Azərbaycan Televiziyası və Radiosu Gününə həsr
olunan bayram tədbiri keçirilmişdir
Noyabrın 4-də Dövlət
Akademik Opera və Balet Teatrında Azərbaycan Televiziyası və
Radiosu Gününə həsr olunan bayram tədbiri
keçirilmişdir.
1926-cı il noyabrın 6-da Azərbaycanda
ilk dəfə radio verilişlərinin yayımına
başlanılmışdır. Həmin gün
"Danışır Bakı!" sədası bütün
respublikaya yayılmış və bu, xalqımızın
siyasi və mədəni həyatında böyük bir yenilik
olmuşdur.
Ötən 83 ildə Azərbaycan
radiosu, həmçinin ötən əsrin ortalarından fəaliyyətə
başlayan milli televiziyamız xalqımızın həyatında,
milli mədəniyyətimizin inkişafı və təbliğində
mühüm rol oynamışdır. Azərbaycan
televiziyasını xalqın milli sərvəti adlandıran
ümummilli lider Heydər Əliyev daim onun inkişafına
yüksək diqqət və qayğı ilə
yanaşmışdır.
Prezident İlham Əliyev də
milli teleradiomuzun Azərbaycan ədəbi dilinin
inkişafında, mədəniyyətimizin, ədəbiyyatımızın
təbliğində, dünya azərbaycanlılarının
birliyi və həmrəyliyi ideyalarının
yayılmasında əvəzsiz rolunu yüksək qiymətləndirir.
Azərbaycan teleradiosu həm
dövlətçilik ideologiyasının təbliğində,
həm milli-mənəvi dəyərlərin qorunmasında, həm
də dünya azərbaycanlılarına, xarici ölkə vətəndaşlarına
Azərbaycan haqqında əsil həqiqətlərin
çatdırılmasında misilsiz rol oynayır.
Ölkənin ana televiziyası və
radiosu kollektivinin bayram tədbirinə dövlət rəsmiləri,
Milli Məclisin deputatları, mədəniyyət və incəsənət
xadimləri iştirak etmişlər. Teatrın foyesində Azərbaycan
teleradiosunun keçdiyi şərəfli yolu əks etdirən
fotosərgi nümayiş etdirilmişdir.
Tədbirdə iştirak edən
Prezident Administrasiyasi ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov Azərbaycan
teleradiosunun fəaliyyətini yüksək qiymətləndirərək
demişdir: "Televiziya və radionun bayramı bütün
Azərbaycan xalqının, tamaşaçılarının,
mədəniyyətinin, incəsənətinin, elminin, təhsilinin,
ictimai-siyasi həyatının bayramıdır. Televiziya bir
millətin, xalqın, dövlətin sifətidir, ictimai-siyasi,
mədəni, mənəvi həyatda, cəmiyyətdə,
ictimaiyyətdə baş verən bütün hadisələrin
güzgüsüdür".
Cənubi Qafqazda ilk radio və
televiziyanın ölkəmizdə yarandığını,
onların nəinki təkcə Azərbaycanın, eyni zamanda,
bölgənin ictimai-siyasi, mədəni və intellektual həyatını
əks etdirən bir güzgüyə çevrildiyini
vurğulayan Ə.Həsənov bayram münasibətilə ən
xoş arzularını çatdırmış, teleradionun
kollektivinin respublikamızın gələcək
inkişafı və bugünkü ictimai, siyasi, mədəni
həyatı ilə bağlı bütün prosesləri
obyektiv işıqlandıracağına, xalqımıza xidmət
işinə dəyərli töhfələr verəcəyinə
əminliyini ifadə etmişdir.
Milli Məclisin deputatı,
akademik Ziyad Səmədzadə Azərbaycan teleradiosunun ölkənin
siyasi, iqtisadi, mədəni həyatında baş verən
yenilikləri böyük peşəkarlıqla
tamaşaçılara çatdırdığını,
maraqlı proqram və verilişlərinin ölkə ictimaiyyətində
razılıq doğurduğunu bildirmişdir. Akademik
demişdir ki, milli teleradiomuz Azərbaycanın
uğurlarını dünyaya bəyan edir, üzləşdiyi
problemləri dünyaya çatdırır. Azərbaycan
televiziya və radiosu işçilərinin əməyi həddən
artıq məhsuldardır və Azərbaycan xalqı
üçün çox faydalıdır. Biz Azərbaycan
televiziyası və radiosu vasitəsilə dövlətimizin və
onun başçısı İlham Əliyevin
apardığı uğurlu siyasətin dünyaya
yayılmasının şahidi oluruq.
Milli Məclisin deputatı Məlahət
İbrahimqızı bildirmişdir ki, zəngin inkişaf yolu
keçmiş milli radionun və televiziyanın
bayramını hər birimiz öz doğma bayramımız
hesab edirik.
Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan
televiziyasının və "İdman Azərbaycan"
kanalının fəaliyyətindən danışmış,
hər iki kanalın uğurlarını qeyd etmişdir.
Mərasimdə Azərbaycan
teleradiosunda son illər aparılan ciddi islahatlardan, yeniliklərdən
razılıqla danışılmış, ümumilikdə
son üç il onun həyatında yeniliklər ili kimi dəyərləndirilmiş
və müstəqillik illərində yaranan bütün
telekanalların fəaliyyətinə bu kanalın böyük
təsirini vurğulamışlar.
Bayram konserti Müslüm
Maqomayevin "Radio marşı" ilə
başlanmışdır. Azərbaycanın
tanınmış incəsənət ustaları rəngarəng
konsert proqramı ilə çıxış etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 6 noyabr.- S. 4.