"Əsrin müqaviləsi" Azərbaycanın qarşısında yeni inkişaf yolu açmışdır

 

- Əziz neftçilər, əziz dostlar!

Mən sizin hamınızı Neft Daşlarının 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı və gələcək uğurlar arzulayıram.

Bu gün nümayiş etdirilən film Neft Daşlarının şanlı tarixini göstərir. Doğrudan da bu tarix dünyada nadir bir tarixdir. Dünya miqyasında dənizdə ilk dəfə olaraq neft çıxarılması məhz Azərbaycan neftçiləri tərəfindən başlanmışdır. Bu gün Neft Daşları yaşayır. Neft Daşlarında aparılan quruculuq-abadlıq işləri məni çox sevindirir.

Beş il bundan əvvəl biz sizinlə bərabər bu salonda Neft Daşlarının 55-ci ildönümünü qeyd edirdik. Qısa müddət ərzində - cəmi 5 il ərzində burada görülmüş işlər, bu gün burada gördüklərim məni çox sevindirir. Həm neftçilərin məişət şəraiti yaxşılaşır, həm də Neft Daşları abadlaşır, gözəlləşir. Eyni zamanda, Neft Daşlarında Azərbaycan neft sənayesi üçün əvəzolunmaz texniki qurğular yaradılır. Bu gün biz yeni kompressor stansiyasının açılışını bərabər qeyd etdik. Beləliklə, Azərbaycanın neft-qaz potensialının gücləndirilməsi və müasirləşməsi üçün çox vacib addım atılmışdır.

Neft Daşları həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Bu gün göstərilən filmdəki maraqlı tarixi məqamlar bir daha bunu əyani şəkildə sübut edir. Neft Daşları Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır. Çox vacibdir ki, neftçilərin məişət şəraiti, iş şəraiti, sosial vəziyyəti daim diqqət mərkəzində olsun. Neft Daşlarının inkişafı bunu göstərir. Gələcəkdə daha da böyük işlər görüləcəkdir. Azərbaycan öz neft-qaz potensialının gücləndirilməsi üçün daha da böyük işlər görəcəkdir.

Dünyada sənaye üsulu ilə ilk neft Azərbaycanda hasil edilmişdir, dənizdə ilk neft Azərbaycanda hasil edilmişdir. Bu gün müstəqil Azərbaycan neft-qaz sahəsində yenə də öndə gedən ölkələrin sırasındadır. Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri qaldırılanda, ilk növbədə Azərbaycan haqqında söhbət aparılır. Məhz Azərbaycan neftçiləri tərəfindən yaradılmış bu sərvət bu gün ölkəmizin müstəqil ölkə kimi yaşamasına şərait yaradır.

Azərbaycan öz neft-qaz potensialını çox böyük məharətlə və müdrikliklə realizə edir. Həm 1970-1980-ci illərdə, həm İkinci Dünya müharibəsi illərində, həm bu gün müstəqillik dövründə Azərbaycan nefti həmişə olduğu kimi, Azərbaycan xalqının rifah halının, Azərbaycan dövlətinin inkişafı naminə öz rolunu oynayır. İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi. Faşizm üzərində Qələbədə Azərbaycan neftinin, Azərbaycan neftçilərinin müstəsna xidmətləri vardır. Ondan sonrakı illərdə neft sənayesində, o cümlədən Neft Daşlarında aparılan işlər yeni layihələrin inkişafına təkan vermişdir. Əgər vaxtilə Neft Daşlarında Azərbaycan neftçiləri ağır, çətin şəraitdə böyük qəhrəmanlıq göstərərək işlərə başlamasaydılar, ondan sonrakı layihələr ya gecikə, ya ümumiyyətlə həll olunmamış qala bilərdi. Bu gün Azərbaycanın neft-qaz potensialının əksəriyyətini təşkil edən "Azəri-Çıraq-Günəşli" yataqlarının kəşfiyyatı və işlənilməsi məhz 60 il bundan əvvəl burada qoyulan təməl üzərində reallaşır.

1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda neft sənayesinin inkişafı istiqamətində çox əlamətdar və tarixi əhəmiyyət daşıyan addımlar atıldı. Bu filmdə onların bir hissəsi göstərildi. Əgər dərin özüllər zavodu tikilməsəydi, "Əsrin kontraktı"nın icrası bir neçə il yubana bilərdi. Yaxud da "Əsrin kontraktı"nda təsdiq edilmiş şərtlər bizim üçün daha da ağır ola bilərdi. Əgər bizim çox inkişaf etmiş neft infrastrukturumuz, xüsusi gəmilərimiz və platformalarımız olmasaydı, "Əsrin kontraktı"nın imzalanması hesab edirəm ki, bizə o qədər böyük səmərə verməzdi, ümumiyyətlə, xarici şirkətlər 1994-cü ildə Azərbaycana sərmayə qoyacaqdı, qoymayacaqdı, bu, hələ sual doğururdu.

Yəni, bugünkü Azərbaycanın inkişafında, müstəqil ölkə kimi inkişafında və güclənməsində neftçilərin payı, əməyi, zəhməti çox böyükdür. Azərbaycan xalqı bunu həmişə yadda saxlayır.

1970-1980-ci illərdə neftayırma sahəsində, neft hasilatı sahəsində çox böyük və önəmli addımlar atılmışdır. Azərbaycan müstəqilliyi bərpa edəndə, əlbəttə ki, 1970-1980-ci illərdə, ondan əvvəlki illərdə görülmüş işlər bizim inkişafımızı müəyyən etdi. Baxmayaraq ki, 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində Azərbaycanda neft-qaz hasilatı kəskin şəkildə aşağı düşmüşdü.

Hətta biz yaxşı xatırlayırıq ki, özümüzü təbii qazla təmin edə bilmirdik və bir müddət xaricdən qaz alırdıq. Ancaq bu gün Azərbaycan öz enerji təhlükəsizliyi məsələlərini tam şəkildə həll edib. Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi öz mühüm rolunu oynayır. Azərbaycanın neft-qaz resursları başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır.

Ancaq müstəqilliyimiz əldə ediləndə neft sənayesi bütün başqa sənaye sahələri ilə bərabər ağır vəziyyətdə idi. İnvestisiyalar demək olar ki, yox idi, mərkəzləşdirilmiş fondlar yox idi, Azərbaycan iqtisadiyyatı tənəzzülə uğrayırdı. Ölkədə gedən xoşagəlməz proseslər - sabitliyin pozulması və hərc-mərcliyin, anarxiyanın yaranması, əlbəttə ki, xarici investorları Azərbaycana cəlb etmək üçün müsbət rol oynaya bilməzdi. Bir vaxt neft diyarı, dünyanın neft paytaxtı kimi tanınan Azərbaycan və Bakı neft-qaz sahəsində çətinliklərlə üz-üzə qalmışdı.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra - 1993-cü ildən bu sahədə vəziyyət dəyişdi və müsbətə doğru meyillər görünməyə başlanmışdır. Qısa müddət ərzində - hakimiyyətə gələndən sonra bir il ərzində "Əsrin kontraktı" imzalanmışdır. "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı, eyni zamanda, bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması, eyni zamanda, böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz ona nail ola bilmişik. Bu gün - 15 il keçəndən sonra biz görürük ki, "Əsrin kontraktı"nın imzalanması, əslində, Azərbaycan qarşısında yeni inkişaf yolunu açmışdır.

O illər hamımızın yaxşı xatirimizdədir. Azərbaycan özünü dünyaya təqdim etdi. Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərdi və beləliklə, böyük investisiyaları Azərbaycana cəlb etdi. Bütün gənc, müstəqil ölkələr öz inkişafı üçün ilkin addımları birinci növbədə xarici investisiyalar hesabına atırlar. Azərbaycan da o yolu keçmişdir. Ancaq bu gün özümüz başqa ölkələrə investisiya qoyuruq. Azərbaycan Dövlət Neft Şirkəti bu gün xaricdə investisiyalar qoyur. Yəni biz artıq xarici sərmayədən asılı deyilik. Əgər xarici sərmayələr Azərbaycana qoyularsa, əlbəttə ki, biz bundan çox məmnun olarıq. Qoyulmazsa, bu, bizim inkişafımıza heç bir təsir etməyəcəkdir.

Bizim indi əsas vəzifəmiz investisiyaları neft-qaz sektoruna deyil, qeyri neft-qaz sektoruna cəlb etməkdir. Çünki neft-qaz sahəsində biz istədiyimizə nail ola bilmişik. Azərbaycan indi böyük neft-qaz hasilatçısıdır. Bizim yeddi neft-qaz kəmərimiz vardır - üçü neft kəməri, dördü qaz kəməri.

Biz nefti də, qazı da müxtəlif ölkələrə ixrac edirik. Biz artıq neft sənayesinin inkişafı sayəsində elektrik enerjisini də ixrac edirik.

Beləliklə, biz hətta böhranlı 2009-cu ildə maddi sıxıntılar yaşamırıq. Əksinə, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, hətta 2009-cu ildə iqtisadiyyatı inkişaf edib və bu ilin 9 ayında iqtisadiyyat 6 faizdən çox artıb. Bütün bunların təməlində, əlbəttə ki, Azərbaycanın neft strategiyası dayanır. Dövlət Neft Şirkətinin xarici tərəfdaşlarla uğurlu əməkdaşlığı bugünkü reallıqları yaradıbdır. Azərbaycan fəxr edir ki, biz dünyada müstəqil siyasət aparırıq. Bu, həqiqətən də belədir. Artıq bütün dünya bunu bilir və bu, hər bir ölkə üçün ən vacib məsələdir. Biz bu müstəqil siyasəti nəyin hesabına apara bilirik? İlk növbədə, ona görə ki, biz iqtisadi cəhətdən müstəqilik. Biz heç kimdən asılı deyilik. Biz öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının yaratdığı maddi imkanlar, dəyərlər hesabına yaşayırıq.

Əlbəttə ki, iqtisadi müstəqillik bizə siyasi müstəqillik də verir. Biz öz sözümüzü qətiyyətlə deyirik. Biz bölgədə yaşanan proseslərə daim öz münasibətimizi bildiririk. Artıq bölgədə Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüs reallaşa bilməz. Bu, artıq reallıqdır və bu reallığı biz özümüz yaratmışıq. Nə iqtisadi, nə siyasi, nə enerji, nə nəqliyyat sahəsində heç bir layihə icra oluna bilməz. Azərbaycan bölgənin çox güclü ölkəsinə çevrilibdir və bu müstəqil siyasəti aparmaq üçün, ilk növbədə, iqtisadi imkanlar bizim üçün şərait yaradır. Əgər ancaq iqtisadi imkanlar olsaydı və başqa amillər olmasaydı, müstəqil siyasət aparmaq, Azərbaycan xalqının maraqlarını tam şəkildə qorumaq bizim üçün yenə də çətin olardı. Bizdə iqtisadi müstəqilliklə bərabər çox güclü siyasi iradə vardır. Biz prinsipial mövqedən yanaşırıq. Azərbaycan xalqının maraqlarını bütün sahələrdə və istənilən formada müdafiə edirik. Bu amillərin sintezi Azərbaycanın hərtərəfli inkişafı üçün şərait yaradır. Azərbaycanı dünya miqyasında böyük hörmətə malik olan ölkə kimi tanıdır və ən önəmlisi Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət göstərir.

Cəmi beş il keçibdir. Siz - Neft Daşlarının əməkdaşları burada işləyirsiniz, burada yaşayırsınız. Siz bu müsbət dəyişiklikləri görürsünüz və bu dəyişikliklər hər yerdə vardır. Bakı şəhəri nə qədər gözəl olubdur, nə qədər gözəl yollar, xiyabanlar, parklar, insanlar üçün istirahət yerləri, məktəblər, tibb ocaqları, bölgələrimizin inkişafı. İndi Azərbaycanın bölgələrində gedən proseslər bəzi ölkələrin paytaxtlarında gedən proseslərdən daha da dəyərli və qiymətlidir, inkişaf çox sürətlidir. Bütün bölgələrimiz abadlaşır, gözəlləşir. Hər yerdə inkişaf, hər yerdə yenilik, hər yerdə müasirlik - nəyin hesabına? Ancaq və ancaq öz siyasi iradəmizi ortaya qoyub, 1990-cı illərin ağır dövründə düzgün qərarın qəbul edilməsi hesabına. Bu gün Azərbaycan xalqının inkişafı artıq reallıqdır.

Bütün bunları xatırlatmaqla bir daha demək istəyirəm ki, neft sənayesinin və neftçilərin ölkəmizin inkişafında çox böyük rolu, çox böyük xüsusi çəkisi vardır. Bu, bütün dövrlərdə belə olub. Ancaq 1991-ci ilə qədər Azərbaycan müstəqil dövlət deyildi. Ancaq biz Azərbaycanda yaranan o sərvətlərdən, - əlbəttə ki, onların bir hissəsi Azərbaycanın inkişafına çox böyük təkan vermişdir, - öz təbii resurslarımızdan müstəqil şəkildə istifadə edə bilmirdik. Əgər o vaxt, 1950-ci, 1960-cı, 1970-ci illərdə Azərbaycan müstəqil ölkə olsaydı, görün indi nə qədər inkişaf edərdi. Ancaq buna baxmayaraq və baxmayaraq ki, 1991-ci ildə ən ağır vəziyyətdə olan Azərbaycan demək olar, iqtisadi və siyasi cəhətdən dünya xəritəsindən silinirdi, 1993-cü ildən bu günə qədər keçdiyimiz uğurlu yol onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır. Biz böyük nailiyyətlərə nail olmuşuq. Biz ölkəmizi gücləndirmişik. Neft-qaz potensialımızı böyük dərəcədə artıra bilmişik. Bu il Azərbaycanda 50 milyon ton neft hasil ediləcəkdir. Bu, rekord göstəricidir və biz çalışmalıyıq ki, bu müsbət dinamika və bu hasilatın davamı təmin edilsin.

Bu gün Azərbaycan dünyada və Avropada daha çox qaz ölkəsi kimi tanınır. Bu da müasir reallıqdır. Qaz sahəsi heç vaxt Azərbaycanda ön planda deyildi. Amma bu gün qaza daha da çox böyük tələbat vardır. Qaz hasilatı konkret bazarlara bağlandığına görə, əlbəttə ki, qaz siyasətində vəziyyət neft siyasəti ilə müqayisədə başqadır. Biz buna da hazırıq. Bu gün mənə verilən məlumata görə, Azərbaycanın qaz imkanları çox böyük səmərə ilə işə salınır. Bu gün açdığımız qaz-kompressor stansiyası bütün səmt qazının yığılması üçün bizə şərait yaradacaqdır. Bu gün Azərbaycanın qaz anbarlarının tutumu təxminən iki milyard kubmetrə çatdırılıb. Halbuki bir neçə il bundan əvvəl bizim anbarlar 500 milyon kubmetr həcmində idi. Bu, bizə hansı imkanları yaradacaq? İlk növbədə, Azərbaycanda qazlaşma daha da sürətlə gedəcək. Digər tərəfdən bizim ixrac imkanlarımız daha da artacaqdır. İxrac imkanlarımız, qaz ixracı imkanlarımız artdıqca həm ölkəmizə daha da çox vəsait daxil ediləcək, eyni zamanda, bizim siyasi önəmimiz, siyasi çəkimiz daha da artacaqdır.

Bütün bu məsələlər bir-birilə bağlıdır. Neftçilərin zəhməti hesabına bu gün Azərbaycanda sosial məsələlər uğurla həll edilir. Bütün çadır şəhərcikləri ləğv edildi və soydaşlarımız, işğaldan əziyyət çəkən soydaşlarımız normal, müasir evlərə köçürüldü. Bu da böyük nailiyyətdir.

Ölkəmiz üçün vacib olan müxtəlif layihələr Azərbaycan Dövlət Neft Fondunun xətti ilə icra edilir. Su kəmərləri, suvarma kanalları, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, təhsil məsələlərinin həlli, növbəti ildən ekologiya və alternativ enerji mənbələrinin yaradılması sahəsində də Neft Fondunun vəsaitindən istifadə olunacaqdır. Budur, bizim iqtisadi imkanlarımızın təməlində neft sənayesidir.

Neftdən əldə olunan gəlirlər də şəffaf şəkildə saxlanılır. Azərbaycan Dövlət Neft Fondu dünyada şəffaflıq təcrübəsinə görə birincidir. Dünyada bir neçə ölkədə neft fondları vardır. Şəffaflıq və idarə olunması baxımından Azərbaycan Dövlət Neft Fondu birinci yerdədir. Baxmayaraq ki, Azərbaycan Dövlət Neft Fondu cəmi on il bundan əvvəl yaradılmışdır. Bu şəffaflıq bizə imkan verir ki, neftdən gələn gəlirlər iqtisadiyyatın vacib olan sahələrinə səmərəli şəkildə yönəldilsin, yeni iqtisadi imkanlar yaradılsın, sosial məsələlər həll olunsun və iqtisadiyyatımız hərtərəfli inkişaf etsin.

Neftin qiyməti qısa müddət ərzində 140 dollardan 37 dollara düşmüşdür. Azərbaycanda bir adam bunu hiss elədi?! Halbuki dövlət büdcəmiz - bu ilin büdcəsində neftin qiyməti 70 dollardan hesablanıb. Bir adam bunu hiss etmədi. Nə üçün? Çünki birincisi, Azərbaycan dövlətinin güclü sosial siyasəti vardır və bu sosial məsələlərin həlli prioritetdir. İkincisi, Azərbaycanın iqtisadiyyatı artıq təkcə neft-qazdan asılı deyildir. Neft sənayesindən əldə edilən gəlirlərin ağılla və böyük səmərə ilə qeyri-neft sektoruna yatırılması nəticəsində Azərbaycanda kənd təsərrüfatı, tikinti, emal sektoru sürətlə inkişaf edir. Bu gün biz artıq ərzaq təhlükəsizliyinin böyük hissəsini həll etmişik. Azərbaycan özünü əsas ərzaq məhsulları ilə demək olar ki, maksimum dərəcədə təmin edir.

Bu, heç vaxt belə olmayıb. Həmişə Azərbaycan ərzaq məhsullarının idxalından asılı idi. Vəzifə qoyulmuşdu ki, özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik və biz bu məqsədə çatırıq. Güzəştli kreditlərin verilməsi, Dövlət İnvestisiya Şirkətinin yaradılması, bölgələrdə infrastruktur layihələrinin icrası, elektrik stansiyalarının tikintisi - bütün bunlar vəsait tələb edir, pul tələb edir. Bəzi başqa ölkələrdən fərqli olaraq bizə qıraqdan heç kim pul vermir. İndi bizim buna ehtiyacımız da yoxdur. Bütün bunları biz öz hesabımıza edirik. Bu hesab hansı hesabdır? Bu hesab neftçilərin əməyidir. Bu gün Azərbaycan vətəndaşları neftçilərin hesabına daha da yaxşı yaşayırlar, qaçqınlar daha da yaxşı vəziyyətdə yaşayırlar. Son beş il ərzində Azərbaycanda 1800 məktəb tikilibdir. Uşaqlar yaxşı məktəblərdə oxuyurlar.

Bütün bunların təməlində, bir daha demək istəyirəm ki, neft sənayesidir, Azərbaycan neftçiləridir. Həmişə olduğu kimi, Azərbaycan neftçiləri çox böyük hörmətə malikdirlər. Bu hörməti onlar öz zəhməti hesabına, çətin, ağır şəraitdə Azərbaycanın inkişafı üçün çəkilən zəhmət hesabına qazanmışlar.

Azərbaycan Dövlət Neft Şirkəti son illərdə sürətlə inkişaf edir. Vəzifə qoyulmuşdur ki, Azərbaycan Dövlət Neft Şirkəti dünya miqyasında beynəlxalq və aparıcı şirkətlərin birinə çevrilsin. Bu istiqamətdə vacib addımlar atılır. Artıq Azərbaycan Dövlət Neft Şirkəti öz imkanları, həm maliyyə, həm texniki imkanları hesabına kəşfiyyat işləri aparır. "Ümid" yatağında qazma işləri başlanmışdır. "Babək" yatağında eyni dərəcədə qazma işləri aparılmalıdır. Əgər o qazma işləri uğurla nəticələnsə, - biz buna inanırıq, - Azərbaycanın neft-qaz potensialı daha da artacaqdır.

Azərbaycan Dövlət Neft Şirkəti artıq xarici ölkələrə böyük investisiyalar qoyur. Həm bölgə ölkələrində, həm Avropanın mərkəzində, eyni zamanda, Uzaq Şərqdə Azərbaycan Neft Şirkətinin nümayəndəlikləri vardır və bu proses davam edir. Yəni, qlobal, transmilli, ancaq, eyni zamanda, milli və dövlət şirkəti olan Azərbaycan Dövlət Neft Şirkəti dünya miqyasında neft şirkətləri arasında reytinqdə yaxşı yerlərdədir. Azərbaycan Dövlət Neft Şirkətinin gücləndirilməsi həm Azərbaycanın maraqlarına cavab verir, həm də Azərbaycanda neft-qaz sənayesinin inkişafı, sosial məsələlərin həlli üçün çox vacibdir.

Son bir neçə il ərzində Dövlət Neft Şirkəti tərəfindən bölgələrdə doqquz ən müasir diaqnostika-müalicə mərkəzləri tikilmişdir, beş-altısı da tikilməkdədir. Həm sosial yük, həm iqtisadi yük, həm xaricdə investisiyalar, yəni bu, doğrudan da böyük işlərdir. Bu, bir daha Azərbaycanın inkişafını göstərir. Biz həm gündəlik həyatda, həm uzunmüddətli strategiyamızda bir məqsədi qarşımıza qoymuşuq: Azərbaycanın güclənməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, Azərbaycan xalqının daha da yaxşı yaşaması. Qısaca desəm, əsas istiqamətlər bunlardır. Bu yolda bütün addımlar Azərbaycanın maraqlarına cavab verir, bütün qərarlar vaxtında icra edilir. Belə olan halda Azərbaycanın inkişafı uzunmüddətli və dayanıqlı olacaqdır.

Bax, 2009-cu il bütün ölkələr üçün bir sınaq ili idi. 2009-cu ilə qədər mənzərə o qədər də aydın deyildi, kim nəyə qadirdir. Məhz ən ağır, ən çətin sınaq ili olan 2009-cu ildə Azərbaycan göstərdi ki, dünyada nadir ölkələrdəndir. Azərbaycanda iqtisadiyyat, sənaye istehsalı, kənd təsərrüfatı artır, milli valyuta sabitdir, inflyasiya iki faizdir. Budur görülən işlərin nəticəsi.

Bu gün bu gözəl yubiley bayramında bir daha bu məsələyə toxunmaq, hesab edirəm ki, lazımdır. Çünki bir daha qayıdıram əsas məsələyə - bizim uğurlarımızın təməlində neftçilərin zəhməti dayanır. Neft sənayesi uzun illər bundan sonra Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir. Biz istəyirik və nail oluruq ki, qeyri-neft sektoru inkişaf etsin. Ancaq qeyri-neft sektoru hələ on il, iyirmi il bundan sonra da neft sənayesinin yerini verə bilməz. Biz bundan sonra da neft sənayesinin inkişafı üçün əlimizdən gələni edəcəyik və Azərbaycan neftçilərinin bütün problemlərinin həlli üçün öz sözümüzü deyəcəyik, lazımi tədbirlərimizi görəcəyik.

Bu gün burada nümayiş etdirilən filmdə çox maraqlı kadrlar göstərildi, eyni zamanda, o cümlədən 5 il bundan əvvəlki görüşümüzün bəzi görüntüləri göstərildi. Mənim sözlərim göstərildi. Mən demişəm ki, həyatımın müəyyən hissəsi Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. Mənim üçün bu, çox əzizdir, bu, təcrübə üçün çox dəyərlidir. O sözləri mən bu gün də təkrarlaya bilərəm. Beş il keçəndən sonra deyə bilərəm ki, 1994-2003-cü illərdə neft şirkətində keçirdiyim illər mənim bugünkü fəaliyyətim üçün də çox vacibdir. Orada əldə edilmiş təcrübə, neftçilərlə bir kollektivdə olmağım mənim bu gün Prezident kimi fəaliyyətimdə də çox vacib rol oynayır.

Beş il bundan əvvəl mən Prezident kimi gənc idim, cəmi bir il - Prezident vəzifəsində idim. O vaxt əlbəttə, ancaq planlar haqqında, Azərbaycanın beş il sonra hansı vəziyyətdə olacağı haqqında bərabər düşünürdük və planlar cızırdıq. Bu il - beş il keçəndən sonra mən çox böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, beş il bundan əvvəl, 6 il bundan əvvəl nəzərdə tutulmuş bütün planlar reallaşıb. Baxmayaraq ki, bölgədə həm iqtisadi, həm siyasi vəziyyət bəzən gərginləşirdi. Baxmayaraq ki, bölgəmizin öz xüsusiyyətləri vardır və bu xüsusiyyətlər həmişə mövcud olacaqdır. Biz bu bölgədə yaşayırıq və bölgədə gedən prosesləri yaxşı bilirik. Bilirik ki, bu xüsusiyyətlər həmişə olacaqdır. Ancaq biz son illər ərzində müstəqil ölkə kimi özümüzü bir daha təsdiq etdik. Bir daha göstərdik ki, Azərbaycan müstəqil ölkə kimi yaşaya bilər, yaxşı yaşaya bilər, öz milli maraqlarını qoruya, müdafiə edə bilər. Azərbaycanın inkişafı üçün nə lazımdır, onu edəcəyik.

Mən bu əziz gündə, əziz neftçilər və Azərbaycan neft sənayesinin bütün işçiləri, bir daha sizi ürəkdən təbrik etmək istəyirəm, sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, mən həmişə sizinlə olacağam. Mən sizin dəstəyinizi həmişə hiss edirəm. Əmin ola bilərsiniz ki, siz də hər zaman mənim dəstəyimə arxalana bilərsiniz. Bir daha bayramınız mübarək olsun, sizə cansağlığı, yeni uğurlar arzulayıram.

(Azərbaycan Prezidenti İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu alqışlarla qarşılandı).

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 6 noyabr.- S. 1, 2.