili kompütersiz və
internetsiz təsəvvür etmək mümkün deyildir.
Çıxışlarda internet
resurslarından səmərəli istifadə üçün
gənclərin arzu və istəklərinə uyğun təhsil
proqramlarının işlənməsinin vacibliyi
vurğulanmışdır.
Gənclər və idman naziri
Azad Rəhimov ölkədə gənclər arasında həyata
keçirilən dövlət proqram və layihələrinin əhəmiyyətindən
danışmışdır. O, gənclərlə iş sahəsində
müasir İKT-dən səmərəli istifadənin əhəmiyyətini
xüsusi vurğulamışdır.
Qətərin Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, gənclərlə
bağlı xüsusi layihənin rəhbəri Məhəmməd
Abdul Rəhman əl-Thani yaxşı yaşayış
üçün iqtisadi inkişafın zəruriliyini
vurğulamışdır. Qeyd etmişdir ki, bunun
üçün faydalı təşəbbüslərin irəli
sürülməsi əsas şərtdir. Bu gün
dünyadakı müsəlmanların 65 faizinin 35
yaşınadək gənclərdən ibarət olduğunu
bildirən natiq, inkişaf üçün onlara İKT sahəsində
dəstək verilməsinin vacibliyini qeyd etmişdir.
Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev
Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri
Leyla Əliyeva Bakı toplantısının açıq,
faydalı müzakirələrin aparılması, rəqəmsal
boşluqların doldurulması üçün gənclərə
hər cür şərait yaradacağını
bildirmişdir. O, öz çıxışında müasir
qloballaşan dünyada müxtəlif ölkələrdən
olan gənclərin bu sahədə təcrübə və
biliklərinin mübadiləsinin vacibliyini qeyd etmiş və
Bakıda keçirilən tədbirin bu prosesə səmərəli
töhfə verəcəyinə ümid etdiyini söyləmişdir.
İslamda elmə, zəkaya verilən
böyük önəmdən danışan Leyla Əliyeva əmin
olduğunu bildirmişdir ki, konfrans ərzində gənclərin
aparacağı səmərəli müzakirələr vacib məsələlərin
həlli yollarını tapmağa kömək edəcəkdir.
Bu gün informasiya-kommunikasiya texnologiyalarının daha
sürətlə inkişaf etdiyini vurğulayan natiq, gəncliyin
bu texnologiyanın öyrənilməsində maraqlı
olduğunu qeyd etmişdir.
Leyla Əliyeva bu
toplantının daha bir mühüm əhəmiyyətini
dünyanın müxtəlif ölkələrindən olan gənclərin
bir araya gəlməsi ilə əlaqələndirmişdir.
Vurğulamışdır ki, rəqəmsal boşluqların
aradan qaldırılması sivilizasiyaların inkişafına
xidmət edəcəkdir.
Leyla Əliyeva onun təşəbbüsü
ilə irəli sürülən "Xocalıya ədalət"
kampaniyasından danışarkən belə təşəbbüslərin
dünyadakı ədalətsizliyi aradan qaldırmaqla, bəşəriyyətə
sülh, əmin-amanlıq gətirdiyini vurğulayaraq
demişdir:
- "Xocalıya ədalət"
kampaniyası bütün dünyada insanları müharibəyə,
ədalətsizliyə qarşı çıxmağa səsləyir.
Birgə belə təşəbbüslər irəli sürməklə
dünyamızı daha ədalətli və sülh şəraitində
yaşada bilərik. Ümid edirəm ki, bu konfrans yeni mərhələnin
başlanğıcı olacaqdır. İş birliyimiz nəzərdə
tutulan bütün məqsədlərimizə nail
olmağımıza yardım göstərəcəkdir.
Başlıcası bir-birimizə inanmağımızdır.
İdeyalarımızı açıq şəkildə
müzakirə etməyimiz olduqca vacib məsələdir. Əminəm
ki, müzakirələr məsələlərin həllinə
və müsbət nəticələrə gətirib
çıxaracaqdır.
Toplantının
açılış mərasimindən sonra Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən
gənclər proqramlarının inkişafındakı
müstəsna xidmətlərinə, İKT üzvü olan
ölkələr və müxtəlif mədəniyyətləri
təmsil edən gənclər arasında dialoqun
yaradılmasına verdiyi dəyərli töhfələrə
görə Leyla Əliyevaya təşkilatın yüksək
mükafatı təqdim edilmişdir.
Rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasova, gənclər və idman
naziri Azad Rəhimova, "Türk-Telekom"un icraçı
direktoru Paul Doaniyə və BMT-nin İnkişaf
Proqramının xüsusi müşaviri Şəid Hüseynə
də İslam Konfransı Təşkilatı Gənclər
Forumunun xüsusi mükafatları təqdim olunmuşdur.
Geniş müzakirə və təqdimatlarla
işini davam etdirən konfransa Albaniyanın Təhsil
Nazirliyinin nümayəndəsi Hidayət Kopani sədrlik
etmişdir. İlk geniş iclasda "İnformasiya
texnologiyalarında gənclərin
yaradıcılığı və onlayn sosial şəbəkələr"
mövzusunda Belçika İnternet Cəmiyyətinin prezidenti
Rudi Vansnik, "Türk - Telekom"un icraçı direktorunun
məsləhətçisi Ramazan Dəmir, "İnnova
Technology"nin meneceri Coşkun Dolanbay, Azərbaycan
Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin informasiya cəmiyyətinin inkişafı
departamentinin rəhbəri Rüfət Gülməmmədov təqdimatlarla
çıxış etmiş, müzakirələr
aparılmışdır.
İslam Konfransı Təşkilatı
Gənclər Forumunun baş katibi Elşad İskəndərovun
sədrliyi ilə keçən konfransın növbəti
bölmə iclasında "Beynəlxalq kampaniyaların
inkişafında gənclər və informasiya
texnologiyalarının rolu" mövzusunda təqdimatlar keçirilmişdir.
Banqladeşin Proqram və
İnformasiya Xidmətləri Assosiasiyasının prezidenti Həbibulla
N.Kərim, Qlobal Gənc Yaşıllar Hazırlıq Komitəsinin
əlaqələndiricisi Sanka Çandima, Niderlanddan olan
müstəqil jurnalist Qert Van Dam, Montana Universitetinin professoru
Tomas Qoltz İKT-nin beynəlxalq kampaniyaların təşkili
və keçirilməsində rolunu xüsusi
vurğulamışlar.
İclasda bu ilin fevralında DƏİKGF-in
mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi
Leyla Əliyevanın təşəbbüsü ilə irəli
sürülən "Xocalıya ədalət"
kampaniyasının təqdimatı keçirilmişdir. Bu
iclasda kampaniya üzrə dünyanın 20-dən çox
ölkəsindən gəlmiş milli əlaqələndirici
iştirak etmişdir.
Qeyd edək ki, iki gün davam edəcək
toplantıda "İKT sahəsində gəncliyin
inkişafı" üzrə Bakı Bəyannaməsi qəbul
olunacaqdır. Tövsiyə xarakterli sənəd Qara dəniz
Hövzəsi Ölkələri və İslam Konfransı Təşkilatı
ölkələri nazirlərinin toplantısına göndəriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 3 noyabr.- S. 4.