"Azercell Telekom" MMC "BakuTel-2009" sərgisində
4G texnologiyasını nümayiş etdirdi
Noyabrın 4-dən Bakı sakinləri
informasiya və kommunikasiya texnologiyaları sahəsində ən
son yeniliklərlə tanış olmaq imkanı qazanıblar.
Belə ki, bu tarixdən paytaxtımızda Beynəlxalq
Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və
konfransı - "BakuTel" işə başlayıb.
15-ci yubiley sərgisinin rəsmi
açılışında Azərbaycan Prezidenti İlham Əliyev
iştirak edirdi. Dövlət başçısı tədbirdə
təşkil olunan stendlərlə və beynəlxalq şirkətlərin
Azərbaycan vətəndaşlarına təqdim etdiyi ən
son texnoloji yeniliklərlə tanış oldu. Prezident İlham
Əliyev sərginin baş sponsoru olan "Azercell Telekom"
MMC-nin stendlərində təqdim olunan yeniliklərlə də
yaxından maraqlandı. Şirkətin prezidenti Ali Ağan
"Azercell"in sərgiləndirdiyi məhsulları,
texnologiyaları şəxsən prezident İlham Əliyevə
nümayiş etdirdi.
"Azercell"in
"BakuTel-2009" sərgisində təqdim etdiyi məhsullar
sırasında ən çox diqqəti çəkən 4G
(LTE) texnologiyası idi. Yeniliyi nümayiş etdirən
"Azercell"in prezidenti Ali Ağan bildirdi ki, bu il 3G ilə
yanaşı, mobil rabitədə növbəti nəsil
sayılan 4G də sərgi iştirakçılarına təqdim
olunur. Bu texnologiya telefon şəbəkəsinin, hətta
kabelin olmadığı yerlərdə belə çox
sürətli internet bağlantısı əldə etməyə,
mobil telefonun köməyilə qlobal şəbəkə
daxilində rahat işləməyə, iri
ölçülü materiallar yükləyib-göndərməyə
imkan verir. Ali Ağan xarici görünüşünə
görə qol saatına bənzəyən bir cihazın
köməyilə 4G-nin nəyə qadir olduğunu sərgi
iştirakçılarına canlı surətdə
nümayiş etdirdi. Bu cihazın köməyilə nəinki
zəng etmək, həm də canlı bağlantı yaratmaq,
istənilən növ material göndərmək
mümkündür. Uşaq ikən fantastik filmlərdə
gördüyümüz cihazlara bənzəyən bu qurğu
vasitəsilə çox sürətli internet əldə etmək
olar.
Ali Ağan söylədi ki, "Azercell"in müştəri bazasının 35 faizi internetə mobil telefondan daxil olur. Bu baxımdan, "Azercell"in məhz internet texnologiyasına yönəlmiş yeniliklərin tətbiqi daha önəm daşıyır: "Bu sərgi bizim göstəri yerimizdir. Bir il əvvəl nələr etmişik, bir il sonra nə edəcəyiksə, bunların hamısını nümayiş etdiririk. Biz inkişaf etmiş ölkələrin texnologiyası olan 4G-ni də Azərbaycana gətirdik, göstərdik və bundan qürur duyuruq".
Gələcəyin texnologiyası sayılan 4G (LTE- Long Term Evolution) bir çox fərqliliyə malikdir. Qeyd olunduğu kimi, simsiz rabitədəki bu yeni multimedia xidməti sayəsində daha sürətli internet əldə etmək olur. Bu, sanki 2 avtomobilə hesablanmış bir yolda birdən-birə 15 maşının sürətlə irəliləməsinə imkan verən yeni texnologiyadır. Hazırda saniyədə 160 Mbit sürətlə məlumatların ötürülməsinə imkan verən 4G-nin köməyilə gələn ilin əvvəlində artıq saniyədə 300 Mbit sürət əldə etmək mümkün olacaq. Bu xidmətin köməyilə internet vasitəsilə 100 Mbaytlıq film izləmək də mümkün olacaq. Bu texnologiya 2010-cu ilin martından etibarən ABŞ-da tətbiq olunacaq. Hazırda İsveçdə sınaqları davam etdirilən yeni nəsil mobil rabitə xidmətinin çox geniş abonent bazasına malik olacağı gözlənilir. Belə hesab olunur ki, LTE standartının tətbiqi mobil operatorların məlumatların ötürülməsi tarifini 3G ilə müqayisədə 6 dəfə azaltmağa imkan verəcək. Nəticədə ümumilikdə mobil internet istifadəçiləri üçün də qiymətlər aşağı düşəcək.
Beynəlxalq Telekommunikasiya Sərgi və Konfransında "Azercell Telekom" MMC həmçinin virtual müştəri xidmətlərini, Blackberry Solution məhsulunu, Reach Communication Suite, Business Communication Suite, Connected Home kimi yenilikləri təqdim edir. Bununla yanaşı, sərgi iştirakçılarına "Azercell"dən hədiyyələr qazanmaq imkanı da yaradılıb. Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilən sərgi öz işini noyabrın 7-də bitirəcək.
Qeyd edək ki, "Azercell Telekom" MMC artıq il yarımdır ki, 3G texnologiyasının tətbiqi üçün lazım olan hazırlıq işlərini görüb. Bu yeniliyin tətbiqi üçün lisenziya alındıqdan sonra təkcə Bakıda deyil, eyni zamanda respublikanın rayonlarında da 3G-nin tətbiqinə başlanılacaq.
Bəxtiyar ƏZİZLİ
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 5.