İsveçrə Konfederasiyasının prezidenti
bu ölkədəki Azərbaycan diasporunun rəhbərinə məktub
göndərmişdir
Azərbaycan
Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin
mətbuat xidmətindən bildirmişlər ki,
İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf
Merts Azərbaycanlıların İsveçrədəki Mədəniyyət
Mərkəzinin rəhbəri Qasım Nəsirova məktub
göndərmişdir.
Məktubda dövlət
başçısı mərkəzin İsveçrə və
Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələri
genişləndirdiyi və dərinləşdirdiyi
üçün, eləcə də isveçrəlilərə
Azərbaycan mədəniyyətini yaxından
tanıtdırdığına, yüksək səviyyədə
təbliğ etdiyinə görə təşəkkürünü
bildirmiş və quruma gələcək işlərində
uğurlar arzu etmişdir.
İsveşrədə
Azərbaycan mədəniyyəti günlərinin
açılışında səslənən musiqiyə
böyük maraq göstərdiyini vurğulayan Prezident
Hans-Rudolf Merts məktubunda əlavə etmişdir ki, bu musiqini
eşidən hər kəsdə Azərbaycan mədəniyyətini
daha dərindən öyrənmək istəyi oyanır.
Xatırladaq ki,
İsveçrənin paytaxtı Berndə Azərbaycan mədəniyyəti
günlərinin rəsmi açılışı
oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bu ölkəyə rəsmi səfəri
zamanı olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti
İlham Əliyev və xanımı, İsveçrə
Konfederasiyasının Prezidenti Hans-Rudolf Merts və xanımı
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 4 noyabr.- S. 5.