Azərbaycanın daxili işlər naziri Türkiyənin
Quru Qoşunları komandanı ilə
görüşmüşdür
Azərbaycanın daxili işlər
naziri, general-polkovnik Ramil Usubov noyabrın 3-də ölkəmizdə
səfərdə olan Türkiyənin Quru Qoşunları
komandanı, ordu generalı İşık Koşanerin başçılıq
etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Nazirliyin mətbuat
xidmətindən bildirmişlər ki, qonaqları salamlayan
daxili işlər naziri son illər ölkələrimizin
Silahlı Qüvvələri, daxili işlər orqanları, həmçinin
Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər
Nazirliyinin Daxili Qoşunları arasında əlaqələrin
daha da inkişaf edərək yeni məzmun kəsb etdiyini, əməkdaşlığın
geniş yayılmış formalarından səmərəli
şəkildə istifadə edildiyini, bu istiqamətdə kadr
hazırlığına böyük önəm verildiyini qeyd
etmişdir.
Ramil Usubov Türkiyə
Quru Qoşunları komandanının ölkəmizə səfərinin
əlaqələrimizin inkişafına müsbət təsir
göstərəcəyinə, iki qardaş dövlətin
müvafiq qurumları ilə əməkdaşlığın
potensial imkanlarından bundan sonra da səmərəli istifadə
olunacağına əminliyini ifadə etmişdir.
Türkiyə Quru
Qoşunları komandanı, ordu generalı İşık
Koşaner Türkiyənin hər zaman Azərbaycanın
yanında olacağını, onun ordu potensialının
möhkəmlənməsi, Silahlı Qüvvələrinin
inkişafı üçün bundan sonra da əlindən gələni
əsirgəməyəcəyini, qarşılıqlı əlaqələrin və əməkdaşlığın
hər iki qardaş xalqın mənafeyinə xidmət edəcəyini
bildirmişdir.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.-4 noyabr.- S. 4.