Əsas kapitala yönəldilmiş sərmayələrin 74,1 faizi qeyri-neft sektorunun inkişafına sərf olunub

 

Bu ilin doqquz ayı ərzində ölkənin sosial-iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5199,4 milyon manat investisiya yönəldilib. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3104,9 milyon manat, qeyri-dövlət sahəsi 2094,5 milyon manat sərmayə qoyub.

Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi sərmayələrin 71,6 faizini təşkil edib. İstehsal təyinatlı obyektlərin inşasında 3952,4 milyon manat, qeyri-istehsal obyektlərinin tikintisində 1247 milyon manatlıq investisiyadan istifadə olunub. Dövlət Statistika Komitəsindən aldığımız məlumatda daha sonra bildirilir ki, əsas kapitala yönəldilmiş vəsaitin 82,4 faizini daxili investisiyalar və yalnız 17,6 faizini xarici investisiyalar təşkil edib. Daxili sərmayələrin 68 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, qalanı qeyri-dövlət bölməsinin payına düşüb.

Bu il büdcədən maliyyələşdirilən inşaat işləri üçün nəzərdə tutulmuş 4718 milyon manat vəsaitin doqquz ay ərzində 1756,2 manatından istifadə edilib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 48,2 faiz təşkil edib. Qalanı bank kreditləri, büdcə və büdcədənkənar fondların, əhalinin şəxsi vəsaitləridir.

İlin əvvəlindən əsas kapitala yönəldilmiş bütün investisiyaların 39,1 faizi sənaye sahələrinin inkişafına sərf olunub. Nəqliyyatın inkişafına da xeyli sərmayə - ümumi investisiyaların 26,3 faizi xərclənib. İnvestisiyaların qalan hissəsi kənd təsərrüfatına, balıqçılığa, tikintiyə, ticarət və xidmətə, daşınmaz əmlakla əlaqədar əməliyyatlara, dövlət idarəetməsinə, təhsilə, səhiyyəyə və digər sahələrə yönəldilib.

Yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyanın 74,1 faizi qeyri-neft bölməsinin, qalanı isə neft sektorunun inkişafında istifadə olunub. İlin əvvəlindən ölkədə bir çox istehsal və sosial təyinatlı obyektlər işə salınıb. Bunlardan Bakı Beynəlxalq Avtovağzal Kompleksini, Gədəbəydə qızıl-mis emalı və Hacıqabulda kərpic zavodlarını, Şəmkirdə Olimpiya İdman Kompleksini və s. göstərmək olar. Naxçıvan MR-də istifadəyə verilmiş bir sıra obyektlər də 2009-cu ilin yadigarları sırasına daxil ediləcək. Bunlardan Naxçıvan şəhərində Avtovağzal Kompleksini, "Gəmiqaya" Mineral Sular Zavodunu və unlu qənnadı məmulatları sexini, Şərur rayonunda meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarları, istixananı və digərlərini misal göstərə bilərik. Azərbaycanın müxtəlif bölgələrində çoxlu sayda yaşayış evləri, ümumtəhsil məktəbləri, xəstəxanalar, avtomat telefon stansiyaları istifadəyə verilib.

İlin əvvəlindən təbiətin mühafizəsi obyektlərinin inşasına 67,3 milyon manat investisiya yönəldilib. Bu vəsaitin 62,3 milyon manatı su mənbələrinin mühafizəsinə və iştifadəsinə, qalanı isə torpaqların ekoloji cəhətdən qorunmasına sərf olunub.

Əsas kapitala yönəldilən daxili sərmayələr artdıqca, xarici sərmayələrin həcmi azalır. Belə ki, xarici investisiyaların həcmi keçən ilin eyni dövrünə nisbətən 47 faiz az olub. İlin əvvəlindən əsas kapitala yönəldilmiş xarici investisiyaların 84,7 faizi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya və Türkiyə sərmayəçilərinə məxsusdur.

Doqquz ay ərzində tikinti müəssisələri tərəfindən 2206,4 milyon manatlıq inşaat işləri görülüb. Bura yenidənqurma və genişləndirmə, əsaslı, cari və s. təmir işləri daxildir. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri daha çox inşaat işlərini həyata keçiriblər.

Yanvar-sentyabr aylarında inşaat bölməsində çalışanların orta aylıq nominal əməkhaqqı 448 manat təşkil edib. İri və orta tikinti müəssisələrində çalışanlar orta hesabla 499,5 manat alıblar.

 

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 3.