Böyük ziyalı, xeyirxah insan

 

Yaxşı yadımdadır, 1980-ci ilin baharı idi. Xalq şairi Nəbi Xəzri ilə birlikdə o vaxt Bakıya qonaq gəlmiş məşhur Livan şairi Mişel Süleymanı müşayiət edirdik. Zaqatalaya getmişdik. O zaman Rəşid Mahmudov Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışırdı. Rəşid Mahmudov Bakıda ezamiyyətdə olduğundan bizi rayon partiya komitəsinin ikinci katibi, şair-publisist Məmməd Murad qəbul etdi. O bizim Zaqatalaya gəlməyimizi Rəşid müəllimə çatdırdı. Rəşid müəllim Nəbi Xəzri ilə yaxın dost idi. O, zəng edib bizimlə çox xoş danışdı və bir gün də əlavə Zaqatalada qalmağımızı xahiş etdi. Məqsəd bu idi ki, o, Bakıda işini qurtarıb Zaqatalaya qayıtsın və biz həmin günü bir yerdə olaq. Lakin səfər proqramımız çox gərgin olduğundan biz Rəşid müəllimdən üzr istəyib Bakıya qayıtdıq. O zaman mən Rəşid müəllimi şəxsən tanımırdım. Mənim onunla ilk tanışlığım telefon vasitəsilə olub.

 

Rəşid Mahmudovla mənim şəxsi tanışlığım və yaxınlığım keçən əsrin 80-ci illərinin sonlarına təsadüf edir. O vaxtlar mən akademik Ziya Bünyadovla birlikdə "Quran"ın Azərbaycan dilinə tərcüməsi üzərində işləyirdim. Məşhur poliqrafist, sovet dönəmində Azərbaycanın ən görkəmli naşirlərindən biri, rəhmətlik Əjdər Xanbabayev "Azərnəşr"in direktoru, sonralar Dövlət Mətbuat Komitəsinin sədr müavini kimi bizi tərcüməni tez başa çatdırmağa tələsdirirdi.

O dövrdə "Quran"ın milli dillərə tərcüməsi çox mürəkkəb bir iş idi. Moskva islam dininin bu müqəddəs kitabının SSRİ tərkibində olan xalqların dillərinə tərcümə edilməsinə icazə vermir, "Quran"a müraciət etmək lazım olduqda akademik İ.Y.Kraçkovskinin rus dilində olan tərcüməsi ilə kifayətlənməyi tövsiyə edirdi. İ.Y.Kraçkovskinin tərcüməsini əldə etmək özü də bir problem idi. Onu ancaq dövlət kitabxanalarında və yüksək vəzifəli dövlət məmurlarının şəxsi kitabxanalarında tapmaq mümkün idi. "Quran" oktyabr inqilabından əvvəl Azərbaycan dilinə tərcümə olunsa da, onlardan istifadə etmək müşkül bir məsələ idi. Əvvələn, ona görə ki, bu kitablar ərəb əlifbası ilə çap edildikləri üçün onları çox az adam oxuya bilirdi. Digər tərəfdən, onların dili ərəb, fars sözləri, ifadə və tərkibləri ilə zəngin olduğundan müasir oxucu üçün anlaşılmaz idi. Buna görə də "Quran"ın Azərbaycan dilinə tərcüməsi XX yüzilliyin ikinci yarısında bir zərurət olaraq meydana çıxmışdı.

Keçən əsrin 80-ci illərinin sonlarında SSRİ-nin müxtəlif bölgələrində baş qaldırmış milli azadlıq hərəkatı nəticəsində Moskva əyalətlərə artıq öz ciddi nəzarətini həyata keçirə bilmirdi. Bununla belə, bolşevik xofu hələ də qalmaqda idi. Rəhmətlik Əjdər Xanbabayev bizə tez-tez zəng vurub deyirdi ki, Dövlət Mətbuat Komitəsinin sədri Rəşid Mahmudov və eləcə də o özü "Quran"ın Azərbaycan dilinə tərcüməsinin ən qısa bir zamanda başa çatdırılmasını xahiş edirlər. Onların fikrincə, nə qədər ki Moskva öz hayındadır, bu işi tez görüb qurtarmaq lazımdır. Bilmək olmaz, birdən vəziyyət dəyişər, Moskva 1989-cu ildə olduğu kimi, "Quran"ın Azərbaycan dilinə tərcümə olunmasını yenidən bizə qadağan edər.

Burada qürur hissi ilə qeyd etmək istəyirəm ki, "Quran"ın Azərbaycan dilinə tərcüməsi və nəşri görkəmli publisist, naşir və ictimai xadim Rəşid Mahmudovun Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsində çalışdığı 1988-1991-ci illərə təsadüf edir. O, Mətbuat Komitəsinin sədri kimi bizi tez-tez kabinetinə dəvət edər, işin nə vəziyyətdə olduğunu öyrənər, nə kimi kömək lazım olduğunu soruşub elə oradaca komitənin məsul işçilərinə həmin işin icrası barədə tapşırıq verər, bir sözlə, tərcümə və nəşrə hazırlıq işini ciddi nəzarətdə saxlayardı. Bütün bunları deməkdə məqsədim odur ki, sovet dönəmində "Quran"ın Azərbaycan dilində nəşrinin həyata keçirilməsi kimi çətin və şərəfli bir işdə Rəşid müəllimin əvəzsiz xidməti olmuşdur. Rəşid Mahmudov elə təkcə bu fədakar əməli ilə həyatda ikən cənnəti satın almış bir adam idi.

Rəşid müəllim Allahdan, "Quran"dan, Peyğəmbərdən, övliyalardan danışanda onun üzünü qeyri-adi bir nur bürüyürdü. Mən sovet tərbiyəsi görmüş, sovet ruhunda böyümüş Rəşid Mahmudovun dinimizə, "Quran"a olan bu böyük məhəbbətinin sirrini əvvəllər özüm üçün aydınlaşdıra bilmirdim. Sonralar öyrəndim ki, o, böyük bir nəslin, müqəddəs bir ocağın nümayəndəsidir. Bu ocaqdan Şirvanşahlar dövlətində qoşun sərdarı olmuş Mirzə ibn Cavanşir, Şeyx Hacı İsmayıl Əfəndi, Hacı Xasməmməd Əfəndi, Hacı Cəbrayıl Əfəndi, Hacı Sofu Əfəndi və nəhayət, atası - Azərbaycan Respublikasının əməkdar müəllimi İsmayıl Mahmudov kimi görkəmli şəxsiyyətlər çıxmışdır.

Rəşid müəllim ulu babalarından Şeyx İsmayıl Əfəndinin Şirvanın Kürdəmir kəndində (indiki Kürdəmir şəhəri - V.M.) açdığı məktəbdə müridizmin banisi Şeyx Mənsurla Molla Məhəmməd oxumuş, Molla Məhəmmədin Dağıstanın Yaraqlı kəndində təsis etdiyi məktəbdə isə I İmam Qazi ilə Əfsanəvi Şeyx Şamil təhsil almışlar.

Bakı Dövlət Universitetinin Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Ədhəm Mahmudov da bu nəslin görkəmli nümayəndələrindən biri idi. Mənim köhnə dostum, görkəmli alimimiz, rəhmətlik Ədhəm müəllim öz soy-kökü ilə fəxr edər, böyük qardaşı Rəşiddən ağızdolusu danışar, onun xeyirxah işlərindən, etdiyi yaxşılıqlardan söhbət açardı.

Respublikanın hüquq-mühafizə orqanlarında uzun müddət məsul vəzifələrdə çalışmış Fikrət İsmayıl oğlu, tanınmış alim və şair, geologiya-mineralogiya elmləri doktoru Hikmət Mahmud da bu ocağın övladlarıdır.

Rəşid Mahmudov uzun müddət yüksək dövlət vəzifələrində çalışmış, həmişə özünü işgüzar, bacarıqlı, xeyirxah insan kimi göstərmiş, işlədiyi hər bir yerdə öz izini qoyub getmişdir. Rəşid müəllim ömrü boyu Azərbaycan xalqına, Azərbaycan dövlətinə, ümumiyyətlə, dövlətçiliyimizə ürəkdən, sədaqətlə xidmət etmişdir.

Son illər yaman kövrək olmuşdu Rəşid müəllim. Onunla ara-sıra telefonla, bayramlarda təbrikləşər, həm də dərdləşərdik. Ata-babasından, nəsil şəcərəsindən həvəslə danışar, mənə onlar haqqında məlumat verərdi. Gözləri tutulandan sonra, özünün dediyi kimi, "oxuyub-yazmaqdan qalan" bu əməksevər insan çox darıxır, sanki ulularına, əcdadlarına qovuşmağa tələsirdi. Müstəqil Azərbaycanın onun ahıl çağına, xəstə vaxtına düşməsindən çox heyifsilənər, səhhəti üzündən bu gün elinə-obasına lazım olan xidməti göstərə bilməməsindən təəssüflənərdi. Mən isə ona deyirdim ki, ay Rəşid müəllim, təəssüf etməyə dəyməz. Azərbaycanın müstəqilliyinin əldə edilməsində, xalqımızın öz keçmişini öyrənməsində, milli-mənəvi dəyərlərinə qayıtmasında sizin kimi fikir sahiblərinin, qələm əhlinin xidməti az deyil.

Rəşid Mahmudov bir jurnalist, bir publisist, bir naşir və bir tənqidçi kimi özündən sonra çox zəngin bir irs qoyub getmişdir. Bu irsin araşdırılması, tədqiqi və nəşri Azərbaycanın son 50-60 illik tarixini, ictimai fikrini öyrənmək üçün əvəzsiz bir qaynaqdır.

Rəşid müəllimin bizim üçün qoyub getdiyi başqa bir qiymətli irs də onun gözəl ailəsi, eləcə də dostlarının, onu yaxından tanıyanların, onunla təmasda bulunanların qəlbində əbədi yaşayacaq parlaq xatirəsidir.

 

 

Vasim MƏMMƏDƏLİYEV,

akademik

 

Azərbaycan.- 2009.- 6 noyabr.- S. 6.