Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tərbiyə müəssisəsində tədbir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2009-cu ilin "Uşaq ili" elan edilməsi haqqında" 2008-ci il 22 dekabr tarixli Sərəncamına əsasən, ölkəmizdə keçirilən silsilə tədbirlər çərçivəsində oktyabrın 20-dən noyabrın 20-dək "Uşaqları dinləyək, onların iştirakını təmin edək" devizi ilə Uşaq hüquqları aylığı keçirilir.

Bu aylıq çərçivəsində noyabrın 6-da Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tərbiyə müəssisəsində İctimai Komitə tərəfindən tədbir keçirilmişdir.

Tədbirdə respublikamızda penitensiar sistemin müasirləşdirilməsi üzrə həyata keçirilən uğurlu islahatlar çərçivəsində yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin, ərzaq, tibb və digər təminatlarının yaxşılaşdırılması, ictimai faydalı əməyə cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, hüquqi yardımın göstərilməsi, maarifləndirilmə tədbirlərinin keçirilməsi üzrə işlər vurğulanmış, yeniyetmə məhkumların problemlərinin xüsusi diqqət mərkəzində olduğu, qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq həyata keçirildiyi qeyd olunmuşdur.

Azyaşlı məhkumlarla keçirilən görüş zamanı onlara aktual məsələlərə dair, o cümlədən QİÇS və narkomanlığa qarşı mübarizə barədə mühazirələr oxunmuş, viktorinalar keçirilmiş, İctimai Komitənin üzvləri tərəfindən tərbiyə olunanlara hədiyyələr, Bakı Elektronik Şirkətindən televizor təqdim edilmişdir.

Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarının, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbir konsert proqramı ilə başa çatmışdır.

 

 

Azərbaycan.- 2009.-7 noyabr.- S. 4.