Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının ölkəmizdəki səfiri Kvanq Çulu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lü Kvanq Çulu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Lü Kvanq Çulun ölkəmizdəki səfirlik fəaliyyəti müddətini Azərbaycan ilə Koreya arasında əməkdaşlığın fəal dövrü kimi qiymətləndirən dövlətimizin başçısı səfirin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini vurğulamışdır. Azərbaycan ilə Koreya arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrimizin geniş perspektivlərə malik olduğunu demişdir. Dövlətimizin başçısı ötən dövrdə ölkələrimizin səfirliklərinin açılmasını münasibətlərimizin daha da möhkəmlənməsi işində önəmli rol oynadığını vurğulamışdır. Gələcək fəaliyyətində səfirə müvəffəqiyyətlər arzulayan Prezident İlham Əliyev Azərbaycan-Koreya əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Diplomat Lü Kvanq Çul səfirliyin fəaliyyətinə göstərdiyi yüksək diqqətə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. O, ölkəmizdə fəaliyyəti müddətində Azərbaycan ilə Koreya arasında yaxşı əlaqələr yaradıldığını, səfir kimi isə bu işdə səylərini əsirgəmədiyini demişdir. Ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirmək üçün böyük imkanların olduğunu deyən diplomat, əməkdaşlığımızın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-4 noyabr.- S. 1.