2010-cu ilin dövlət büdcəsi ölkəmizin
sistemli inkişafına xidmət edəcəkdir
Milli Məclisin İqtisadi siyasət,
Sosial siyasət, Təhlükəsizlik və müdafiə,
Aqrar siyasət və Təbii ehtiyatlar, energetika və ekologiya
komitələrinin noyabrın 3-də keçirilən birgə
iclasında "Azərbaycan Respublikasının 2010-cu il
dövlət büdcəsi haqqında" qanun layihəsi
müzakirə edildi. İclası açan Milli Məclisin
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
ölkəmizin son illərdə nail olduğu dinamik
sosial-iqtisadi inkişafdan bəhs etdi. Qeyd olundu ki, ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu inkişaf
strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin nəticəsi olaraq Azərbaycanın
davamlı sosial-iqtisadi yüksəlişi təmin
edilmişdir. Hətta qlobal maliyyə, iqtisadi böhrana
baxmayaraq, ölkəmizin iqtisadiyyatı yüksələn xətlə
inkişaf etmişdir.
Ziyad Səmədzadə gələn
ilin dövlət büdcəsinin ölkəmizin
dayanıqlı və sistemli inkişafına xidmət edəcəyini
diqqətə çatdırdı. Onun fikrincə, gələn
ilin büdcəsi həm də gələcək
inkişafın möhkəm əsaslarını
yaradacaqdır. Bu ali iqtisadi sənədin hazırlanmasına
Prezident İlham Əliyev bilavasitə rəhbərlik
etmişdir.
Maliyyə naziri Samir Şərifov
2010-cu ilin dövlət büdcəsinin layihəsi ilə
bağlı geniş izahat verdi. Bildirdi ki, layihə
"Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq dövlətin
iqtisadi və siyasi kursunun həyata keçirilməsi,
xalqın rifah halının
yaxşılaşdırılması və digər əhəmiyyətli
məsələlər üzrə qəbul edilmiş
proqramların maliyyə təminatı əsas
götürülməklə, 2010-cu il və sonrakı
üç il ərzində ölkəmizin makroiqtisadi proqnoz
göstəriciləri əsasında, bu illərdə gözlənilən
meyillər nəzərə alınmaqla tərtib olunmuşdur.
Beynəlxalq maliyyə institutlarının proqnozlarında
dünyada qlobal maliyyə-iqtisadi böhranın təsirlərinin
2010-cu ildə də davam edəcəyi və bunun da ÜDM-in
artım tempinə təsirsiz ötüşməyəcəyi
vurğulanır. Ona görə 2010-cu il dövlət büdcəsi
üzrə proqnozların tərtibi zamanı dünyada gedən
proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri
araşdırılmış və qeyd olunan reallıqlar nəzərə
alınmışdır. Samir Şərifovun sözlərinə
görə, 2010-cu il dövlət büdcəsinin gəlirlərinin
ümumi daxili məhsulun 31,5 faizini təşkil etməklə
10 milyard 15 milyon manat olacağı gözlənilir. Büdcə
layihəsində 1 barel xam neftin satış qiyməti 45
ABŞ dolları səviyyəsində
götürülmüşdür.
2010-cu ildə Vergilər Nazirliyi
üzrə dövlət büdcəsinə 3 milyard 980 milyon
manat daxilolma nəzərdə tutulur. Ümumilikdə, Vergilər
Nazirliyi üzrə daxilolmaların dövlət büdcəsi
gəlirlərinin 39,7 faizini təşkil edəcəyi
proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən
daxilolmalarına nisbətən 2,3 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin
xətti ilə daxil olan vəsaitin dövlət büdcəsində
xüsusi çəkisi 11 faiz, toplanacaq vergi və rüsumlar
üzrə daxilolmanın 1 milyard 100 milyon manat olacağı nəzərdə
tutulur.
2010-cu il ərzində icmal
büdcənin tərkib hissəsi olan Dövlət Neft
Fondundan dövlət büdcəsinə birbaşa transfert 4
milyard 915 milyon manat proqnozlaşdırılır. Bu, 2009-cu il
səviyyəsindədir.
Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən dövlət
mülkiyyətində olan əmlakın icarəyə verilməsindən
büdcəyə 5 milyon manat daxilolma gözlənilir ki, bu da
2009-cu ilə nisbətən 6,4 faiz çoxdur.
Maliyyə naziri gələn ilin
dövlət büdcəsinin xərcləri barədə də
ətraflı məlumat verdi. Bildirdi ki, 2010-cu il dövlət
büdcəsinin xərcləri 11 milyard 264 milyon manat
proqnozlaşdırılır. 2010-cu ilin dövlət büdcəsinin
xərclərinin strukturuna daxil olan cari xərclər 6 milyard
590,4 milyon manat, əsaslı xərclər 4 milyard 386,5 milyon
manat təşkil edəcəkdir. Gələn ilin dövlət
büdcəsi xərclərinin 4 milyard 387,3 milyon manatı və
ya 39 faizi konkret proqramların və tədbirlərin maliyyələşdirilməsi
üçün nəzərdə tutulmuşdur. Dövlət
büdcəsinin xərclərində sosial yönümlü xərclərin
xüsusi çəkisi 34,4 faiz olmaqla 3 milyard 877,6 milyon manat
proqnozlaşdırılır. 2010-cu ildə müdafiə, məhkəmə
hakimiyyəti, hüquq-mühafizə orqanlarının və
prokurorluğun saxlanılması xərclərinə dövlət
büdcəsi xərclərinin 17 faizi həcmində və
yaxud 2009-cu ilə nisbətən 1,2 faiz çox, o cümlədən
müdafiə xərclərinə dövlət büdcəsi
xərclərinin 10,7 faizi həcmində və yaxud 2009-cu ilə
nisbətən 0,9 faiz çox vəsait nəzərdə
tutulmuşdur.
Maliyyə naziri Samir Şərifov
daha sonra bildirdi ki, 2010-cu il icmal büdcəsinin gəlirləri
11 milyard 885 milyon manat, xərcləri 12 milyard 465,9 milyon manat nəzərdə
tutulmuşdur. İcmal büdcənin tərkib hissəsi olan
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərclərinin
1 milyard 757,2 milyon manat, Dövlət Neft Fondunun büdcəsinin
xərcləri 5 milyard 295 milyon manat
proqnozlaşdırılır.
İclasda Azərbaycan
Respublikası Hesablama Palatasının gələn ilin
dövlət büdcəsi layihəsinə dair rəyi də
dinlənildi. Hesablama Palatasının sədri Heydər Əsədov
bildirdi ki, Hesablama Palatası "Azərbaycan Respublikasının
2010-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinin
qanunvericilik aktlarının tələblərinə uyğun
hazırlanması və təqdim edilməsi qənaətinə
gəlmişdir.
İclasda iştirak edən
iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova
növbəti il üçün proqnozlaşdırılan
makroiqtisadi göstəricilər barədə məlumat verdi.
Kənd təsərrüfatı naziri İsmət Abasov isə
kənd təsərrüfatında əldə edilən nailiyyətlərdən
danışaraq növbəti ilin dövlət büdcəsi
layihəsinin ölkəmizin inkişaf reallıqları nəzərə
alınaraq hazırlandığını qeyd etdi.
Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri Eldar İbrahimov gələn ilin dövlət
büdcəsinin ölkəmizin sosial-iqtisadi inkişafına və
eləcə də aqrar sektorun yüksəlişinə
mühüm töhfələr verəcəyini bildirdi.
Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə
görə, 2010-cu ilin dövlət büdcəsi
xalqımızın rifah halının daha da
yaxşılaşdırılmasına etibarlı maliyyə təminatı
olacaqdır. Milli Məclisin deputatlarından Vahid Əhmədov,
Nazim Məmmədov, Aydın Mirzəzadə, Əli Məsimli,
Çingiz Əsədullayev çıxış edərək
layihə ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə
çıxış etdilər.
Dövlət Sosial Müdafiə
Fondunun sədri Səlim Müslümov təmsil etdiyi sahə
ilə bağlı deputatları maraqlandıran məsələlərə
aydınlıq gətirdi. Dövlət Neft Fondunun icraçı
direktoru Şahmar Mövsümov DNF-dən büdcəyə nəzərdə
tutulan transfert barədə arayış verdi.
Milli Məclis Sədrinin birinci
müavini, parlamentin Təhlükəsizlik və müdafiə
komitəsinin sədri Ziyafət Əsgərov 2010-cu ilin
dövlət büdcəsi layihəsinin təkmil olduğunu və
qlobal böhran şəraitinə uyğun
hazırlandığını bildirdi. Qeyd etdi ki, 2010-cu ilin
büdcəsi hər cür risklərə hazırdır.
Ziyafət Əsgərov gələn ilin büdcə layihəsində
nəzərdə tutulan müdafiə xərclərinin
artırılmasını yüksək qiymətləndirdi.
Milli Məclis Sədrinin
müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya
komitəsinin sədri Valeh Ələsgərov 2010-cu ilin
dövlət büdcəsi layihəsinin çox düzgün
tərtib olunduğunu vurğuladı. Bununla belə, Valeh Ələsgərov
bəzi təkliflərini də diqqətə
çatdırdı. Ucqar dağ kəndlərinə qaz kəməri
çəkilişinin bu gün iqtisadi cəhətdən o qədər
də səmərəli olmadığını deyən komitə
sədrinin fikrincə, ucqar kəndləri qazla təmin etmək
üçün bioqaz əldə edilməsinin üzərində
dayanmaq yaxşı olardı. Valeh Ələsgərov bununla
bağlı Almaniya və Danimarkanın təcrübəsini
misal gətirdi.
Müzakirələr başa
çatdıqdan sonra maliyyə naziri Samir Şərifov
qaldırılan məsələlərə münasibət
bildirdi.
Yekunda "Azərbaycan
Respublikasının 2010-cu il dövlət büdcəsi
haqqında" qanun layihəsi Milli Məclisin plenar
iclasının müzakirəsinə tövsiyə edildi.
Azərbaycan.- 2009.-4 noyabr.- S. 4.