Min bir dərdin dərmanı çay(çılığ)ın min bir dərdi var

 

Çaya min bir dərdin dərmanı deyirlər. Başımız ağrıyanda, yorğun olanda köməyimizə yetişir, dərdimizə məlhəm olur çay. Süfrəyə yeməkdən qabaq çay gəlir, xeyirdə-şərdə, hətta rəsmi görüşlərdə belə çay verilir. O, hər bir azərbaycanlı ailəsində ən çox istifadə olunan içkidir. Uzunömürlülüyün daşıyıcısı olan və tez qocalmanın qarşısını alan çayı XXI əsrin içkisi hesab edirlər. Onun tərkibində insan orqanizmi üçün faydalı vitaminlər və digər maddələr var.

İndi ölkəmizdə çay qıtlığı yoxdur. Keyfiyyət baxımından isə həmin məhsulların çoxu istehlakçıları razı salmır, onlarda haqlı olaraq narazılıq yaradır. Mütəxəssislərin dediyinə görə, buna səbəb xarici ölkələrdən respublikamıza gətirilən çayların keyfiyyətinin aşağı olmasıdır. Belə olan halda sual olunur: bəs öz çayımız haradadır?

Vətəni Şərq ölkələri olan çay Azərbaycanda 1893-cü ildən əkilir. Respublikamızda çayçılıq üzrə ilk dövlət təsərrüfatı (sovxoz) 1932-ci ildə yaradılıb. Astara, Lənkəran, Masallı, Zaqatala, Qax və Balakən rayonlarında hazırda mövcud əkin sahəsi ümumilikdə 3 min 680 hektardır və ildə orta hesabla 944 ton yaşıl çay yarpağı istehsal olunur. Bu da əvvəlki dövrlərdəkindən qat-qat azdır. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda 1950-ci ildə 2 min 500, 1960-cı ildə 4 min 600, 1970-ci ildə 7 min 300, 1980-ci ildə 10 min 800 və nəhayət, 1985-ci ildə 13 min 400 hektarda çay bitkisi becərilirdi. Yaşıl çay yarpağı istehsalı əgər 1940-cı ildə 240 ton təşkil edirdisə, 1950-ci ildə bu rəqəm 800, 1960-cı ildə 4 min 700, 1970-ci ildə 9 min 900, 1980-ci ildə 21 min 800, 1988-ci ildə 34 min 400 ton olmuşdur. Lakin SSRİ-nin süqutundan sonra iqtisadi əlaqələrin kəsilməsi nəticəsində çayçılığa da böyük ziyan dəydi. Torpaqlar əhaliyə paylananda plantasiyaların çoxu çayçılıqdan başı çıxmayan, ona maraq göstərməyən adamların əlinə düşdü. Bu və digər səbəblərdən emal fabrikləri yaşıl çay yarpağı qəbulunu dayandırdı. Nəticədə plantasiyaların bir hissəsi şumlandı, bir hissəsi mal-qara üçün otlaq sahəsinə çevrildi, digər hissəsi isə baxımsızlıq üzündən kol-kos altında qaldı. Hətta elə bələdiyyələr oldu ki, əkin sahələrində tikinti işləri apardılar.

Təkcə Masallı rayonunda. 3 min 300 hektardan çox sahənin çay bitkisi tamamilə məhv edildi. Halbuki bu rayon çayçılıq üçün ən münbit torpaq şəraitinə malikdir. Astara rayonunda isə çay sahələrinin 50 faizə qədəri qorunub saxlanılmışdır. Lənkəranda da 6 min 890 hektar çay sahəsindən müxtəlif formada 631 hektarı qalmışdır.

Çayçılıq gərəkli olduğu qədər də gəlirli sahədir. Aqrotexniki tədbirlərə düzgün və vaxtında əməl etdikdə hər hektardan ildə 6-7 ton məhsul yığmaq mümkündür. Əkiləndən 8 il sonra 80 il məhsul verir. Lakin hətta regionların sosial-iqtisadi inkişafına dair hər iki dövlət proqramında çayçılığın inkişaf etdirilməsi qarşıya məqsəd qoyulsa da, əlaqədar təşkilatlar, xüsusən Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Azərbaycan Çay Assosiasiyası bununla bağlı kifayət qədər təsirli tədbirlər görmürlər.

Məlum olduğu kimi, çay bitkisi xüsusi texnika ilə becərilir. Həmin texnikanı tək-tək iş adamları ölkəyə gətirirlər və onları yalnız nağd pula satırlar ki, torpaq mülkiyyətçilərinin də bu yolla onları almağa maddi imkanı yoxdur. "Aqrolizinq" ASC isə çaybecərən texniki vasitələrin gətirilməsi, satışı ilə lazımi səviyyədə məşğul olmur. Çay bitkisi gec məhsul verdiyinə görə onu əkib-becərənlərə nəzarət qaydasında uzunmüddətli kreditlərin verilməsinin tətbiq edilməsi vaxtı, bizcə, artıq çatmışdır.

Çay istehsalında ortaya çıxan problemlərdən biri də yaşıl çayın qəbulu və emalı ilə bağlıdır. Düzdür, Lənkəran və Astara rayonlarında bir neçə fabrik vardır. Lakin onlar az miqdarda yaşıl kütləni qəbul etməkdən imtina edirlər. Səbəbini də əsasən irihəcmli emal avadanlıqlarının elektrik enerjisini çox sərf etməsi ilə əlaqələndirirlər. Xam məhsulun kiloqramının fabrik tərəfindən 1 manata götürülməsi də istehsalçını qane etmir. Mütəxəssislərin fikrincə, yaranmış vəziyyəti yoluna qoymaq üçün kiçik (mini) fabriklərin qurulması lazımdır. Qeyd edək ki, Lənkəranda artıq belə bir fabrik tikilmişdir və növbəti mövsümdə məhsul qəbul edəcək. Amma bir fabrik azdır. Yüngül konstruksiyalı belə fabrikləri çayçılıqla məşğul olan bütün rayonlarda, habelə Lənkəranın özünün ayrı-ayrı ərazilərində qurmaq lazımdır.

Prezidentin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda digər kənd təsərrüfatı məhsulları ilə yanaşı, çay yarpağı istehsalının da artırılması qarşıya məqsəd qoyulmuşdur. Bununla əlaqədar artıq bir sıra işlər görülür. Lənkəran rayonunun Vilvan kəndində yaşayan fermer İlyas Əliyev öz vəsaiti hesabına 4 hektara yaxın sahədə nümunəvi çay plantasiyası salmışdır. Bundan əlavə, Lənkəran şəhər sakinləri Rüfət Quliyev və Fərman Quliyev hərəsi 3 hektarda çay əkmişlər. Astara rayonunda da çay istehsalına maraq getdikcə artır.

Mütəxəssislərin hesablamalarına görə, hər il Azərbaycana 22-25 milyon dollarlıq quru çay gətirilərək satılır. Bu çayların keyfiyyəti, ekoloji təmizliyi isə şübhə altındadır. Odur ki, min bir dərdin dərmanı olan öz çayımızın dərdinə əlac etməyin vaxtı çatmışdır.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 11.