Balakən -səma altında muzey

 

 Balakən ölkəmizin sərhəd rayonudur, tarix boyu bu bölgədə gərginliklər az olmayıb. Dövlət sərhədini məkrli niyyətlə keçmək istəyən, ayrı-ayrı xalqların nümayəndələri arasında ixtilaf yaratmağa cəhd edən, məmləkətimizin inkişafını gözü götürməyənlər balakənlilərin rahatlığını pozmağa çalışıblar. Hər dəfə də yerində və vaxtındaca susdurulublar. Bu baxımdan yerli əhalinin ayıq-sayıqlığı, sərhədçilərimizə arxa-dayaq olmaları çox önəmli məsələdir.

Yəqin ki, onların tanımadıqları adamı başdan ayağa süzərək çox diqqətlə baxmaları və ən nəhayət, yol-iz soruşanda "diplomatik" cavab vermələri də sərhəd bölgəsinin yaşam tərzindən irəli gəlir. Ancaq elə ki qonağın Balakənə təmiz niyyətlə gəldiyini bildilər, az qalırlar ürəklərini çıxarıb versinlər. Bir məqamı xatırlatsam yerinə düşər. Yağış elə yağırdı ki, maşından düşüb bir addım atmaq mümkün deyildi. Ancaq düşməli idim. Beş-altı addım atmışdım ki, yanımda bir maşın dayandı. İçindən bir gənc düşdü, çətir açıb başım üzərində tutdu və təbəssümlə "xoş gəlmisiniz", - dedi... Tanımadığım o balakənli gənci, o yağışlı havanı, o qara çətiri yaddaşıma ömürlük yazmışam.

Rayon mərkəzinə yaxınlaşanda magistral yolun kənarlarındakı körpü məhəccərlərindən gül dibçəkləri asılıb. Bu dibçəklər məhəccərlərin üzərinə zövqlə, bir-birinin estetik təsirini azaltmayan məsafədə yerləşdirilib. Baxdıqca baxırsan. Bir az qarşıda isə şahə qalxmış çox möhtəşəm qara at heykəli var. "At muraddır" deyiblər. Artıq Balakəndə çox arzular gerçəkləşib. 2006-cı ilin 12 aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Balakənə səfərindən sonra çox şey dəyişib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi Balakənin simasını tamamilə yeniləşdirib, müasirləşdirib.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkının bölgədə çətin ki, bənzəri olsun. Rayona gələn qonaqların, o cümlədən turistlərin böyük maraqla baxdıqları məkanlardan biri də buradır. Yeri gəlmişkən, Balakəni müasir turizm bölgəsinə çevirmək üçün rayonda çox işlər görülür. Artıq Balakəndə turizmi inkişaf etdirmək məqsədilə 12 marşrut müəyyənləşdirilib, qısa ensiklopedik məlumatlar toplusu və təxmini inkişaf planı hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.

Son zamanlar rayona turist marağının artması yeni tədbirlərin görülməsini də zəruri edir. Uca dağları, yaşıl ormanları, axar çayları, bir sözlə, gözoxşayan təbii gözəllikləri öz yerində, bu bölgənin tarixinin, adət-ənənələrinin öyrəniləməsi və təbliği də çox önəmli məsələdir. Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Balakən Rayon İcra Hakimiyyəti ilə birgə İtitala kəndində "Şimal-Qərbi Azərbaycan: Azərbaycan tarixində yeri və rolu" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda "Şimal-Qərbi Azərbaycanın rabitə, ticarət yolları", "İlisu sultanlığı: ərazisi, əhalisi", "XX əsrin əvvəllərində Şimal-Qərbi Azərbaycanda qaçaq hərəkatı", "Tarixi Zaqatala mahalı: ərazisi və əhalisi" və digər mövzularda məruzələr dinlənilib, Şimal-Qərbi Azərbaycan tarixinə həsr olunmuş kitabların təqdimatı keçirilib.

Rayondakı maraqlı yeniliklərdən biri də RİH başçısı Asif Məmmədovun təşəbbüsü ilə Balakən şəhərində açıq səma altında muzey yaradılması ideyasıdır. İdeyanın gerçəkləşməsi üçün artıq xeyli iş görülüb. Şəhərin şərq girişində muzeyin ilk nümunələri maraqla baxılır. Azərbaycan çörəyi bişirilən təndirlər, at qoşquları, toxuculuq, dulusçuluq, misgərlik məmulatları, ərzaq saxlamaq üçün saxsı məişət küpləri və digər əşyalar Balakənin tunc dövründən başlanan keçmişinin şahidləridir.

RİH başçısı Asif Məmmədov bildirdi ki, açıq səma altında muzeyin zənginləşməsi, daha əhatəli olması üçün müvafiq tədbirlər görülür. Bu prinsip şəhərin abadlaşdırılması işlərində də nəzərə alınır.

Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Zakir Qarayevin bildirdiyinə görə, rayonda "Muzeyin dostları" guşəsi də yaradılacaq. Bu isə ümumi işlərin görülməsində fəallığı artıracaq.

Qızılı, yağışlı-yağmurlu payız fəslində Balakən şəhərinin özü həqiqətən də açıq səma altında muzeyə bənzəyir. Bütün həyətlərin hasarları üzərindən "boylanan" xurma ağacları çox gözəl görünür. Xüsusilə də yarpaqlar tökülüb budaqlarda ancaq xurmalar qalanda. Həyətlərdən birinin qarşısında dayanmış bir ağsaqqaldan soruşdum ki, bu xurmaları niyə dərmirlər. Ağsaqqal gerçəyi-zarafatı bəlli olmayan bir ahənglə dedi ki, bu xurmaların gözə xeyri cibə xeyrindən daha çoxdur.

Bəli, bu da balakənlilərin "diplomatik" cavablarından biri! Hər halda təbiəti, yaradılanı qorumağa yönəlik bir cavabdır. Başqa sözlə, insan öz nəfsinə "dur" deyəndə təbii gözəlliklərə ziyanı daha az dəyir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2009.- 3 noyabr.- S. 6.