Əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə
həsr olunmuş təntənəli mərasim
Əfsanəvi
Neft Daşlarının 60 illik yubileyi münasibətilə
noyabrın 5-də dünyanın səkkizinci möcüzəsi
adlandırılan dəniz şəhərində təntənəli
mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev təntənəli mərasimdə
iştirak etmək üçün Neft Daşlarına gəldi.
Dövlətimizin
başçısını dəniz neftçiləri hərarətlə
qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə
ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək
gül dəstəsi qoydu.
Dövlətimizin
başçısı Neft Daşlarında neftçilərin
mədəniyyət və istirahət parkı ilə
tanış oldu. Müasir tələblər səviyyəsində
qurulan parkda neftçilərin istirahəti üçün
bütün infrastruktur yaradılmış,
yaşıllaşdırma işləri aparılmış, ərazinin
landşaftında yeni dekorativ bitkilərdən istifadə
olunmuşdur. Parkda 45 metr hündürlüyündə
Dövlət bayrağı ucaldılmışdır.
Prezident İlham Əliyev Heydər
Əliyev muzeyinin açılışında iştirak etdi.
Dövlətimizin
başçısına məlumat verildi ki, muzey ulu öndərin
ictimai-siyasi və dövlətçilik fəaliyyəti ilə
bağlı eksponatlarla zəngindir. Burada ümummilli liderin
büstü qoyulmuş, onun neft sənayesinin inkişafına
göstərdiyi diqqət və qayğısını əks
etdirən çoxsaylı tarixi fotolar, ulu öndərin
dövlətçilik fəaliyyətinə həsr olunmuş
kitablar saxlanılır. Muzeydə ulu öndər Heydər Əliyevin
neft strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsini əks etdirən eksponatlara da
geniş yer ayrılmışdır. Muzeyin ən müasir
avadanlıqla təmin olunmuş konfrans zalında dahi rəhbərin
irsinin öyrənilməsi ilə bağlı müxtəlif
tədbirlərin keçirilməsi üçün hər
cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev muzeyin
Xatirə kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin
başçısı Neft Daşlarında 1957-ci ilin
noyabrında Xəzəri fəth edərkən dənizdə
həlak olmuş neftçilərin xatirəsinə
ucaldımış abidə kompleksini ziyarət edərək
gül dəstəsi qoydu.
Burada, eyni zamanda Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə canlarından keçmiş
şəhid neftçilərin xatirəsinə də abidə
ucaldılmışdır. Prezident İlham Əliyev
Qarabağ uğrunda döyüşlərdə şəhid
olmuş 17 neftçinin xatirəsinə ehtiramını bildirərək
abidə önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev mədəniyyət
və istirahət parkında neftçilərin mənalı
istirahətinin təşkili məqsədilə tikilmiş
ikimərtəbəli "Çay evi" ilə tanış
oldu.
Dövlətimizin
başçısına bu yaxınlarda 60 illik yubileyini qeyd etməyə
hazırlaşan Xəzər Dəniz Neft Donanması
haqqında ətraflı məlumat verildi. Hazırda Xəzərdə
bu nadir donanmanın 264 gəmidən ibarət olduğu,
onlardan 200-nün gündəlik reysə
çıxdığı diqqətə
çatdırıldı, ən böyük gəmilərin
maketi nümayiş olundu.
Prezident İlham Əliyevə son
vaxtlar dənizə buraxılan müasir gəmilər barədə
də məlumat verildi və bildirildi ki, onların arasında
sərnişin və yük gəmiləri üstünlük
təşkil edir.
Neft Daşlarında Neft muzeyinin
tikilməsi planlaşdırılır. Prezident İlham Əliyev
muzeyin eskiz layihəsi ilə tanış oldu.
Sonra dövlətimizin
başçısı Neft Daşlarında yeni
yaradılmış idman zalındakı şəraitlə
tanış oldu. Məlumat verildi ki, neftçilərin
sağlamlıqlarını möhkəmləndirmələri,
bədən tərbiyəsi ilə məşğul
olmaları üçün idman zalında müasir trenajorlar,
stolüstü tennis və bilyard stolları qoyulmuşdur.
Prezident İlham Əliyev "28
May" Neft və Qaz Çıxarma İdarəsinin qazın
ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı
sexində 2 saylı sıxıcı kompressor
stansiyasının açılışında iştirak
etdi.
Dövlətimizin
başçısı əvvəlcə stansiyanın texnoloji
sxemi ilə tanış oldu. Məlumat verildi ki, bu
stansiyanın əsas funksiyası aşağıtəzyiqli səmt
qazının təzyiqini artıraraq sahilə nəql etməkdən
ibarətdir. Bu məqsədlə stansiyadakı 9 kompressorun
sayı artırılaraq 16-ya çatdırılmış, nəticədə
məhsuldarlıq sutkada 5,8 milyon kubmetrdən 11 milyon kubmetrə
yüksəlmişdir. Bu stansiya "Günəşli"
yatağından gələn səmt qazını sahilə iki
pillədə ötürəcəkdir.
Prezident İlham Əliyev
stansiyanın işə düşməsini bildirən düyməni
basdı.
Dövlətimizin
başçısı yubiley mərasimində iştirak etmək
üçün Mədəniyyət evinə gəldi. Burada
Neft Daşlarının 60 illik yubileyinə həsr olunan fotosərgi
təşkil edilmişdir. Prezident İlham Əliyev Neft
Daşlarının tarixini və müasir vəziyyətini əks
etdirən fotolara maraqla baxdı.
Sonra dövlətimizin
başçısı Neft Daşlarının 60 illiyinə həsr
olunan təntənəli mərasimdə iştirak etdi.
Əvvəlcə əfsanəvi Neft Daşlarının tarixinə və bu gününə həsr edilmiş film nümayiş olundu. Filmdə dənizin dərinliklərində Qara daşlar üzərində ilk bünövrəsi qoyulan möcüzələr adasının salnaməsi təhlil olunur, Azərbaycan neftçilərinin qəhrəmanlığı haqqında ətraflı söhbət açılır.
* * *
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci və ikinci səhifələrində dərc olunmuşdur).
* * *
Yubiley mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq ABDULLAYEV Prezident İlham Əliyevin neftçilərə hərtərəfli qayğısını xüsusi vurğuladı.
Neft
Daşlarının 60 illik yubileyi münasibətilə
neftçilərin bir qrupunu yüksək dövlət
mükafatlarına layiq gördüyünə görə
Prezident İlham Əliyevə neftçilər adından dərin
təşəkkürünü çatdırdı. O, 60 il
öncə Xəzərdə, Neft Daşlarında açıq üsulla neft
hasilatına başlanmasının dünya neft sənayesinin
inkişafına böyük təkan verdiyini qeyd edərək
dedi:
- Hazırda dünya üzrə
aparılan axtarış-kəşfiyyat işlərinin, habelə
karbohidrogen hasilatının əsas hissəsi dəniz
akvatoriyalarının payına düşür. Bu gün
artıq bütün okean və dənizlərin şelfində
iş aparılır. Dənizin min metrdən artıq dərinlikləri
fəth olunur. Biz fəxr edirik ki, həmin
prosesin başlanğıcı məhz burada - Neft
Daşlarında Azərbaycan neftçiləri tərəfindən
qoyulmuşdur. Əlbəttə, indi dənizdə neft kəşfiyyatı
və hasilatı sahəsində zəngin təcrübə
toplanmış, müasir texnologiyalar, norma və standartlar
işlənilmişdir. Lakin o vaxt bunların heç biri
yox idi. Geoloji strukturun çoxlaylı
olmasına, zəngin geoloji neft ehtiyatlarına görə nadir
bir yataq olan Neft Daşlarında kəşfiyyat və istismar məqsədlərinə
çatmaq üçün keyfiyyətcə yeni və tamamilə
fərqli yanaşmaya ehtiyac vardı. Azərbaycan neftçiləri
bütün bu problemlərin öhdəsindən layiqincə gəldilər.
Neft Daşlarında hasilatın başlanması ilə
respublikamızda bir neçə sahənin əsası qoyuldu.
Qısa müddətdə güclü Dəniz Neft
Donanması, "Neftqazlayihə" İnstitutu
yaradıldı.
Bu gün inamla demək
olar ki, Neft Daşlarında qazanılan təcrübə Xəzərin
digər sahələrində axtarış-kəşfiyyat
işlərinin sürətlənməsinə təkan
vermiş, az müddətdə yeni neft-qaz yataqlarının
aşkar olunmasına və istismara daxil edilməsinə yol
açmışdır.
Rövnəq
Abdullayev ulu öndər Heydər Əliyevin Azərbaycanın
neft-qaz sənayesinin inkişafında müstəsna xidmətlərini
xüsusi vurğuladı və ümummilli liderin Neft
Daşlarında qara qızıl hasilatının təkmilləşdirilməsində
də mühüm rol oynadığını diqqətə
çatdıraraq bildirdi:
- Ötən əsrin
70-ci illərində ulu öndər Heydər Əliyevin
bilavasitə rəhbərliyi ilə həyata
keçirilmiş genişmiqyaslı tədbirlər neft və
qaz hasilatında geriləməni aradan qaldırdı.
Hasilatın stabilləşdirilməsinə və davamlı
olaraq artırılmasına nail olundu. Belə ki, 1975-ci ildə karbohidrogenlərin
hasilatı ümumilikdə ötən illərin ən
yüksək göstəricilərini geridə qoyaraq şərti
yanacaq vahidi ilə 27,1 milyon tona çatdırıldı.
Dövlət Neft Şirkətinin
prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin
Neft Daşlarının daha da inkişaf etdirilməsi ilə
bağlı tapşırıqlarına layiqincə əməl
olunduğunu bildirərək dedi:
- Ötən dövrdə
"Neft Daşları" Neft və Qaz Çıxarma
İdarəsi üzrə 70 yeni quyu qazılmış, 93 fəaliyyətsiz
quyu bərpa olunaraq istismara daxil edilmiş, 387 quyuda
geoloji-texniki tədbirlər aparılmışdır. Bunun da
nəticəsində 736 min tona yaxın əlavə neft hasil
edilmişdir. Hazırda bu sahədə gündəlik neft
hasilatı 2450 tondan artıqdır. Neft Daşları
yatağının geoloji ehtiyatları 365 milyon ton həcmində
qiymətləndirilir. Bunun 182 milyon tondan çoxu
çıxarıla bilən ehtiyatlardır. Artıq indiyədək
yataqdan 167 milyon ton neft hasil edilmişdir. Mənimsənilmə
üzrə mövcud layihəyə uyğun olaraq Neft
Daşları yatağının işlənilməsi 2035-ci
ildə başa çatmalıdır.
Amma bu, heç də son hədd deyildir. Mütəxəssislərin fikrincə, Neft Daşları yatağının çıxarıla bilən qalıq neft ehtiyatı bundan sonra da əhəmiyyətli dərəcədə artırıla bilər. Hazırda bu istiqamətdə perspektiv proqramlar işlənib həyata keçirilir. Həmin proqramlar əsasında əlavə hidrotexniki qurğular tikilir, texnoloji obyektlər təmir və bərpa edilir, yeni quyular qazılır, neft hasilatının artırılması üçün elmi-tədqiqat və sınaq-təcrübə işləri aparılır.
Rövnəq Abdullayev dövlətimizin başçısının tapşırığına müvafiq olaraq Neft Daşlarında da silsilə ekoloji proqramların həyata keçirildiyini dedi:
- Bu baxımdan Neft Daşlarında da müvafiq tədbirlər işlənib həyata keçirilir. Gündəlik gücü 500 kubmetr olan bioloji təmizləmə qurğusu yenidən qurulmuşdur. Neft Daşlarında içməli su probleminin birdəfəlik həll edilməsi üçün müasir qurğunun inşası bu il başa çatdırılacaqdır. Həmçinin hazırda lay sularının təmizlənməsi məqsədilə müvafiq qurğuların tikilməsi üçün layihələr hazırlanır. Vaxtilə estakada variantında qurulmuş hidrotexniki qurğular artıq öz tarixi missiyasını yerinə yetirmişdir. Son illərdə fərdi stasionar dəniz özüllərinin layihələndirilməsinə və tikintisinə başlanılmışdır. Köhnə estakadaların sökülməsi prosesi uğurla davam etdirilir. Yeni tikilən özüllərdən qazma işləri ekoloji baxımdan daha müasir və təhlükəsiz metodlarla, o cümlədən eyni bir dəzgahla maili istiqamətləndirilmiş bir neçə quyunun qazılması üsulu ilə həyata keçirilir. Mövcud maşın-mexanizmlərin yeniləşdirilməsi, yeni texnologiyaların tətbiqi, iş şəraitinin sağlamlaşdırılması məqsədilə xüsusi layihələr hazırlanıb həyata keçirilir. Əmtəə çənləri parkının modernləşdirilməsi, nasosxananın tikintisi başa çatmaq üzrədir.
Qaz hasilatının artırılması məqsədilə həyata keçirilən proqram çərçivəsində Neft Daşlarındakı texnoloji obyektlərin, xüsusilə qaz-turbin elektrik stansiyasının və sıxıcı qaz-kompressor stansiyasının müasir səviyyədə modernləşdirilməsi və genişləndirilməsi layihələri üzrə aparılan işlər artıq ciddi nəticələr verməkdədir. Artıq əvvəllər atmosferə atılan aşağıtəzyiqli qazlar tam həcmdə yığılıb lazımi istiqamətlərə yönəldilir.
Cənab Prezident! Bu gün Sizin şəxsən işə saldığınız yeni blokla sıxıcı qaz-kompressor stansiyasında qaz-turbin aqreqatlarının sayı 16-ya çatdırıldı. "Günəşli" yatağından hasil olunan təbii qaz burada sıxılaraq yüksək təzyiq altında daha böyük məhsuldarlıqla sahilə ötürüləcəkdir. Artıq stansiyanın gücü sutkada 11-12 milyon kubmetrə çatdırılmışdır.
Neft Daşlarında sosial tədbirlərin də reallaşdırılmasının diqqət mərkəzində saxlandığını vurğulayan Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq imicinin artırılması üçün görülən işləri də diqqətə çatdırdı. O, neftçilərin bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini vurğulayaraq bildirdi:
- Cənab Prezident! Ötən dəfə buraya səfəriniz zamanı Siz əmin olduğunuzu bildirmişdiniz ki, Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir. Yaxın zamanlarda Xəzər dənizindəki "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Şəfəq", "Asiman", "Əşrəfi", "Qarabağ" və digər perspektivli strukturlarda kəşfiyyat-axtarış işlərinə başlamağı planlaşdırırıq. Doğrudan da, bütün bu işlərdə Neft Daşlarının infrastrukturu, orada toplanmış zəngin təcrübə və kadr potensialı bizim əsas istinad mərkəzimiz olacaqdır. Artıq "Ümid" strukturunda başlanmış kəşfiyyat işləri bunu bir daha sübuta yetirir.
Cənab Prezident! Çıxışımın sonunda çoxsaylı neftçilər ordusu adından Sizi əmin etmək istəyirəm ki, doğma Azərbaycanımızın çiçəklənməsi naminə həmişə olduğu kimi, bundan sonra da var gücümüzlə çalışacaq, qarşımıza qoyduğunuz tapşırıqları şərəflə yerinə yetirəcəyik.
Diqqətinizə görə sağ olun.
* * *
"Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsinin yeraltı təmir sexinin ustası Tofiq DADAŞOV 33 ildir Neft Daşlarında çalışdığını bildirdi və buradakı köklü inkişafın canlı şahidi olduğunu söylədi. O, xüsusilə son illər Neft Daşlarının tanınmaz dərəcədə dəyişdiyini, müasirləşdiyini, neft hasilatında ən müasir texnologiyaların tətbiq edildiyini dedi. Natiq Neft Daşlarının daha da inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini vurğulayaraq söylədi:
- Siz neftçilərə həmişə böyük diqqət və qayğı göstərmisiniz. Bu gün də bu qayğı özünü göstərir. Belə ki, bizim Neft Daşlarında işləyən yoldaşlarımızı yüksək dövlət mükafatlarına layiq görmüsünüz. Bu, Sizin tərəfinizdən biz neftçilərin əməyinə verilən yüksək qiymətdir. Verdiyiniz yüksək qiymətə görə Sizə bütün neftçilər adından öz təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bundan əvvəlki illərdə olduğu kimi, bundan sonra da biz öz əməyimizlə öz sözümüzü deyəcəyik. Dünyanın 8-ci möcüzəsi sayılan Neft Daşlarını bundan sonra da hələ uzun illər yaşadacağıq. Sizin bizim qarşımızda qoyduğunuz vəzifələri fədakar əməyimizlə daim yerinə yetirəcəyik. Azərbaycan neft sənayesinin adını daha da yüksəklərə qaldırmaq üçün əlimizdən gələni edəcəyik.
Çiçəklənən Azərbaycan naminə yolunuz daim açıq olsun, əziz Prezidentimiz.
* * *
"Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsinin istehsalat şöbəsinin mühəndisi, Azərbaycan Dövlət Neft Şirkətinin xarici təhsil üzrə təqaüd proqramının məzunu İqbal XANCIQAZOV bu proqram çərçivəsində onlarla gəncin Oksford, Bristol, Şeffild, Nottingem, Birmingem, Oklahama, İndiana və digər tanınmış universitetlərdə yüksək təhsil alaraq Vətənə döndüklərini söylədi və öz fəaliyyətləri dövründə onlara göstərilən etimadı doğruldacaqlarını bildirərək dedi:
- Möhtərəm Prezident, biz, Azərbaycan gəncləri bütün xalqımız kimi Sizinlə fəxr edirik. Çox sevinirik və qürur duyuruq ki, ölkəmizə məhz Siz rəhbərlik edirsiniz. Fürsətdən istifadə edərək, Azərbaycan gəncləri adından bizə göstərilən bu etimada, ümumiyyətlə, gənclərə və neftçilərə göstərdiyiniz daimi diqqət və qayğınıza görə Sizə sonsuz təşəkkürümü bildirirəm.
Diqqətinizə görə minnətdaram.
* * *
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt YUSİFZADƏ Neft Daşlarında fəaliyyəti illərini xatırlayaraq zəngin təəssüratını bölüşdü. O, ulu öndər Heydər Əliyevin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətlərini ətraflı xarakterizə etdi. Xoşbəxt Yusifzadə respublikamızın neft-qaz sənayesinin inkişafında, eləcə də "Əsrin müqaviləsi"nin araya-ərsəyə gətirilməsində Prezident İlham Əliyevin böyük xidmətləri olduğunu vurğuladı. Natiq dövlətimizin başçısının Azərbaycanın regionlarının hərtərəfli inkişafına da xüsusi diqqət yetirməsinin böyük razılıq doğurduğunu bildirərək dedi:
- İlham Əliyev cənablarının rayonlara, regionlara səfərlərini görürsünüz. Mən açıq deyə bilərəm ki, - yaşım indi az deyildir, - rayonları bu qədər gəzən dövlət başçısı görməmişəm. Özü də cənab Prezident necə gəzir: 2-3 il əvvəlcədən gedir, tapşırıqlarını verir, iki-üç ildən sonra təzədən bir də səfər edir, bizim Neft Daşlarına gəldiyi kimi. Beş il bundan qabaq gəlmişdi. Beş ildən sonra yenə də gəlib görsün ki, biz nə iş görmüşük. Bu, doğrudan da adamlarda bir məsuliyyət yaradır. Adamlar bilirlər ki, Prezident səfərini başa çatdırdı, ancaq yenə də gələcəkdir. Ona görə də daha məsuliyyətlə çalışırlar, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər.
Xoşbəxt Yusifzadə respublikamızda geniş vüsət alan kompleks yenidənqurma işlərində Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğuladı.
Ölkəmizin, o cümlədən neft-qaz sənayesinin inkişafında neftçilərin bundan sonra da xüsusi fəallıqları ilə seçiləcəklərini qeyd edən Xoşbəxt Yusifzadə dedi:
- Bütün neftçilər Sizinlə fəxr edir. Biz Sizin arxanızda dağ kimi dayanmışıq. Nə vaxt, harada, hansı istiqamətdə bizim köməyimiz lazım olsa, mən bunların, təkcə bunların yox, - mən indi yaşlıyam, neft sənayesində ola bilsin məndən yaşlı 1-2 nəfər var, ya yoxdur, - hamısının adından söz verirəm ki, biz Sizin arxanızca gedəcəyik və bütün işlərinizdə Sizə kömək edəcəyik.
Diqqətinizə görə çox sağ olun.
* * *
Sonra Neft Daşlarının 60 illik yubileyi münasibətilə təltifolunma mərasimi keçirildi. Prezident İlham Əliyev bir qrup neftçiyə mükafatları təqdim etdi.
Təltif olunanlar adından çıxış edən Nuru NURİYEV onların əməyinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
- Möhtərəm Prezident, Azərbaycan neftçilərinin əməyinə verdiyiniz bu yüksək qiymətə görə Sizə cansağlığı, uzun ömür, firavan həyat, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində, müstəqil Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsində, Azərbaycan xalqının sosial şəraitinin yaxşılaşdırılmasında gördüyünüz məqsədyönlü işlərdə uğurlar arzulayıram. Arzu edirəm ki, bu istiqamətdə yeni-yeni qələbə zirvələri fəth edəsiniz.
* * *
Prezident İlham ƏLİYEV bir daha yubiley münasibətilə təbriklərini çatdıraraq dedi:
- Əziz dostlar, sizi bir daha ürəkdən təbrik
etmək istəyirəm. Sizə gələcək
uğurlar arzulayıram. Biz hələ
çox görüşəcəyik. Bu
gün Xoşbəxt müəllim həmişə olduğu
kimi, çox gözəl və maraqlı
çıxış etdi. Bizi çox
maraqlı tarixi anlara qaytardı və qeyd etdi ki, mən adətən
bölgələrə tez-tez gedirəm. Hər dəfə
gedib öz gözümlə
* * *
Təntənəli mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyev veteran neftçilərlə görüşdü, onları yubiley münasibətilə bir daha təbrik etdi.
Sonra xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2009.- 6 noyabr.- S. 2, 3.