Türkiyənin vədinə sadiq qalacağına inam
çoxdur
Çoxşaxəli xarakter
daşıyan və böyük tarixə malik Azərbaycan-Türkiyə
əlaqələri çoxdan strateji müttəfiqlik səviyyəsinə
yüksələrək gündən-günə daha da
möhkəmlənməkdədir. Artıq beynəlxalq miqyasda
da bu iki dövlət barədə danışılarkən
onlar, ümummilli lider Heydər Əliyevin kifayət qədər
sərrastlıqla ifadə etdiyi kimi, "bir millət, iki
dövlət" olaraq səciyyələndirilir. Əslində,
başqa cür ola da bilməz. Eyni soykökə, tarixə,
dilə, dinə, mədəniyyətə malik olan iki qardaş
xalqın bir-birinə münasibəti yalnız səmimiyyətə,
ülvi hisslərə, birgə ümumi maraqlara əsaslana bilər.
Məhz bunun nəticəsidir ki, Azərbaycanın və
Türkiyənin sevinci də, kədəri də birdir.
Hazırda regionda iqtisadi, siyasi və
digər mühüm proseslərin inkişaf istiqaməti Azərbaycanın
və Türkiyənin mövqeyindən birbaşa
asılıdır və bu reallıq dünya ictimaiyyəti tərəfindən
də qəbul olunmaqdadır. Prezident İlham Əliyev Turkiyə
Böyuk Millət Məclisinin Xarici əlaqələr
komissiyasının üzvləri ilə görüşü
zamanı bununla bağlı deyib: "Bütün dövrlərdə
Türkiyə-Azərbaycan münasibətləri həm iki
ölkə üçün, həm də bölgə
üçün çox önəmli rol
oynamışdır. Bölgədə Türkiyə-Azərbaycan
əməkdaşlığı, işbirliyi olmadan heç
bir təşəbbüs, heç bir layihə həyata
keçirilə bilməz. Məhz Türkiyə və Azərbaycanın
səyləri nəticəsində bu gün həm nəqliyyat,
həm energetika, həm də siyasi sahədə başlanan
bütün təşəbbüslər uğurla gerçəkləşdi.
Əlbəttə ki, bu müsbət meyillər gələcəkdə
də davam etməlidir, daha da gücləndirilməlidir. Bunun
həm ölkələrimiz, həm xalqlarımız
üçün və bölgə üçün çox
böyük faydası olacaqdır".
Qeyd edilənlər fonunda son
dövrlər regionda baş verən bəzi hadisələr, o
cümlədən Ermənistan və Türkiyə arasında
sərhədlərin açılması üçün bu
istiqamətdə görülən işlərlə
bağlı yayılan məlumatların Azərbaycan ictimaiyyətində
yaratdığı narahatlıq da təbiidir. Çünki
Türkiyə Azərbaycanın işğal olunmuş ərazilərini
azad etməyənə qədər Ermənistanla sərhədlərinin
açılmayacağını ən yüksək səviyyədə
dəfələrlə bəyan edib. Azərbaycan isə hər
zaman Türkiyənin bu vədinə sadiq qalacağına
inamını gizlətməyib və Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın cari ilin mayında
Bakıda verdiyi vədlər bu inamı daha da möhkəmləndirib.
Həmin vaxt cənab Ərdoğan bir daha Azərbaycan əraziləri
işğaldan azad edilməyənə qədər Ermənistanla
Türkiyə sərhədlərinin
açılmasının mümkünsüzlüyünə
dair Bakıdan konkret və aydın mesajlar verdi: "Azərbaycanın
Dağlıq Qarabağ məsələsindəki həssaslığı
həmçinin bizim də həssaslığımızdır.
Dağlıq Qarabağ məsələsində bu günə
qədər yol verilmiş bəzi möhtəkirlikləri
Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin
hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz
mümkün deyildir. Bu günə qədər necə qəbul
edilməyibsə, bu gün də eyni şəkildə qəbul
edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra
da əsla qəbul edilməyəcəkdir. Çünki burada
bir səbəb-nəticə bağlılığı
vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir.
Sərhədlərin bağlanması bir nəticədir.
Dağlıq Qarabağ işğal edildiyi üçün
Türkiyə sərhədləri bağlamışdır.
İşğala son qoyulmayınca bilavasitə sərhədlərin
açılması da mümkün deyildir".
Əlbəttə ki, bütün
bunlar Azərbaycan üçün kifayət qədər həssas
olan Dağlıq Qarabağ məsələsində ölkə
ictimaiyyətinin Türkiyəyə duyduğu güvəncin
daha da artmasında vacib rol oynamaqdadır. Lakin bu il avqust
ayının 31-də Türkiyə və Ermənistan xarici
işlər nazirliklərinin və İsveçrə
Konfederasiyası Xarici Əlaqələr Departamentinin Türkiyə-Ermənistan
münasibətlərinə dair birgə bəyanatı, eləcə
də Sürixdə Ankara və Yerevan arasında
paraflanmış "Diplomatik münasibətlərin
qurulması haqqında Protokol", "İkitərəfli
münasibətlərin inkişafı haqqında Protokol"
istər-istəməz Azərbaycan cəmiyyətində yeni
narahatlıq yaratdı. Çünki həmin protokollarda
Dağlıq Qarabağ münaqişəsinə aid heç
bir maddə yoxdur və Türkiyə-Ermənistan sərhədlərinin
açılmasının Azərbaycanın işğal
edilmiş ərazilərinin azad edilməsindən keçməsinə
dair bu sənədlərdə heç nə deyilmir. Digər
tərəfdən, həm Ermənistanda, həm də
Türkiyədə bir sıra media orqanlarının
yazdıqlarından belə çıxırdı ki, cari ilin
sonuna kimi iki ölkə arasında sərhədlər
açılacaq və bunun Dağlıq Qarabağ
münaqişəsinə heç bir aidiyyəti yoxdur. Məhz
bu kimi məlumatlar təbii olaraq Azərbaycan ictimaiyyətində
yaranan narahatlığı bir qədər də dərinləşdirdi.
Lakin bu dövrdə Prezident İlham Əliyevin Azərbaycan
Televiziyasına verdiyi geniş müsahibədə Türkiyə-Ermənistan
münasibətlərinin normallaşmasına dair öz fikirlərini
bildirməsi, Türkiyə Prezidenti, Baş naziri, bu ölkənin
parlamentinin sədri, xarici işlər nazirinin rəsmi şəkildə
və şəxsi görüşlər əsnasında
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla
sərhədlərin açılmayacağına dair verdiyi vədlərə
inandığını bəyan etməsi cəmiyyətdə
bir rahatlıq yaratdı.
Türkiyə Böyük Millət
Məclisinin Xarici əlaqələr komissiyasının
üzvləri ilə görüş zamanı Prezident
İlham Əliyev bununla bağlı deyib: "Mən bilirdim
ki, Azərbaycan ictimaiyyətinin, Azərbaycan xalqının bu
mənzərəyə - protokolların imzalanma mərasiminə
münasibəti necə olacaq. Çünki bu, çox həssas
məsələdir və Azərbaycan cəmiyyətində bu
məsələ ilə bağlı fikir ayrılığı
yoxdur. Deyə bilərəm ki, bütün cəmiyyət bir
mövqedən çıxış edir və mən də cəmiyyətin
bir üzvü kimi həmçinin. Ona görə mən
başa düşürdüm ki, o görüntülər, o
mərasim, yaşanan o sevinc burada başqa hisslər
oyadacaqdır. O da təbiidir. Ona görə mən söylədim
ki, verilən sözlərə inanıram və Azərbaycan
xalqına dolayı yolla bir mesaj göndərdim ki, siz də mənə
inanın, mənə verilən sözlərə inanın, o
görüntüyə yox".
Bütün bunlardan sonra Azərbaycan
xalqı bir daha əmindir ki, qardaş Türkiyə
işğal olunmuş ərazilərimiz azad olunmayana qədər
Ermənistanla sərhədlərini açmayacaq, bu yolla
indinin özündə də Türkiyədən ərazi tələbləri
olan düşmən dövlətin iqtisadi cəhətdən
güclənməsinə imkan verməyəcək.
Düzdür, Ermənistanın əsl iqtisadi inkişafı
yalnız Azərbaycanla münasibətlərini
normallaşdırdıqdan, yəni işğal olunmuş əraziləri
azad etməsindən sonra mümkündür və bunu rəsmi
Yerevan da gözəl anlayır. Lakin istənilən halda
Türkiyə ilə sərhədlərin açılması
Ermənistanda öz siyasəti nəticəsində
düşdüyü iqtisadi məngənədən xilas ola
biləcəyinə dair bir ümid yarada bilərdi. İndi isə
görünən odur ki, Türkiyə əsas müttəfiqi
sayılan Azərbaycanla münasibətlərinə xələl
gəlməməsini və daha da inkişaf etdirilməsini, həmişəki
kimi, xarici siyasətində prioritet istiqamət sayır. Deməli,
Ermənistan bu dəfə də Azərbaycan və Türkiyə
arasında nifaq, qardaşlıq münasibətlərinə
kölgə sala bilməyəcək.
Onu da xatırladaq ki, Ermənistanla
Sürixdə razılaşdırılan protokolların
hüquqi qüvvəyə minməsi üçün
onların hər iki ölkənin parlamenti tərəfindən
ratifikasiyası lazımdır. Bütün hallarda Türkiyə
tərəfi Dağlıq Qarabağın və digər ərazilərin
işğaldan azad olunmasından sonra Ermənistanla sərhədlərin
açılmasının mümkünlüyünü
bildirir və bu fonda sözügedən protokolların
parlamentdə ratifikasiyasının hələ gündəmdə
olmadığını bəyan edir. Türkiyə
Böyük Millət Məclisinin Xarici əlaqələr
komissiyasının sədri, Ədalət və İnkişaf
Partiyasından olan millət vəkili Murad Mərcan Prezident
İlham Əliyevlə görüşdə bu mövqeyi bir
daha təsdiqləyib: "Bu mövzuda bunu açıq
söyləyə bilərəm ki, bu protokolların nəinki
bizim komissiyamızda müzakirəsi, hətta gündəmə
gətirilməməsi məsələsində bizə güvənə
bilərsiniz. Çünki Sizin də dediyiniz kimi, Azərbaycan
ictimaiyyəti bu məsələdə nə qədər həssasdırsa,
əmin olun ki, türk xalqı da bir o qədər həssasdır.
TBMM heç vaxt öz xalqının maraqlarına zidd hərəkət
etməmişdir və Azərbaycan xalqının, zati-aliləri,
Sizin arzu etmədiyiniz bir məsələdə nə qərar
qəbul etməz, nə bir fikir bildirməz, nə də bir
mövqe tuta bilməz".
Qeyd edilənlər bir daha əminliklə
söyləməyə əsas verir ki, Azərbaycan əraziləri
işğaldan azad olunmayana qədər Türkiyənin Ermənistanla
sərhədləri açmasını gözləməyə
dəyməz. Ən azı ona görə ki, Türkiyə
ictimaiyyətinin, siyasi qüvvələrinin, hakimiyyətinin
mövqeyi də bundan ibarətdir və bununla bağlı Azərbaycana
verilmiş bir vəd var. Elə bu da Azərbaycan-Türkiyə
dostluğunun sarsılmazlığını, onun möhkəmliyini
bir daha təsdiqləyir.
R.BAYRAMOV
Azərbaycan.- 2009.-5
noyabr.- S. 6