Kitaba məhəbbət qəzet, jurnal oxumaqdan
başlayır
Uşaqlar haqqında həmişə
ən gözəl və xoş sözlər deyilib.
Bütün müdriklər ömrümüzə işıq
gətirən, ailələrə fərəh bəxş edən
balacaları çox haqlı olaraq "xoş gələcəyimiz"
adlandırıblar. Uşağın düzgün tərbiyəsi
təkcə bir ailənin deyil, bütün cəmiyyətin
önəm verdiyi əsas məsələlərdəndir. Elə
buna görə də məşhur pedaqoqlar, təcrübəli
psixoloqlar uşağın düzgün tərbiyəsi ilə
bağlı dəyərli araşdırmalar apararaq kitablar
yazıblar, məsləhətlər veriblər. Uşaq tərbiyəsi
ailədə elə ahəngdə qurulmalıdır ki, gələcəkdə
onun ancaq xoş bəhrəsini görəsən.
Düzgün tərbiyə uşağın hərtərəfli
formalaşması deməkdir. Təbii ki, milli mentalitetin, adət-ənənənin,
sınaqlardan çıxmış üsulların, təcrübələrin
öz yeri və əhəmiyyəti var. Uşağın tərbiyəsində
ailə mühiti xüsusi əhəmiyyət
daşıyır. Əbəs yerə deməyiblər ki,
uşaq ailənin güzgüsüdür. Valideyn necədirsə,
ailədəki etik münasibətlər, davranış, əhval-ruhiyyə
- bütün bunların hamısı ifrat dərəcədə,
yəni, olduğundan da artıq o güzgüdə əks
olunur. Bu səbəbdən də heç kəs
uşağının tərbiyəsini
başlı-başına qoymamalıdır.
Uşaq beyni ağ və ləkəsizdir.
Onun hərəkətləri, özünü idarə etməsi,
həyata baxışı, bax, bu ağ vərəqlərə
böyüklərin nə yazacaqlarından asılı olur.
Ona görə də bu işi elə bələkdən
görmək lazımdır ki, gələcəkdə valideynlər
xəcalət, uşaqlar da əziyyət çəkməsinlər.
Uşağın hərtərəfli inkişafında, biliklərinin
formalaşmasında, mənən zənginləşməsində,
həyata baxışında, dünyaya bələdliliyində
kitabların böyük rolu var. Məşhur bir müdriyin
fikridir: "Mən özümdəki yaxşı cəhətlərə
görə kitablara borcluyam".
Təəssüf ki, bu gün
kitabın kitabı bağlanıb. Kompüterin, internetin və
digər elektron vasitələrin həyatımıza daxil
olması bu əvəzsiz sərvətin qarşısına
bir sədd çəkib. Bəs nə etməli? Axı,
heç bir zaman normal ailə sahibi, valideyn kimi biz öz
uşaqlarımızın tərbiyəsini, əxlaqını
başlı-başına, zamanın ixtiyarına
buraxmırıq. Mütləq onlara nəzarət edir, milli adət-ənənə
ruhunda böyütməyə çalışırıq.
Mütaliə özü də bax, bu mənəvi dəyərin
bir parçasıdır. Əgər övladımızın
əxlaqında, mənəviyyatında naqisliyin
olmasını istəmiriksə, onda mütaliə mədəniyyətinin
yüksək səviyyədə inkişaf etməsinə səy
göstərməliyik. Bunun isə əsası birinci olaraq ailədə
qoyulur.
Sovet dövründə uşaqlar
bağçaya gedərkən onlara müxtəlif şəkilli
kitablar, eləcə də qəzet və jurnallar
oxudardılar. Hər bir uşaq "Göyərçin"
jurnalının yeni nömrəsini səbirsizliklə gözləyərdi.
Bu jurnalın səhifələrində uşaqların yaş
səviyyəsinə uyğun bilgilər, şəkillər,
nağıllar, şeirlər verilərdi. Uşaq məktəbə
artıq tam hazır olurdu. Orta məktəbdə oxuyanda isə
ibtidai siniflərdə "Azərbaycan pioneri" qəzetinə,
"Pioner" jurnalına abunə yazdırılardı. Bir qədər
yuxarı siniflərdə isə mütləq "Azərbaycan
gəncləri" qəzetinin abunəçisi olardılar. Bəzən
demokratiyanı anarxiya ilə qarışdıraraq sərbəstliyin
son dərəcədə aludəçisi oluruq. Halbuki
uşaq tərbiyəsində heç bir sərbəstliyə,
xoş nəticəsi gözlənilməyən müstəqilliyə
yol verilməməlidir. Biz nə qədər uşağın
döyülməsinin, söyülməsinin, fiziki təzyiqlərə
məruz qalmasının əleyhinə oluruqsa, bir o qədər
də onların həddən artıq əzizlənməyinin,
ərköyün böyüməsinin tərəfdarı da
deyilik. Nə kötəklə, nə də çərçivələri
aşan "məhəbbət"lə uşaqları
düzgün tərbiyə etmək mümkündür. Yəni,
bu balans mütləq qorunmalıdır. Ataların bu
mövzuda məsləhəti də var: "Qızını
döyməyən dizini döyər",
"Uşağım əzizdir, tərbiyəsi ondan əziz".
Uşağın kitaba marağını artırmaq
üçün onların öz mətbuatı mütləq
olmalıdır. Təəssüf ki, uzun illər biz nəslin
formalaşmasında böyük əhəmiyyət
daşıyan uşaq mətbuatının bu günü
acınacaqlı durumdadır. Əgər biz uşağı
kitab oxumağa yönəltmək istəyiriksə, ilk
növbədə, bu iş onlara öz mətbuatını
qaytarmaqdan başlamalıdır. Sovet dövründə
çıxan bir sıra uşaq mətbuatı müstəqilliyimizi
qazandıqdan sonra adlarını dəyişdilər. Məsələn,
"Pioner" "Günəş", "Azərbaycan
pioneri" isə "Savalan" oldu. Bu ad dəyişmədə
də fikirlər haçalanır. Əslində,
"pioner" fransız sözü olub əsas mənası
elm, mədəniyyət sahəsində yeni bir ideyanını
əsasını qoymuş adama deyirlər. Söz birincilik mənasındadır.
Məsələn, "Ramazan dayı Azərbaycan neftçilərinin
pioneridir" (M.Hüseyn "Neft daşları" məqaləsi).
Burada heç də boynuna pioner qalstuku bağlamış insan
nəzərdə tutulmur. Yəni, Ramazan dayı Azərbaycan
neftçilərinin birincisidir. Bundan başqa, Moskvada
"Komsomolskaya pravda" qəzeti çıxırdı. Bu
gün də fəaliyyəti davam edir, adını dəyişməyib.
Əsl məsələ adda deyil, məzmundadır. Bizə elə
gəlir ki, adı dəyişib, amma "köhnə hamam,
köhnə tas" əhval-ruhiyyəsi ilə qəzet
çıxarmaqdansa, elə həmin mətbu orqanı
bağlamaq daha yaxşı olar. Ad heç nəyi təzələmir.
Bu gün "Günəş", "Savalan"
çıxır. Amma auditoriyası yoxdur, tirajı azdır.
Halbuki 400-500 min tirajla çıxdığı vaxtlar olub. Eləcə
də "Göyərçin" jurnalı. Həyata
qanadlandığı gündən öz zərif
uçuşundadır. Amma əvvəllər daha çox məsafələr,
ünvanlar qət edərdi. İndi yayılması çox məhdudlaşıb.
Əgər biz uşağı bağçaya, məktəbə
qoymağa məcburuqsa, onun mütaliəsinin davamlı
olmasını da mütləq təmin etməliyik. Bu işi
özbaşına buraxmaq, ona laqeyd münasibət göstərmək,
hətta qarşısını almaq yaramaz! Niyə orta məktəblərdə
şərəfli tarixi olan bu cür uşaq mətbuatına
abunə aparılmasın? Bunun nəyi pisdir? Uşaqların,
xüsusilə də, orta məktəb şagirdlərinin
internet klublara, barlara getməsinə, küçələrdə
avaralanmasına, televiziyalarda keçirilən bayağı və
şit şoularda iştirakına necə göz yummaq olar?! Bu
"azadlığın", "sərbəstliyin" zərbəsi
gələcəyimizə dəyir, axı! Biz nəslin
yadındadır ki, "Azərbaycan gəncləri" qəzeti
430-500 min tirajla çap edilirdi. Bu qəzeti Azərbaycanda
oxumayan yeniyetmə tapılmazdı. Bəzən də onun pərəstişkarları,
həvəskarları, oxucuları o qədər çox olurdu
ki, qəzetin köşklərə getməsi ilə
satılması bir an çəkirdi. Bəs nə oldu bizə?
İndinin uşaqları oxumaq qabiliyyətini itirdi, yoxsa... Bu qədər
qəzet və jurnal bolluğunda niyə uşaq mətbuatının
vəziyyəti belə ağır durumdadır? Səbəb nədir?
Birinci növbədə, uşaq mətbuatına abunənin
olmaması və onun unudulmasıdır. Maraq üçün
"Göyərçin" jurnalının son nömrələrini
vərəqlədik. Bu jurnalın səhifələrində nəinki
balacaların, hətta gənclərin öyrənməsi
üçün o qədər vacib məlumatlar, materiallar,
bilgilər var ki?! Tarixi və əlamətdar günlərimizdən,
milli bayramlarımızdan tutmuş bugünkü
ağrı-acılarımıza qədər çox vacib
mövzular həmin jurnalın səhifələrində əks-səda
tapır. Körpələrin yaşına,
dünyagörüşünə, təfəkkürünə
münasib şeirlərin, kiçik hekayələrin
seçilməsi də məharətlə aparılıb.
Bu yaxınlarda televiziyada 15-16
yaşlı bir oğlandan ermənilər tərəfindən
işğal edilmiş rayonlarımızın adını
soruşurdular. Cavabdan dəhşətə gəldik. Oğlan
sayırdı: "Ağcabədi, Ucar, Cəlilabad..."
Bu məsələdə ailənin
biganəliyi öz yerində. Əgər məktəbdə o
uşağa vaxtında "Göyərçin"i,
"Günəş"i, "Savalan"ı oxutduran
olsaydı, nə qədər əfəl olsa da, yenə beynində
adlar ilişib qalardı. İndi ictimai təşkilatlarda, bir
sıra görüşlərdə, tədbirlərdə,
müzakirələrdə bir məsələ tez-tez
vurğulanır: kitabın əvvəlki şöhrətini
özünə qaytarmaq, insanlarda mütaliə mədəniyyətinin
formalaşmasına nail olmaq. Bütün bunlar
üçün isə birinci yol uşaq mətbuatını
oxumaqdan və ya oxutmaqdan başlayır. "Azərbaycan gəncləri"
qəzeti tarixin arxivinə verilib. Əvəzində kimsə
haradasa "Azərbaycan gəncliyi" qəzeti nəşr
etdirdi. Onun da amalı xəstə, ruhu düşkün
olduğundan adı Mətbuat Şurasının "qara
siyahısı"na yazıldı. Adlarını çəkdiyimiz
digər uşaq mətbuatının dövriyyəsi
davamlı, yayılması da geniş deyil. "Göyərçin"
kimi maraqlı, gərəkli uşaq jurnalından bu gün Azərbaycan
balalarının, demək olar ki, çoxunun xəbəri
yoxdur.
Bu ilin aprelində Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradıldı. Təbii ki, fond öz fəaliyyətini
qanunçuluq, əməkdaşlıq,
qarşılıqlı məsuliyyət və hesabatlıq
prinsipləri əsasında qurarkən uşaq mətbuatının
da inkişafına xüsusi fikir verəcək. Elə bunun əks-sədası
kimi Mətbuat Şurasının təşəbbüsü
ilə "Azərbaycan KİV sistemində uşaq və gənclər
mətbuatının rolu: dünən, bu gün, sabah"
mövzusunda "dəyirmi masa" keçirildi. Həm
KİV-nin inkişafına Dövlət Dəstəyi Fondunun,
həm Mətbuat Şurasının əsas məqsədi
ondan ibarətdir ki, uşaq və gənclərin fiziki-mənəvi
inkişafında mətbuatın rolu artırılsın. Yəqin
ki, mövcud olanlara xüsusi diqqət yetiriləcək,
onların problemlərinin həllinə kömək göstəriləcək.
Ən azı, biz bu ümiddəyik. Üzümüzə gələn
yayda Azərbaycan mətbuatının 135 illik yubileyi olacaq. Bu
şərəfli günü ləyaqətlə
qarşılamaqdan ötrü gərəkdir ki, Azərbaycan
mediasında özünəməxsus yeri və xidməti olan
uşaq və gənclər mətbuatının durumu
yaxşılaşdırılsın.
"Tərbiyə"
sözünün kəsb etdiyi məna çox genişdir. Bu,
yalnız uşağı yaxşı geyindirməkdən,
firavan saxlamaqdan, nəvazişlə böyütməkdən,
yaylağı, qışlağı, xarici ölkələri
gəzdirməkdən, bolluca oyuncaqlar almaqdan, təntənəli
günlər keçirməkdən, ziyafətlərə,
toylara aparmaqdan - bir sözlə, maddi cəhətdən zəngin
yaşatmaqdan ibarət deyil. Bu, məsələnin zahiri tərəfidir.
Uşağın həm də mənən zəngin
böyüməsinə çalışmaq lazımdır.
Onun daxili dünyası ilə zahiri görünüşü
arasında qırılmaz bağlılıq, yaxşı
geyindiyi kimi yaxşı da zövqü olmalıdır.
Yaşıdlarından xəbər tutmalıdır, tarixini
bilməlidir, vətəninin sərhədlərini
tanımalıdır. Öz təfəkkürünə
uyğun da mədəniyyəti formalaşmalıdır. Bizim əsl
vətəndaşlığımız bax, vətənin o
kiçik övladlarının düzgün tərbiyəsindən
doğulur. Çalışaq ki, ilk təbəssümlərindəki
səmimiyyət ömrü boyu onların gülüşlərində
də yaşasın. Uşaqlarla bağlı hər birimizin
devizi belə olmalıdır: sağlam bədən, sağlam
ruh. Uşaqların mənən yarımçıq
böyüməməsi üçün tərbiyə
komponentlərinin birləşdirilməsi çox vacibdir.
Mütəxəssislər təsdiqləyirlər ki, bunun da
ilk yolu mütaliə mədəniyyətindən keçir. Gəlin,
mətbuatı uşaqlara qaytaraq, onları da kitablara!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 5 noyabr.- S. 11.