Hesabat dövründə Azərbaycanda Rus İcmasının fəaliyyəti müsbət qiymətləndirilmişdir

 

Təxminən 68 min üzvü olan icmanın 38 şəhər, rayon və regional qurumunu qurultayda 320 nümayəndə təmsil etmişdir. Azərbaycanda yaşayan rusların sayı isə 160 min nəfərdən çoxdur.

Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin qurultayı açaraq, nümayəndələri və qonaqları salamlamış, tədbirin gündəliyini elan etmişdir.

Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxumuşdur.

(Azərbaycan Prezidentinin məktubu qəzetin bugünkü nömrəsində dərc olunur).

M.Zabelin təbrik məktubuna və icmanın fəaliyyətinə verilən yüksək qiymətə görə Rus İcması adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək vurğulamışdır ki, Azərbaycanda yaşayan ruslar onun siyasi xəttini daim dəstəkləyirlər.

Qurultayda çıxış edən Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata vurğulamışdır ki, ruslar Azərbaycanın tamhüquqlu vətəndaşlarıdırlar. Çoxmillətlilik Azərbaycanın sərvətidir, Rus İcması bu varlığın bir hissəsidir.

Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin bildirmişdir ki, Azərbaycanda tolerantlıq yüksək səviyyədədir. Ölkədə milli azlıqların öz milli mədəni dəyərlərini qorumaq üçün bütün şərait yaradılmış və bu şəraitdən düzgün istifadə etmək çox vacibdir. Azərbaycanda Rus İcması kağız üzərində deyil, reallıqda fəaliyyət göstərir.

Sonra M.Zabelinin Azərbaycanda Rus İcmasının beşillik fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilmişdir.

Sədr məruzəsində vurğulamışdır ki, rus dilinə kifayət qədər tələbat olan Azərbaycanda rus diasporu rahat və sakit həyat yaşayır, onların heç bir hüququ pozulmur.

M.Zabelin bildirmişdir ki, Azərbaycanda Rus İcması beş il ərzində çox vacib layihələr həyata keçirmişdir. Cənubi Qafqaz dövlətləri nümayəndələrinin regional konfransı, dünyanın 15 ölkəsindən nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş rusiyalı həmvətənlərin yığıncağı, Azərbaycanın ali məktəblərində "Moskva merinin təqaüdü" proqramının həyata keçirilməsi bu qəbildən olan ən mühüm layihələrdəndir. Respublika ictimaiyyəti Bakı-Xəzəryanı Yeparxiyanın yenidən yaradılmasının 10-cu ildönümünün qeyd edilməsinə böyük maraq və diqqətlə yanaşmışdır.

Məruzəçi demişdir ki, II qurultayın qərarlarını yerinə yetirən Respublika Şurası beynəlxalq qurumlarla əlaqələrini möhkəmləndirmiş, Azərbaycanın nailiyyətlərini təbliğ etmiş, rusiyalı həmvətənlər təşkilatlarının beynəlxalq fəaliyyətində yaxından iştirak etmişdir.

Sonra Moskva hökumətinin təmsilçisi Aleksey Yesipenko şəhərin meri Yuri Lujkovun adından beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelinə xatirə hədiyyəsi təqdim etmişdir.

Qurultayda təftiş və mandat komissiyalarının hesabatları, rayon bölmələrinin rəhbərlərinin çıxışları dinlənilmişdir. Hesabat dövründə Azərbaycanda Rus İcmasının fəaliyyəti müsbət qiymətləndirilmişdir.

Bundan əlavə, qurultayda iqtisadi problemlər müzakirə edilmişdir. Faşizm üzərində Böyük Qələbənin 65 illiyinə hazırlıq da qurultayda əsas məsələlərdən biri olmuşdur.

Daha sonra icma sədrini və Respublika Şurasının yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilmişdir. M.Zabelin yekdilliklə yenidən 5 il müddətinə sədr, 25 nəfərdən ibarət Respublika Şurasının üzvləri seçilmişdir. Beləliklə, Respublika Şurasının üzvlərinin sayı 17-dən 25-ə çatdırılmışdır.

İcmanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş, növbəti 5 il müddətinə perspektiv plan təsdiqlənmişdir.

Qurultayda qətnamə, Rusiya Prezidenti Dmitri Medvedevə müraciət qəbul olunmuşdur.

Azərbaycanda Rus İcmasının III qurultayı bədii proqramla başa çatmışdır.

Qurultayda Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlar, Rusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və sabiq səfir Vasili İstratov, RF Prezidenti Administrasiyasının, Dövlət Dumasının nümayəndələri, qraf Pyotr Şeremetyev, knyaz Dmitri Romanov və digər xarici qonaqlar iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 2.