Polşalı tələbələr həqiqəti yalandan üstün tutmuşlar

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkəmizin Polşadakı səfirliyinin əməkdaşları "Regnum.ru" internet portalında çıxmış "Polşalı tələbələr Qarabağ şəhəri Şuşa haqqında film hazırlayırlar" başlıqlı məqaləsi ilə əlaqədar Lodz Kinematoqrafiya, Televiziya və Teatr Ali Məktəbinin tələbələri Pavel Zelmitski və Mateuş Vaydanın Şuşa şəhərinə planlaşdırdıqları səfərlə bağlı birbaşa M.Vayda ilə görüşmüşlər.

Tələbənin diqqətinə çatdırılmışdır ki, əgər onlar bunu etsələr, bu, beynəlxalq hüquq normalarına, Azərbaycan-Polşa strateji tərəfdaşlığına, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş akt kimi qəbul olunacaqdır.

Görüşdə polşalı tələbəyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, danışıqlar prosesi, bir milyondan artıq azərbaycanlının doğma yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün olduğu, Ermənistanın Azərbaycanın tarixi torpaqlarının təxminən 20 faizini işğal altında saxladığı barədə ətraflı məlumat verilmişdir.

Məsələyə aydınlıq gətirildiyi üçün M.Vayda öz minnətdarlığını bildirmiş və P.Zelmitski ilə Şuşaya planlaşdırdığı səfərdən imtina etdiyini demişdir.

Bu məsələ ilə bağlı səfirlik, həmçinin Lodz Kinematoqrafiya, Televiziya və Teatr Ali Məktəbinin rektoru Robert Qlinskiyə məktub göndərmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 4.