Beynəlxalq maliyyə təşkilatları Azərbaycanda
iqtisadi inkişafın davamlı olacağını
proqnozlaşdırırlar
Prezident İlham Əliyev
respublikamıza rəhbərlik etdiyi son 6 ildə Heydər Əliyevin
müəllifi olduğu strateji inkişaf kursunu böyük
uğurla davam etdirərək ölkə qarşısında
daha geniş perspektivlər açmışdır. Bu illər
həm də ölkəmizin davamlı iqtisadi inkişafına
təminat yaradan amillərin möhkəmləndirilməsi ilə
xarakterikdir. Cəmiyyətimizdə ictimai-siyasi
sabitliyin qorunması, məharətlə həyata keçirilən
balanslaşdırılmış xarici siyasət xətti
başqa dövlətlərlə münasibətlərin səmərəli
əməkdaşlıq müstəvisində davam etdirilməsinə
şərait yaratmışdır.
Azərbaycanda uzun
illər vətəndaşların ciddi narahatlığına
səbəb olan sosial-iqtisadi problemlərin həllinə
hesablanmış irimiqyaslı layihələrin uğurlu
icrası respublikamızı dinamik inkişaf yoluna
çıxardı. Tarixinin yüksəliş
dövrünü yaşayan Azərbaycan artıq təkcə
Cənubi Qafqazın deyil, postsovet məkanının ən aparıcı
dövlətlərindən birinə çevrilmişdir. Bu həqiqəti
respublikamızın real iqtisadi göstəriciləri
sübuta yetirir. Azərbaycan indi dünyanın ən sürətli
inkişaf tempinə malik dövlətdir. Ölkəmizə
investisiya axını ildən-ilə güclənir, xarici
kapital yatırımına görə respublikamız Şərqi
Avropa məkanında lider mövqeyini qoruyub saxlayır.
Əldə edilmiş nailiyyətlər
Azərbaycan əhalisinin mənafeyinə xidmət göstərir.
Ölkə vətəndaşlarının firavan həyatının
təmin olunması üçün çoxsaylı dövlət
proqramlarının icrası bu gün də uğurla davam
etdirilir. Bölgələrimizdə həyat canlanır,
sahibkarlığın inkişafına yönələn
qayğı hesabına Azərbaycanda özəl sektor ildən-ilə
inkişaf edir. Regionların sosial-iqtisadi inkişafına
hesablanan I Dövlət Proqramının uğurlu icrası
bölgələrdə yeni iş yerlərinin
açılmasına, yoxsulluq probleminin həllinə,
geniş infrastruktur layihələrinin həyata keçirilməsinə
imkan yaratmışdır. Bir-birindən
yaraşıqlı müasir binalar, geniş komplekslər,
ölkəmizin bütün regionlarında davam etdirilən
tikinti-abadlıq tədbirləri aparılan iqtisadi siyasətin
uğurlarından xəbər verir. Ölkə
başçısının təsdiq etdiyi "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
da qarşıdakı illərdə bölgələrimizdə
yeni istehsal müəssisələrinin yaradılmasına,
sahibkarlıq mühitinin genişləndirilməsinə, əhalinin
faydalı məşğulluğunun təmin olunmasına əlverişli
şərait yaradacaqdır.
Ölkədə
sahibkarlığın inkişafı istiqamətində
görülən kompleks tədbirlər öz müsbət nəticələrini
verməkdədir. Sahibkarlığın inkişafına xidmət
edən mühüm dövlət proqramlarının qəbul
edilməsi deyilənlərə əyani misaldır. Sahibkarlığın stimullaşdırılması
və onun dövlət maliyyə təminatı mexanizmlərinin
formalaşdırılması, daxili bazarın qorunması yolu
ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi,
qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin
artırılması ilə bağlı kompleks tədbirlərin
görülməsi aparılan işlərin məqsədyönlülüyündən
xəbər verir. Kiçik və orta
sahibkarlıq subyektlərinin normal fəaliyyəti
üçün "Azərbaycan Respublikasında kiçik
sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan
Respublikasının Qanununa bir sıra mütərəqqi dəyisiklik
və əlavələrin edilməsi, habelə "Haqsız
rəqabət haqqında", "İnvestisiyaların
qorunması haqqında", "İstehlak bazarı
haqqında" və digər zəruri qanunların qəbul
olunması bu istiqamətdə atılan müsbət
addımlardandır. Həmin qanunlar yerli və
xarici sahibkarların təhlükəsiz və xüsusi
risklilik tələb etməyən biznes fəaliyyətinə
dövlət tərəfindən verilən hüquqi təminatı
daha da gücləndirmiş, investisiyaların
qarşılıqli təşviqinə və qorunmasına əsaslı
zəmin formalaşdırmışdır.
Prezident İlham Əliyev həmişə
iş adamlarının mənəvi hamisi kimi
çıxış edərək mövcud problemlərin
askarlanması məqsədilə dövlət-sahibkar dialoqunun
genişləndirilməsində maraqlı olmuşdur. Sahibkarların üzləşdiyi problemlərin
aradan qaldırılması üçün aidiyyəti
dövlət qurumlarına zəruri tapşırıq və
tövsiyələr vermişdir. Ölkə
başçısının sahibkarlığın
inkişafı istiqamətində gördüyü işlər
sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır.
Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici
qüvvəsi hesab edilən sahibkarlığın
inkişafı keçid iqtisadiyyatlı ölkələrin
siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında,
sosialyönümlü problemlərin kompleks həllində
mühüm rol oynayır.
Azərbaycandakı
yerli və xarici sahibkarların etibarlı himayədarına
çevrilmiş dövlət başçısının həyata
keçirdiyi məqsədyönlü siyasət hesabına
özəl sektor yeni inkişaf mərhələsinə qədəm
qoymuş, sahibkarlığın inkişafına diqqət daha
da artırılmışdır. Kiçik və orta
sahibkarlığın güzəştli kreditlərlə
maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə
yersiz müdaxilələrin qarşısının
alınması, özəl sektorda inkişafa mane olan problemlərin
həlli istiqamətində mühüm addımlar
atılmışdır.
Dövlət
başçısı cənab İlham Əliyev
inhisarçılığı, sahibkarlara süni maneələrin
yaradılması hallarının yolverilməz oldugunu bəyan
edir, bu cür neqativ təzahürlərin dərhal aradan
qaldırılması üçün qətiyyətli
addımlar atır. Ötən dövr ərzində antiinhisar
fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın
qarşısının alınması üçün əsaslı
tədbirlərin görülməsi, "Korrupsiyaya
qarşı mübarizə üzrə Dövlət
Proqramı"nın təsdiqlənməsi, biznes subyektlərinin
qeydiyyat, lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə
regional iqtisad məhkəmələrinin yaradılması və
digər tədbirlər bu istiqamətdə
atılmış mühüm addımlardır. Sahibkarlığa Kömək Milli Fondunun
yaradılması da bu kateqoriyadan olan vətəndaşlara
öz biznes fəaliyyətlərini genişləndirmək
imkanı yaratmışdır. İş adamlarına əlverişli
şərtlərlə kreditlərin verilməsi qısa
müddətdə müsbət nəticələr
vermişdir. Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş
Sahibkarlığa Kömək Milli Fondunun yeni əsasnaməsində
kreditlərin verilməsinin sadələşdirilməsi və
faiz dərəcələrinin maksimum aşağı
salınması, güzəştli kreditlərin
artırılması özəl sektorun inkişafına yeni
stimul vermişdir.
Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına 2009-cu ilin doqquz ayı ərzində
1700 sahibkarlıq subyektinə 100 milyon manat güzəştli
kreditlər verilmişdir. Bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur.
Maliyyələşdirilmiş layihələrin 99 faizi
regionların payına düşür. Bu kreditlər
hesabına 7 mindən çox yeni iş yeri açılacaq,
qeyri-neft sektorunun inkişafına önəmli təsiri olan 73
yeni istehsal, emal və xidmət müəssisəsi
yaradılacaqdır.
Prezident İlham Əliyev Nazirlər
Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında demişdir: "Sahibkarlığa Kömək
Milli Fondunda nəzərdə tutulmuş kreditlərin verilməsi
ilin sonuna qədər davam etdirilməlidir. Mən hesab edirəm
ki, 2010-cu ildə bu kreditlərin verilməsi ilin birinci
yarısında baş tutmalıdır. Biz onu ilin sonuna
saxlamamalıyıq. Çünki artıq ilin sonuna az vaxt
qalıb. Ancaq o da həqiqətdir ki, bu kreditlər çox
düşünülmüş şəkildə verilməlidir.
Bu kreditlər ölkəmiz üçün lazım olan sahələrə
verilməlidir ki, iqtisadiyyat çoxşaxəli şəkildə
inkişaf etsin.
O da çox sevindirici haldır
ki, artıq gələn il bu kreditlərin böyük hissəsi
əvvəllər verilmiş kreditlərin hesabına başa
gələcəkdir. O pullar qayıdır. Bu onu göstərir
ki, sahibkarlar kreditlərə çox böyük məsuliyyətlə
yanaşırlar. Digər tərəfdən onu göstərir
ki, bu kreditlərin verilməsi prosesi də çox
düzgün aparılmışdır. Yəni, bu sahədə
batmış kreditlər yoxdur və bu, çox sevindiricidir. Yəni,
bu onu göstərir ki, seçmə prosesi düzgün
aparılmışdır və bu kreditlər çox məsuliyyətli
iş adamlarına verildi. Artıq qaytarılan və
qaytarılacaq məbləğin hesabına gələn il
sahibkarların fəaliyyəti üçün çox
gözəl şərait yaradılacaqdır. Nəzərə
alsaq ki, bu kreditlər artıq uzun illərdir ki, verilir, hər
il əvvəlki illərdə verilən kreditlərin
qaytarılması hesabına biz əlavə vəsait əldə
edəcəyik. Beləliklə, dövlət büdcəsinə
olan yük daha da azalacaqdır".
Azərbaycanda
iqtisadi inkişafın davamlı olacağını beynəlxalq
maliyyə təşkilatlarının proqnozları da təsdiqləyir.
2009-cu il üzrə ÜDM-in real artımı Beynəlxalq
Valyuta Fondu tərəfindən 7,5 faiz, Asiya İnkişaf
Bankı tərəfindən 8 faiz, 2010-cu il üzrə isə
müvafiq olaraq 7,4 və 6,7 faiz proqnozlaşdırılır. Qeyri-neft
sektorunun dinamik inkişafının davam edəcəyini qeyd edən
Beynəlxalq Valyuta Fondu bu sektorun gələn il 5 faiz, Asiya
İnkişaf Bankı isə 5-7 faiz artacağını
bildirir.
Dünyada
yaşanan iqtisadi böhrana baxmayaraq, Azərbaycan
iqtisadiyyatında davamlı inkişafın təmin olunması
beynəlxalq maliyyə qurumlarının hesabatlarında da
müsbət məqam kimi qeyd olunmaqdadır. Ölkə rəhbərliyi
tərəfindən təsdiq edilən sosial-iqtisadi inkişaf
proqramları iqtisadiyyatımızın tarazlı və davamlı inkişafını təmin
etməklə Azərbaycanı qüdrətli dövlətə
çevirməkdədir.
E.HACIALIYEV
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 8.