"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹6, maddə 363; 2001-ci il, ¹11, maddə 696) 11-ci maddəsinə aşağıdakı məzmunda dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci hissələr əlavə edilsin:

"Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:

istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;

təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;

məhkəmənin qərarı ilə.

İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

Enerji təchizatı müəssisəsinin səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

II. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹9, maddə 563; 2004-cü il, ¹7, maddə 505; 2007-ci il, ¹5, maddə 442) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 11-ci maddəyə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

"Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

2. 13-cü maddə üzrə:

2.1. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

"Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:

istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;

paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;

paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;

məhkəmənin qərarı ilə.".

2.2. Aşağıdakı məzmunda 7-ci, 8-ci, 9-cu və 10-cu hissələr əlavə edilsin:

"7. İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

9. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

10. Qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

3. 21-ci maddənin birinci cümləsində "öz qərarı ilə bu fəaliyyətin dayandırılmasını və müəyyən olunmuş müddətdə qaydaya salınmasını tələb edə bilər" sözləri "qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir" sözləri ilə əvəz edilsin, ikinci cümlə çıxarılsın.

III. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 2; 2007-ci il, ¹5, maddə 436; 2008-ci il, ¹5, maddə 348) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 5-ci maddəyə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:

"Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərini ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

2. 26-cı maddə üzrə:

2.1. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər:

istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutumlarının təmizlənməsinə ehtiyac yarandıqda;

su götürülən yerlərdə səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;

istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;

su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;

su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;

məişət (təsərrüfat) - içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda;

məhkəmənin qərarı ilə.".

2.2. 2-ci bənddə "a", "ç" və "f" yarımbəndlərinə" sözləri "altıncı və yeddinci abzaslarına" sözləri ilə əvəz edilsin.

2.3. 3-cü və 4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

"İstehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması suyun dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

3. 19-cu maddənin 2-ci bəndindən "və ya məhdudlaşdırılması" sözləri, 26-cı maddənin adından "məhdudlaşdırılması və" sözləri və 2-ci bəndindən "və ya məhdudlaşdırdıqda" sözləri, ", məhdudlaşdırılması" sözü, 27-ci maddənin adından "məhdudlaşdırılması və" sözləri, 28-ci maddənin 1-ci bəndindən ", məhdudlaşdırır və ya tənzimləyir" sözləri, 2-ci bəndinin "b" yarımbəndindən ", tənzimlənməsi və ya məhdudlaşdırılması" sözləri, 29-cu maddənin 1-ci bəndindən "və ya ondan istifadəni məhdudlaşdıra" sözləri, 2-ci bəndindən "məhdudlaşdırılması və ya" sözləri, 3-cü və 4-cü bəndlərindən "və ya məhdudlaşdırılması" sözləri çıxarılsın.

4. 27-ci maddənin 2-ci bəndinin ikinci abzasında və 28-ci maddənin adında "məhdudlaşdırılması" sözü "dayandırılması" sözü ilə əvəz edilsin.

5. 30-cu maddənin birinci bəndinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.".

6. 62-ci maddənin birinci cümləsində "30 gün müddətində ödənilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin azı üç gün əvvəlcədən borcluya xəbərdarlıq etmək şərti ilə onun obyektini su təchizatı sistemindən ayırmaq hüququ vardır" sözləri "bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 4.