Bakıda İKT-nin gəncliyin inkişafında rolu üzrə
I Beynəlxalq konfrans başa çatmışdır
Noyabrın 3-də Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF)
Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi
"Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil:
informasiya kommunikasiya texnologiyaları sahəsində gənclərin
biliklərinin artırılması" mövzusunda beynəlxalq
konfrans başa çatmışdır.
Konfransda İslam Konfransı Təşkilatı,
Avropa ölkələrindən yüzə yaxın gənc
ekspert, o cümlədən İKT sahəsində
ixtisaslaşmış aparıcı şirkət, elmi institut
və qeyri-hökumət təşkilatlarının nümayəndələri
iştirak etmişlər. İşçi qruplarda "Gənc
iş adamları on-line rejimində", "Gənclər təşkilatları
- özəl sektor əməkdaşlığı",
"Beynəlxalq kampaniyaların həyata keçirilməsində
İKT-nin rolu" və başqa mövzular üzrə
keçirilən müzakirələrdə iştirak edən
gənclərin irəli sürdükləri ideya və təkliflər
"İKT sahəsində gəncliyin inkişafı"
üzrə Bakı Bəyannaməsində öz əksini
tapmışdır.
Konfransın bağlanış mərasimində
dünyanın İKT üzrə aparıcı mütəxəssislərindən
olan professor Peter Bruk media və biznes sahəsində informasiya
texnologiyaları, xüsusilə internetin artmaqda olan rolu
haqqında məruzə ilə çıxış
etmişdir.
DƏİKGF-nin baş katibi
Elşad İsgəndərov, Qətər Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Məhəmməd
əl-Tani, BMT İnkişaf Proqramının xüsusi
müşaviri Şəid Hüseyn yekun nitqlərində
konfransda qəbul edilən Bakı Bəyannaməsində
öz əksini tapan məqsəd və vəzifələrin həyata
keçiriləcəyinə ümidvar olduqlarını
bildirmişlər.
Konfransın plenar
iclaslarının biri DƏİKGF-nin mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın
təşəbbüsü ilə irəli sürülən
"Xocalıya ədalət" kampaniyası çərçivəsində
görülən işlərin müzakirəsi ilə
bağlı olmuşdur. Leyla Əliyevanın
başçılığı altında keçirilən
kampaniya üzrə dünyanın 20-dən çox ölkəsindən
gəlmiş milli əlaqələndiricilərin
iştirakı ilə təşkil olunan bu iclasda
kampaniyanın 2010-2011-ci ildə daha səmərəli
keçirilməsi üçün konkret təkliflər ətrafında
müzakirələr aparılmışdır.
Konfransda DƏİKGF və Azərbaycan
Respublikası İnformasiya və Texnologiyaları Nazirliyinin
Avropa və Yaxın Şərq ölkələri gəncləri
arasında sivilizasiyaların dialoqu üzrə
proqramının yayımlanmasını nəzərdə tutan
"Körpü" internet-televiziyasının təqdimatı
keçirilmişdir.
Konfransın son günü tədbir
iştirakçılarının qəbul etdiyi "İKT
sahəsində gəncliyin inkişafı" üzrə
Bakı Bəyannaməsinin işçi sənəd kimi Qara Dəniz
Hövzəsi Ölkələri və İslam Konfransı Təşkilatı
ölkələri kommunikasiya texnologiyaları nazirlərinin
iştirak edəcəyi konfransa göndərilməsi qərara
alınmışdır.
Konfrans həm də gənc iş adamlarına kompüter texnologiyaları sahəsində gələcəkdə birgə layihələrin həyata keçirilməsi üzrə tərəfdaş və investorların tapılması baxımından imkanlar yaratmışdır. İrəli sürülən layihələr noyabrın 4-də Bakıda öz işinə başlayacaq 3 günlük beynəlxalq illik "Bakutell" sərgisində təqdim olunacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 4 noyabr.- S. 4.