Onomastika elmi məktəbinin banisi
Azərbaycan onomastika elmində xüsusi məktəb yaratmış Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Məhəmməd oğlu Qurbanov şərəfli ömür yaşamışdır. Adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, türk və Avropa dilçiləri tərəfindən orijinal konsepsiyalar müəllifi kimi qəbul edilən alim ölkə elminə, təhsilinə və mədəniyyətinə böyük töhfələr vermişdir.
A.Qurbanovun çoxşaxəli və rəngarəng fəaliyyətinin mühüm bir hissəsini elmi yaradıcılığı təşkil edirdi. O, həm də ictimai-siyasi xadim idi. Qeyri-adi təşkilatçılıq qabiliyyəti vardı. Dekan işləyərkən gənclərə böyük qayğı göstərər, demək olar, fakültədə oxuyan hər bir tələbənin problemi ilə maraqlanar, çətinlikləri tez bir zamanda aradan qaldırardı. Ona görə də hamının qəlbində Afad Qurbanov sevgisi yaşayırdı. Onun təşkilatçılıq bacarığı rektor vəzifəsində çalışarkən daha aydın şəkildə müşahidə edilirdi. Tarixi ənənələri olan Azərbaycan Dövlət Pedaqoji İnstitutunda böyük quruculuq işlərində A.Qurbanovun misilsiz xidmətləri olmuşdur. Bu təhsil ocağında davamlı olaraq konfranslar, disputlar, görüşlər keçirilirdi. Belə tədbirlərdə yalnız Azərbaycandan deyil, keçmiş sovetlər məkanının digər respublikalarından olan nümayəndələr də iştirak etməyə can atırdılar.
Sovetlər ittifaqının süqutundan sonra A.Qurbanov alim, ziyalı, vətəndaş kimi baş verən hadisələrə fəal münasibətini bildirirdi. Qərbi Azərbaycandan qovulan soydaşlarımızın ağır vəziyyəti, tarixi torpaqlarımızın itirilməsi onda böyük narahatlıq yaratmışdı. Həmin narahatlıqlar Qarabağ savaşında da yaşandı. Keçmiş ittifaq, respublika əhəmiyyətli tədbirlərdə Afad müəllim ürək yanğısı ilə danışar, problemlərin həlli istiqamətində öz təkliflərini verərdi.
A.Qurbanovun fəaliyyətinin mühüm hissəsini onun elmi araşdırmaları təşkil edirdi. Azərbaycan dilçiliyinə misilsiz töhfələr vermiş tədqiqatçılardan idi. "Azərbaycan dilinin onomalogiyası", 1968-ci ildə nəşr olunmuş "Müasir Azərbaycan ədəbi dili" kitabları yalnız Azərbaycan dilçiliyi üçün deyil, dünya türkoloji dilçiliyi üçün olduqca qiymətli əsərlərdir. Alim bütövlükdə dilçiliyə, pedaqogikaya və metodikaya dair 70-dən çox kitab, 500-ə qədər elmi məqalə çap etdirmiş, 60-a yaxın elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.
A.Qurbanov 1959-cu ildən Azərbaycan dilçiliyi kafedrasında assistent, sonra müəllim, dosent və professor olmuşdur.
1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilən alim ömrünün sonuna qədər dünyanın bir sıra beynəlxalq akademiyalarının akademiki, Türk Dil Qurumunun mötəbər üzvü olmuşdur. Xarici ölkələrin bir çox linqvistik və onomastik elmi komitə, cəmiyyət və təşkilatlarının həqiqi və fəxri üzvü seçilmişdir.
A.Qurbanov 1968-1981-ci illərdə ADPİ-nin filologiya fakültəsinin dekanı, 1981-1989-cu illərdə həmin təhsil ocağının rektoru vəzifələrində ləyaqətlə çalışmışdır.
O, bir neçə jurnalın redaksiya heyətinin üzvü, "Bilik" cəmiyyətinin natiqlik və mühazirəçilik məharəti komissiyasının, Azərbaycan Əlifba komissiyasının sədri, Türkoloqlar Komitəsinin sədr müavini və digər ictimai vəzifələrdə çalışmışdır. 1981 və 1987-ci illərdə Bakı Şəhər Sovetinin deputatı, 1990-cı ildə isə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Bakı Şəhər Sovetinin deputatı olduğu dövrlərdə A.Qurbanov paytaxtın bir sıra sosial-iqtisadi, elmi-mədəni problemlərinin həllinə nail olmuşdur. İctimai xadim A.Qurbanov XX əsrin 90-cı illərində respublikamızda müstəqillik uğrunda gedən ictimai-siyasi mübarizələrin önündə olmuş, 1990-cı ilin qanlı 20 Yanvar günlərində sovet imperiyasına, Azərbaycanda törədilən vəhşiliklərə, erməni daşnaklarının xalqımızın başına gətirdiyi fəlakətlərə qarşı haqq səsini qaldırmışdır.
Alim ictimai fəaliyyəti ilə yanaşı, hansı vəzifəni tutmasından asılı olmayaraq, elmi yaradıcılığa xüsusi önəm verirdi. Mədəniyyətin aktual problemlərinin tədqiqinə daha çox diqqət ayırırdı. Gördüyü işlərlə ətrafdakıları həmin problemlərin araşdırılmasına istiqamətləndirirdi.
Son illər Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışırdı. Vaxtı ilə alimin "S.Vurğunun "Vaqif" pyesinin dili və üslubu" adlı namizədlik dissertasiyası elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Ona qədər isə dəyərli məqalələri ilə mətbuat səhifələrində çıxış etmişdi. Azərbaycan dilçiliyinin elə bir sahəsi yox idi ki, A.Qurbanov həmin problemə münasibət bildirməsin. Bu münasibət məqalələrdən kitablara qədər böyük yol keçmişdi. Onomastika sahəsində görülən işlər Afad müəllimin elmi fəaliyyətində əsas xətt idi. O, bu sahədə araşdırmaları ilə yeni məktəbin yaradıcısı kimi elm aləmində mühüm bir səhifə açmışdı. Bu istiqamətdə hər il ardıcıl olaraq konfranslar keçirilmişdi. Bu gün onomastika müstəqil bir elm sahəsi kimi dilçiliyin daxilində formalaşmışdır. Bu sahədə ardıcıl olaraq kitablar yazılır, namizədlik, doktorluq dissertasiyaları müdafiə olunur. Afad müəllimin uğurlu fəaliyyəti nəticəsində artıq Azərbaycan onomastikasının müxtəlif sahələri formalaşmışdır. Bu, ayrı-ayrı rayonların onomastik vahidlərinin tədqiqindən tutmuş, yazıçı və şairlərin yaradıcılığının araşdırılmasına qədər geniş bir sahəni əhatə edir.
Görkəmli alimin fəaliyyətində xatırlanmalı mühüm istiqamətlərdən biri də ətrafında ziyalı mühitini yaratması ilə bağlıdır. Bu da onun işgüzarlığından, təşkilatçılıq bacarığından irəli gəlirdi. Afad müəllim bunların hamısına qeyri-adi qabiliyyəti sayəsində nail olmuşdu. Azərbaycanın elə bir regionu tapılmaz ki, orada Afad müəllimin yetirmələri olmasın. A.Qurbanov, eyni zamanda, gözəl natiqlik qabiliyyəti ilə çoxlarına örnək ola biləcək şəxsiyyət idi.
Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin keşiyində ləyaqətlə dayanan, onun inkişafında xüsusi xidmətləri olan, gənc nəslin bilikli, savadlı, intellektual səviyyəli ziyalı kimi yetişməsində böyük zəhməti olan A.Qurbanovun xatirəsi xalqın yaddaşında əbədi yaşayacaqdır.
Mahmud ALLAHMANLI,
filologiya elmləri doktoru
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 10.