Azərbaycan Yaxın Şərq ölkələri ilə münasibətlərə xüsusi önəm verir

 

Azərbaycanın xarici siyasətində Yaxın və Orta Şərq dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr xüsusi istiqamət təşkil edir. Bu bölgə özünün böyük enerji və xammal ehtiyatlarına, əhali və ərazi xarakteristikasına görə daim böyük dövlətlərin maraq dairəsində olmuş, mühüm geosiyasi əhəmiyyət kəsb etmişdir. Həmin geosiyasi arealda yerləşən ölkələrin, əsasən müsəlman dövlətləri olması, dünya siyasətində önəmli yer tutması, regionun geosiyasi xüsusiyyətləri, zəngin karbohidrogen ehtiyatlarına malik olması və bu anlamda dünya bazarlarında onlarla razılaşdırılmış siyasətə olan ehtiyac ötən müddətdə Azərbaycanın Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlərinin əsas mahiyyətini müəyyən etmişdir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bugünlərdə Orta Şərqin nüfuzlu dövlətlərindən sayılan İordaniya Haşimilər Krallığına rəsmi səfərinin yekunları deməyə əsas verir ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş spektrdə davam etdirilməsi üçün əlverişli potensial mövcuddur. Səfər çərçivəsində aparılmış danışıqlar bu potensialdan maksimum istifadə edilməsi baxımından əlverişli imkanlar açır. Aşkar görünür ki, rəsmi Əmman Cənubi Qafqazda lokomotiv rolunu oynayan Azərbaycanla əlaqələrin keyfiyyətcə yeni mərhələyə transformasiyasına, çoxşaxəli əməkdaşlıq münasibətlərinin qurulmasına ciddi maraq göstərir.

Ölkələrimiz arasında münasibətlərin strateji müstəvidə inkişafına təkan verən mühüm təsir amillərindən biri də məhz İordaniyanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. 1991-ci il dekabrın 28-də belə bir addım atan rəsmi Əmman respublikamızın müstəqilliyinin möhkəmlənməsinə mühüm töhfə verməklə yanaşı, Cənubi Qafqazın aparıcı dövləti Azərbaycanla əməkdaşlığa olan yüksək marağını nümayiş etdirmişdir. 1993-cü ilin fevral ayında İordaniya Haşimilər Krallığının Baş Seremoneyestri Əmir Raad Bin Zayedin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı - 1993-cü il fevralın 13-də - Azərbaycanla İordaniya arasında "Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol", Birgə Bəyanat və "Azərbaycan Respublikası hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında texniki, iqtisadi və mədəni əməkdaşlıq haqqında qarşılıqlı anlaşma Memorandumu" imzalanmışdır.

Azərbaycan və İordaniyanın dövlət rəhbərləri iki dəfə 1994-cü ilin dekabrında İKT-nin Kasablanka zirvə toplantısında və 2000-ci ilin yanvarında Davos Ümumdünya iqtisadi forumunda təkbətək görüşmüşlər. Görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın səviyyəsi və gələcək perspektivləri geniş müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır. 2000-ci il mayında İordaniyanın Türkiyədə və eyni zamanda, Azərbaycandakı səfiri Musa Brayzat etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmişdir.

2000-ci ilin iyun ayında İordaniya Krallığının sabiq vəliəhdi, mərhum Kral Hüseynin qardaşı, şahzadə Həsən ibn Talal Azərbaycana səfər etmiş və ölkə rəsmiləri ilə görüşərək dövlətlərimiz arasında iqtisadiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin inkişafı perspektivlərini müzakirə etmişdir.

Rəsmi əlaqələrin müəyyən tarixə malik olmasına rəğmən, ötən müddətdə Azərbaycan-İordaniya münasibətləri İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlıqla məhdudlaşmış, xüsusən də iqtisadi əlaqələrin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilməmişdir. Bununla belə, İordaniya İKT çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsi ilə bağlı müzakirələrdə daim respublikamızın maraqlarına cavab verən, beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirmişdir.

Son illər Azərbaycan-İordaniya münasibətlərinin inkişafında tamamilə yeni mərhələnin başlandığını əminliklə söyləmək olar. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçi kimi ilk gündən Orta və Yaxın Şərq dövlətləri, o cümlədən də İordaniya ilə münasibətlərin dərinləşdirilməsini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. 2006-cı ilin 22-23 avqust tarixlərində İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri təsdiqləmişdir ki, iki müsəlman dövləti arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və İordaniya Krallığı Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi" mövcud əlaqələrə əlavə impulslar vermişdir. Ötən bir ildə ikitərəfli münasibətlər daha da inkişaf etmiş, möhkəmlənmişdir. Azərbaycan və İordaniya artıq beynəlxalq təşkilatlarda da fəaliyyətlərini əlaqələndirir, bir-birini müdafiə edir, səmərəli əməkdaşlıq edirlər. İki ölkənin müxtəlif beynəlxalq və regional məsələlərlə bağlı mövqeyi də üst-üstə düşür.

Azərbaycan Prezidenti İlham Əliyevin Əmmana 2007-ci ilin 29-30 iyul tarixlərində gerçəkləşmiş ilk rəsmi səfərinin yekunları iki ölkə arasında genişmiqyaslı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi baxımından faydalı olmuşdur. İordaniya Kralı əlahəzrət II Abdullahın dəvəti ilə gerçəkləşən səfərdə cənab İlham Əliyev bu ölkənin rəsmi və işgüzar dairələri ilə görüşmüş, ikitərəfli münasibətlərə əlavə təkan verən mühüm sazişlər, razılaşmalar imzalamışdır. İordaniyanın Kralı II Abdullah ibn əl-Hüseyn ölkəsinin Azərbaycanla bir sıra konkret istiqamətlərdə əməkdaşlığa ciddi maraq göstərdiyini xüsusi vurğulamışdır. O demişdir ki, Azərbaycanda gedən güclü iqtisadi inkişaf prosesləri, xüsusilə energetika sahəsində əldə edilmiş nailiyyətlər ölkəsi tərəfindən çox maraqla izlənilir və İordaniya Azərbaycanın bu inkişafına sevinir. İordaniya Kralı bölgədə gedən proseslərlə bağlı respublikamızın mövqeyini öyrənmiş, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun həllinin vacibliyini önə çəkmişdir. Səfər zamanı həmçinin Əmman şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adının verilməsi mərasimi keçirilmişdir.

Səfər çərçivəsində imzalanmış sənədlər iqtisadiyyat, ticarət, təhsil, elm, incəsənət, səhiyyə və media sahələrində qarşılıqlı faydalı əməkdaşlığı əhatə edir. Bu sırada "Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ekstradisiya haqqında Saziş", "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və İordaniya Haşimilər Krallığı Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti və İordaniya Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş", "2007-2008-2009-cu illər üçün Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Təhsil, Elm, Mədəniyyət və İncəsənət, Gənclər və İdman, Səhiyyə sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram", "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində əməkdaşlıq haqqında Saziş" və digər sənədlərin əhəmiyyəti xüsusi vurğulana bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin bugünlərdə İordaniyaya gerçəkləşən sayca ikinci səfəri də mövcud əməkdaşlığın genişləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın İordaniya ilə əlaqələrinin genişlənməsində maraqlı olduğunu, hər iki ölkənin güclü inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd etmişdir. Eyni zamanda, iki ölkə rəhbəri arasında mövcud olan dostluq münasibətlərinin qarşılıqlı əlaqələrin inkişafında xüsusi rol oynadığını vurğulamışdır. Səfər zamanı həmçinin məlum olmuşdur ki, İordaniya Azərbaycana etibarlı iqtisadi və siyasi tərəfdaş kimi yanaşır, eyni zamanda, ölkəmizin yerləşdiyi coğrafi məkandan tranzit məqsədlərlə istifadə etmək istəyini aşkar ifadə edir. İordaniya mallarının daşınmasında, Mərkəzi Asiyadan və Uzaq Şərqdən Yaxın Şərqə, o cümlədən İordaniyaya malların daşınmasında Azərbaycan əlverişli tranzit məkan rolunu oynaya bilər.

Azərbaycan Prezidentinin İordaniyaya rəsmi səfərinin yekunları deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha sürətlə inkişaf edəcək, daha uğurlu nəticələrə və perspektivlərə yol açacaqdır. Bu səfər eyni zamanda, Yaxın Şərqdə dinamik inkişaf yoluna qədəm qoyan, siyasi proseslərə fəal təsir imkanları qazanan İordaniya və Azərbaycan arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edəcəkdir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 6.