Verilişin rejissoru Həqiqət Hüseynqızıdır

 

Bu sözləri xatırladınızmı? Uzun illərdir ki, Azərbaycan milli radiosunun efirindən bir çox verilişlərin sonunda bu təqdimatı eşidirik. Həqiqət Hüseynqızı ömrünün düz 39 ilini rejissorluq peşəsinə həsr edib. Deyir ki, bu illər ərzində bir dəfə də olsun, işimdə yorulmamışam, bezməmişəm, bu gün də işə həvəslə gedirəm, çünki Azərbaycan radiosu böyük məktəbdir. Doğrudan da, 39 il bu məktəbi keçmək böyük şərəfdir.

 

O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə həyatının ən gənc və gözəl çağlarında gəlib. Ürəyi işləmək, bacarığını göstərmək həvəsilə aşıb-daşıb.

1971-ci ildə AzTv-də səs operatoru kimi işə başlayan Həqiqət Əliyeva 1974-cü ildə ali təhsil almaq üçün işləyə-işləyə İncəsənət İnstitutuna daxil olur. Tələbəlik həyatının da ayrı bir gözəlliyi və unudulmaz anları var. O, 1979-cu ildə institutu bitirəndən sonra radionun rejissor qrupuna daxil olur və ixtisaslı rejissor kimi işinin məsuliyyətini daha çox hiss edir. Verilişin texniki cəhətdən düzümü, musiqi tərtibatı rejissordan və səs operatorundan çox asılıdır. Bu baxımdan, radio rejissorunun məsuliyyəti daha çoxdur. Çünki burada heç bir təsvir, görüntü yoxdur, veriliş dinləyiciyə yalnız səsin və musiqinin ifadəsilə çatdırılır. Ədəbiyyat və incəsənət, Xəbərlər, Gənclik, Elm və təhsil redaksiyalarında uzun illər rejissor işləyən Həqiqət xanım deyir ki, radio işi zərgər dəqiqliyi tələb edir: "Hər sənətin, peşənin öz çətinlikləri, öz sirləri var. Verilişi dinləyiciyə daha effektli çatdıran əsas amillərdən biri fikri tamamlayan musiqidir, səsin ahəngidir, bir sözlə, rejissorluq işidir. Biz çalışırıq ki, verilişi efirə verərkən bunların hamısı yerli-yerində olsun. Bütün dövrlərdə Azərbaycan radiosu bu sahədə məktəb olub. Biz Azərbaycanın böyük şəxsiyyətlərini, elm, incəsənət, mədəniyyət xadimlərini, dahi bəstəkarlarını görmüşük, onlarla ünsiyyətdə olmuşuq, səslərini lentə köçürmüşük".

Həqiqət Hüseynqızı işləyə-işləyə ailə qurub. İki ciyərparası Emillə Xəyalı böyüdüb boya-başa çatdırıb. Sonra da böyük qürur hissilə onları dalbadal hərbi xidmətə yola salıb. İndi də böyük həsrətlə nənə olmaq arzusundadır, çünki böyük oğlu Emili evləndirib. "Bu yollar ömrümün az qala qırx ilinin şahididir. Mən bu yollarda gəncləşdim, analıq sevincini yaşadım, əsgər anası oldum, yaşlandım, qayınana oldum, indi də ağbirçəkləşirəm, amma yenə radioya gələn bu yolları sevirəm. Radio mənə çox doğmadır" - deyən Həqiqət xanım təqaüdə çıxmaq ərəfəsindədir, ürəyində hələ də həyata keçirmək istədiyi arzuları, işləmək həvəsi aşıb-daşır. Biz də radio günü, əziz bayramı münasibətilə onu ürəkdən təbrik edirik. Arzulayırıq ki, o gün olsun, bu yollar sizin nənə olduğunuza şahidlik etsin.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2009.- 6 noyabr.- S. 7.