Bələdiyyə seçkilərinin qanunvericilik əsasları

 

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, hüquqi sahədə də islahatlar aparılmış, demokratik təsisatlar həyata keçirilmiş, o cümlədən yerli özünüidarəçilik orqanları olan bələdiyyələr yaradılmışdır. Bələdiyyələrə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilən yerli nümayəndələr kollegial orqanlardır. Onlar müəyyən ərazi vahidinin hüdudları daxilində yerli özünüidarəni həyata keçirirlər.

 

Azərbaycanda yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Bələdiyyələrə seçilənlərin sayı bələdiyyənin yerləşdiyi inzibati ərazilərdə əhalinin sayına nisbətdə müəyyən edilir. Onların səlahiyyət müddəti 5 ildir. Həmin müddətin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyənin birinci iclas günü başa çatır. Göstərilən üzvlərin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir. Bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, yeni yaradılmış, birləşmiş, yaxud ayrılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə ümumi seçkilər zamanı keçirilir.

Seçkilər günü 21 yaşı (seçki günü də daxil olmaqla) tamam olan və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daim yaşayan Azərbaycan vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Bələdiyyə seçkiləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən SM-in 211.1-211.2-ci maddələrinə uyğun olaraq təyin edilir və seçkilərin təyin edilməsi barədə qərar qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilir.

Bələdiyyə üzvlüyünə namizədlər seçki dairələri üzrə siyasi partiyalar, siyasi partiyaların blokları, öz təşəbbüsləri, ya da müvafiq seçki dairəsinin ərazisində 18 yaşına çatmış aktiv seçki hüququ olan Azərbaycan vətəndaşları tərəfindən SM-in 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürülə bilərlər. Namizədliyinin müvafiq seçki dairəsi üzrə irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq dairə seçki komissiyası tərəfindən namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud da siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilir.

Vətəndaş yalnız bir bələdiyyəyə namizəd irəli sürülməsinə razılıq verə, yalnız bir bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürülə və qeydiyyata alına bilər. Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı dairə seçki komissiyalarında aparılır. Dairə seçki komissiyalarının yaradılması başa çatmadığı hallarda, namizədlərin irəli sürülməsi haqqında bildiriş, namizədlərin razılıq ərizələri və digər sənədlər MSK-ya təqdim edilir.

Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaşın namizədliyinin irəli sürülmüş ərazidə əhalinin sayı 99.999-dan çox olduqda - 150 imza, 49.999 nəfərdən artıq olduqda - 100 imza, 19.999 nəfərdən çox olduqda - 75 imza, 9.999 nəfərdən çox olduqda - 50 imza, 4.999 nəfərdən çox olduqda - 30 imza, 4.999 nəfərdən az olduqda 15 seçici imzası toplanmalıdır.

SM-in 53.1-ci maddəsinə əsasən namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən o şərtlə ki, irəli sürülə bilər, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və onun qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. SM-in tələbinə uyğun olaraq namizəd və ya namizəd irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına bildiriş verir.

SM-in 53.6-cı maddəsinin tələbinə görə müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairəsi üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edir.

Bələdiyyə üzvlüyünə namizədlər siyasi partiyalar və ya siyasi partiyaların blokları tərəfindən irəli sürüldükdə, qərar siyasi partiyanın nizamnaməsinə uyğun olaraq qəbul edilir. SM-in 54.4-cü maddəsinə əsasən, siyasi partiya, siyasi partiyaların bloku bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri də namizəd kimi irəli sürə bilər.

Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar bloka daxil olan siyasi partiyaların nümayəndələrinin iclasında qəbul edilir. Siyasi partiyaların səlahiyyətli nümayəndələri partiyaların qurultayında müəyyənləşdirilir və bu barədə tərtib edilmiş protokolda, iclasda iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı, siyasi partiyalar blokunun yaradılması haqqında sazişlə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri, həmçinin qərarın qəbul edilməsi tarixi göstərilir.

Siyasi partiyanın səlahiyyətli nümayəndəsi namizədlərin özləri ilə birlikdə müvafiq seçki komissiyasına aşağıdakı zəruri sənədləri təqdim etməlidirlər; siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətini, siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surətini, namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarını və ya müvafiq iclasının protokolunu, siyasi partiyanın səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnaməsini.

SM-in 54.1-ci və 54.7-ci maddələrində göstərilən sənədlərlə birlikdə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi də göstərilməklə şəxsin namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim edir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, SM-in müvafiq maddəsinin adı və nömrəsi, xarici ölkədə cinayət məsuliyyəti yaradan əməl olmuşsa, xarici ölkənin qanununun adı göstərilməli, ərizəyə namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması haqqında məlumatlar daxil edilir.

Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış, aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi yerlərdə toplanıla bilər. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imza atmağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.

SM-in 58-ci maddəsinə uyğun olaraq namizədin qeydə alınması üçün seçki sənədlərini namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 65 və ən azı 40 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına təqdim edir.

Müvafiq seçki komissiyası SM ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan imzaların və digər məlumatların düzgünlüyünü, namizədlərin irəli sürülməsi prosedurunun Məcəllənin tələbinə uyğunluğunu, müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə, seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir.

SM-in 60-cı maddəsinə uyğun olaraq müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazımi digər sənədləri də qəbul etdikdən sonra 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülmüş namizəd qeydə alınarkən müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyalar bloku tərəfindən irəli sürüldüyünü göstərir.

SM-in 60.7-ci maddəsinə uyğun olaraq qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyası müəyyən seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 48 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edir və səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyalarının otaqlarında, Məcəllənin 98.3 maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirir.

Yuxarıda göstərildiyi kimi, Seçki Məcəlləsinin 216.2-ci maddəsinə müvafiq olaraq bir şəxsin birdən çox bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmasına yol verilmir. SM-də nəzərdə tutulan bu qayda pozulduqda bələdiyyə üzvlüyünə namizədin əvvəlki qeydiyyatı etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq dairə seçki komissiyasının qərarı ilə ləğv edilir.

SM-in tələbinə uyğun olaraq qeydə alınmış bələdiyyə üzvlüyünə namizədin fəaliyyəti və statusu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir və namizədlərin siyahısı səsvermə gününə 25 gün qalmış müvafiq dairə seçki komissiyası tərəfindən SM-in 77.3-cü və 77.4-cü maddələrində qeyd edilən dövri nəşrlərdə dərc edilir.

Bələdiyyə üzvlüyünə namizədlər SM-in 221-ci maddəsinə əsasən bələdiyyə üzvlüyünə namizədlik statusundan imtina edə bilərlər. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir. Qeydə alınmış namizəd öz namizədliyini bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici əsas olmadan geri götürürsə, müvafiq seçki komissiyası büdcədən ona verilmiş vəsaiti geri qaytarmalıdır. Bələdiyyə üzvlüyünə namizədliyini geri götürmüş şəxsin Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətdə istənilən digər bələdiyyə üzrə öz namizədliyini təkrar irəli sürmək hüququ vardır.

Məcəllənin 222-ci maddəsinə əsasən siyasi partiyalar, siyasi partiyaların blokları bələdiyyə seçkilərində iştirak etməkdən imtina edə bilərlər. Bu zaman siyasi partiya nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona bloka daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə azı 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək seçki dairəsi üzrə irəli sürmüş bələdiyyə üzvlüyünə namizədi geri çağırmaq hüququna malikdir.

Bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku səsvermə gününə azı 10 gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı ərizə verməklə namizədləri irəli sürmüş orqanın qərarı ilə seçkilərdə iştirak etməkdən imtina edə bilər. Bu halda siyasi partiya, siyasi partiyaların bloku bələdiyyə üzvlüyünə namizədləri geri çağıra bilər.

Azərbaycan Konstitusiyasının 47-ci maddəsinə və SM-in 224-cü maddəsinə müvafiq olaraq siyasi partiyaların, siyasi partiyalar bloklarının bələdiyyə üzvlüyünə namizədləri seçkiqabağı təşviqat aparmaq hüququna malikdirlər. Namizədlər, bələdiyyə seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları səsvermə gününə 28 gün qalmış təşviqata başlayır, səsvermənin başlamasına 24 saat qalmış isə təşviqatı dayandırır. Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Bələdiyyə seçkiləri zamanı səsvermə otaqları SM-in 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu seçki komissiyalarına əvəzsiz olaraq səsvermə otağı ayırır və otaqda səsvermə üçün seçki qutuları, səsvermə kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulur.

Bələdiyyə seçkilərinin keçirilməsi üçün Məcəllənin 99-cu maddəsində nəzərdə tutulmuş qaydada seçki bülletenində bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlərin soyadı, adı, atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri, habelə kim tərəfindən irəli sürüldüyü və namizədin razılığı olarsa, mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.

Bələdiyyə seçkilərində səsvermə SM-in 104-cü və 105-ci maddələrinə uyğun olaraq keçirilir. Məcəllənin 236-cı maddəsinə görə, seçici seçki bülletenində lehinə səs verəcəyi namizədlərin soyadından sağdakı kvadratlarda müvafiq bələdiyyə üzvlərinin sayına bərabər və ya bu saydan az sayda işarə qoyur, işarə qoyulmuş kvadratların sayı bələdiyyə üzvlərinin sayından çoxdursa və ya boş kvadratlarda heç bir işarə qoyulmamış səs etibarsız sayılır.

Bələdiyyə seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması SM-in 106-cı maddəsinə uyğun aparılır. Məntəqə seçki komissiyasının protokoluna SM-in 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, bülletenə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda isə namizədlər haqqında digər məlumatlar, hər bir namizədin lehinə verilmiş səslərin sayı daxil edilir. Səsvermə başa çatdıqdan sonra seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvün, habelə müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir.

DSK-da səslərin hesablanması SM-in 107-ci maddəsinə uyğun həyata keçirilir. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası çoxmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir. Seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyə üzvü seçilmiş hesab edilirlər. Protokolda bələdiyyəyə üzv seçilmişlərin soyadı, adı, atasının adı göstərilməklə DSK protokolları MSK-ya təhvil verilir.

MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını yoxlayır və SM-in 108-ci maddəsinə müvafiq olaraq seçkilərin ümumi yekunları haqqında protokol tərtib edir. SM-in 24-cü maddəsinə əsasən MSK seçkilər günündən başlayaraq ən geci 30 gün müddətində ölkə üzrə bələdiyyə seçkilərinin yekunlarını elan edir və komissiyanın bu qərarı qətidir.

SM-in 242-ci maddəsinə uyğun olaraq MSK tərəfindən müəyyən edilmiş nümunədə bələdiyyə üzvü seçilmək haqqında vəsiqə seçkilərin yekunları elan edildikdən sonra 5 gün müddətində dairə seçki komissiyası tərəfindən verilir.

Azərbaycan Prezidentinin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamına uyğun olaraq MSK üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı bir sıra konkret tədbirlər həyata keçirmişdir. Bu məqsədlə qarşıdakı bələdiyyə seçkiləri ilə əlaqədar olaraq DSK sədrləri üçün 7-12 sentyabr 2009-cu ildə də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil edilmiş, kurslarda Prezident Administrasiyasının şöbə müdirlərinin, MSK sədrinin, DİA rektorunun, Konstitusiya və Ali Məhkəmə sədrlərinin, Milli Məclisin Regional məsələlər komitəsi sədrinin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbər işçilərinin, MSK üzvlərinin və MSK aparatının məsul işçilərinin tədris proqramı üzrə seçki hüququna dair mühazirə və seminarları təşkil edilmişdir. 23-25 sentyabr 2009-cu ildə isə aşağı seçki komissiyalarının digər rəsmiləri üçün regional kurslar təşkil olunmuşdur.

MSK-nın 7 oktyabr 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasında bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-nə, çərşənbə gününə təyin edilmişdir. Ölkədə 1.718 bələdiyyəyə 15.682 bələdiyyə üzvü seçilməlidir. Bələdiyyələrə seçkilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 may və 25 oktyabr 2005-ci il və 28 dekabr 2006-cı il tarixli sərəncamlarına və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq demokratik, azad, ədalətli və şəffaf keçirilməsi üçün ölkəmizin seçki orqanları üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər.

 

 

Nizami NADİROV,

MSK-nın üzvü

 

Azərbaycan.- 2009.- 5 noyabr.- S. 8.