Ölkə vətəndaşlarının sosial
rifahının yüksəlməsinə xidmət edən
siyasət
Heydər Əliyev siyasi
kursunun Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi ölkəmizdə bütün sahələrin
inkişafında yeni keyfiyyət dəyişiklikləri ilə
müşahidə olunmaqdadır. Xüsusən ulu öndərin əsasını
qoyduğu iqtisadi islahatlar strategiyasının uğurla həyata
keçirilməsi respublikamızın sosial-iqtisadi yüksəliş
mərhələsinə qədəm qoyması ilə nəticələnib.
Bu islahatların dərin iqtisadi əsaslara söykənməsinin
nəticəsidir ki, hətta bütün dünyanı
bürüyən qlobal iqtisadi böhran belə ölkəmizə
ciddi təsir göstərə bilmədi.
Vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı
təbəqələrinə kömək göstərilməsi,
yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət
siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərin reallıqları ondan ibarətdir ki,
ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahənin də
yüksəlməsinə səbəb olub. İqtisadiyyatda həyata
keçirilən köklü dəyişikliklər
makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin
sosial müdafəsini də gücləndirmək
üçün möhkəm zəmin yaradıb. Artıq iqtisadi inkişafın, uğurla həyata
keçirilən yeni neft strategiyasının elə bir mərhələsini
yaşayırıq ki, indi nəinki problemlərin həlli, o
cümlədən yeni sosial layihələrin həyata
keçirilməsi üçün dövlətin kifayət qədər
maliyyə imkanları var.
Prezident İlham Əliyevin sosial
siyasətinin fəlsəfəsi də ondan ibarətdir ki,
ölkəmizdə aztəminatlı, yoxsul insan
olmamalıdır. Fərəhli haldır ki, cənab
İlham Əliyevin həm birinci prezidentlik dövrü, həm
də ikinci prezidentlik dövrünün arxada qoyduğumuz bir
ili regionların tarazlı inkişafına xidmət edən
kompleks tədbirlərin işlənib hazırlanması və
uğurla reallaşması ilə əlamətdar olub. Prezident İlham Əliyevin verdiyi bütün vədləri
yerinə yetirməsi, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi üçün zəruri addımlar
atması ölkəmizin tərəqqisinə və möhkəmlənməsinə
gətirib çıxarıb. Ölkəmizin maliyyə
imkanlarının çoxalması adekvat olaraq xalqın sosial
rifahının, güzəranının daha da
yaxşılaşdırılması ilə müşayiət
olunur.
Prezident İlham Əliyevin sosial
sahəyə diqqət və qayğısı ölkənin əsas
maliyyə sənədində də əksini tapır. Hər
il dövlət büdcəsi təsdiq olunarkən
sosialyönümlülük prioritet olaraq qalır. Məhz
dövlət başçısının qətiyyətli
siyasətinin sayəsində ölkədə yoxsulluğun səviyyəsi
son altı ildə bir neçə dəfə
aşağı düşüb. Mütəmadi
olaraq maaşların və təqaüdlərin artması,
qaçqınlara, məcbüri köçkünlərə,
şəhid ailələrinə və müharibə
veteranlarına verilən müavinətləin
çoxalması dövlətin öz vətəndaşının
sosial qayğılarına biganə yanaşmamasının
göstəricisidir.
Aztəminatlı əhaliyə
dövlət qayğısını əks etdirən göstəricilər
içərisində ayrı-ayrı qrup vətəndaşlara
müxtəlif güzəştlərin və imtiyazların
verilməsi xüsusi qeyd edilməlidir. Son bir
neçə ildə sosial müdafiəyə ehtiyacı olan
insanların maddi durumunun
yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə
yanaşı, onların bəzi zəruri tələbatlarının
ödənilməsi üçün də dövlət
büdcəsindən ayrılan vəsaitlərin miqdarı
artırılıb. Bununla da müharibə
əlilləri və şəhid ailələri
üçün yaşayış evlərinin tikintisi,
onların minik avtomobilləri ilə təminatı sürətlənib,
əlillərin sanatoriya-kurort müalicəsinin təşkili,
minlərlə ailəyə hər il pulsuz dərman
preparatlarının verilməsi təmin olunub.
Ölkədə
ünvanlı dövlət sosial yardımı sisteminin
yaradılması da aztəminatlı ailələrin sosial
müdafiəsinin yaxşılaşdırılmasına təkan
verib. Ünvanlı dövlət sosial yardımının
göstərilməsinin məqsəd və prinsiplərini, təyin
olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan
münasibətləri tənzimləyən "Ünvanlı
dövlət sosial yardımı haqqında" qanun qüvvəyə
mindikdən sonra onun ünvanlılıq, ədalətlilik, bərabərlik
kimi prinsiplərinə əməl olunur. Bu yardımın
verilməsi minlərlə ailənin sosial vəziyyətinin
yaxşılaşmasına səbəb olub. Minimum əməkhaqlarının,
pensiya və müavinətlərin davamlı olaraq
artırılması ilə yanaşı, ünvanlı sosial
yardım mexanizminin tətbiqi nəticəsində ölkədə
adambaşına düşən orta aylıq gəlirlər
davamlı olaraq artmaqdadır. Hazırda ünvanlı sosial
yardım alan ailələrin sayı bu sosial müdafiə
sisteminin tətbiqinə başlandığı 2006-cı illə
müqayisədə 3,4 dəfə çoxalıb.
Xatırladaq ki, Azərbaycanda ünvanlı sosial yardım
2006-cı ilin aprelindən tətbiq olunur. Həmin il 48 min ailə
bu sosial müdafiə formasından bəhrələnirdi. Son məlumatlara
əsasən isə, Azərbaycanda 150 mindən artıq ailə
dövlətdən ünvanlı sosial yardım alır.
Bu müddətdə
bir ailəyə ödənilən yardımın orta aylıq
məbləği 2,2 dəfə, hər ailə üzvünə
düşən yardımın orta aylıq məbləği
2,2 dəfə, yardım alan ailələrin bir yaşadək
olan uşaqlarına ödənilən müavinətin məbləği 2 dəfə,
ehtiyac meyarının həddi 2 dəfə artıb. Yardım alan ailələrin 45,2 faizi 3 və daha
çox uşağı olan, 0,5 faizi tərkibində
müharibə əlili olan, 12,7 faizi digər səbəblərdən
əlil olmuş üzvləri olan ailələr, 8,9 faizi isə
məcburi köçkün ailələrinin üzvləridir.
Ünvanlı sosial yardımla əhatə olunmuş ailələrdən
77,8 faizi dövlətdən ilk dəfə yardım
alanlardır.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial
yardım alan vətəndaşlarla bağlı korporativ məlumat
bankı yaradılıb. Məqsəd dövlət büdcəsindən
maliyyələşən yardımların təyinatında
şəffaflığın təmin olunması və bu sahəyə
nəzarəti gücləndirməkdir. Məlumat bankı yerlərdə
ünvanlı sosial yardım almaq üçün əhalidən
daxil olan müraciətlərin daha dəqiq
araşdırılmasına imkan verir.
Prezident İlham Əliyev Nazirlər
Kabinetinin son iclasında sosial məsələlərlə
bağlı deyib: "Bu gün Azərbaycanda orta əməkhaqqı
370 dollar səviyyəsindədir. Pensiyalar
artır, ünvanlı sosial yardım proqramı uğurla icra
edilir və bu gün 150 min ailəyə ünvanlı sosial
yardım göstərilir. Ümumiyyətlə, bu proqram 700
min nəfəri əhatə edir və hər bir ailəyə
verilən yardım orta hesabla haradasa, 140 dollar səviyyəsindədir.
Bu da ən imkansız insanlara Azərbaycan dövləti tərəfindən
praktiki dəstəkdir. Əlbəttə ki, görülən
bütün tədbirlər nəticəsində Azərbaycanda
yoxsulluğun səviyyəsi daha da aşağı
düşməlidir. Azərbaycan reallıqları onu göstərir
ki, yoxsulların sayı getdikcə aşağı
düşür".
Respublikamızda aparılan
iqtisadi-sosial siyasətin məzmunu vətəndaşların sosial
vəziyyətinin yaxşılaşması ilə bərabər,
onların məşğulluğunun artırılması, daha
yaxşı yaşamaları üçün əlavə pul
gəlirləri əldə etməsindən ibarətdir.
Hökumətin qəbul etdiyi bütün qərarlar konkret
olaraq cəmiyyətin iqtisadi sifarişlərini özündə
əks etdirir, xalqın sosial qayğılarının təmin
olunmasına əhatəli şəkildə baza yaradır.
Regionlarda yaradılan yeni müəssisələr, iş yerləri
də məhz vətəndaşların yaxşı
yaşamaları üçündür. Son beş ildə Azərbaycanın
bütün regionları üzrə 20 mindən artıq yeni
müəssisə yaradılaraq istifadəyə verilib. Bu müəssisələrin 40 faizindən çoxu
rayonların payına düşür. 2003-cü ildən sonra
həmin müəssisələrdə və digər istehsal və
xidmət sahələrində iş yeri ilə təmin olunan
vətəndaşların sayı isə yüz minlərlə
ölçülür. Bu qədər
işin görülməsi, həqiqətən də, cəmi
bir neçə il üçün həddindən artıq
böyük, müqayisəolunmaz göstəricidir. Əhalinin
güzəranının yaxşılaşması yalnız əməkhaqlarının,
pensiya və müavinətlərin artması ilə
yekunlaşmır. Son illərdə yüzlərlə
yeni müəssisələrin yaradılması və bərpa
olunması nəticəsində 824 min yeni iş yeri
açılıb ki, bu da əhalinin sosial vəziyyətini
xeyli dərəcədə yüksəldib. Ümumiyyətlə,
işsizliyin aradan qaldırılması həmişə əhalinin
sosial güzəranını yaxşılaşdıran
mühüm amillərdən biri kimi dəyərləndirilib.
Burada önəmli hadisələrdən biri də odur ki,
ölkəmizdə əhalinin işsizlik və digər sosial
problemləri yalnız paytaxtda deyil, hətta ucqar rayonlarda da həllini
tapır.
Azərbaycan hakimiyyəti
məcburi köçkünlərin də yaşayış səviyyəsinin
yüksəldilməsinə daim qayğı göstərir,
onların yaşayış şəraitlərinin
yaxşılaşması üçün əhəmiyyətli
tədbirlər həyata keçirir. Ölkədə bir dənə
də olsun çadır şəhərciyinin
qalmayacağını bəyan edən Azərbaycan Prezidenti verdiyi vədi
artıq yerinə yetirib. Bu müddətdə qaçqın və
məcburi köçkünlərin işlə təmin
olunmaları və həyat şəraitlərinin
yaxşılaşdırılması istiqamətində xeyli
iş görülüb.
Sosial siyasətlə bağlı
qanunların qəbulu da ötən altı ildə əsas
diqqət mərkəzində olub. Bu müddətdə
pensiyaçıların, təqaüdçülərin, əlillərin,
şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin,
qaçqın və məcburi köçkünlərin
sosial müdafiəsi ilə bağlı çoxlu sayda
hüquqi sənədlərin qüvvəyə minməsi
sosial sahədə böyük irəliləyişə
səbəb olub. Pensiya sisteminin təkmilləşdirilməsi,
fərdi uçot sisteminin tətbiq olunması bu sahədə
müsbət dinamika ilə müşahidə olunmaqdadır.
Ölkəmizin
inkişaf strategiyasına əsasən, əhalinin sosial
müdafiə və sosial təminat xərclərinin, o
cümlədən yoxsulluğun səviyyəsinin
azaldılmasında müstəsna əhəmiyyət kəsb
edən minimum əməkhaqqının, pensiyaların baza hissəsinin,
sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin
mütəmadi olaraq artırılması qarşıya qoyulan əsas
vəzifələrdir. Əhalinin sosial durumunun durmadan
yaxşılaşması isə həm ölkədə
sabitliyə, həm də davamlı inkişafa təminatdır.
Sosial problemlərin yoluna qoyulması üçün
çoxşaxəli tədbirlərin həyata keçirilməsi,
bütün kateqoriyalardan olan vətəndaşların sosial
rifahının yüksəlməsi respublikamızın
ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 6 noyabr.- S. 4.