Avropada birinci olmaq, əslində, dünya miqyasında
birinci olmaq deməkdir
Noyabrın 3-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Serbiyada
keçirilmiş şahmat üzrə Avropa
çempionatının qalibi olan kişilərdən ibarət
Azərbaycan milli komandasının üzvlərini qəbul
etmişdir.
Şahmatçıları qələbə
münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV
dedi:
- Əziz dostlar, sizi böyük
qələbə münasibətilə ürəkdən təbrik
edirəm. Azərbaycan şahmatçıları Avropa
çempionatının qalibləridir. Bu, böyük və
tarixi qələbədir. Şahmatçılarımız
çox istedadlıdırlar, müxtəlif beynəlxalq
yarışlarda, turnirlərdə yaxşı nəticələr
göstərirlər və FİDE-nin reytinqində də
yüksək yerləri tuturlar. Ancaq ilk dəfədir ki,
şahmatçılarımız komanda hesabında birinci
olublar. Bu, böyük qələbədir, böyük
sevincdir.
Siz yaxşı bilirsiniz ki, ən
güclü şahmat komandaları məhz Avropa ölkələrindədir.
Avropada birinci olmaq, əslində, dünya miqyasında birinci
olmaq deməkdir. Bu, doğrudan da böyük uğurdur. Sizi
bütün bu gözəl hadisələr, qələbələr
münasibətilə bir daha ürəkdən təbrik edirəm.
Bu qələbə
bir daha Azərbaycanın imkanlarını, Azərbaycan
xalqının intellektual potensialını göstərir və
Azərbaycanın idman sahəsində uğurlarını bir
daha təsdiq edir. İdman növlərinin, demək olar ki, əksəriyyətində
intellektual potensial mühüm rol oynayır. Ancaq şahmat elə bir idman
növüdür ki, burada sırf intellekt mübarizəsi
gedir. İdmançılarımızın -
şahmatçılarımızın belə gözəl
çıxışları, belə yüksək nailiyyətləri
hamımızı ürəkdən sevindirir. Bir də onu
göstərir ki, Azərbaycanın idman potensialı və
intellektual potensialı çox yüksək səviyyədədir.
Qadınlardan ibarət
komandamız da yaxşı nəticə göstərmişdir,
üçüncü-dördüncü yerləri
tutmuşdur. Bu da çox yaxşı nəticədir və mən
qadınları da bu nəticə münasibətilə ürəkdən
təbrik etmək istəyirəm.
Onu da qeyd etmək istəyirəm
ki, komandamızın üzvlərinin yaş həddi də
çox aşağıdır, gənclərdən ibarətdir.
Bu da çox sevindirici haldır.
İdmançılarımızın hamısı müstəqillik
dövründə böyümüşlər, müstəqillik
dövründə oxumuşlar, tərbiyə almışlar.
Bu, onu göstərir ki, Azərbaycan dövləti, müstəqil
Azərbaycan belə gözəl idmançıları, belə
ağıllı insanları yetişdirir.
Azərbaycanda şahmat ənənələri
həmişə güclü olubdur. 1970-ci illərdə Heydər
Əliyevin təşəbbüsü ilə bütün
rayonlarda şahmat məktəbləri tikilmişdi. Bu da
şahmatın inkişafına böyük təkan
vermişdir. Düzdür, müstəqilliyimizin
ilk illərində - 1990-cı, 1991-ci, 1992-ci illərdə o
şahmat evlərinin böyük əksəriyyəti
dağıldı, bağlandı, bəziləri özəlləşdirildi,
satıldı. Yəni əslində, o illərdə Azərbaycanda
hər yerdə olduğu kimi, bu sahədə də hərc-mərclik
hökm sürürdü və şahmata, əslində,
diqqət göstərilmirdi. Ancaq bu gün bütün
bölgələrdə şahmat məktəbləri ya bərpa
edilir, ya da ki, yenidən tikilir. Mən bölgələrdə
tez-tez oluram və bir neçə şahmat evinin
açılışında şəxsən iştirak
etmişəm. Çox şadam ki, bu gözəl ənənələr
bərpa edilir. Belə olan halda, xüsusilə
idmançılarımızın belə yüksək nəticələr
əldə etmələri ilə əlaqədar əminəm
ki, şahmat məktəblərinə axın daha da sürətlənəcək,
uşaqlarımız idmanın bu gözəl növü ilə
daha da kütləvi şəkildə məşğul
olacaqlar.
Mən bir daha sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm - ilk növbədə idmançıları, şahmatçıları, onların məşqçilərini, federasiya rəhbərliyini. Bu, doğrudan da böyük və tarixi qələbədir, siz bu qələbəyə layiqsiniz. Siz uzun illər bu qələbəyə doğru addımlamısınız və bu qələbə sizin fəaliyyətinizin məntiqi nəticəsidir. Bir daha sizi təbrik edirəm, sizə gələcək uğurlar və qələbələr arzulayıram.
* * *
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman RÜSTƏMOV federasiya adından dövlətimizin başçısına minnətdarlığını bildirdi və bu qələbəyə aparan yolun heç də asan olmadığını söyləyərək dedi:
- Cənab Prezident,
idmançılarımız,
şahmatçılarımız, onların məşqçiləri
adından, federasiyanın adından Sizə öz dərin minnətdarlığımızı
bildiririk. Doğrudan da bu qələbəyə gedən yol, cənab
Prezident, çox uzundur və bu, asan bir qələbə
deyildir. Bir neçə illər öncə ümummilli
liderimiz Heydər Əliyev şahmatçıları qəbul
edəndə onlar gənc idilər, uşaq idilər. Bir şəkil
vardı, bu uşaqlar ulu öndərin əhatəsində bu
otaqda çəkdiriblər. Bütün beynəlxalq
şahmat ictimaiyyəti o şəkli çox yaxşı
tanıyır.
Cənab Prezident, gələcəyimizin
yolu oradan başlayır. Bu uşaqların,
şahmatçıların böyüməsində,
onların idman ustalığının artırılmasında
ulu öndərimizin doğrudan da çox böyük zəhməti
vardır. Onlara çox böyük zəhmət çəkilibdir,
diqqət yetirilibdir və Sizin tərəfinizdən çox
böyük işlər görülübdür.
Təbii ki, bu qələbə həm
də ölkədə gedən proseslərin tərkib hissəsidir.
Bu gün ölkə bütün sahələrdə yüksəlişdədir.
Ölkəmiz tam bir renessans dövrünü yaşayır. Məndən
orada soruşanda ki, bu qələbə nəyə ithaf olunur?!
Deyirdim ki, Azərbaycan şahmatçıları qələbəni
məhz bu dövrə ithaf edirlər. Bu, renessans
dövrünün nəticəsidir.
Qələbə olduqca çətin
bir mübarizə şəraitində qazanıldı. Biz orada
bilirdik ki, bütün Azərbaycan kompüterdə onlayn
rejimində yarışı izləyir. Son gedişlərdə
biz Rusiya milli komandasını üstələdik və qələbə
qazandıq. Bir gün öncə komandanın toplantısı
oldu və orada birmənalı olaraq hamı qərara gəldi
ki, bu qələbə Azərbaycana olduqca lazımdır. Bu qələbəni
bizdən gözləyirlər. Ölkə, rəhbərlik, cənab
Prezident, bizdən ancaq qələbə gözləyir, ancaq qələbəyə
oynamaq lazımdır. Uşaqlar böyük iradə göstərdilər
və böyük iradə ilə qalib gəldilər. Biz
çox xoşbəxtik ki, dünyanın ən intellektual
oyunu hesab olunan bir idman növündə qocaman Avropada milli
yığma komandamız birincidir.
Siz doğru buyurdunuz ki, ən
güclü komandalar Avropadadır. Buna baxmayaraq, biz
iddialıyıq, qarşımızda böyük turnirlər
var - dünya çempionatları, Olimpiya oyunları vardır.
Biz çalışacağıq ki, bu qələbəni daha
da inkişaf etdirək.
Bir daha Sizə minnətdarlığımı bildirirəm.
* * *
Komandanın kapitanı Zurab AZMAYPARAŞVİLİ Azərbaycan idmançılarının qələbəsi münasibətilə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovun təbrik məktubunu Prezident İlham Əliyevə təqdim etdi.
Z.Azmayparaşvili Prezident İlham Əliyevin idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək Azərbaycanda idmanın bu növünün inkişafına dair təsdiq edilmiş proqramın FİDE-də xüsusi razılıqla qarşılandığını vurğulamışdır. O, şahmatçılarımızın bacarığına əmin olduğunu və qələbəyə əvvəlcədən inandığını demişdir. Z.Azmayparaşvili yarış zamanı dövlət başçısının həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi şahmatçılarımıza bəslədiyi ümidi doğrultmağın əsas qayə olduğunu və bu məqsədə çatmaqdan məmnunluq hissi keçirdiklərini bildirmişdir. Komandanın kapitanı qeyd etmişdir ki, şahmatçılarımızın növbəti hədəfi dünya və Olimpiya çempionu olmaqdır.
* * *
Prezident İlham ƏLİYEV komanda oyunlarında
şahmatın digər idman növlərindən fərqləndiyini,
burada komanda ruhunun yüksək olması ilə yanaşı,
fərdi bacarığın qələbə üçün
həlledici meyar olduğunu demişdir. Bu mənada komanda üzvlərinin, məşqçilərin
və Azərbaycan Şahmat Federasiyasının birgə fəaliyyətinin
qələbənin təmin edilməsində müstəsna əhəmiyyəti
olmuşdur.
Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, Azərbaycanda idman federasiyalarına həyat təcrübəsinə malik nüfuzlu şəxslər təyin olunur və müxtəlif beynəlxalq yarışlarda qazanılan uğurlar bu meylin özünü doğrultduğunu dəfələrlə sübut etmişdir.
* * *
Komandanın üzvü Vüqar HƏŞİMOV
qeyd etmişdir ki, müxtəlif vaxtlarda
şahmatçılar fərdi yarışlarda yüksək nəticələr
göstərmişlər. Lakin ilk dəfədir ki, Azərbaycan
şahmatçıları komanda şəklində Avropa
çempionu olur.
Bu gün peşəkar
şahmatçıya çevrilmələrində ulu öndər
Heydər Əliyevin böyük xidmətlərini
vurğulayan Vüqar Həşimov dedi:
- Burada qeyd olundu ki, bizim hər
birimiz müstəqillik dövründə boya-başa
çatmışıq. Onu da qeyd edim ki, ulu öndərimizin,
sözsüz ki, böyüməyimizdə, ümumiyyətlə,
professional şahmatçıya çevrilməyimizdə
çox böyük xidmətləri vardır. Çünki
məhz o vaxtlar biz gənc idik, təxminən 11-12 yaşımız
var idi. Məhz o vaxtlar şahmat yolunu davam etdirmək və
yaxud oxumaq, təhsilimizə davam etmək bizim seçimimiz
idi. Sözsüz ki, ulu öndərimizlə görüşdən
sonra biz qəti seçimimizi etdik və peşəkar
şahmatçıya çevrildik.
Sözsüz ki, cənab Prezident,
Sizə də çox böyük minnətdarlığımızı
bildiririk. Çünki Siz də heç vaxt öz köməyinizi
bizdən əsirgəməmisiniz. Hər zaman nə lazım
olubsa, Siz onu etmisiniz, xüsusən də mənə. Bilirsiniz
ki, mən bir neçə il şahmatdan ayrı qaldım və
sonra Sizin dəstəyiniz və yardımınız sayəsində
yenidən şahmata qayıtdım. Buna görə Sizə
minnətdaram.
Şahmatçıların hamısının adından Sizə bu gün də söz veririk ki, biz gələcəkdə də əlimizdən gələni edəcəyik ki, həm komanda şəklində dünya çempionu, Olimpiya çempionu olaq, həmçinin fərqi yoxdur, kim olursa-olsun, Allahın köməyi ilə şahmat tacını Azərbaycana qaytaraq. Bir daha təşəkkür edirəm.
* * *
Prezident
İlham ƏLİYEV dedi: - Çox vacib amil ondan ibarətdir
ki, komandamız qələbə uğrunda mübarizə
aparırdı. Bu, çox vacibdir. Hansısa yüksək yer tutmaq
uğrunda yox, məhz qələbə, birincilik uğrunda. Bu,
çox önəmlidir. Bu, əslində, bir tərəfdən
şahmatçılarımızın əzmkarlığını,
digər tərəfdən idmanın şahmat
növünün Azərbaycanda nə qədər sürətlə
inkişaf etdiyini göstərir. Mən əminəm
ki, Avropa çempionatında yarışan komandaların əksəriyyəti
yüksək yer uğrunda mübarizə aparırdı. Bəlkə
də bir neçə komanda çempion titulu uğrunda
mübarizə aparırdı, o cümlədən Azərbaycan
komandası da onların arasında. Bu, əslində Azərbaycanın
inkişafını göstərir.
Bütün başqa idman
yarışlarında da idmançılarımız ancaq qələbə
arzusu ilə yarışa qatılırlar. Bu, artıq
reallıqdır. Azərbaycanda idmanın, demək olar ki,
bütün növləri inkişaf edir və bu il - 2009-cu ildə
müxtəlif idman növlərində Azərbaycan
idmançıları dünya miqyasında, Avropa
çempionatlarında birinci yerləri tutmuşlar. Güləş,
avarçəkmə, digər idman növlərində, indi
şahmat üzrə - bu, böyük tarixi qələbədir.
Azərbaycan vətəndaşları bir növ bu qələbələrə
öyrəşiblər. Hesab edilir ki, bu, daim belə
olmalıdır. Amma heç də hər zaman belə olmur.
Bu, Azərbaycan reallıqlarıdır.
Şahmatçılarımız
fərdi oyunlarda da çox güclüdürlər və
komanda tərkibində. Bu, ölkənin potensialını
göstərir. Bir ölkədə bir görkəmli
şahmatçı ola bilər. Ancaq bir
neçə güclü idmançının,
şahmatçının yetişdirilməsi
üçün münbit şərait olmalıdır.
Ölkədə bu şərait olmalıdır. Ölkənin
ümumi inkişafı olmalıdır. İnkişaf etməmiş,
yaxud da ki, ağır vəziyyətdə yaşayan ölkələrdə
çox nadir hallarda görkəmli idmançılar belə
kütləvi şəkildə yetişir. Azərbaycanda
mövcud şərait, ümumi inkişaf, müasirləşmə
prosesləri o qədər güclüdür ki, bu, istənilən
sahəyə öz təsirini göstərir.
Şahmatçılarımızın həm intellektual səviyyəsi,
həm vətənpərvərlik hissləri, eyni zamanda qələbə
əzmi - bütün bu amillər qələbəni
şərtləndirir. Bu bir daha onu göstərir ki, biz
böyük işlərə qadirik, bizim bütün təşəbbüslərimiz
yaxşı nəticələrlə başa çatır.
Bu qələbə artıq Azərbaycan
şahmat məktəbinin tarixinə qızıl hərflərlə
yazılmış bir qələbədir və dünya
şahmat aləmində də bu, artıq tarixdir. Bu tarixi siz
yazmısınız. Mən əminəm ki,
bütün Azərbaycan xalqı bu qələbəyə
görə sizə minnətdardır. Əminəm ki, siz gələcək
yarışlarda eyni əzmkarlıq və mübarizə ruhu
ilə yeni qələbələrə doğru uğurla gedəcəksiniz.
Bir daha sizi təbrik edirəm.
* * *
Sonda Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 4 noyabr.- S. 2.