Gələn ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin komitələrində müzakirəsi başa çatdı

 

"Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 5-də keçirilən birgə iclasında müzakirə olundu. İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, büdcə layihəsinin müzakirəsi çox məsuliyyətli bir işdir. Çünki dövlət büdcəsi ölkənin əsas maliyyə planı, öz iqtisadi-sosial siyasətini həyata keçirmək vasitələrindən biridir. Eyni zamanda, büdcə dövlətin maliyyə resurslarının formalaşması və istifadəsi zamanı yaranan mürəkkəb iqtisadi münasibətlər sistemidir. İqtisadi münasibətlərin keyfiyyətcə daha yüksək mərhələyə qaldırılması üçün isə əsas şərt büdcənin sosial mahiyyətidir. Məhz sosialyönümlü, eləcə də investisiya tutumlu büdcə sosial dövlətin formalaşması, hər bir vətəndaşın sosial rifahını təmin etmək üçün əsas şərtdir. Məhz bu baxımdan biz büdcənin müzakirəsinə olduqca diqqətlə və məsuliyyətlə yanaşırıq.

Rəbiyyət Aslanova əlavə etdi ki, növbəti ildə bu büdcə layihəsindəki rəqəmlərin arxasında konkret fəaliyyəti və atılacaq addımların uğurlarını görəcəyik.

Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov büdcə layihəsinin parametrləri ilə bağlı məlumat verdi. Bildirdi ki, layihə tərtib olunarkən ölkəmizin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və orta müddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2009-cu ilin ötən dövrü ərzində qlobal maliyyə-iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirləri qiymətləndirilmiş, bunlarla bağlı yaranmış və yarana biləcək risklərin neytrallaşdırılması imkanları təhlil edilmişdir. 2010-cu ildə dövlət büdcəsinin gəlirlərinin ümumi daxili məhsulun 31,5 faizi həcmində, 10 milyard 15 milyon manat olması proqnozlaşdırılır. Dövlət büdcəsinin xərcləri isə 11 milyard 264 milyon manat nəzərdə tutulur.

Fazil Fərəcov büdcə xərclərinin əsas istiqamətləri barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, növbəti ildə büdcədə 1 barel xam neftin qiyməti 45 ABŞ dolları səviyyəsində müəyyənləşdirilib.

Deputatlardan Mübariz Qurbanlı, Rafael Cəbrayılov, Gülər Əhmədova, Fazil Mustafa, Qüdrət Həsənquliyev və başqaları büdcə ilə bağlı fikirlərini bildirdilər, onları maraqlandıran məsələlərə dair konkret suallar ünvanladılar.

İclasda iştirak edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Vaqif Sadıqov çıxışında bildirdi ki, 2004-cü ildən başlayaraq ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin sayı təxminən üç dəfə artıb. Hazırda Azərbaycanın xarici ölkələrdə 50 səfirliyi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 8 konsulluğu, iki ölkədə səfirliklərin nümayəndəlikləri və 2 fəxri konsulluğu fəaliyyət göstərir. Bundan başqa, ölkəmizin Xorvatiya, Argentina, Estoniya, Tailand, Oman, Livan, Liviya və Serbiyada səfirliklərinin təsis edilməsi barədə Milli Məclis qərar qəbul etmiş, Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalamışdır. 2010-cu ildən başlayaraq bu ölkələrdə səfirliklərimizin fəaliyyətə başlaması üçün tədbirlər həyata keçiriləcək. Vaqif Sadıqov əlavə etdi ki, bütün bu məsələlərdə maddi təminat mühüm yer tutur. Diplomatik nümayəndəliklərin maliyyə təminatı ölkəmizin real imkanları nəzərə alınaraq müəyyənləşdirilir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirdi ki, dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər bütün sosial proqramların davam etdirilməsinə, sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsinə tam imkan verir. Növbəti ildə daha çox sosial tədbirlərin reallaşdırılması nəzərdə tutulur. İlqar Rəhimov ünvanlı sosial müavinətlər barədə də ətraflı məlumat verdi.

Maliyyə Nazirliyinin şöbə müdiri Fazil Fərəcov deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdi. "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Beləliklə, ölkəmizin 2010-cü il üçün dövlət büdcəsi layihəsinin komitələrdə müzakirəsi başa çatdı.

 

 

Azərbaycan.- 2009.- 6 noyabr.- S. 4.