Gülüstana dönən səhra

 

Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyon soydaşımız isti yuvasından, doğma ev-eşiyindən didərgin düşmüşdür. Uzun illərdən bəri aparılan sülh danışıqlarının, Qarabağ probleminin həllinə yönələn cəhdlərin hələ də nəticəsiz qaldığı bir zamanda Azərbaycan dövləti öz vətəndaşına sahib çıxır, ciddi sosial problemlərlə üzləşən, çətin şəraitdə yaşamaq zorunda qalan qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün genişmiqyaslı tədbirlər görür. Respublika Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, onun fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemləri prioritet məsələdir.

Bir neçə il əvvəl ölkəmizin müxtəlif bölgələrinə səpələnmiş çadır şəhərciklərindən artıq əsər-əlamət yoxdur. Miskin görkəmi ilə ürək ağrıdan məşəqqətli bu yaşayış məntəqələri indi acı xatirələrə çevrilib. Çadır şəhərciklərinin, qarğı-qamışdan, palçıqdan tikilmiş daxmaların əvəzinə geniş, işıqlı, rahat evləri, müasir sosial infrastrukturu - məktəbləri, xəstəxanaları, mədəniyyət sarayları olan yaraşıqlı qəsəbələr salınmışdır. Dövlət başçısı İlham Əliyev qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərə vaxtaşırı səfərlər edir, ictimaiyyət nümayəndələri ilə yaddaqalan tarixi görüşlər keçirir, yerlərdə real şəraiti öyrənir, zəruri tədbirlər görür. Belə görüşlərin nəticəsi çox vaxt ölkə Prezidentinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönələn yeni qərarlar imzalaması ilə nəticələnir.

Doğma torpaqlarından didərgin salınmış Laçın rayonu əhalisinə də dövlətin böyük qayğısından yetərincə pay düşür. Istər Laçının rayon mərkəzinə çevrilmiş Taxta körpü qəsəbəsində, istərsə də rayon əhalisinin sıx məskunlaşdığı respublikanın digər ərazilərində həyat səviyyəsi, dolanışıq imkanları sürətlə yaxşılaşır. Indi Taxta körpü qəsəbəsi yaraşıqlı yaşayış evləri, abad küçələri, çoxsaylı sosial obyektləri ilə diqqətçəkən şəhərə bənzəyir. Xalqımızın ümummilli lideri Heydər Əliyevə laçınlıların sonsuz hörmət və ehtiramının ifadəsi olaraq böyük bir ərazidə salınmış park yaşıl görkəmi, əlvan qızılgülləri ilə göz oxşayır. Rayonun bütün icra strukturları, idarə və müəssisələri indi Taxta körpü qəsəbəsində fəaliyyət göstərir. Əvvəllər isə tamam başqa mənzərə idi. Paytaxt Bakıda , Ağcabədidə, Bərdədə və başqa bölgələrdə yerləşən Laçının idarə-müəssisəsinə hər hansı işi düşən laçınlı məcburi köçkün günlərlə vaxt, xeyli izafi pul itirməli olurdu.

Laçınlılar tarixin bütün məqamlarında dövlətə, bu dövlətin qurucusu olan Heydər Əliyevə sədaqətli olublar. Ulu öndər də, öz növbəsində, Laçına və laçınlılara böyük dəyər verərək demişdir: "Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın dəyərli guşələrindən biridir".

Tikib-qurmaq, abadlaşdırmaq Laçın camaatının xarakterinə uyğundur. Bir neçə il əvvələdək səhraya bənzəyən, əsrlər boyu suya həsrət qalmış, ilan mələyən boz çöllər indi laləzara çevrilib. Bar-bəhər fəsli olan payızda həyətyanı sahələrdəki ağacların bol meyvələri, bostanların dadlı tərəvəzi adamda möcüzə təsiri oyadır. Axı bir neçə il əvvəl buralarda yaşıllıqdan əsər-əlamət belə yox idi.

Müdrik babalarımız su həyatdır, deyiblər. Bu hikmət Taxta körpü qəsəbəsi ərazisində öz həyati təsdiqini bir daha tapmışdır. Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qarqar çayından 10 kilometrdən artıq bir məsafədən çəkilən kanal min hektarlarla ərazini suvarma suyu ilə təmin etmiş, əsrlərcə sinəsi susuzluqdan cadar-cadar olmuş torpaqlara yeni həyat gətirmişdir. Halal zəhmət, torpaq və həyat cövhəri olan su bölgədə bolluğa, firavanlığa təminat yaratmışdır. Qədirbilən Laçın camaatı dövlət başçısının xüsusi qayğı və diqqətinin məntiqi nəticəsi olan, bölgə üçün həyati əhəmiyyət kəsb edən bu kanalı "Qayğı kanalı" adlandırmışdır. Həmişə ələbaxımlığa, dilənçi psixologiyasına nifrət edən laçınlıların təhnəsi indi bol çörəklidir.

Vətən müharibəsi veteranı, həyatın bərkinə-boşuna çox düşüb-çıxmış Vağazin obasının sakini Qasım Qasımov səmimi duyğularını bizimlə həvəslə bölüşür:

- Heç ağlımıza da gəlməzdi ki, isti ocağımızdan, dədə-baba torpaqlarımızdan didərgin düşərik. Laçın kimi cənnət bir məkanı hansı yolla olursa-olsun azad edib yurdumuza sahib çıxmalıyıq. Mənim zənnimdə heç yanıldığım olmayıb. Prezidentin cəsarətinə, hünərinə bələdik. Inanırıq ki, cənab İlham Əliyev istər sülh, istərsə də müharibə yolu ilə Qarabağı işğaldan azad edəcək. Biz Laçın camaatı həmişə dövlət başçısına güvənmişik. Prezidentin bizə göstərdiyi qayğını Laçının uşağı da, böyüyü də yüksək qiymətləndirir. Bu gün bizim torpaq həsrətindən başqa bir dərdimiz yoxdur. Dolanışıq sarıdan korluq çəkmirik. "Qayğı kanalı"nın suyu bizim obalara gəlib çıxandan sonra həyatımız tamam dəyişib. Nə zamandan bəri boş qalmış torpaqları bir neçə ildi ki, əkib-becərir, bol məhsul götürürük. Ailəmiz taxıl əkir, mal-heyvan saxlayır. Ehtiyac olanda qoyun-quzunu, əti-südü satıb minnətsiz dolanırıq. Hələ Bakıda yaşayan qohum-əqrəbaya kənd payı da göndəririk.

Dövlətin qayğısından yetərincə bəhrələnən laçınlılar indi xarici təşkilatların yardımına göz dikmirlər. Hətta özləri imkansız həmyerlilərinə də əl tuturlar. Kənd təsərrüfatı istehsalçılarının əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və mühərrik yağlarına görə dövlətin verdiyi kompensasiya ərazidə taxıl əkininə marağı qat-qat artırmışdır. Nəticədə bu il 9532.6 ton taxıl istehsal olunmuşdur ki, bu da keçən ildəkindən 405 ton çoxdur. Fərəhli haldır ki, həmişə ərzaq yardımına ehtiyac duyan laçınlılar bu il özlərinin istehsal etdikləri taxılın 36 tonunu respublikanın 17 rayonunda məskunlaşmış 700-dən çox imkansız və şəhid ailələrinə paylamışdır. Bu xeyirxahlıq missyası rayonda rəğbətlə qarşılanmış, böyük əks-səda doğurmuşdur.

Rayon rəhbərliyi ölkədə sosial-iqtisadi tərəqqinin istiqamətinə uyğun olaraq ərazidə kiçik və orta sahibkarlığın inkişafına münbit şərait yaradır. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov deyir ki, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin həyat şəraitini hər vasitə ilə yaxşılaşdırmaq üçün genişmiqyaslı tədbirlər görür: "2004-cü ildə qəbul edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və həmin proqrama sonradan edilən əlavələr üzləşdiyimiz problemlərin həllinə dövlətin böyük köməyidir. Biz bu qayğını hər an hiss edirik. Eyni zamanda gözləmirik ki, dövlət bizim üçün hər şeyi etsin. Rayonumuzun kifayət qədər əmək ehtiyatları var. Bütün qüvvələri səfərbər edərək çalışırıq ki, dövlətimizin qayğısına arxalanıb bizlər üçün yaradılan şəraitdən, açılan geniş imkanlardan maksimum səmərəli şəkildə istifadə edək".

Məqsəd aydınlığı həyatda özünü əməli şəkildə göstərir. On gün olar ki, qəsəbədə yeni sahibkarlıq müəssisəsi - Şərq şirniyyatı sexi fəaliyyətə başlamışdır. Qəsəbə sakini Elxan Sadıqovun sahiblik etdiyi müəssisədə marmelad, qurabiyə, rulet və paxlava istehsal olunur. Burada istehsal edilən keyfiyyətli şirniyyatlar "Fincanım" əmtəə markası ilə qəsəbənin özündə, qonşu Ağcabədi, Beyləqan, Bərdə rayonlarında həvəslə alınır. Sexdə quraşdırma işləri davam edir. Yaxın günlərdə yeni istehsal xətti işə salınacaqdır.

Dövlət başçısının böyük qayğısı, rayon əhalisinin qurub-yaratmaq əzmi Taxta körpü qəsəbəsinin timsalında şoran torpaqları gülüstana çevirir. Hər gün bir boy artan qəsəbə böyük inşaat meydanına bənzəyir. Burada sosial təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilir. Ərazidə müasir tələblər səviyyəsində inşa edilmiş məktəblər, xəstəxanalar, mədəniyyət evləri, idman meydançaları əhalinin həyat şəraitini yaxşılaşdırmağa xidmət edir. Tezliklə Alxaslı, Qarıqışlaq və Qarakeçdi obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılacaqdır. Yolların təmiri diqət mərkəzindədir, təkcə bu il 6 kilometr yola çınqıl döşənmiş, obalara aparan 60 kilometr yolda cari təmir işləri görülmüşdür, 4750 kvadratmetr sahəyə isə asfalt örtük salınmışdır.

Bu il Taxta körpü qəsəbəsində və laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə 2.3 milyon manat dəyərində abadlıq, tikinti-quraşdırma işləri görülmüşdür ki, bu da ötən ildəkindən 420 min manat çoxdur. Qəsəbədə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, rayon Əhalinin Sosial Müdafiəsi və Məşğulluq Mərkəzi üçün inzibati binaların tikintisində son tamamlama işləri görülür. Sahibkarlığın inkişafına yaradılan münbit şəraitin nəticəsidir ki, qəsəbədə qənnadı, çörəkbişirmə, dülgər sexləri, ticarət və ictimai iaşə müəssisələri tikilib istifadəyə verilmişdir. Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın ərazisi xeyli genişləndirilmiş, burada əlavə olaraq daha 3000 ağac və gül kolları əkilmişdir, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi mərmərlə örtülmüş, ətrafı zövqlə abadlaşdırılmışdır.

Quruculuq işləri davam edir. Ərazidə görüləsi xeyli işlər də mövcuddur. Istismar müddəti başa çatmış Taxta körpü Fin qəsəbəsinin yerində 3400 məcburi köçkün ailəsi üçün müasir qəsəbələrin salınması vaxtı çatmış məsələdir. Eyni zamanda, ərazidə torpaqların şoranlaşmasının qarşısını almaq üçün meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin məşğulluğunun artırılması üçün yeni istehsal sahələrinin yaradılması da məqsədəuyğun hesab edilir.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 3 noyabr.- S. 6.