Azərbaycanda ilk dəfə Milli kitab mükafatı təsis
olunmuşdur
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev demişdir ki, son illər Azərbaycanda
kitab çapına xüsusi diqqət yetirilir, ölkəmizdə
müasir tələblərə cavab verən onlarla nəşriyyat
fəaliyyət göstərir. Artıq 5 ildir ki, bu nəşriyyatların
çap məhsulları dünyanın nüfuzlu beynəlxalq
kitab sərgilərində nümayiş etdirilir və müxtəlif
diplomlara layiq görülür.
Ə.Qarayev demişdir ki,
"Bakı İslam Mədəniyyətinin Paytaxtı -
2009" mədəniyyət ili çərçivəsində
ilk dəfə Azərbaycanda beynəlxalq kitab sərgisi təşkil
edilmişdir. Sərgiyə dünyanın 30-dan çox
ölkəsini təmsil edən nəşriyyatlar
qatılmışlar, qərara gəlmişik ki, bu sərgini
iki ildən bir keçirək.
"Əli və Nino" nəşriyyat
evinin layihəsi əsasında reallaşacaq Milli kitab
mükafatının təsis olunmasını yüksək
qiymətləndirən nazir vurğulamışdır ki, məqsəd
ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına
yönəltmək, onun sosial önəmini artırmaq və ədəbiyyatımızı
zənginləşdirəcək əsərləri çap
etməkdir.
"Əli və Nino" nəşriyyat
evinin rəhbəri, layihənin təsisçisi Nigar
Köçərli bildirmişdir ki, Mədəniyyət və
Turizm, İdman və Gənclər nazirliklərinin dəstəyi
və "Azercell" şirkətinin baş sponsorluğu ilə
həyata keçirilən müsabiqəyə bu gündən
start verilir. Layihənin reallaşması nəticəsində
dəyərli ədəbi əsərlər yarada biləcək
müasir müəlliflərin oxucular üçün "kəşf
edilməsi" və həvəsləndirilməsinə nail
olacağıq.
Bildirilmişdir ki, müsabiqəyə
təqdim olunacaq əsərləri münsiflər heyətinin
üzvləri - xalq yazıçısı Çingiz
Abdullayev, Milli Məclisin deputatları Vaqif Səmədoğlu,
Rəbiyyət Aslanova, Azərbaycan Jurnalistlər Birliyinin sədri
Elçin Şıxlı, Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid, Xəzər Universitetinin
rektoru Hamlet İsaxanlı və başqaları qiymətləndirəcəklər.
Milli kitab mükafatının respublikanın bütün
bölgələrini əhatə etməsi üçün Gəncə,
Şamaxı, Naxçıvan, Lənkəran, Şəki və
Quba şəhərlərində keçiriləcək
görüşlərdə layihə barədə ətraflı
məlumat veriləcəkdir. Bir çox ali məktəblərdə
də silsilə tədbirlər təşkil ediləcəkdir.
N.Köçərli demişdir
ki, layihə barədə bütün məlumatlar www.mkm.az
internet saytında əksini tapmışdır. Maraqlananlar və
müsabiqədə iştirak etmək istəyənlər
sayta müraciət edə və əsərlərini göndərə
bilərlər. Yalnız nəsr əsərlərinin təqdim
olunacağı müsabiqədə hər bir Azərbaycan vətəndaşı
hansı dildə əsər yazmasından asılı
olmayaraq, iştirak edə bilər. Təqdim olunacaq əsərlər
minimum 40 min çap işarəsi həcmində
olmalıdır. Bu müsabiqəyə hər bir nasir 10 il əvvəl
yazdığı əsərlərlə də qatıla bilər.
Müəlliflər tərəfindən təqdim olunacaq
işlər dekabrın 31-dək qəbul ediləcəkdir.
Müxtəlif mərhələlərlə aparılacaq
müsabiqənin şərtlərinə əsasən, 2010-cu
il mayın 1-də 3 qalibin adı elan olunacaqdır. Birinci yer
üçün 3 min manat, ikinci yer üçün 2 min manat
və üçüncü yer üçün min manat pul
mükafatı təqdim olunacaqdır. Ən yaxşı 10 əsər
dərc olunaraq kitabxanalara və təhsil ocaqlarına
paylanacaqdır.
Vurğulanmışdır ki,
qaliblər üçün Gənclər və İdman
Nazirliyi və "Qarant Sığorta" şirkəti
xüsusi mükafatlar təsis etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 4 noyabr.- S. 6.