Qəlblərdə yaşayan görkəmli alim
Bu günlərdə ölkəmizin
elmi ictimaiyyəti neft kimyası sahəsində görkəmli
alim, aşqarlar kimyası və texnologiyasının əsasını
qoyan və inkişaf etdirənlərdən biri olmuş
akademik, Dövlət mükafatı laureatı, əməkdar
elm və texnika xadimi İzzət Mirzəağa qızı
Orucovanın anadan olmasının 100 illiyini qeyd edir.
Keçmiş SSRİ məkanında
sürtkü yağları və yanacaq istehsal edən mərkəzlərdən
biri olan Azərbaycan yeni və mühüm bir problemin -
sürtkü yağlarına və yanacağa aşqarların
yaradılması probleminin həllində başlıca rol
oynamışdır. İftixar hissi ilə bildirməliyik ki,
keçmiş Sovetlər İttifaqında sürtkü
yağlarının keyfiyyətini yaxşılaşdıran
aşqarın ilk nümunəsini məhz azərbaycanlı
alimlər yaratmış və sənayedə tətbiq edərək
ölkənin böyük ehtiyaclarını ödəməyə
nail olmuşdular. Bu aşqarların sintezi və istehsal
texnologiyasının hazırlanması işində İzzət
Orucova misilsiz xidmətlər göstərmişdir.
1909-cu il sentyabrın 16-da
Bakıda bağban ailəsində dünyaya göz açan
İzzət xanımın fəaliyyəti öncə incəsənətlə
bağlı olmuşdu. Böyük dramaturqumuz Cəfər
Cabbarlının pyesləri əsasında çəkilmiş
filmlərdə o, yaddaqalan obrazlar - Sevil və Almaz surətlərini
məharətlə yaratmışdı.
İzzət Orucova 1932-ci ildə
Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Elmi-Tədqiqat
Neft Emalı İnstitutunda laborant vəzifəsində işə
başlamış və ömrünün sonrakı hissəsini
neft kimyası elminə həsr etmişdi. İlk günlərdən
yüksək keyfiyyətli sürtkü yağlarının
işlənib hazırlanması məsələləri ilə
məşğul olan İzzət Orucova bu mövzuya sadiq
qalmış, Azərbaycanda geniş təşəkkülünü
tapmış yeni və mühüm əhəmiyyətli elmi
istiqamətlərdən olan aşqarlar kimyasının əsasını
qoyanlardan birinə çevrilmişdi. Ona şan-şöhrət
gətirmiş diqqətəlayiq elmi uğurlarını məhz
bu istiqamətdə qazanmışdı.
Böyük Vətən
müharibəsi illərində İzzət Orucova elmi
axtarışlarını müvəqqəti olaraq
dayandırmış və cəbhə sifarişlərinin
yerinə yetirilməsi üçün
çalışmışdı. Həmin illərdə Azərbaycan
döyüşən sovet ordusunun və arxa cəbhənin
yanacaq və sürtkü yağları ilə əsas təminatçısı
idi. İzzət xanım da milyonlarla sovet vətəndaşı
kimi, gündüzlü-gecəli, yorulmaq bilmədən bu sahədə
çalışırdı. Yüksək keyfiyyətli yanacaq
hazırladıqlarına görə azərbaycanlı alimlərə
ünvanlanmış hərbi aviasiya hissələrinin minnətdarlıq
məktublarında onun adı birincilər sırasında
çəkilirdi.
Müharibə başa
çatdıqdan sonra İ.Orucova elmi-tədqiqat işlərini
daha da genişləndirdi. Problemin nəzəri cəhətini
dərin bilməsi, böyük iş qabiliyyəti, ən
mürəkkəb təcrübələri dəqiq aparmaq
bacarığı ona sevimli fəaliyyət sahəsində
diqqətəlayiq uğurlar qazandırdı. Görkəmli
alimin elmi fəaliyyətindəki daha bir cəhət diqqətdən
yayınmır. O, Bakı neftini tədqiq edir, onların əsasında
yüksək keyfiyyətli sürtkü yağları işləyib
hazırlayırdı. İzzət xanım 1949-cu ildə əldə
etdiyi elmi nəticələrdən istifadə edərək digər
alimlərlə birgə motor, xüsusi təyinatlı
yağların istehsalı texnologiyasını işləyib
hazırlamağa nail oldu. Bakının müxtəlif mənşəli
parafinli və parafinsiz neftləri əsasında olan
aşağı özlülüklü yağlardan yüksək
keyfiyyətli sürtkü yağlarının istehsalı
sahmana salındı. Bakıdakı neft emalı
zavodlarından birində bu cür yağların istehsalı
ilk dəfə olaraq işə düşdü. Yeni məhsulun
mühüm texniki göstəricilərindən birini
yaxşılaşdırmaq üçün vacib olan
yağların deparafinləşdirilməsi məsələsinin
də İzzət Orucova tərəfindən çox gözəl
həll edildiyini vurğulamaq yerinə düşərdi. Belə
ki, o, digər alimlərlə əməkdaşlıq şəraitində
xüsusi motor yağları çeşidinin
artırılması məqsədilə Bakı neftinin
distillantlarının, həmçinin parafinli neftin karbamidlə
deparafinləşdirilməsi texnologiyasının işlənib
hazırlanmasına nail oldu. Qeyd edək ki, yeni Bakı
yağları keyfiyyət göstəricilərinə görə
xarici analoqlarından heç də geri qalmırdı.
İzzət Orucova 1962-ci ildə
"Bakı xammalından aşağı temperaturlarda donan
yağların alınması texnologiyasının işlənib
hazırlanması və aşqarların köməyi ilə
onların keyfiyyətinin
yaxşılaşdırılıması" mövzusunda
dissertasiyanın uğurlu müdafiəsinə görə
texniki elmlər doktoru elmi dərəcəsinə layiq
görüldü. Ona professor elmi adı verildi. Daha iki il
ötdü və o, Azərbaycanın əməkdar elm və
texnika xadimi fəxri adına layiq görüldü.
Elmi-Tədqiqat Neft Emalı
İnstitutu sonrakı illərdə Azərbaycan Elmlər
Akademiyasının Neft-Kimya Prosesləri İnstitutuna
çevrildi. Bu institutun aşqarlar sahəsində elmi işlər
aparan laboratoriyaları əsasında isə 1965-ci ildə
Aşqarlar Kimyası İnstitutu (AKİ) yaradıldı.
Xatırladaq ki, institut keçmiş SSRİ-də bu profilli
yeganə elmi-tədqiqat institutu idi. İzzət Orucova da həmin
institutda tədqiqatlarını davam etdirdi.
Professor uzun illər aşqarlar
sahəsində uğurlu tədqiqatlar apararaq yüksək elmi
nəticələrə nail oldu. O, müxtəlif sahələrdə
ehtiyac duyulan, yüksək göstəricilərə malik bir
neçə aşqarın yaradılmasına və onların
istehsal texnologiyasının işlənib hazırlanmasına
gərgin intellektual və yaradıcı əmək sərf
etdi. Nəticədə AKİ-nin laboratoriyalarında
hazırlanmış və SSRİ adlı böyük ölkənin
müxtəlif sənaye sahələrində tətbiq
edilmiş AzNİİ-5, AzNİİ-7, SB-3, SK-3, BFKU və digər
aşqarları yaratmış müəlliflərdən biri də
məhz İzzət Orucova oldu. 1967-ci ildə o, Azərbaycan
Elmlər Akademiyasına müxbir üzv seçildi.
SSRİ-də neft texnologiyası
ixtisası üzrə ilk qadın elmlər doktoru alimlik dərəcəsi
almış İzzət xanımın bir sıra
aşqarların fasiləsiz istehsalı texnologiyalarının
hazırlanması sahəsindəki axtarışlarının
nəticələri çox yüksək oldu. Böyük sənaye
əhəmiyyətinə malik bu işlər Azərbaycanda
Sumqayıt şəhərindəki aşqarlar zavodunda tətbiq
edildi.
Ən yaxşı aşqarlar olan
BFK, SB-3, SK-3, İXP-101, İXP-21 istehsalatda geniş tətbiqini
tapdı. Bu aşqarların alınma texnologiyasının
işlənib hazırlanmasına və sənayedə tətbiqinə
nail olundu. Bu, həqiqətən, mühüm əhəmiyyətli
problem idi. 1970-ci ildə bir qrup alimə, o cümlədən
İzzət xanım Orucovaya "Bakı neftlərindən
alınan motor yağlarına təsirli BFK, SB-3, SK-3,
AzNİİ-8u, İXP-21 aşqarlarının sintezi
texnologiyasının işlənib hazırlanması və sənayedə
tətbiqinə görə" Azərbaycan Dövlət
mükafatı laureatı adı verildi. Bu, elmi-praktik əhəmiyyətli
işə verilən ali mükafat idi.
Görkəmli alimin sanballı
elmi uğurlarına verilən digər yüksək qiymət
isə onun 1972-ci ildə Elmlər Akademiyasına həqiqi
üzv seçilməsi oldu. Qadın akademik İzzət
Orucova bu yüksək fəxri adı ömrünün sonunadək
uğurla daşıdı.
Adi laborantlıqdan akademikliyədək
yüksəlmiş İ.Orucova həm də bacarıqlı
elm təşkilatçısı kimi tanındı. O, uzun illər
ərzində laboratoriyalara rəhbərlik etdi, 1967-1971-ci illərdə
isə Azərbaycan EA-nın Qeyri-Üzvi və Fizika-Kimya
İnstitutunun direktoru vəzifəsində işlədi. Həmin
dövrdə o, institutda böyük praktiki əhəmiyyətli
problemlə məşğul oldu. Bu problem metalların
korroziyasının qarşısını almaq
üçün təsirli vasitə olan səmərəli
korroziya inhibitorlarının öyrənilməsi ilə
bağlı idi. Böyük həcmli tədqiqat işlərinin
nəticələri onun rus dilində qələmə
aldığı "Metal korroziyası inhibitorları"
monoqrafiyasında ümumiləşdirilmiş halda oxuculara təqdim
edildi.
Bu monoqrafiya əslində
professorun heç də ilk və yeganə iri həcmli əsəri
deyildi. Başlıca tədqiqat sahəsi aşqarların
sintezi və yağların istehsalı olmuş alim bu sahədə
300-ə qədər ixtiranın və dərc olunmuş elmi əsərin
həmmüəllifi olmaqla yanaşı, ana dilində
"Neft kimyası" və "Sürtkü
yağları" adlı orijinal dərsliklər də
yazmışdı. Bunlar uzun illər ərzində neft
kimyaçılarının masaüstü kitabları kimi
böyük əhəmiyyət kəsb etmişdir.
İzzət Orucova yüksək səviyyəli
gənc kimyaçı alimlər hazırlanması probleminə
də xüsusi əhəmiyyət verirdi. Onun elmi rəhbərliyi
altında yetişmiş onlarla milli kadrımız hazırda
ölkəmizin müxtəlif elmi və tədris
ocaqlarında səylə çalışır, bəziləri
isə xarici ölkələrdə işləyirlər.
Akademik, Dövlət
mükafatı laureatı İzzət Orucova Sovet
İttifaqının müxtəlif respublikalarında, habelə
inkişaf etmiş xarici ölkələrdə - Kanada,
Portuqaliya, Macarıstan və Almaniyada keçirilmiş
sürtkü yağları və aşqarlara dair elmi məclislərdə
elmimizi yüksək səviyyədə təmsil etmişdir.
Alim bir sıra ictimai işlərə
də xeyli vaxt və əmək sərf etmişdir. O, Azərbaycan-ADR
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin
sədri, Bakı Şəhər Sovetinin deputatı və
Qadınlar Şurasının sədri, Azərbaycan Sovet
Ensiklopediyası Baş Redaksiyası Heyətinin üzvü
olmuşdur.
Akademik İzzət Orucova
1983-cü il aprelin 21-də Bakı şəhərində vəfat
etmişdir. Sağlığında ən yüksək
mükafatlar - "Lenin", "Oktyabr İnqilabı",
"Qırmızı Əmək Bayrağı" və
"Şərəf nişanı" ordenləri, habelə
müxtəlif medallarla təltif olunmuş, adı əbədiləşdirilmişdir.
Alimin doğulub-böyüdüyü və böyük
uğurlar qazandığı doğma Bakı şəhərinin
küçələrindən birinə onun adı
verilmişdir. Görkəmli alim İzzət Orucovanın
unudulmaz xatirəsi daim qəlblərdə yaşayır.
Vaqif FƏRZƏLİYEV,
AMEA-nın akademik-
katibi, akademik
Azərbaycan.- 2009.- 3 noyabr.- S. 7.