Əsrdən əsrə atılmış körpü
Neft daşlarının bir yataq kimi kəşfi və
dənizin bu ərazisində polad dirəklər üstündə
şəhərin salınması təkcə neftimizin,
iqtisadiyyatımızın deyil, ümumiyyətlə,
xalqımızın tarixinin şanlı səhifələrindən
biridir. İnsan əqlinin, zəkasının və əməyinin
məhsulu olsa da, Neft daşlarını dünyanın səkkizinci
mözücəsi adlandıranları qınamaq olmaz.
Bir şəhərin, yaxud nəhəng
bir sənaye müəssisəsinin, istehsalat
ocağının tarixindən söhbət gedəndə, 60
il o qədər də uzun vaxt deyil. Neft daşlarının 60
il əvvəl "ilk quyu", "ilk buruq", "ilk
evcik"dən başlandığını nəzərə
alsaq, onun bu dövr ərzində qazandığı nailiyyətləri,
indiki yüksəlişini daha aydın görərik.
Azərbaycanın bu gün neft
diyarı kimi şöhrətini daha da artırmasında,
üstəlik, həm də qaz ixrac edən ölkəyə
çevrilməsində Neft daşları böyük rol
oynayıb. Hazırda Xəzərdə gedən nəhəng
işlərin təməl daşları da məhz Neft
daşlarıdır. Neft daşları olmasaydı, nə
"Günəşli" olardı, nə
"Çıraq", nə də "Azəri"…
Tarixin yaddaşında qalan illər
Neft daşlarına gedən yol
heç də sadə və asan olmayıb. Bu akvatoriyada neftin
varlığı barədə ilk mənbələr XVIII əsrin
sonlarına təsadüf edir. XIX yüzillikdə və XX əsrin
birinci yarısında tədqiqatlar davam edib. Lakin rayonun mütəmadi
geoloji tədqiqatlarına 1945-ci ildə məşhur Azərbaycan
geoloqu Ağaqurban Əliyevin rəhbərliyi ilə
keçmiş SSRİ Elmlər Akademiyasının xüsusi
ekspedisiyası tərəfindən başlanıb. Xəzərin
tufanları qoynunda mürəkkəb və gərgin
axtarışlar davam edib. Nəticədə rayonun geoloji xəritəsi
hazırlanıb, sənaye üsulu ilə kəşfiyyatı
planlaşdırılıb.
Qarşıya qoyulmuş məqsədə
nail olmaq - Neft daşlarını işləməyə
başlamaq üçün A.Əliyev böyük əmək
və dözüm nümayiş etdirib. O, sübut edə bilib
ki, Xəzərdə neft mövcuddur, özü də
böyük həcmdə! Bunu çıxarmaq da mümkündür!
1948-ci ildə 23 nəfərdən
ibarət ilk dəniz neftçiləri dəstəsi birinci
quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı
Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin və qazma sahəsində
zəngin təcrübəyə malik olan Yusif Səfərovun
təklifi ilə əlavə xərclərə yol verməmək
və işçi qüvvəsinə qənaət etmək məqsədilə
Bakı gəmi təmiri zavodlarından istifadədən
silinmiş 7 iritonnajlı gəmi gətirilərək Qara
daşların yanında basdırıldı. Süni buxta
yaradıldı, qəhrəmanlıq mücəssəməsi
olan əfsanəvi "7 gəmi adası" Xəzər
fatehlərini fırtınalardan qoruyan sığınacağa
və dənizin dərin qatlarına nüfuz etmək
üçün istinad nöqtəsinə çevrildi. Batırılmış gəmilərdən istehsal
avadanlıqları, mağaza, yaşayış otaqları,
anbar, klub kimi istifadə olunurdu. 1949-cu ilin martında sərt qayaların
üstündə dirəklər üzərində inşa
edilmiş ilk evcik o illərin qəhrəmanlığının
nişanəsi kimi bu gün də qorunub saxlanılır.
Usta Mixail Kaveroçkinin
başçılıq etdiyi qazmaçılar
briqadasının qazdığı 1 saylı quyudan
götürülən nümunə 100 tona yaxın ilk neft
fontanının yaxınlaşmasından xəbər verirdi.
1949-cu il noyabrın 7-də quyu fontan vurdu. Dəniz
neftinin erası başlandı. Həmin gün
unikallığına, onu yaradan insanların cəsarətinin
və mətinliyinin misilsizliyinə görə
"Möcüzələr adası", "dünyanın
səkkizinci mözücəsi" adlandırılan Neft
daşlarının doğum günüdür. Xəbər
ildırım sürətilə bütün dünyaya
yayıldı, yerli və xarici mətbuat bu barədə
geniş məlumatlar verərək Azərbaycan alim və
mütəxəssislərinin yaratdığı mözücəyə
heyrət ifadə etdi.
İlk fontandan dərhal sonra -
noyabrın 8-də Azərbaycanın rəhbərləri,
mütəxəssislər buraya gəlib neftin gələcəyi
üçün tədbirlər müəyyənləşdirdilər.
Respublika rəhbərliyi tərəfindən
N.Heydərova, S.Orucova, İ.Məlikpaşayevə,
S.Çeplakova, B.Babazadəyə bu rayonda kəşfiyyat və
qazma işlərinin aparılması üçun təşkilati-texniki
tədbirlər planı hazırlamaq tapşırıldı.
1949-cu il dekabrın 1-də dənizdə qazma,
neftçıxarma və tikinti ilə məşğul olacaq
"Azərdənizneft" İstehsalat Birliyi
yaradıldı. Həmin qərarla "Dənizneftqazlayihə"
DETLİ təşkil olundu. Xəzərdə
işləri operativ həll etmək üçün SSRİ
Neft Sənayesi Nazirliyi nəzdində "Başdənizneft"
Ümumittifaq İstehsalat Birliyi yaradıldı və görkəmli
neft mütəxəssisi S.Orucov onun ilk rəisi, eyni zamanda,
SSRİ neft sənayesi nazirinin müavini təyin edildi.
Bu, təbii ki, bütövlükdə Azərbaycan mütəxəssislərinin
istedad və qabiliyyətinin SSRİ səviyyəsində
etirafı idi.
Bundan sonra Neft
daşlarında kəşfiyyat-qazma və tikinti işləri
geniş vüsət aldı. 1950-ci ilin dekabrında Q.Abbasov
(Neftçi Qurban) və M.Kaveroçkinin qazdığı
quyuların neft verməsi, 1951-ci ilin fevralında neftlə dolu
ilk tankerin Neft daşlarından yola salınması rayonun
böyük perspektivlərindən xəbər verirdi. 1951-ci ildən
estakada və meydançaların tikilməsinə, hidrotexniki
qurğuların, kommunikasiya xətlərinin, istehsal və
yaşayış təyinatlı obyektlərin inşasına
başlandı. Bu, böyük, şərəfli və
çətin quruculuq yolunun başlanğıcı idi.
Ötən onilliklər ərzində
Xəzərin qoynunda dünyanı heyrətə salan nadir
neft-qaz kompleksi və yaşayış şəhəri
yaradılıb. Bu, Neft daşlarında çalışan
böyük neftçi ailəsinin - kəşfiyyatçıların,
geoloqların, qazmaçıların,
hasilatçıların, inşaatçıların, nəqliyyatçıların,
geofiziklərin, energetiklərin əməyinin nəticəsidir.
Neft daşları yaşa dolduqca
cavanlaşır. Bunun başlıca səbəbi dəniz
yatağının və şəhərinin həmişə
dövlətin diqqət və qayğısı ilə əhatə
olunmasıdır. Neft daşlarında infrastrukturun daim təzələnməsi,
iş prosesində ən müasir avadanlıqlardan istifadə
olunması onun tükənməyən ehtiyatlarını
üzə çıxarmağa imkan verir.
Unudulmaz görüşlər
Ulu
öndər Heydər Əliyev dəniz neftçilərinə
həmişə qayğı göstərirdi. "Neft
daşlarında işləyən hər bir kəs ən
böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən,
oranı ziyarət etməyən insan bunu təsəvvür edə
bilməz" deyən ümummilli lider dəniz şəhərinin
inkişafı, əməkçilərin iş və məişət
şəraitinin yaxşılaşdırılması
üçün çox işlər görmüşdür.
Hələ 1967-ci
ildə, təhlükəsizlik orqanlarında rəhbər vəzifədə
işləyərkən Heydər Əliyev Neft daşlarına
gəlmiş, müdafiə, təhlükəsizlik məsələləri
ilə bağlı mühazirələr oxumuş, fərdi
söhbətlər aparmışdı. Neft daşları rəhbərlyi
ilə görüşərək klubda, kitabxanada,
yaşayış evlərində olmuş, neftçilərin
şəraiti, məişəti, istirahəti, asudə
vaxtının təşkili ilə maraqlanmış, gecə
saat 2-yə qədər qəsəbəni, mədənləri
gəzmiş, səhərəcən neftçilərin
qonağı olmuşdu.
1969-cu il avqust
plenumunda Heydər Əliyevin təklifi ilə Azərbaycan KP
MK-nın neft sənayesinin inkişafını sürətləndirmək
tədbirləri barədə qəbul etdiyi qərar respublikada
"qara qızıl" hasilatının enmə tempinin
qarşısını almaq üçün geniş proqram
müəyyənləşdirdi. Geoloqlar, geofiziklər,
qazmaçılar, mədənçilər
qarşısında məsul vəzifələr qoyuldu, dəniz
neft donanmasının genişləndirilməsi və gücləndirilməsi
nəzərdə tutuldu. Neftçilər
qürurla qeyd edirlər ki, bütün bu vəzifələr
Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə
tam həyata keçirildi, neft sənayesi, o cümlədən
Neft daşları yeni inkişaf mərhələsinə qədəm
qoydu.
O zaman "Neft
daşları" Neft və Qazçıxarma İdarəsinin
tərkibində istismar olunan "Günəşli"
yatağında ilk quyuların qazılması, ilk
platformanın qoyulması, daha dərin yerlərdə
özüllərin qurulmağa başlaması və digər
çox önəmli işlər dəniz neftində inqilab
yaratdı. Bu işlərin ilhamvericisi, bayraqdarı və əsas hərəkətverici
qüvvəsi ümummilli lider Heydər Əliyev idi.
1972-ci ildə respublikanın rəhbəri
Heydər Əliyev başda olmaqla böyük bir nümayəndə
heyəti Neft daşlarına gəldi. Kiyev Şəhər
Partiya Komitəsinin birinci katibinin rəhbərlik etdiyi heyət
də bu tərkibdə idi. Neft daşlarında gözəl tədbir
düzənləndi. Bu görüşə nümayəndə
heyətindəki şəxslər ailə üzvləri ilə
gəlmişdilər. Ulu öndərin ömür-gün
yoldaşı, akademik Zərifə xanım Əliyeva ilə
görüşlər, səmimi söhbətlər
neftçilərin ürəyincə oldu, uzun müddət
xatirələrdən silinmədi. Görüşlərdə
Zərifə xanım böyük həssaslıqla neftçi
qadınların problemləri, qayğıları ilə
maraqlanırdı.
1975-ci ildə Azərbaycan KP MK
Neft daşlarının 25 illik yubileyinin qeyd olunması barədə
qərar qəbul etdi. Bu yubiley yerlərdə ümumxalq
bayramı kimi qeyd olunurdu. Tədbirin zirvəsi isə Neft
daşlarında keçirilən unudulmaz mərasim idi. Yubiley
təntənələri 1975-ci il iyunun 17-də keçirildi.
Ümummilli lider Heydər Əliyev və digər nümayəndələr
"Möcüzələr adası"na gəmi ilə gəldilər.
Gəmi meydançasında neftçilər ulu öndəri
böyük sevinclə, gül-çiçəklə
qarşıladılar. Heydər Əliyevlə birlikdə
SSRİ neft sənayesi naziri V.A.Şaşin, Azərbaycan
dövlətinin nümayəndələri və incəsənət
ustalarından ibarət böyük bir dəstə gəlmişdi.
Ulu öndər
polad dirəklər üzərində qurulan şəhərə
çatan kimi dərhal neftçilərin əhatəsinə
düşdü, onlarla çox səmimi söhbət etdi,
işləri, uğurları, problemləri,
qayğıları ilə maraqlandı. Sonda Çvanov
adasında yubiley mitinqi və qəsəbədə,
açıq meydançada böyük konsert oldu.
Mitinqdə Heydər Əliyev
çıxış edərək dəniz neftinin tarixindən,
neftçilərin uğurlarından ətraflı söhbət
açdı, qabaqcılların təltifat mərasimini
keçirdi. Ulu öndər elə oradaca yenicə
bünövrəsi qoyulmuş beşmərtəbəli
yaşayış binalarının inşasını sürətləndirmək
barədə əlaqədar təşkilatlara göstəriş
verdi. Qeyd etdi ki, bunlar mümkün qədər tez tikilməli
və neftçilər vaxtında etibarlı binalara
köçürülməlidirlər. Bu göstəriş
vaxtında yerinə yetirildi və açıq dəniz şəraitində
qeyri-adi beşmərtəbəli yaşayış binaları
respublika rəhbərinin neftçilərə hədiyyəsi
oldu.
Bayram konsertlərində SSRİ
xalq artistləri Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb
Xanlarova və digər tanınmış ifaçılar
çıxış etdilər. Məşhur "Uqryum
çay" filminin yaradıcı qrupu da yubiley
iştirakçıları arasında idi.
Yubiley tədbirləri ertəsi
gün Heydər Əliyev sarayında davam etdirildi. Tədbirə
Neft daşlarının 50 nümayəndəsi dəvət
olunmuşdu. Ulu öndərin məruzəsində
və çıxışlarda dünyada ilk dəfə olaraq
açıq dənizdə "qara qızıl" və
"mavi yanacaq" çıxaran Neft daşları əməkçilərinə
yüksək qiymət verildi, neft sənayesinin inkişaf
etdirilməsi yolları barədə danışıldı.
Moskva, Həştərxan, Ufa, Kazan şəhərlərindən, Tümen, Sibir, Saxalin, Qazaxıstan,
Türkmənistan və başqa yerlərdən gəlmiş
qonaqlar Neft daşlarının böyük təcrübə
məktəbi olmasını, onların da bu təcrübədən
bəhrələndiklərini bildirdilər, daim Azərbaycanın,
onun neftçi-mütəxəssislərinin köməyinə
ehtiyac duyduqlarını etiraf etdilər. Bu tədbirlər Heydər
Əliyev şəxsiyyətinin neftçi əməyinə
verdiyi dəyərin, neftçilərə məhəbbətin
təcəssümü idi. Neft daşlarında söylənən
bütün təklif və qeydlərə həssaslıqla
yanaşan ulu öndər məsələlərin həllinə
dair konkret tapşırıqlar verdi. O cümlədən,
neftin sahilə boru xətti ilə nəql olunması, elektrik
stansiyasının tikilməsi və sair əhəmyyətli məsələlər
ümummilli lider Heydər Əliyevin köməyi ilə
öz müsbət həllini tapdı.
Hələ Neft
daşlarındakı mitinqdə çıxış edərkən
ulu öndər "Möcüzələr
adası"nın zəngin təcrübəsinə əsaslanaraq
o vaxt kəşfiyyat mərhələsində olan "Günəşli"
yatağının işlənməsi perspektivlərindən
danışmış, "Azəri" yatağında
qazmanın başlanması
təşəbbüsünü irəli
sürmüşdü. Cəmi dörd ildən sonra
"Günəşli"dən ilk neft alındı.
Ulu öndər Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə dəniz
şəhərində tikinti-quruculuq işləri geniş
vüsət almışdı. Bu gün Neft daşlarının
ahəngdar fəaliyyətini təmin edən bir çox sənaye,
sosial əhəmiyyətli obyektlər məhz həmin illərdə tikilib.
1999-cu ildə müstəqil
dövlətimizdə Neft daşlarının 50 illiyi
böyük təntənə ilə qeyd olundu. Hələ iki
il ondan əvvəl ulu öndər Heydər Əliyevin bu
yubileyə hazırlıqla bağlı sərəncam verməsi
dəniz neftçilərinə sonsuz hörmət və
ehtiramın ifadəsi idi. Yubiley çox yüksək səviyyədə
keçdi. Tədbirlərin zirvəsi isə ümummilli
liderin Neft daşları əməkçilərinə
ünvanlıdığı təbrik idi. Neft
daşlarını XX əsrdən XXI əsrə
atılmış bir körpü adlandıran ulu öndər
bu dəniz şəhərinin böyük gələcəyinə
inamını ifadə etmişdi.
Neft daşları hələ uzun müddət Azərbaycana
xidmət edəcək
60 il əvvəl Neft daşlarını
"Möcüzələr adası" adlandırıblar. Əlbəttə,
insan ağlının və əməyinin
yaratdıqlarından vəcdə gələrək belə
deyiblər. Əslində, Neft daşları reallıqdır,
möcüzəyə bənzəsə də, həqiqətdir.
Bu gün Neft daşları işləyən, yaşayan,
qurub-yaradan bir şəhərdir.
"Neft daşları"
tükənməyən bir xəzinə - hələ də
ehtiyatları bol olan "qara qızıl"
yatağıdır. Nəhayət, "Neft daşları"
böyük bir müəssisədir, neft və
qazçıxarma idarəsidir. Ölkə Prezidenti cənab
İlham Əliyev dəniz şəhərinin gələcəyinə
böyük ümid və inam ifadə edərək
demişdir: "Neft daşları hələ uzun illər Azərbaycana
çox ləyaqətlə xidmət edəcəkdir".
Hazırda "Neft
daşları" NQÇİ 1999 nəfərin iş
yeridir. Bunlardan əlavə, dəniz şəhərində
daha 20-dən çox təşkilat, yaxud onların sahələrinin
nümayəndələri çalışırlar. Məsələn, "Neftqaztikinti" trestinin 6 və
7 saylı tikinti-quraşdırma idarələri, Kompleks Qazma
İşləri Trestinin "Neft daşları" Dəniz
Qazma İşləri İdarəsi, Xəzər Dəniz Neft
Donanmasının Dalğıc və Qəza-Xilasetmə
İdarəsi "Neft daşları" sahəsinin yüzlərlə
əməkçisi, eləcə də geofiziklər,
rabitəçilər, yanğınsöndürənlər,
tibb, ictimai-iaşə işçiləri əmək növbələrindədirlər.
...Estakadalar sağa-sola şaxələnib, sanki əl-ələ veriblər. Gah paralel, gah da perpendikulyar şəkildə uzansalar da, bir-birinə bitişikdirlər. İndi onların ümumi uzunluğu 39,5 kilometrdir. Neftçilər polad dirəklər üstündə qərar tutan bu yollarla bəzən piyada hərəkət edir, bəzən də idarənin avtobusları ilə gedirlər. Bu, asılıdır hər kəsin iş yerinin yaxın-uzaqlığından, neftçinin həvəsindən, bir də havadan...
Dəniz qasırğalı olanda estakada ilə hərəkət etmək qadağandır. Burada qayda-qanun belədir. Yeri gəlmişkən, dənizin qoynunda hamı biri-birindən muğayat olur. Əbəs yerə deməyiblər ki, neftçi dostluğu tufanlarda bərkiyir. Elə qazanılan uğurların, işin rəvan getməsinin başlıca səbəbi də bu birlik, səfərbərlik, mehribanlıqdır.
Texniki şöbənin müdiri Şirinağa Əlizadə deyir ki, cari ilin 9 ayı ərzində NQÇİ neft hasilatı və təhvili üzrə tapşırıqları artıqlaması ilə yerinə yetirib. Nəzərdə tutulduğundan əlavə 2013 ton neft çıxarılıb və 2012 ton neft təhvil verilib. Quyulardan gözlənildiyi qədər səmt qazı alınıb.
Hazırda idarənin istismar fondunda 494 quyu var. Fəaliyyətdə olan quyu fondu 445 quyudan ibarətdir. İstismar quyu fondunu 441 işlək, 4 müvəqqəti dayanmış, 42 fəaliyyətsiz və 7 mənimsəmədə olan quyu təşkil edir.
Fəaliyyətsiz fonddan 9 quyu əvəzinə 19 quyu təmir olunaraq istismara daxil edilib, bu quyular 14081 ton neft verib. 225 əvəzinə 360 texniki tədbir həyata keçirilib. Geoloji tədbirlərdən xeyli səmərə əldə edilib.
NQÇİ-də bizə təqdim olunan arayışlardan həmçinin məlum olur ki, burada 11 əsaslı və 9 cari təmir briqadası fəaliyyət göstərir. Cari ilin 9 ayı ərzində əsaslı təmir briqadaları fəaliyyətsiz fondda olan 8 quyuda işi başa çatdırıblar. Bu quyulardan 4991 ton neft hasil edilib. 2 quyuda qəza ləğvetmə işləri aparılır. Daha 5 quyuda əsaslı təmir işləri gedir. Ümumiyyətlə, 9 ay ərzində 166 əvəzinə 172 əsaslı təmir işləri aparılıb, 499 cari təmir işi həyata keçirilib.
Neft daşlarında nəsillər dəyişir, Sabitlərin, Yusiflərin, Qurbanların, Xanoğlanların, Bəhmənlərin yerini onların övladları, nəvələri tutur. İstehsalata gənc mütəxəssislər gəlir, təcrübə toplayır, irəli çəkilirlər. Elə idarənin rəisi Balamirzə Ağarəhimov da kollektivin öz yetirməsidir.
Neft daşlarında qazmaçılarla, operatorlarla, elektriklərlə, inşaatçılarla, sürücülərlə həmsöhbət olduq. Növbədə olmayanların isə adlarını, xoş sorağını eşitdik. NQÇİ-nin müxtəlif sex və sahələrində çalışan təcrübəli işçilərdən operator Vahid Həmidovun, usta Yusif Məmmədovun, qazmaçı Rəfail Nuriyevin, mexanik Güloğlan Kərimovun, əmtəə operatoru Yusif İsmayılovun, çilingər Həmid Mehdiyevin işindən hamı razılıq etdi.
Dəniz şəhərinin "küçələri"ni gəzdikcə hər yanda inşaatçılara rast gəlirsən. Onlar geniş miqyaslı işlər həyata keçirirlər. Vertolyot meydançası əsaslı təmir olunub. Orada abadlıq və yaşıllaşdırma işləri davam edir.
NQÇİ-nin sosial inkişaf şöbəsinin müdiri Nəvai Həsənov bildirir ki, son dövrlərdə netfçilərin iş və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Yataqxanalar təmir edilib, yeni avadanlıq və məişət cihazları ilə təchiz olunub. Mərkəzi yeməkxana və yerlərdə fəaliyyət göstərən nisbətən kiçik yeməkxanalarda da təmir başa çatdırılıb.
Neftçilər və inşaatçılar Neft daşlarının inkişafına böyük diqqət və qayğı göstərmiş ulu öndərə ehtiram əlaməti olaraq Heydər Əliyev adına park salıblar, muzey yaradıblar. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan neftçilərin xatirəsi əbədiləşdirilərək idarənin həyətində onların şərəfinə xüsusi lövhə düzəldilib.
...Hər gün Neft daşlarına bir neçə reyslə vertolyotlar uçur. Gün yarı olanda isə "Sabit Orucov" gəmisi buradakı körpüyə yan alır. Əmək növbəsinə gələnlər işdən - dənizdən evinə dönənləri əvəz edir. Beləcə, 60 ildir dünyanı heyrətləndirməkdə olan bu bənzərsiz şəhər öz adi, eyni zamanda, qeyri-adi günlərini yaşayır.
Flora SADIQLI
Azərbaycan.- 2009.-5 noyabr.- S. 9.