Azərbaycan-Avstriya arasında təhsil sahəsində əlaqələr müzakirə edilmişdir

 

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-nın vitse-prezidenti Səməd Seyidov Avstriyanın ölkəmizdəki səfiri Marius Kalliqarislə görüşmüşdür.

ADU-nun mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Avstriya-Azərbaycan münasibətləri, regionun Avropaya inteqrasiyası, ölkələrimizin təhsil sistemləri, universitetlərarası əlaqələr və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

Səməd Seyidov ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmış və qeyd etmişdir ki, bu əlaqələr təhsil sahəsində də özünü qabarıq şəkildə büruzə verir. Rektor ADU-nun nəzdində Avstriya Mərkəzinin fəaliyyət göstərdiyini bildirmişdir. S.Seyidov demişdir ki, Avstriya universitetləri ilə geniş əlaqələrə malikik. Avstriyanın üç universiteti ilə mövcud əlaqələrin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Hesab edirəm ki, Azərbaycan ilə Avstriya arasında təhsil sahəsindəki əlaqələr başqa ölkələr üçün də nümunə ola bilər.

Səfir Marius Kalliqaris də Azərbaycan ilə Avstriya arasında mövcud əlaqələrin daha da genişlənəcəyi barədə əminliyini ifadə etmişdir. Diplomat Azərbaycanda bütün sahələrdə sürətli inkişafın olduğunu bildirmişdir. İqtisadi inkişaf göstəricilərini çox yüksək qiymətləndirmişdir.

"Mən onu da demək istəyirəm ki, Bakı son illər çox dəyişib, gözəlləşib, inanılmaz dərəcədə dəyişib" deyən səfir bu dəyişikliyi Azərbaycanda gedən güclü inkişafın nəticəsi kimi dəyərləndirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2009.- 6 noyabr.- S. 5.