Azərbaycan ilə Polşa Həmkarlar İttifaqları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Noyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan Polşa Həmkarlar İttifaqları Konfederasiyasının (PHİK) ("Solidarnost") prezidenti Yanus Şnedek və beynəlxalq əlaqələr üzrə katibi Anjey Matla ilə görüşmüşdür.

Qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Polşalı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə güllər düzmüşlər.

Tanışlıq, təşkilatlar arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın vəziyyətinin öyrənilməsi məqsədi daşıyan görüşdə Azərbaycan ilə Polşa arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuşdur.

AHİK-in sədri S.Mehbalıyev qonaqlara Azərbaycanda həmkarlar ittifaqları hərəkatının yaranma tarixi, keçdiyi yol və bugünkü fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Ulu öndər Heydər Əliyevin bu quruma öz missiyasını yerinə yetirmək üçün hərtərəfli şərait yaratdığını bildirən S.Mehbalıyev demişdir ki, məhz onun şəxsi təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş "Həmkarlar ittifaqları haqqında" qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaratmışdır.

S.Mehbalıyev iki milyona yaxın üzvü birləşdirən Azərbaycan həmkarlar ittifaqlarının müasir dövrdə çox böyük gücə və səlahiyyətlərə malik olduğunu vurğulayaraq həmkarlar ittifaqlarının mühüm rolundan danışmışdır.

AHİK-in beynəlxalq əlaqələrinə toxunan sədr qurumun dünyanın 60-dan çox ölkəsinin həmkarlar ittifaqları, o cümlədən Polşanın "Solidarnost" həmkarlar ittifaqı ilə sıx əməkdaşlıq etdiyini demişdir.

S.Mehbalıyev əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Polşa əməkdaşlığının bu gün uğurla davam etdirildiyini məmnunluqla vurğulamışdır. Bildirmişdir ki, hər iki ölkə başçılarının arasındakı dostluq münasibətləri Azərbaycan ilə Polşa arasında strateji müttəfiqliyin möhkəmlənməsinə zəmin yaratmışdır.

Səmimi qarşılandığına, geniş məlumata görə minnətdarlığını bildirən PHİK-in prezidenti Y.Şnedek rəhbərlik etdiyi qurum haqqında danışmışdır. Bildirilmişdir ki, "Solidarnost" 1980-ci ildə Müəssisələrarası Tətil Komitəsi və Hökumət Komissiyası tərəfindən imzalanmış Gdansk müqaviləsi əsasında təsis edilmişdir. Qurumun 722 min üzvü vardır. Bu Polşanın işçi qüvvəsinin 4,35 faizini təşkil edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini vurğulayan Y.Şnedek dostluq əlaqələrinin daha da inkişaf etməsini arzuladıqlarını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 7.