Frankfurt sərgisindən xoş təəssüratla
Hər il Almaniyanın Frankfurt
şəhərində ənənəvi olaraq dünya kitab sərgisi
keçirilir. Bəşəriyyətin intellektual
inkişafına və dünya xalqlarının bir-birilə
kitab əlaqələrinin yaranmasına və genişlənməsinə
xidmət edən bu cür tədbirlər həm də
poliqrafiya işinin keyfiyyətinin daha da
yaxşılaşmasına, dünyada kitab biznesinin genişlənməsinə
səbəb olur. Azərbaycan da son bir neçə ildir ki, nəşr
etdiyi müxtəlif mövzuda keyfiyyətli kitablarla bu sərgidə
təmsil olunur.
Bir
neçə gün öncə həmin şəhərdə
keçirilən beynəlxalq kitab yarmarkasında Azərbaycan
bir neçə nəşriyyat və beş yüzədək
adda kitabla təmsil olunub. Sərgidə iştirak edən
nümayəndə heyəti üzvlərindən biri "Azərnəşr"in
baş redaktoru Əlövsət Ağalarov belə tədbirlərin
kitab mədəniyyətinin təbliğində və
inkişafında böyük rola malik olduğunu
vurğulayır:
- Çox möhtəşəm
sərgi idi, dünyanın bütün ölkələri,
dövlət və özəl nəşriyyatları çap
məhsulları ilə təmsil olunurdu. Bir fikri xüsusilə
vurğulayım ki, bu ilin sentyabr ayında Bakıda
keçirilən beynəlxalq kitab sərgisindən sonra Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi ölkədə kitab
mədəniyyətinin inkişafına çox böyük
diqqət yetirir. Bir naşir kimi deyə bilərəm ki, son
illər kitaba maraq artıb, oxucu auditoriyası genişlənib.
Frankfurtdakı sərgidə ölkəmizi təmsil edən
bütün dövlət və özəl nəşriyyatların
hamısı dövlət hesabına maliyyələşdirildi.
Biz bu yarmarkada beş nəşriyyatla təmsil olunurduq. Bunlar
Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr",
Avrasiya Kitab Fondu, "El", "Təhsil" və
"Nurlan" nəşriyyatlarıdır. Qeyd edim ki, nəşriyyatlar
da, apardığımız kitablar da Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən seçilmişdi. Bu və
digər nəşriyyatlar son illər ölkəmizdə
keyfiyyətli kitab nəşrində çox uğurlu
addımlar atıblar. Xüsusən, Qarabağ mövzusunda,
tariximizlə bağlı poliqrafik cəhətdən çox
keyfiyyətli kitablar nəşr ediblər. Onların da bir
neçəsinin kitabları sərgidə təmsil olunurdu.
Bundan başqa, bir müstəqil müəllif də nazirliyin
təşkilati dəstəyilə öz hesabına
getmişdi. Bu, dinşünas alim Zirəddin Tağıyev idi.
O, sərgiyə öz kitablarını aparsa da, daha çox
Azərbaycan kitablarını təbliğ edirdi.
Z.Tağıyev Quranın uşaqlar üçün rusca-Azərbaycanca
variantını işləyib. Onun islam dini haqqında
apardığı kitabları və mütərəqqi fikirləri
son illər Qərbdə bu dinə qarşı yaranmış
neqativ fikirlərə bir aydınlıq gətirirdi. Hətta sərgiyə
gələnlər müəllifdən telefon və
ünvanını götürürdülər ki,
qayıdanda həmin kitablardan onlara göndərsin.
Sərgi-yarmarkanın
başlandığı gün Azərbaycan nümayəndə
heyəti çox aktiv iştirak etdi. Bizim üçün
ayrılan yer olduqca əlverişli idi,
apardığımız kitabları rahat sərgiləyə
bildik. Broşür və bukletlərlə bir yerdə beş
yüz adda kitabla təmsil olunurduq. Hər kitabdan da bir
neçə nüsxə götürmüşdük.
Onların arasında müasir Azərbaycan dövlətinin
banisi Heydər Əliyevin "Azərnəşr" tərəfindən
çap olunan dünyada ən keyfiyyətli kitab
standartlarına cavab verən "Müstəqilliyimiz əbədidir"
çoxcildliyi, həmçinin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yenə də
bizim nəşriyyat tərəfindən yüksək səviyyədə
dərc olunan "İnkişaf məqsədimizdir"
üçcildliyi, Dağlıq Qarabağ münaqişəsinə,
tarixinə, orada törədilən terror hadisələrinə,
Xocalı faciəsinə, şəhidlərə həsr
olunmuş çox dəyərli, sanballı və poliqrafik cəhətdən
yüksək keyfiyyətli kitablar var idi. "Azərnəşr"in
hazırladığı 20-dən artıq buklet və
broşürlər də yüksək keyfiyyətdə tərtib
olunmuşdu. BMT-nin Qarabağla bağlı qətnamələri,
"Qarabağı unutma" plakatı, Azərbaycanın
gözəl təbiəti, Qobustan qayaüstü rəsmləri,
bir sözlə, turizm imkanları barədə geniş məlumat
verən bukletləri (Azərbaycan, alman və ingilis dillərində)
sərgiyə gələnlərə paylayırdıq.
"Təhsil" nəşriyyatında
alman, rus və ingilis dillərində nəfis şəkildə
nəşr olunmuş "Qarabağ" adlı kitab çox
böyük maraq yaratdı. Yaşlı bir xanım macar
tarixçisi bu kitabla çox maraqlandı. Yeri gəlmişkən
qeyd edim ki, həmin sərgidə kitablar satılırdı.
Qadın bu kitabı almaq üçün pul çıxaranda
biz dedik ki, bunu sizə hədiyyə edirik. Təki Siz bu
kitabdan istifadə edin, həqiqəti bilin, mənbələrdən
yararlanın, dərs dediyiniz auditoriyada tələbələrinizə
həqiqəti çatdırın. O, da bundan çox məmnun
qaldı və dedi ki, sizin nazirlilyə və nəşriyyata
təşəkkür məktubu göndərəcək.
Avstriya tarixçi-alimi Erik Fayqlın ermənilərin iç
üzünü açan "Terror haqqında həqiqətlər"
adlı kitabı da maraqla qarşılandı. Bu kitabda tarixin
müxtəlif dönəmlərində ermənilərin
türklərə və azərbaycanlılara qarşı
törətdikləri kütləvi qırğınları,
türk ziyalılarına, diplomatlarına, səfirlərinə
qarşı terror aktları xronoloji ardıcıllıqla
verilib. "Azərnəşr" bu kitabı kütləvi
tirajla çap etsə də, indi əldə qalmayıb.
Çox güman ki, biz o kitabı yenidən yuksək tirajla
çap etməli olacağıq. Çünki tələbat
böyükdür. Almaniyalı naşirlər də bu kitabla
çox maraqlanırdılar. Apardığımız bukletlərin
əksəriyyəti ağrılı mövzumuz olan
Qarabağ müharibəsinə həsr olunmuşdu. Müxtəlif
dövrlərdə dünyanın məşhur alimlərinin,
tarixçilərinin, siyasətçilərinin, səyyahlarının,
məsələn, Qriboyedovun, Simensin, Çavçavadzenin,
Veliçkonun, I Pyotrun, Puşkinin və başqalarının
ermənilər haqqında dedikləri fikirləri bir neçə
dildə buklet şəklində çap edib
aparmışdıq. Bukletləri sərgiyə gələnlərə
paylayırdıq. Erməni nümayəndə heyəti bundan
narahat oldular. Biz onlara dedik ki, bu sözləri biz deyil,
zaman-zaman sizi görüb tanıyan, xislətinizi bilən
görkəmli tarixçilər, alimlər, səyyahlar
söyləyib, biz də nəşr etmişik.
Sərgiyə gələn insanlar
daha çox Xocalı soyqırımına aid kitablara, Azərbaycan
və ingilis dillərində "Qarabağı unutma"
adlı plakata diqqət yetirirdilər. Mədəniyyət və
Turizm Nazirliyindən gedən Elbəy Əli adlı gənc
mütəxəssis ingilis dilində Xocalı
soyqırımı haqqında geniş məlumat verir,
plakatın mənasını insanlara izah edirdi. Elbəy Əli
bir neçə dili çox yaxşı bildiyindən
kitablarımızın təbliği işində sərgidə
çox böyük iş gördü. Sərginin
başladığı ilk gündən sonadək nümayəndə
heyətimizin hər bir üzvü Azərbaycan tarixinin, mədəniyyətinin,
poeziyasının təbliği, Qarabağ faciəsinin, bu
hadisələrdə xalqımızın başına gətirilən
faciələr və dünyanın məsələyə
ikili münasibəti barədə ətraflı məlumat
verirdi.
"El" nəşriyyatının
direktoru Cəfər Bağırov Ermənistanla, Qarabağla
bağlı bütün tarixi həqiqətləri, eyni
zamanda, mədəniyyətimiz, poeziyamız haqqında məlumatları
insanlara çatdırır, Avrasiya Kitab Fondunın rəhbəri
Umud Rəhimoğlu beynəlxalq təşkilatlarla bu sahədə
iş aparırdı. "Nurlan" nəşriyyatından təmsil
olunan dilçi alim professor Nadir Məmmədli isə bir alim və
naşir kimi Azərbaycan kitabının təbliğində
çox böyük fəallıq göstərdi. "Azərnəşr"in
əməkdaşı İslam Sadıq alman alimi Smitin ermənilər
haqqında dediyi fikirləri toplayıb broşür şəklində
alman dilində nəşr etdirmişdi. Bizim pavilyona gələn
erməni nümayəndə heyəti sərgidə bu
kitabı görəndə bizdən xahiş etdilər ki, onu
yığışdıraq.
- Yeri gəlmişkən, ermənilər
daha çox hansı kitabları sərgiyə gətirmişdilər?
Yenə də saxtalaşdırılmış tarixdən,
"bədbəxt erməni xalqı"ndan, qondarma Qarabağ
məsələsindən, oğurluq erməni musiqisindən bəhs
edən kitabları üzə
çıxarmışdılar?
- Çox deyildi. Bir bukletləri
var idi, arasında da xəritə. Bu xəritədə
Qarabağı Ermənistana birləşdirmişdilər. Biz
sərginin təşkilat komitəsinə protest verdik və
izah etdik ki, Azərbaycanın xəritəsini
saxtalaşdırmaq BMT-nin qəbul etdiyi 4 qətnaməyə
ziddir. Səfirliyimizə də bu barədə rəsmi məlumat
verdik. Onlar da bizə bildirdilər ki, həmin bukletdən bir
neçə nüsxəni bizə çatdırın.
Nazirilyin nümayəndəsi sürətli poçt vasitəsilə
səfirliyə bir neçə nümunə göndərdi. Məqsəd
o idi ki, bu cür saxtakarlıqların qarşısı rəsmi
şəkildə alınsın və gələcək sərgilərdə
buna yol verilməsin.
- Başqa sahələrlə
bağlı, məsələn, fundamental elmlərlə, neftlə
bağlı hansı kitablar aparmışdınız?
- Azərbaycanın Rumınyadakı səfiri Eldar Həsənovun narkotika əleyhinə Azərbaycan, rus və ingilis dillərində yazdığı "Narkotik cinayətkarlıq və Avropa İttifaqında onunla mübarizə" adlı kitabıyla çox maraqlanırdılar. Bu kitabda Avropada narkotizmlə mübarizə üsulları, metodları izah olunurdu. İnanırsınız, kitablara o qədər maraq göstərirdilər ki, Avropa ölkələrindən, Türkiyədən olan nümayəndə heyətləri onları bizdən təkidlə istəyirdilər. Hər kitabdan yalnız iki-üç nüsxə aparmışdıq. Sərgiyə gələn insanlar kitabları bizdən almaq istəyirdilər. "Petrol" kitabı, "Molla Nəsrəddin"in cildləri, Bəxtiyar Sadıqovun "Ömrün söz yadigarı" və başqa kitablar sərgiyə gələnləri çox maraqlandırırdı. Sərgiyə çox güclü uşaq nəşrlərini də çıxarmışdıq. Onu da vurğulayım ki, bu gün uşaq ədəbiyyatına, uşaq nəşrlərinə Mədəniyyət və Turizm Nazirliyi çox böyük diqqət ayırır və nəticəsi də göz qabağındadır. Uşaq nəşrləri çox yüksək səviyyədə çap olunur. Bütövlükdə bizim kitabların tematikası, səviyyəsi, poliqrafik cəhətdən keyfiyyəti o biri ölkələrin kitablarından nəinki geri qalmırdı, çoxlarından öndə idi. Türkiyəli dostlarımız hətta buna inanmırdılar, deyirdilər ki, siz vaxtilə yaxşı kitabları İstanbulda nəşr edib aparırdınız. Biz də izah edirdik ki, bəli, on-on beş il öncə belə idi. İndi Azərbaycanın poliqrafiya, kitab nəşri dünya səviyyəsində inkişaf edib.
Qarşıdakı illərdə beynəlxalq kitab yarmarkalarına daha ciddi hazırlaşmağın vacibliyindən danışan Əlövsət Ağalarov Azərbaycanda son illər kitab nəşrinin ürəkaçan olduğunu və oxucu auditoriyasının genişləndiyini xüsusi vurğuladı. Hətta belə bir təkliflə çıxış etdi ki, dirçəlməkdə olan kitabçılığın inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyində Naşirlər və Poliqrafçılar Assosiasiyası yaradılsa, bu, ölkəmizdə kitab mədəniyyətinin və təbliğinin inkişafına güclü təkan verər. Onun fikrincə, belə bir qurum kitabların koordinasiyasına, tematikasının müxtəlifliyinə xidmət edər, təkrar nəşrin qarşısını alar: "Belə, assosiasiya kitab nəşri ilə məşğul olan nəşriyyatların əlaqə saxladığı mərkəz ola bilər. Məlumdur ki, ölkəmizdə altmışdan çox nəşriyyat qeydiyyatdan keçib. Onların arasında Azərbaycanın tarixinə, mədəniyyətinə, elminə və digər sahələrə aid çox unikal kitablar çap edən nəşriyyatlar var. Gələcəkdə keçirilən beynəlxalq sərgilərdə onların da məhsulundan istifadə olunmalıdır. Kitab gəlir gətirən sahədir, bu, tarixən belə olub. Bu gün kitabın nüfuzunu özünə qaytarmağın zamanıdır. Təəssüflə bildirirəm ki, ölkəmizdə kitab mağazalarının az olması Azərbaycanda kitab mədəniyyətinin və təbliğinin qarşısında ən böyük maneədir. Hazırda bədii ədəbiyyatla da bağlı bir problem yaşanır. Bütün dövrlərdə cəmiyyətin intellektual inkişafında bədii ədəbiyyatın böyük rolu olub. Bunun inkişafı üçün də güclü ədəbiyyat yaranmalı, eyni zamanda, onu oxucuya çatdıran kitab mağazaları olmalıdır. Həmin assosiasiya bu məsələlərə, o cümlədən çap olunmuş kitabların ölkənin bütün kitabxanalarına göndərilməsinə nəzarəti də üzərinə götürər. Belə olarsa, həm ölkədə kitab mədəniyyəti inkişaf edər, ən ucqar kitabxanalarımız da son nəşrlərlə təmin olunar, həmçinin güclü biznes sahəsi kimi kitabçılıq da inkişaf edər".
Rəsmiyyə RZALI
Azərbaycan.- 2009.-5
noyabr.- S.11.