"İki sahil" qəzeti Neft Daşlarının 60
illik yubileyinə xüsusi buraxılış həsr
etmişdir
"İki sahil" qəzeti dəniz
neftinin məbədi, əfsanəvi dəniz şəhəri
kimi bütün dünyada tanınan və "səkkizinci
möcüzə" adlandırılan Neft
Daşlarının 60 illik yubileyinə xüsusi
buraxılış həsr etmişdir.
Rəngli, illüstrativ
materiallardan geniş istifadə olunmuş 40 səhifəlik
xüsusi buraxılış ulu öndər Heydər Əliyevin
"Vaxt gələcək yataqlarda böyük platformalar tikiləcək
və biz hamımız böyük bir gəmiyə
toplaşıb Neft Daşlarına, "Azəri",
"Çıraq", "Günəşli" və digər
yataqlara yollanacağıq. O günlər uzaqda deyil..." və
Azərbaycan Prezidenti İlham Əliyevin "Neft
Daşları hələ uzun müddət Azərbaycana
çox ləyaqətlə xidmət edəcəkdir"
sözləri ilə başlayır.
ARDNŞ-nin prezidenti Rövnəq
Abdullayevin "Neft Daşlarının 60 illiyi Azərbaycan
neft-qaz sənayesinin və bütün xalqımızın
bayramıdır" adlı yazısında ölkəmizin
neft sənayesinin təqribən 150 illik tarixi
araşdırılır, "Əsrin müqaviləsi"
imzalandıqdan sonra görülmüş işlərin nəticələri
barədə ətraflı məlumat verilir. Müəllif
yazır: "XX əsrin birinci yarısında Azərbaycanda
neft sənayesi elə yüksək templərlə inkişaf
edirdi ki, demək olar, hasilat və emal sahəsində istifadə
və tətbiq edilən bütün yeni üsulların
müəllifliyi Azərbaycan neftçilərinə aid olurdu.
Dəniz neftçilərimizin təcrübəsi
dünyanın bir çox okean və dəniz
akvatoriyalarında neft çıxarılması
üçün örnək oldu. Neft Daşları Azərbaycan
xalqının iftixar mənbəyinə çevrildi, ona
şan-şöhrət gətirdi, neftçilərimizin
dünya iqtisadiyyatına verdiyi misilsiz töhfələrin ən
parlaq təzahürü kimi tarixə əbədilik həkk
olundu"...
Neft Daşlarının yetirmələrinin
- hazırda ARDNŞ-nin rəhbərliyində və
ayrı-ayrı strukturlarında çalışanların
yazıları və təbrikləri xüsusi
buraxılışın maraqla oxunan materallarıdır. Bu mənada,
ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin
"Neft Daşları sınaq meydanıdır", Şirkətin
iqtisadi məsələlər üzrə vitse-prezidenti
Süleyman Qasımovun "Neft Daşları"
NQÇİ-nin ilk azərbaycanlı baş mühasibi",
ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılovun "Neft
Daşları: Neft sənayesi üçün kadr
potensialı yetişdirən böyük məktəb", Azərbaycan
Respublikası Nazirlər Kabinetinin neft və kimya şöbəsinin
müdiri, geologiya-mineralogiya elmləri namizədi Rasim
Dadaşovun "Dünya dəniz neftinin beşiyi - Neft
Daşları", Azərbaycan Respublikası Sənaye və
Energetika Nazirliyinin neft və qaz şöbəsinin müdiri
İdris Rzabəyovun "Neft Daşları həyat məktəbidir",
ARDNŞ-nin Neft və Qaz İdarəsinin Qazın
yığılması və nəqli şöbəsinin rəisi
Nəcəfqulu Nəcəfquliyevin "Möcüzələr
adası" ikinci gənclik dövrünü
yaşayır", Kapital qoyuluşları idarəsinin əsaslı
təmir şöbəsinin rəisi İbrahim İsayevin
"Neft Daşları neft tariximizin canlı təcəssümü
və məntiqi davamıdır", "Azneft"
İstehsalat Birliyinin texniki istehsalat şöbəsinin rəisi
Müseyib Babayevin "İnsan əməyinin möcüzəsi
- Neft Daşları", "Şöhrət" ordenli,
Prezidentin fərdi təqaüdçüsü, əməkdar
səmərələşdirici Bayram Bayramovun "Neft
Daşları - dəniz neftinin məbədi", ARDNŞ-in
İstehsalat proseslərinin avtomatlaşdırılması və
metrologiya şöbəsi rəisinin müavini Rafiq Mirzəyevin
"Neft Daşları: təcrübə məktəbi"
yazıları diqqəti cəlb edir. Bu materiallarda müəlliflər
onları Neft Daşlarına hansı arzu-istəyin gətirdiyi,
həyatlarında "Möcüzələr
adası"nın nə kimi rol oynadığı qeyd olunur,
bu gün Neft Daşlarının ölkə iqtisadiyyatına
hansı töhfələr verdiyi açıqlanır.
"Azneft" İstehsalat Birliyinin Baş direktoru Səbuhi Əhmədovun
"Neft Daşları NQÇİ-nin keçmişi və
bu günü" yazısında keçilən yola nəzər
salınır, bu gün Neft Daşlarının hansı
inkişaf mərhələsində olduğu qeyd edilir.
Xüsusi buraxılışda
ARDNŞ-in Neft və Qaz İdarəsinin rəisi Rəhman
Qurbanovun, Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif
Abdullayevin, Təhlükəsizlik İdarəsinin rəisi Rəşad
Əliyevin, İnformasiya Texnologiyaları və Rabitə
İdarəsinin rəisi İnayət Hüseynovun, Xəzər
Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətovun,
"Azneft" İB "Neft Daşları"
NQÇİ-nin rəisi Balamirzə Ağarəhimovun və
Şirkətin digər idarə və müəssisə rəhbərlərinin
təbrikləri də dərc olunmuşdur.
Nəşr ulu öndər Heydər Əliyevin vaxtilə dediyi "Neft daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz", - sözləri ilə bitir.
AzərTAc
Azərbaycan.- 2009.- 6 noyabr.- S. 4.