Qış sərt və uzun çəksə də, qorxusu yoxdur

 

Bir şəhər və iyirmi dörd kəndi əhatə edən Culfa rayon mədəniyyət və turizm şöbəsinin tabeliyində 60 müəssisə var. Onların 54-ü kitabxana, klub və mədəniyyət evləridir. Bir zaman adamların asudə vaxtlarının səmərəli təşkilində bu obyektlər əhəmiyyətli rol oynayıb.

Son illərdə həyata keçirilən tədbirlər bölgədə mədəni xidmətin səviyyəsini artırmağa yönəldilib. Rayon mərkəzi ilə yanaşı, Ərəfsə, Gülüstan, Ərəzin, Yaycı, Əbrəqunus kəndlərindəki obyektlər müasir istilik sistemi ilə təmin olunub. Onlar yeni tikilən və ya əsaslı surətdə təmir olunaraq yenidən qurulan obyektlərdir. Digər mədəniyyət ocaqları isə payız-qış dövründə ağ neftlə qızdırılacaq.

Culfa şəhərindən başqa, Bənənyar kəndində də uşaq musiqi məktəbi fəaliyyət göstərir. İstedadlı uşaq və yeniyetmələr burada təhsilə cəlb olunub, sabahın kamil və bacarıqlı musiqiçiləri kimi yetişirlər.

Rayon mədəniyyət və turizm şöbəsinin əhatə etdiyi obyektlər sırasında tarix-diyarşünaslıq muzeyi, Gülüstan tarix mədəniyyət qoruğu, Xanəgah abidə kompleksi də vardır. Muzeydə nümayiş etdirilən eksponatlar və tarixi-memarlıq abidələri bölgənin qədim və müasir tarixindən soraq verir.

Muxtar Respublika Nazirlər Kabinetinin sərəncamına əsasən, payız-qış mövsümündə tələbatı ödəmək üçün rayon mədəniyyət və turizm şöbəsinə 14 min litr ağ neft ayrılıb. Həmin yanacaq bölgü əsasında mədəniyyət müəssisələri arasında bölüşdürülüb.

Qış mövsümündə rayonun ümumtəhsil məktəblərində də dərslər normal keçəcəkdir. Bunun üçün mövsümə ciddi hazırlıq işləri görülüb. Rayon təhsil şöbəsinin müdiri Adəm Qasımov söhbət əsnasında onu da bildirdi ki, ötən dərs ilində orta məktəbi bitirən 627 şagirddən 160 nəfəri test imtahanları ilə ali məktəblərə qəbul olunub. Tədrisdə əvvəlki illə müqayisədə müvəffəqiyyətlər bir qədər də artıb. Bunlar isə ilk növbədə, təhsilə və onun inkişafına göstərilən dövlət qayğısı ilə bağlıdır.

Regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə məktəb tikintisi xüsusi yer tutur. Son illər ərzində rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yarısı - 13-ü üçün yeni tipli obyektlər inşa olunub. Yaycı, Əbrəqunus, Ərəfsə, Əlincə, Xoşkeşin, Milax, Ərəzin kəndlərindəki məktəbləri buna misal göstərmək olar. Müasir standartlar əsasında inşa olunan bu təhsil ocaqlarının hamısı istilik sistemləri ilə təmin olunub. Digər təhsil ocaqları ağ neftlə qızdırılacaqdır. Bunun üçün lazımi qədər yanacaq ehtiyatı yaradılıb. Rayon mərkəzindəki 1 və 3 nömrəli uşaq bağçalarına, uşaq gənclər idman məktəbinə isə təbii qaz xətləri çəkilib.

Səhiyyə şöbəsi isə rayon mərkəzi xəstəxanası ilə yanaşı, 16 kənd həkim ambulatoriyasını, 8 feldşer-mama məntəqəsini əhatə edir. Onların 10-u yeni inşa olunan obyektlərdir, hər biri də istilik sistemi ilə təchiz olunub.

Digər binalarda fəaliyyət göstərən tibb müəssisələrini də qızdırmaq üçün yanacaq tədarükü görülüb. Rayon mərkəzi xəstəxanasının baş həkimi Məmməd Ağayev bildirdi ki, indi başlıca diqqət qış dövründə səhiyyə müəssisələrində ümumi iş ahənginin aşağı düşməməsinə yönəldilib.

Ümumiyyətlə, 40 min nəfərə yaxın sakini olan bölgədə qış qayğılarının həlli ilə bağlı digər tədbirlər də həyata keçirilir. 12 min nəfərə yaxın əhalinin yaşadığı rayon mərkəzində 18 çoxmərtəbəli binanın hamısı qazanxanalar vasitəsi ilə isinəcək. Onlar 592 mənzili əhatə edir. Mövsüm ərəfəsində Məmməd Əsgərov adına küçədə daha bir qazanxana istifadəyə verilib. Onun gücü ilə 3 çoxmərtəbəli binada 168 mənzil qızdırılacaq. Kəndlərdə isə əhalinin istilik təminatı qaz sobaları ilə yerinə yetiriləcəkdir. Elektrik enerjisi sarıdan da çətinliklər yoxdur. Hər bir abonent fasiləsiz elektrik enerjisi ilə təmin olunur.

Bir sözlə, qış mövsümü ərazisi əsasən dağlıq zonada yerləşən Culfa rayonunda bir qədər sərt və uzun keçsə də, onun çətinlikləri narahatlıq doğurmur. Çünki mövsümə hazırlıq işlərinə vaxtında başlanılıb.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 3 noyabr.- S. 6.