Bakıda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Moskvanın və Bütün Rusiyanın Patriarxı KİRİLL hazırkı dövrdə istənilən cəmiyyətin müasirləşdirilməsi ilə yanaşı, əsrlərin sınağından çıxan milli mənəvi, o cümlədən dini dəyərlərə də həssaslıqla yanaşmağın vacibliyini vurğulayaraq söylədi:

- Xalqın əsas dəyərlərinə məhəl qoymayan hər bir islahat çox vaxt zamanın sınağından çıxa bilmir. Rusiyada həmin bazis dəyərlərinə yenidən nəzər salmaqla, onlardan imtina etməklə bu cür islahatlar aparmaq cəhdləri çox olmuşdur. I Pyotrun islahatları və çarizm dövründəki islahatların bəzi şaxələri və əlbəttə, oktyabr inqilabından sonra ölkədə baş verənlər bu qəbildəndir. Qəribədir, bütün bu modernləşmələrin nəticələrini təhlil etsək, nəyin baş tutmasına və nəyin baş tutmamasına nəzər salsaq, çox maraqlı nəticəyə gəlmək olar. Yalnız xalqın fundamental, dərin, mədəni, əxlaqi və mənəvi dəyərlərinə zidd olmayanlar xalqın həyatında qalmış və onun rifahına xidmət etmişdir.

Mən cənab Prezidentin indicə dediyi sözləri çox yüksək qiymətləndirdim. Çünki bu sözlər o sintezin ifadəsidir ki, inkişaf meyli, təkmilləşmə meyli xalqın mənəvi, mədəni, əxlaqi dəyərlərindən, o cümlədən həmin dəyərlərin dini ənənələrdəki təzahüründən imtina edilməsi ilə bağlı olmadıqda ölkənin real modernləşdirilməsi və real islahatlar keçirilməsi mümkün deyildir.

Cənab Prezident, mən Sizi öz qəlbimə, bu gün dünyanın necə inkişaf etməsi barədə anlayışıma çox yaxın olan baxışlarınızla əlaqədar təbrik etmək istərdim.

Zati-müqəddəsləri Kirill dinlərarası dialoqda Qafqaz Müsəlmanları İdarəsinin oynadığı mühüm rolu da xüsusi vurğuladı:

- 1944-cü ildə yaradılmış Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin hüquqi varisi olmuş Sizin dini idarə öz sərhədlərini nəinki qoruyub saxlamış, hətta genişləndirmiş, postsovet məkanında yeganə dövlətlərarası islam strukturu kimi qalmışdır. Buna görə də sizin şəxsiyyətinizlə əlaqədar uğurların əksəriyyəti çox cəhətdən xidmətlərinizin nəticəsidir. Qafqaz müsəlman icmasının qardaşlıq münasibətləri zəminində dinamik inkişafını davam etdirməsini görmək xoşdur. 2004-cü ildə sizin fəal iştirakınızla yaradılmış MDB Dinlərarası Şurası postsovet məkanında ən iri dinlərarası quruma çevrilmişdir. Bu ilin iyun ayında isə siz Məşvərət Şurasına başçılıq etməklə Birlik müsəlmanlarını sıx birləşdirməyə nail ola bildiniz.

Moskvanın və Bütün Rusiyanın Patriarxı Azərbaycanda bütün dinlərin nümayəndələrinə, eləcə də provaslavlara qarşı heç vaxt ayrı-seçkilik edilmədiyini bildirdi:

- Azərbaycanda pravoslav xristianlar heç vaxt təqib edilməmişdir. Buradakı ruslar heç vaxt həyati təhlükə ilə üzləşib öz evlərini tərk etməmişlər. Tarixi vərəqləyəndə məlum olur ki, əcdadlarımız ümumi təhlükələrə qarşı çiyin-çiyinə vuruşmuşlar. 1905-ci ildə müsəlman və pravoslav ruhaniləri millətlərarası və dinlərarası ayrı-seçkiliyin qızışdırılmasına qarşı birgə çıxış etmişdilər.

Onların davamçıları isə asayişi qorumaq üçün dinlərarası drujinalar yaratmışlar. 90 ildən sonra, SSRİ-nin dağılmaqda olduğu qarışıq dövrdə isə siz rus kilsəsi ilə dostluğa sadiq qalaraq onun ölkənizdəki dindarlarını dəstəkləmisiniz. Buna görə sizə çox təşəkkür edirik.

Artıq 30 ildən çox müddətdə sizi tanıdığımdan demək istəyirəm ki, möhtərəm şeyx, siz yüksək mənəvi prinsiplərə sadiq insan, öz ölkəsinin ardıcıl vətənpərvəri və müdrik diplomat kimi parlaq nümunəsiniz. Siz pravoslav kilsəsinin ali mükafatlarına layiq görülmüş ilk müsəlman lideri kimi tarixə düşmüsünüz. Burada ali qonaqların və onlarca ölkənin nümayəndələrinin iştirak etməsi aydın şəkildə göstərir ki, siz dünya miqyaslı din xadiminə, dinindən və etiqadından asılı olmayaraq, xoşməramlı insanların ehtiram bəslədiyi liderə çevrilmisiniz.

Əlamətdar tarixlər münasibətilə sizi ürəkdən təbrik edirəm, nəcib əməllər üçün sizə yeni qüvvə, ruhən və cismən möhkəm olmağınızı arzu edirəm. Səmimi qəlbdən inanıram ki, biz hələ sizin həyatınızın əlamətdar tarixlərini dəfələrlə birlikdə bayram edəcəyik.

Şeyxülislam Allahşükür Paşazadənin 60 illiyi ilə əlaqədar fərmanı elan etmək istərdim: "Qafqaz Müsəlmanları İdarəsinin başçısı şeyxülislam Allahşükür Paşazadə dinlərarası əməkdaşlığa, xalqlar arasında sülhün və dostluğun möhkəmlənməsi işinə verdiyi töhfələrə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar Rus Pravoslav Kilsəsinin birinci dərəcəli "Şöhrət və şərəf" ordeni ilə təltif edilir".

 

***

 

Patriarx Kirill ordeni şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

 

***

 

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill dedi: - Mən sevgimin, səmimi hisslərimin ifadəsi kimi bu şamdanları da sizə təqdim etmək istərdim. Şam rəmzdir. Şamsız, xüsusən qədim dövrlərdə insanlar qaranlıqda məkanı görə bilmirdi. Allahdan arzum budur ki, ibadətiniz sizin sözünüzü eşidən, sözünüzə inanan və öz həyatını sizin müdrik məsləhətlərinizə uyğun qurmağa hazır olan insanların yoluna həmişə işıq saçsın.

 

***

 

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədrinə hədiyyəni təqdim etdi.

Gürcü xalqı adından şeyxülislam Allahşükür Paşazadəyə təbriklərini çatdıran Gürcüstan Patriarx Katolikosu II İLYA yubilyarın fəaliyyətini yüksək qiymətləndirərək dedi:

- Əlahəzrətlər cənab Prezident!

Hörmətli Mehriban xanım!

Əlahəzrət şeyxülislam Allahşükür Paşazadə!

Əlahəzrət Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill!

Sizin hamınızı Gürcüstan kilsələri adından, gürcü xalqı adından ürəkdən salamlayıram. Biz buraya ondan ötrü toplaşmışıq ki, dostumuz və qardaşımız - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadənin 60 illiyini təbrik edək. Siz təkcə Azərbaycan deyil, bütün Qafqaz üçün çox işlər görmüsünüz. Hələ sovet dövründə biz dəfələrlə görüşmüşdük, bundan başqa birgə konfranslarda iştirak etmişdik. Siz bu tədbirlərdə həmişə həqiqəti danışırdınız. Sizin həqiqəti danışmaq qabiliyyətiniz bu gün də davam edir. Mən əminəm ki, bu həqiqət həmişə davam edəcəkdir.

II İlya Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyəyə çatması və regionun inkişafı üçün böyük işlər görən Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirdi. Bölgədə sülhün, əmin-amanlığın təmin olunması, iqtisadi inkişafın sürətləndirilməsi üçün Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyini vurğuladı. Qloballaşmanın müsbət və mənfi tərəflərinə toxunan II İlya, milli mənəvi dəyərlərə daim hörmətlə yanaşmağın vacibliyini qeyd etdi. Bu baxımdan gürcü və Azərbaycan xalqları arasında səmimi münasibətlərin hökm sürdüyünü diqqətə çatdıraraq bildirdi:

- Mən elə bir ailədə böyümüşəm ki, bizim ən çox qonağımız məhz müsəlmanlar olurdu. Mən öz uşaqlıq illərimi yada salıb onların bizə təşrif buyurduqlarını xatırlayıram. Bizim böyüklərimiz dost müsəlmanlar üçün ən gözəl qonaq otaqlarını hazırlayırdılar. Orada xalçalar döşəyirdilər ki, qonaqlar burada öz müsəlman qaydaları ilə ibadətlərini etsinlər.

Mən böyük sevgi və fərəhlə Azərbaycana səfər etdim ki, bir daha sizə dost və qardaş sözlərimi deyim.

Gürcüstan Patriarx Katolikosu II İlya şeyxülislam Allahşükür Paşazadəni bir daha təbrik etdi və ən xoş arzularını çatdırdı.

 

***

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin adından yubilyara təbriklərini çatdıran Gürcüstan Parlamentinin vitse-spikeri Pridon Todua hədiyyələrini təqdim edərək dedi:

- İcazə verin, Gürcüstan Prezidentinin tapşırığı ilə sizə sülhün və xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə verdiyiniz töhfəyə görə ölkəmizin ali dövlət mükafatı - "Qoyunun qızıl dərisi" ordenini təqdim edim.

Qırx ildir ki, şeyxülislam Allahşükür Paşazadə ilə dostluq etdiklərini vurğulayan İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İHSANOĞLU yubilyarın insani keyfiyyətlərini və İslam dini qarşısında xidmətlərini geniş təhlil etdi. O, tədbir iştirakçılarının diqqətini dinlərarası dialoqla bağlı mühüm məqamlara yönəltdi.

Ekmələdddin İhsanoğlu dinlərarası dialoqun fikir mübadiləsindən konkret işə keçmək mərhələsinə yetişdiyini hərtəfəli əsaslandıraraq dedi:

- Mənim belə bir fikrim var ki, bu dialoqlar dialoq üçün deyil, vahid hədəfə çatmaq üçün aparılmalıdır. Çünki əgər biz bir hədəf müəyyən etməsək və bu hədəfə nail olmaq üçün əlimizdən gələni etməsək bizdən sonra gələn nəsil də dialoq aparacaqdır. Bəs biz nə qədər yol qət etdik? Biz üç dinin mənsubu olaraq həzrəti İbrahimin gətirdiyi vəhylərə əsaslanırıq. Onun qurduğu təməllər üzərində inşa edirik. Aramızda fərqlər vardır, eyni zamanda, daha çox ortaq cəhətlərimiz də vardır. Dünya, axirətin varlığı, əxlaqi məsuliyyət məsələsi və bir çox ortaq dəyərlərimiz vardır.

Ancaq tarixi münasibətlərə baxarkən bu ortaq cəhətlərin yanında bir sıra həssas nöqtələrin olduğunu görürük. Tarixdəki müharibələr də bundan irəli gəlir. Əgər biz daha yaxşı gələcək istəyiriksə başqa cür hərəkət etməliyik. Bu həssas nöqtələr hansılardır və biz bunları necə həll edə bilərik?! 1960-cı illərdə xristianlıqla yəhudilik arasında çox böyük tarixi uzlaşma oldu. Bu iki din arasında Vatikan başda olmaqla, yəhudi dini alimləri bir araya gələrək bu sahədə tarix boyu mövcud olan gərginliyi həll etdilər. Bu, müsbət bir hadisədir.

Mən hesab edirəm ki, müsəlmanlar olaraq bizim xristianlıqla belə bir tarixi uzlaşmaya ehtiyacımız vardır. Bunu artıq həyata keçirmək lazımdır. Ona görə də dialoqun dəqiq müəyyən edilmiş bir hədəfi və gündəliyi olmalıdır. Bunun arxasında siyasi iradənin olması çox vacibdir. Belə olmadığı təqdirdə bu tarixi dialoqlar mehriban münasibətlərin və xoş niyyətlərin ifadəsi olaraq qalacaqdır.

Bundan başqa, bu mövzuda daha bir mülahizəm vardır. Hörmətli Prezident, Sizinlə görüşümüzdə bu məsələyə toxundunuz: din və siyasət arasındakı münasibət.

On il əvvəl burada - o zaman mən İstanbuldakı İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində işləyirdim - əziz dostum şeyxülislam və Elmlər Akademiyası ilə bərabər təşkil etdiyimiz "Qafqazdakı İslam mədəniyyətinin birinci beynəlxalq simpoziumu"nu həyata keçirdik. Simpoziumda böyük lider Heydər Əliyev bir saat çıxış etdi. Qafqaza İslamın gəlişi, inkişafı, mövcud vəziyyəti və gələcəyinin necə olmalı olduğunu bir saat müddətində izah etdi. Həqiqətən də böyük bir dövlət xadimi kimi görüşlərini, təcrübəsini və biliyini nümayiş etdirdi.

İslamda kilsə olmadığı üçün xristianlıqdakı kimi kilsə və din münasibətləri yoxdur. Amma hər dində olduğu kimi din və siyasət münasibəti vardır. Din və siyasət münasibəti arasındakı məsafəni biz doğru müəyyən etməsək hər zaman çətinliklər ortaya çıxacaqdır. Bir çox İslam cəmiyyətində bu sıxıntılar vardır. Bunun ideal halı, mükəmməl forması bir tərəfin digərinə qarışmamasıdır. Sizin burada dediyiniz dünyəvilik, tarazlıq çox vacibdir. Bu tarazlığın burada çox həssas şəkildə Sizin dövrünüzdə də saxlanması hörmətə və təqdirəlayiqdir.

İslam Konfransı Təşkilatının baş katibi şeyxülislam Allahşükür Paşazadəyə ən xoş arzularını çatdıraraq bildirdi:

- Sonda təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizim təşkilatın ordeni yoxdur. Amma mən qiymətli qardaşıma bir hədiyyə gətirmişəm, onu sizin hüzurunuzda təqdim etmək istəyirəm. Mən ona artıq bundan sonra "İslamın ulduzu" deyəcəyəm. Çünki o, tək Qafqazın deyil, bütün İslam dünyasının ulduzudur. Bu hədiyyə də Məkkə və Mədinədəki müqəddəs diyarın yüksək ustalıqla qiymətli daşlardan hazırlanmış bir modelidir. Onu sizə təqdim etsəm özümü çox xoşbəxt hiss edərəm.

 

***

 

İKT-nin baş katibi Ekmələddin İhsanoğlu hədiyyəni şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

Roma Papası XVI Benediktin adından konfransda iştirak etmək üçün Azərbaycana gəlmiş Vatikanın nümayəndəsi kardinal Salvatore DE CORCİ Papanın xüsusi salamlarını Prezident İlham Əliyevə və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə çatdırdı, tədbir iştirakçılarını Papanın məktubunun mətni ilə tanış etdi.

Azərbaycanda bütün millətlərə və dinlərə eyni münasibətin Vatikanda da böyük razılıq doğurduğunu qeyd edən Salvatore De Corci dedi:

- Zati-müqəddəsləri Roma Papası xüsusilə vurğuladı ki, bu gün sizin ölkəniz dinlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.

Eyni zamanda, dövlət katibi kardinal Bertoni məndən xahiş etmişdir ki, onun da xoş sözlərini, təbriklərini sizə çatdırım. Çünki o, Azərbaycana 2008-ci ilin mart ayında səfər etmiş və Bakıda yenicə tikilmiş katolik kilsəsinin açılış mərasimində iştirak etmişdi.

O, zati-müqəddəsləri Roma Papasının adından, eyni zamanda, Azərbaycanın bütün katolik icması adından hörmətli cənab Prezidentə və şeyx həzrətlərinə Azərbaycanda müxtəlif dinlər arasında bu cür nümunəvi əlaqələrin və münasibətlərin olmasını nəzərə alaraq öz dərin minnətdarlığını bildirir və Roma Papası şəxsən öz tərəfindən sizi əmin edir ki, bundan sonra da Tanrıya üzünü tutaraq, sizin ölkənizə, bütün cəmiyyətinizə və Azərbaycan xalqına Allah-təaladan ən yaxşı arzularını diləyəcəkdir.

 

***

 

Vatikanın nümayəndəsi kardinal Salvatore De Corci Allahşükür Paşazadəyə hədiyyə təqdim etdi.

 

Ardı 7-ci səh.

 

Muxu Əliyev gənclərin həqiqi islami dəyərlərə yiyələnməsi üçün yüksək səviyyəli dini təhsilə xüsusi diqqət yetirilməsinin, onların bu baxımdan maarifləndirilməsinin vacibliyini bildirdi. Məhz bu halda gənc nəslin dözümlülük, tolerantlıq ruhunda yetişəcəyini söylədi. Qonaq hazırkı qloballaşma dövründə əksər dövlətlərin dini ekstremizm problemi ilə üzləşdiyini vurğuladı və bu məsələyə münasibətini bildirdi:

- Sizin dini təhsil müəssisələrində dövrümüzün tələblərinə və çağırışlarına uyğun hərtərəfli biliklərə malik din xadimlərinin yetişdirilməsi üçün dünyəvi elmlərin öyrənilməsinə münasibətinizi də yüksək qiymətləndiririk. Sizin fikrinizlə tamamilə şərikik.

Bu gün qloballaşma şəraitində keçmiş SSRİ-nin bir çox dövlətləri, o cümlədən Rusiya Federasiyası da güclü dini ekspansiya problemləri, öz mədəni və mənəvi dəyərlərini müdafiə etmək, yalançı dini ekstremizmlə mübarizə aparmaq zəruriyyəti ilə üzləşmişlər. Uzun illər Rusiya Federasiyası, Şimali Qafqaz respublikaları, o cümlədən Dağıstan siyasi məqsədləri islam şüarları ilə ört-basdır edən dini-siyasi ekstremizm ilə mübarizə aparmaq məcburiyyətində qalmışlar.

Cari ilin sentyabrında biz 1999-cu ildə Dağıstana soxulmuş quldur dəstələrinin darmadağın edilməsinin 10 illiyini qeyd etdik. Məlumdur ki, beynəlxalq ekstremistlərin Dağıstanı Rusiyadan ayırmaq, respublikada xalis islam adlanan rejim qurmaq layihəsi tamamilə iflasa uğradı. Ekstremistlər Dağıstan müsəlmanlarının dəstəyinə ümid bəsləyirdilər. Lakin islam ruhaniləri xalqla birlikdə respublikada Konstitusiya quruluşunun müdafiəsinə qalxdılar. Əsasən onların prinsipial mövqeyi sayəsində təkcə Dağıstan deyil, dünya ictimaiyyəti də basqının təşkilatçılarının əsl məqsədini anladı.

Təəssüf ki, islamın müdafiəsinə qalxmış, ondan fırıldaqların və qətllərin ört-basdır edilməsi üçün istifadə olunmasına yol verməyən müsəlman ruhaniləri və hüquq-mühafizə orqanlarının işçiləri ölkənin dinc əhalisinə qarşı terror törədən cinayətkarların hədəfinə çevrildi. Terrorçuların hərəkətləri heç bir dini çərçivəyə sığmır. Lakin ekstremizm ideoloqları, əvvəlki kimi belə bir rəyi sırımağa çalışırlar ki, guya onların məqsədi dini xarakter daşıyır. Bu gün onlar gənclərimizi çoxəsrlik mədəni və dini ənənələrdən qoparmağa, onlara yad dəyərləri və idealları aşılamağa, gəncləri hüquqazidd fəaliyyətə, terrora cəlb etməyə çalışırlar.

Rusiya Prezidenti Dmitri Anatolyeviç Medvedevin Şimali Qafqaz regionlarının müftiləri və rəhbərliyi ilə bu yaxınlarda Soçidə keçirilən görüşündə gənclərin ekstremist ideologiyasının təsirindən müdafiəsi probleminə, ənənəvi islamın, dini təşkilatların gənclərin dini-mənəvi inkişafı istiqamətində fəaliyyətinin dəstəklənməsinin zəruriliyinə xüsusi diqqət yetirilmişdir.

Muxu Əliyev dinlərarası dialoqun mühüm əhəmiyyəti barədə də fikirlərini bölüşdü:

- Dağıstan Respublikası ilə Azərbaycan Respublikasını üç dinin - islamın, xristianlığın və iudaizmin nümayəndələrinin əsrlər boyunca dinc yanaşı yaşaması kimi nadir təcrübə birləşdirir. Bu təcrübə özlüyündə etnik və dini ekstremizm təzahürlərinə qarşı güclü arqumentdir. Lakin məlumdur ki, təcrübədə tətbiq olunan, gələcək inkişaf üçün zəminə çevrilən təcrübə xüsusilə dəyərlidir. Buna görə də biz ənənəvi konfessiyaların nümayəndələrinin məsuliyyətini yaxşı başa düşür və onların belə çoxmillətli regionlarda konfessiyalararası sülhün və razılığın qorunub saxlanması istiqamətində səylərini yüksək qiymətləndiririk.

Bu yaxınlarda Dağıstanda və Azərbaycanda respublikalarımızın pravoslav dindarlarını birləşdirən Xəzəryanı və Bakı yeparxiyalarının dirçəlməsinin 10 illiyini qeyd etdik. Bu gün Dağıstan Respublikasında 18 pravoslav kilsəsi fəaliyyət göstərir. Bakının və Xəzəryanı bölgənin yepiskopu Aleksandrın qeyd etdiyi kimi, 2004-cü ildən Dağıstanda pravoslav dini birliklərin xeyli artması müşahidə olunur. Yeparxiyanın yubileyinin qeyd olunması tolerantlığın və xalqlarımıza məxsus dəyərin dini dözümlülük və mehriban qonşuluq ənənələrini, habelə ənənəvi konfessiyaların nümayəndələri arasında etimadın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsini bir daha təsdiq etdi.

Sonda demək istəyirəm ki, həmişə olduğu kimi, bu gün də əhali arasında böyük nüfuza və etimada malik, ictimai rəyi, sonradan bu və ya digər siyasi qərarların qəbul edildiyi mənəvi zəmini formalaşdıran ayrı-ayrı şəxsiyyətlərin səylərindən çox şey asılıdır.

Hörmətli şeyxülislam, şübhəsiz ki, siz məhz belə bir şəxsiyyətsiniz. Bir daha sizi yubiley münasibətilə təbrik edir, cəmiyyətdə razılığa və qarşılıqlı anlaşmaya nail olunması naminə çoxşaxəli fəaliyyətinizdə və dini xidmətinizdə səmimi qəlbdən uğurlar arzulayıram. Sizə və sizin bütün yaxınlarınıza xoşbəxtlik və cansağlığı, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətli şeyxülislam, icazə verin, bugünkü görüşümüzdən xatirə olaraq sizə üz qabığı Dağıstanın məşhur Kubaçi ustaları tərəfindən hazırlanmış Quran hədiyyə edim.

 

***

 

Sonra Muxu Əliyev hədiyyəni Şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

 

***

 

Rusiya Federasiyası Çeçenistan Respublikasının Prezidenti Ramzan KADIROV konfransın mövzusu ilə bağlı fikirlərini bildirdi:

- Müasir dünya çoxsaylı lokal, regional və beynəlxalq münaqişələrin mövcudluğu ilə fərqlənir. Bu münaqişələrin çoxunun kökləri bir neçə onillik tarixə malikdir. Qan axıdılmasına nə vaxt son qoyulacağını, xalqların nə vaxt rahatlıq tapacağını, sülh və həmrəylik şəraitində yaşaya biləcəyini heç kəs qabaqcadan söyləyə bilməz. Nümunə üçün uzağa getmək lazım deyil, bu cür nümunələr lap yaxındadır - Əfqanıstan, Pakistan, İraq, Yaxın Şərq və təəssüf ki, həm də Qafqaz.

Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, dünyanın böyük dövlətləri elə təsəvvür yaradırlar ki, guya bu vəziyyət onları narahat edir. Əslində isə Əfqanıstanda baş verənlər onların sanksiyası ilə cərəyan edir, özü də təkcə Əfqanıstanda yox. Ölkə dağıdılmışdır, xalq müharibədən başqa heç nə görmür. Güclü dövlətlər özlərinin başqa ölkələrə və xalqlara qarşı yönəlmiş hər hansı fəaliyyətini sivilizasiyaların münaqişəsi, dinlər arasında ziddiyyət kimi qələmə verirlər. Lakin əslində belədirmi?

Mən qəti əminəm ki, dinlər arasında münaqişə yoxdur. Dindar adamlar heç vaxt bir-birinə pislik etməz, kiminsə şəxsi əşyasını və ya başqa dövlətə məxsus olan şeyləri qəsb etməzlər. Dünyada tanınmış din xadimləri bizi sülh və həmrəylik şəraitində yaşamağa çağırırlar. Bu çağırışlar Məkkədən, Vatikandan, Moskvadan və digər dünya dinlərinin mərkəzlərindən eşidilir. Biz qanlı münaqişələrin əsasında dinlərin mübarizəsi deyil, dünyaya, dünyanın sərvətlərinə və təbii ehtiyatlara sahib olmaq cəhdi, bütöv ölkələri və çoxmilyonlu xalqları diz çökdürmək arzusu dayandığını etiraf etməyincə, ədalətə və bütün ölkələrin mənafelərinə hörmətə əsaslanan dünya qurmağın real mexanizmlərini yaratmayınca müharibələr davam edəcəkdir.

Rusiyada real dini etiqad azadlığı mövcuddur. Ölkədə minlərlə məscid və pravoslav məbədləri tikilir. Müxtəlif dinlər arasında bu gün haqqında danışdığımız real dialoq aparılır. Fərəhlə qeyd edə bilərəm ki, din xadimləri ilə iqtidar arasında da daim dialoq aparılır. Ölkə rəhbərləri patriarx və müftilərlə görüşürlər. Rusiya liderləri başqa dinlər kimi, İslamı da dəstəkləyir, taleyüklü qərarlar qəbul edərkən müsəlmanların fikrini dinləyir, onlarla məsləhətləşirlər.

Ramzan Kadırov Çeçenistandakı hadisələrlə bağlı vəziyyətə toxunaraq dedi:

- Məlumdur ki, terrorçular Çeçenistanda baş verən hadisələri dinlərarası münaqişə kimi, dini etiqad uğrunda, İslam uğrunda müharibə kimi qələmə verməyə çalışırdılar. Lakin bu, belə deyildir. Qərb terrorçuların əli ilə Rusiyanı dağıtmaq istəyirdi. Bizim ilk prezidentimiz Hacı Əhməd Kadırov bütün dünyada tanınmış İslam alimi və əsl dindar adam kimi müharibəni başlayanların öz qarşısına hansı məqsədlər qoyduğunu başa düşürdü. O, xalqa izah edə bilmişdi ki, terrorçular İslam uğrunda və İslam ideyalarının təntənəsi uğrunda döyüşmürlər. Onlar öz hərəkətləri ilə bütün müsəlmanlara qara yaxmağa, bütün Rusiyanı hərc-mərcliyə sürükləməyə, onu dağıtmağa çalışırlar. Xalq və ölkə rəhbərliyi onu dəstəklədi və biz terrorçuları məhv edərək Rusiyanın bütövlüyünü qoruyub saxladıq.

Qeyd etmək istəyirəm ki, Rusiyada, Çeçenistan Respublikasında dinlərarası həmrəylik bizim üçün əzizdir və onu qoruyub saxlayacağlq. Bizim respublikada müxtəlif millətlərin və məzhəblərin nümayəndələri ilə real dialoq mövcuddur. Biz vahid mehriban ailə kimi yaşayırıq və bu münasibətləri inkişaf etdirməyə çalışacağıq.

Çeçenistan Prezidenti konfrans iştirakçılarına dinlərarası dialoqun daha da möhkəmləndirilməsi istiqamətində qərar qəbul edilməsi işində uğurlar arzulayaraq bildirdi:

- Allahdan arzum budur ki, bizim bütün təşəbbüslərimiz uğurla başa çatsın, burada əyləşənlər, sadəcə, görüşüb evlərinə dağılışmasınlar, vəziyyəti öyrənərək dünyada əslində, nələr baş verdiyini, bu şərin arxasında hansı qüvvələr dayandığını və xalqların necə əziyyət çəkdiyini başa düşsünlər. Təhqirlərə, insanların alçaldılmasına, qadınların, qocaların, uşaqların öldürülməsinə dözmək mümkün deyildir. Bizim bu sahədə kədərli təcrübəmiz vardır və biz bunu başqalarından eşitməmişik.

Bizi günahlandırırlar ki, Çeçenistanda müharibə gedir. Deyirlər ki, çeçenlər banditlərdir, terrorçulardır. Lakin bu, əsla belə deyildir. Çeçenlər çox sülhsevər, səmimi xalqdır. Bizi bu müharibəyə zorla cəlb ediblər, bizdən suveren dövlətə - Rusiyaya qarşı münasibətlərin ayırd edilməsində vasitə kimi istifadə ediblər. Lakin biz başa düşmüşük ki, bu bəlanı dayandırmaq və atalarımızın yaşadığı kimi hamı ilə dinc, dostcasına yaşamaq lazımdır.

Əgər bugünkü konfransı təməl hesab etsək və bu istiqamətdə fəaliyyətimizi inkişaf etdirsək, hamı ilə dialoq aparsaq, düşünürəm ki, müharibəni dayandırmaq mümkün olacaqdır və dünyada adamları öldürməyəcəklər, partlayışlar törətməyəcəklər və bunda İslamı günahlandırmayacaqlar.

Mən bir dindar müsəlman kimi İslam dininin insanları nəyə çağırdığını bilirəm və televizorda haradasa partlayış baş verməsini göstərib bunun islamçı ekstremistin, banditin əməli olduğunu deyəndə, hər bir müsəlmanı təhqir edirlər. Buna görə də mən dini mənsubiyyətindən asılı olmayaraq, bütün dindarları haqqın-ədalətin təntənəsi naminə şər qüvvələrə qarşı birləşməyə çağırıram.

Allah işimizi avand etsin. Mən bugünkü tədbirə görə, Şeyxülislamı dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm. O, həqiqətən, Qafqazın hüdudlarından kənarda da hörmət edilən şəxsdir, onu hamı sevir. Bugünkü tədbir də bu fikri bir daha təsdiq edir. Bu gün mən şeyxülislamın ali ordenlə - "Kadırov ordeni" ilə təltif edilməsi haqqında fərman imzalamışam. Bu orden bizdə çox qiymətlidir. Mən bilirəm ki, bu orden şeyxülislam üçün də çox qiymətlidir.

 

***

 

Ramzan Kadırov Şeyxülislam Allahşükür Paşazadəyə ordeni təqdim etdi.

Sonra o, Şeyxülislama xəncər hədiyyə edərək dedi:

- Biz bunu istəsək də, istəməsək də, qafqazlılar döyüşçülərdir. O isə bizim ən əsas döyüşçümüzdür.

 

***

 

Konstantinopol Patriarxı Varfolomeyin nümayəndəsi EMANUEL həzrətləri Azərbaycana səmimi münasibətlərini ifadə edərək bildirdi:

- Cənab Prezident, zati-aliləri və zati-həzrətləri!

Sizin nitqinizə, davam edən əməkdaşlıq haqqındakı sözlərinizə görə minnətdaram. Bu ölkədəki inkişaf mərhələləri bizim üçün çox vacibdir. Bu inkişafın bütün Qafqaz regionundakı vəziyyətə çox böyük və müsbət təsiri vardır. Sizin mərhum atanızın xatirəsi də çox yüksək qiymətləndirilir. Tanrı Sizə xeyir-dua versin və Sizin bu uğurlu fəaliyyətinizə bizim dualarımız kömək olsun.

Planetdə dinlərarası dialoqun gücləndirilməsinin və sıx birgə praktiki əməkdaşlığa başlanmasının vacibliyini əsaslandıran Emanuel həzrətləri, Azərbaycanın tolerantlıq baxımından dünyada nümunə rolu oynadığını, sivilizasiyalararası və dinlərarası dialoqa böyük töhfələr verdiyini xüsusi vurğulayaraq dedi:

- Cənab Allahşükür Paşazadə, siz insansevər rəhbərsiniz. Siz İslama xristianlıq və yəhudi dinləri ilə bir sırada baxaraq, onların arasında dostluq münasibətlərini dəstəkləyirsiniz. Həqiqi dəyərlərə qiymət vermək, bütün imanlıların, möminlərin bir araya gəlib ümumi inkişafa nail olması sizin fəaliyyətinizin gözəl nümunəsidir. Bizim bu konfransın missiyası da buna aiddir. Bu, bizi ilhamlandırır. Biz yubiley tədbirinə görə Allaha minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı və uğurlar arzu edirik.

 

***

 

Emanuel həzrətləri Konstantinopol Patriarxı Varfolomeyin adından hədiyyəni Şeyxülsilam Allahşükür Paşazadəyə təqdim etdi.

 

***

 

MinskSlutsk Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı FİLARET Bakıda keçirilən konfransın məramına müvafiq qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru konkret addımlar atmaq üçün etimadın zəruriliyini diqqətə çatdıraraq dedı:

- Düşünürəm ki, konfessiyalararası səmərəli dialoq həmişə, xalqlarımızın həqiqəti anlaması və bu ümumi məqsədə aparan yolun müxtəlif olmasına baxmayaraq, hamımızın xilası vasitələrinin axtarışıdır.

Bu gün mənim ürəyimdə çox böyük fərəh hissi vardır. Çünki biz qarşılıqlı anlaşmaya nail olaraq, əməkdaşlığımızın üsullarını və formalarını tapmağa çalışırıq. Forumumuzun yekunları barədə əvvəlcədən danışmaq və nəticələr çıxarmaq istəmirəm. Lakin planlarımızın və ümidlərimizin yerinə yetməsinin yeganə doğru yolu kimi dua etmək istərdim. Xristianlar Tanrıya dualarında "Otçe naş" deyirlər. Müsəlmanlar Allahın böyüklüyünü "Allahu əkbər" kəlməsi ilə ifadə edirlər. Yəhudilər Allahın varlığını "Yaxvı salom" kəlməsi ilə təsdiq edirlər. Bu müraciətlər, müxtəlif, bəzən tamamilə müxtəlif insanların duaları bütün dövrlərdə və bütün xalqlar üçün yeganə olan Tanrıya - yeri-göyü yaradan o bir Allaha ünvanlanmışdır.

Allah hamımızı qorusun, amin.

Bu xeyir-dualı torpaqda bizə göstərilən diqqətə görə təşəkkürümü bildirirəm. Azərbaycanın Prezidentinə, əziz qardaşımız və dostumuz şeyxülislama təşəkkür edir və müqəddəs "Yefrosiniya Polotskaya" xaçını ona təqdim edirəm. Allah Sizə ömür versin, işinizdə sizə kömək olsun, xalqınıza yar olsun! Siz xalqınızın əsl oğlusunuz.

 

***

 

MinskSlutsk Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı Filaret hədiyyəni şeyxülislama təqdim etdi.

 

***

 

Daha sonra konfransda bir sıra ölkələrin dövlət başçılarının ikiqat yubiley münasibətilə Şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubları oxundu.

Belarusun Azərbaycandakı səfiri Nikolay PASTKEVİÇ Prezident Aleksandr Lukaşenkonun təbrik məktubunu oxumuşdur.

Məktubda deyilir: "Zati-müqəddəsləri, sizin 60 illik yubileyiniz və şeyxülislam rütbəsinə ucalmağınızın 30-cu ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin. Belarus Respublikasında və xaricdə sizi təkcə nüfuzlu din xadimi kimi deyil, həm də konfessiyalararası konstruktiv ünsiyyətin fəal tərəfdarı kimi yaxşı tanıyırlar. Siz Müstəqil Dövlətlər Birliyi ölkələri müsəlmanlarının Məşvərət Şurasının sədri kimi vətəndaş həmrəyliyinin və xalqlar arasında qarşılıqlı anlaşmanın bərqərar olmasına böyük töhfə verirsiniz.

Əminəm ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsində fəaliyyətiniz bundan sonra da mədəniyyətlərin dialoquna, cəmiyyətin mənəvi-əxlaqi əsaslarının möhkəmlənməsinə xidmət edəcəkdir.

Zati-müqəddəsləri, sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, bütün təşəbbüslərinizdə mənəvi qüvvə və uğurlar arzulayıram.

Hörmətlə,

 

Aleksandr LUKAŞENKO,

Belarus Respublikasının Prezidenti".

 

***

 

İordaniya Kral Akademiyasının baş katibi Səid ƏL-HİCCARİ Kral II Abdullahın məktubunu oxudu. Məktubda müstəqil Azərbaycanın və onun Prezidentinin dinlərarası dialoqa, eləcə də İslam həmrəyliyinə verdiyi töhfələr razılıq hissi ilə təqdir olunur. Kral II Abdullah məktubunda İslamın elmi əsaslarının mənimsənilməsində və ümumiyyətlə, bu dinin dünyəvi və əxlaqi mahiyyətinin təbliğində Şeyxülislam Allahşükür Paşazadənin yorulmaz fəaliyyətinə yüksək qiymət verərək yazmışdır:

- Bütün İslam dünyasının əxz edilməsində fəaliyyətinizə və xidmətlərinizə, gələcəyi görmənizə və İslam dünyasının qarşılaşdığı problemləri həll etmək istiqamətindəki səylərinizə və ortaq məxrəcə gəlməyə, ədalətə çalışdığınıza və İslam dünyası alimləri arasında xoş fikir yaratdığınıza, müsəlmanların problemlərini dünyaya tanıtdığınıza görə bu məktub sizə ünvanlanıb. Arzumuz budur ki, bütün bu cür məktublar müsəlmanlara gələcəkdə öz töhfəsini versin.

Şeyxülislamlığınızın 30 illiyinə, eyni zamanda Qafqaz və dünya müsəlmanlarına göstərdiyiniz xidmətlərə görə, 60 illik yubileyiniz münasibətilə sizə cansağlığı, uzun ömür arzulayıram. Tanrıdan arzu edirəm ki, Allahın buyruqlarını yerinə yetirməkdə işiniz həmişə uğurlu olsun, müsəlmanların vəziyyətinin yaxşılaşdırılmasına öz töhfənizi verəsiniz.

Biz sizə İordaniya Kral Akademiyasının fəxri ordenini təqdim edirik. Allah sizdən razı olsun.

 

***

 

Sonra Səid əl-Hiccari İordaniya Kral Akademiyasının fəxri ordenini şeyxülislama təqdim etdi.

 

***

 

İran İslam Respublikası Prezidentinin müşaviri Əli ƏKBƏRİ Prezident Mahmud Əhmədinejadın təbrik məktubunu oxudu. Məktubda deyilir:

"Dinlərarası dialoq mövzusunda keçiriləcək konfransda iştirakla əlaqədar cənabınız tərəfindən ünvanlanmış dəvətnaməni sevinc və məmnunluq hissləri ilə aldım. Bu konfransda şəxsən iştirak etməkdən şad və məmnun olardım. Lakin öncədən planlaşdırılmış proqramlar mənə belə bir imkan vermədi. Bununla da öz təşəkkür və təbriklərimi yaxın dostum və müşavirim Hacı Əli Əkbərinin vasitəsilə sizə çatdırıram. Əminəm ki, belə təşəbbüslər təkallahlı dinlərin rəhbərlərinin və ardıcıllarının bir-birilərini daha yaxşı başa düşmələrinə, eləcə də qlobal məsələlərin və bəşəriyyətin qarşısında duran problemlərin həlli istiqamətində birgə məsuliyyətlərini daha yaxşı dərk etmələrinə yardım edəcəkdir.

Bu gün böyük proseslərin ərəfəsində və bəşəriyyət üçün çoxlu ziyanlara, müharibələrə, yoxsulluğa və məsafələrin yaranmasına səbəb olan qeyri-əxlaqi və materialist sistemlərin hökm sürdüyü uzun bir dövrün sonunda insanlar arasında münasibətlərin tənzimlənməsində, ədalət və insan kəramətinə əsaslanan daha yaxşı dünyanın yaradılmasında mənəviyyat, əxlaq və dini təlimlərə əvvəlkindən çox ehtiyac vardır. Belə düşünürəm ki, qlobal münasibətlər və dövlətlərarası əlaqələr nə qədər ilahi dinlərin insanpərvər təlimləri və əxlaqı ilə qidalanarsa, dünya bir o qədər müharibə və terror, zorakılıq və ayrı-seçkilik, zülm və ədalətsizlikdən təmizlənmiş olar. Xoşbəxtlikdən iki dövlətin - İran və Azərbaycanın iradəsi sayəsində xalqlarımız arasında qardaşlıq əlaqələri genişlənməkdədir.

Cənabınıza, konfransın təşkilatçılarına və bütün iştirakçılarına bu mübarək məqsədlərə çatmaq istiqamətində səmimi qəlbdən müvəffəqiyyət arzulayıram.

 

Mahmud ƏhmƏdinejad,

İran İslam Respublikasının Prezidenti".

 

***

 

Latviyanın Azərbaycandakı səfiri Mixail POPKOVS Prezident Valdis Zatlersin təbrik məktubunu oxumuşdur. Məktubda deyilir:

"Zati-müqəddəsləri,

Sizin 60 illiyiniz və ali vəzifəyə seçilməyinizin 30 illiyi şərəfinə 2009-cu il noyabrın 6-da və 7-də keçiriləcək tədbirlərə dəvət olunduğuma görə sizə ürəkdən minnətdar olduğumu bildirmək istəyirəm. İcazə verin, sizi səmimi qəlbdən təbrik edim və yubileyiniz günündə sizə səadət arzulayım.

Sizə möhkəm cansağlığı, dözüm və firavanlıq, gələcək fəaliyyətinizdə tükənməz qüvvə və böyük uğurlar diləyirəm.

Fürsətdən istifadə edib, Latviya və Azərbaycan xalqları arasında dostluq əlaqələrinə görə sevincimi bildirmək istəyirəm. Əminəm ki, mənim Azərbaycana bu yaxınlarda baş tutmuş səfərim də Azərbaycan ilə Latviya arasında, o cümlədən mədəni və mənəvi sahələrdə fəal ikitərəfli dialoqu möhkəmləndirməyə kömək edəcək əməkdaşlıq üçün yeni imkanlar açmışdır.

Sizin məni şəxsən dəvət etməyiniz mənim üçün böyük şərəfdir. Lakin bayram tədbirlərinin vaxtı mənim daha əvvəl öz üzərimə götürdüyüm və təəssüf ki, imtina edə bilmədiyim başqa öhdəliklərlə eyni vaxta düşür. Buna görə də təəssüf ki, bu imkandan istifadə edib sizin səmimi dəvətinizə əməl edə bilməyəcəyəm.

Yubiley şənliklərində sizə unudulmuz anlar arzulayıram. Qoy bu bayram sizə nikbinlik, gələcək işləriniz üçün qüvvə və ilham versin.

Səmimi hörmətlə,

 

Valdis Zatlers,

Latviya Respublikasının Prezidenti".

 

***

 

Özbəkistanın Azərbaycandakı səfiri İsmətilla İRQAŞEV Prezident İslam Kərimovun təbrik məktubunu oxumuşdur:

"Möhtərəm şeyxülislam!

Sizin 60 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bizim ölkədə sizi uzun illər boyu Özbəkistanla ayrılmaz bağlı olan, müqəddəs dinimizin həqiqi dəyərlərini uğurla təbliğ edən, sülhsevər, maarifpərvər və tolerant İslamın məna və məzmununu təhrif edən yabançı və düşmən ideologiyalara qarşı hər vasitə ilə mübarizə aparan, mömin müsəlmanları düz yola yönəldən görkəmli din xadimi kimi tanıyırlar.

Cəmiyyətdə şəfqət və dini dözümlülük kimi yüksək hisslərin tərbiyə edilməsində, konfessiyalararası və millətlərarası dialoqun genişlənməsində, habelə ən mühüm sosial və maarifçilik məsələlərinin həllində sizin sanballı xidmətlərinizi xüsusi vurğulamaq istərdim.

Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsində çoxillik səmərəli fəaliyyətiniz sizə təkcə Azərbaycan Respublikasında deyil, onun hüdudlarından uzaqlarda da haqlı olaraq nüfuz və hörmət qazandırmışdır.

Möhtərəm şeyxülislam, bu xoş fürsətdən istifadə edib sizə möhkəm cansağlığı, uzun ömür, bütün nəcib təşəbbüslərinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İslam Abduqəniyeviç KƏRİMOV,

Özbəkistan Prezidenti".

 

***

 

Rusiya Federasiyasının Prezidentinin MDB dövlətləri ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, Xaricdə yaşayan həmvətənlərlə işlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Fərid MUXAMETŞİN Prezident Dmitri Medvedevin təbrik məktubunu oxumuşdur:

"Möhtərəm şeyxülislam!

Sizin 60 illik yubileyiniz və şeyxülislamlığınızın 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz uzun illər boyu Qafqaz Müsəlmanları İdarəsinə başçılıq etməklə maarifçilik və mənəvi tərbiyə işinə böyük şəxsi töhfə verirsiniz. Siz Rusiyada və Azərbaycanda, bütün MDB məkanında haqlı olaraq hörmət və nüfuz qazanmısınız.

Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə sizin töhfənizi qiymətləndiririk. Ölkələrimizi təkcə məzmunlu siyasi dialoq və səmərəli qarşılıqlı iqtisadi fəaliyyət deyil, həm də qədimdən yaranmış dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Sülh və tərəqqi naminə, gələcək nəsillərin rifahı naminə bundan sonra da həmin ənənələri qoruyacaq və artıracağıq.

Sizinlə görüşlərimizi, səmimi və maraqlı söhbətlərimizi hərarətlə xatırlayıram. Ümid edirəm ki, qarşılıqlı faydalı, dostcasına dialoq davam edəcəkdir. Sizə möhkəm cansağlığı, firavanlıq və nəcib fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

Dmitri MEDVEDEV,

Rusiya Federasiyasının Prezidenti".

 

***

 

Türkiyənin Azərbaycandakı səfiri Hulusi KILIÇ Türkiyə Prezidentinin və Baş nazirinin təbrik məktublarını oxudu. Məktublarda deyilir:

"Hörmətli sədr, əziz qardaşım!

60-cı doğum gününüzü və şeyxülislamlıq fəaliyyətinizin ildönümünü ürəkdən təbrik edir, cansağlığı və işlərinizdə uğurlar diləyirəm.

Şeyxülislamlıq fəaliyyətinizin 30-cu ildönümü münasibətilə 2009-cu il noyabrın 6-7-də təşkil olunacaq tədbirlərdə və "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusundakı konfransda iştirak etmək üçün göndərdiyiniz səmimi dəvətə görə təşəkkür edirəm.

İş cədvəlimin gərginliyi və əvvəlcədən nəzərdə tutulmuş işlər səbəbindən bu konfransda, təəssüf ki, iştirak edə bilməyəcəyəm. Mühüm vəzifənizin icrasındakı uğurlu fəaliyyətinizi eyni əzm və qətiyyətlə davam etdirəcəyinizə şübhə etmirəm. Bu günə qədər olduğu kimi, bundan sonra da "bir millət" şüarından vaz keçilməsi əsla mümkün olmayan Türkiyə və Azərbaycan xalqları arasındakı möhkəm birlik və həmrəylik hissləri ilə ortaq mənəviyyatın daha da sıxlaşması istiqamətində səy göstərə biləcəyinizə qəlbən inanıram.

Bu fürsətdən istifadə edərək, əziz qardaşıma uzun ömür diləyirəm, dost və qardaş Azərbaycan xalqını məhəbbətlə salamlayıram.

Allah köməyiniz olsun.

 

Abdullah GÜL,

Türkiyə Respublikasının Prezidenti".

 

***

 

"Hörmətli sədr, əziz qardaşım!

Anadan olmağınızın 60-cı və şeyxülislamlıq fəaliyyətinizin 30-cu ildönümünü ən səmimi diləklərimlə təbrik edirəm.

Doğum gününüzün və şeyxülislamlıq fəaliyyətinizin ildönümləri münasibətilə 2009-cu il noyabrın 6-7-də təşkil olunacaq yubiley tədbirlərində, həmçinin "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusundakı konfransda iştirak etmək üçün göndərdiyiniz səmimi dəvətə görə təşəkkür edirəm.

Gərgin iş proqramım səbəbindən qeyd olunan konfransda iştirak edə bilməyəcəyimi təəssüf hissi ilə bildirirəm. Bu konfransın müvəffəqiyyətlə keçməsini arzu edirəm.

Vəzifənizin icrası zamanı göstərdiyiniz uğurlu fəaliyyətinizin davam etməsini diləyirəm, sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzu edirəm.

 

Rəcəb Tayyib ƏRDOĞAN,

Türkiyə Respublikasının Baş naziri".

 

***

 

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür PAŞAZADƏ yubiley münasibətilə onu təbrik etmək üçün Bakıya gəlmiş Türkiyə, İran, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt dövlətlərinin, Mərkəzi Asiya və MDB-nin üzvü olan ölkələrin, həmçinin İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumların nümayəndələrinə minnətdarlığını bildirdi. Bütün Qafqazın şeyxi ona göstərilən hörmət və ehtiramı doğrultmaq üçün bacarıq və təcrübəsini əsirgəməyəcəyini söyləyərək dedi:

- Bayaqdan mən özüm-özümə qulaq asıram, özüm-özümə kənardan baxıram ki, görüm mən bu təriflərə layiqəmmi? Fikirləşirəm və özümdə daha çox məsuliyyət hiss edirəm. Çətinliklərim də olub, başa düşməzlik də olub. Mən xalqıma tam xidmət edə bildimmi? Xalqımın qarşımda qoyduğu vəzifəni mən tam yerinə yetirə bildimmi? Baxıb görürəm ki, hələ yerinə yetirə bilməmişəm. Baxmayaraq ki, mənim ustadım, müəllimim, mənəvi rəhbərim Heydər Əliyev olub. Ulu öndər kimi bir mənəvi rəhbərim var idi. Xalqa xidmət yolunu biz ondan öyrənmişik. Mən əvvəl istərdim ki, Əliyevlər ailəsinə minnətdarlığımı bildirim. Bu gün bütün müvəffəqiyyətlərimə görə bu ailəyə borcluyam, bu ilhamı mən oradan almışam. Əgər səhv etməmişəmsə və məni qəbul ediblərsə, Azərbaycan xalqına minnnətdarlığımı bildirirəm. Bu, xalqın zəhmətidir. Xalq məni böyüdüb. Bu xalq mənə etimad göstərib, bu imkanı yaradıb və bu gün məni təbrik edirlər.

Ona görə də bu gün mənim başımı ucaldan və iki gündür ki, bütün işlərini atıb qonaqlarımla məşğul olan Prezidentimizə, İlham Əliyev həzrətlərinə cansağlığı arzulayır və minnətdarlığımı bildirirəm.

Allahşükür Paşazadə təkcə Azərbaycanın dini rəhbəri kimi deyil, həm də bütün Qafqazın şeyxi kimi yerinə yetirdiyi missiyanın məsuliyyətindən də danışdı:

- Mən Qafqazın şeyxiyəm, məsuliyyət daşıyıram. Həm Çeçenistanın, həm Dağıstanın, həm də Kabarda-Balkarın, həm İnquşetiyanın şeyxiyəm. Eyni zamanda, məni Rusiya cəmiyyətində bütün müsəlmanların rəhbəri seçiblər. Bunların da qarşısında məsuliyyət daşıyıram.

Mənim bundan sonra da görəcəyim bütün işlər və atacağım bütün addımlar xalqlar arasında dostluq yaratmağa xidmət edəcəkdir. Əlbəttə, mən çox istərdim ki, bizim ən böyük problemimiz - Qarabağ münaqişəsi sülh yolu ilə həll edilsin. Əminəm ki, Prezidentimiz İlham Əliyev həzrətlərinin rəhbərliyi ilə, inşallah, bu məsələ tezliklə həllini tapacaqdır. Buna inanıram. Mən istərdim ki, bu işə dindarlarımız, din xadimlərimiz yaxından kömək etsinlər.

Siz Azərbaycana diqqətlə baxın. Bu gün Azərbaycan tolerantlıq beşiyidir. Tarixən belə olub, bu gün də belədir. Azərbaycanda dinlər, millətlər sülh şəraitində, vahid ailə kimi yaşayıb. Bu birlik, bu vəhdət gücümüzün göstəricisidir. Azərbaycan dünyada tolerantlığın örnəyidir.

Buna görə və mənə fəaliyyətim üçün yaradılan şəraitə görə bütün dindarlar - istər müsəlman, istər xristian, istərsə də yəhudilər adından bir daha Prezident həzrətlərinə və dövlət xadimlərinə minnətdarlığımı bildirirəm. Allah-taala bütün insanlara dünyada sülhü bərqərar etsin, o cümlədən bizim üçün, Azərbaycan üçün və Qafqaz üçün də.

Mən bu gün çox sevinirəm. Əhməd Kadırov mənim dostum, qardaşım olub. Hər bir çətinliyi biz birlikdə adlamışıq, məsləhətləşmişik, yaxşı günlərdə də, yaman günlərdə də bərabər olmuşuq. Bu gün o, mənimlə bərabər deyil. On il əvvəl rəhmətlik Heydər Əliyevin rəhbərliyi ilə keçirilən 50 illik yubileyimdə o, iştirak etmişdi, mənə "Çeçenistanın qəhrəmanı" ordenini vermişdi. Bu gün mən çox sevinirəm ki, onun oğlunun, davamçısının əlindən "Əhməd Kadırov" ordenini aldım. Ona görə də dərin minnətdarlığımı bildirirəm və gələcəyə inanıram.

Mənə "İstiqlal" ordenini ulu öndərimiz Heydər Əliyev təqdim etmişdi. Bu gün Prezident İlham Əliyev mənə "Şərəf" ordeni verdi. Bu, mənim üçün çox böyük şərəfdir. Bu, həm də inamdır. Həyat davam edir və gələcəkdə də, inşallah, davam edəcəkdir.

Şeyxülislam Allahşükür Paşazadə yubiley mərasimində iştirak etmək üçün Tbilisi, Moskva, Ər-Riyad, Dərbənd, Ankara, Ufa, Kazan, Tehran və digər şəhərlərdən gəlmiş qonaqlara, həmçinin onu şəxsən təbrik etmiş dövlət başçılarına təşəkkürünü bildirərək dedi:

- Onu da qeyd edim ki, bu gün mən Rusiya nümayəndə heyətinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Çünki onlar, həqiqətən, bu işdə çox yaxından iştirak ediblər. Bu gün saat 2-nin yarısında Rusiyanın Prezidenti Medvedev həzrətləri telefonla zəng edərək məni təbrik etdi. Mən istərdim ki, burada Rusiyanın səfirinə və gələn qonaqlara da minnətdarlığımı bildirim ki, onlar bu mərasimdə yaxından iştirak edirlər.

Türkiyədən qardaşlarımız gəliblər. Türkiyədən mən iki təbrik almışam. Hədiyyələrini də göndərmişdilər. Bu diqqətə və qayğıya görə minnətdarlığımı bildirirəm. Onlara Allahdan cansağlığı arzulayıram.

Bizim konfransımız sabah işini Təzəpir məscidində davam etdirəcəkdir. Gəlib görəcəksiniz. Biz çox istərdik ki, siz Təzəpirin konfrans zalındakı tədbirdə iştirak edəsiniz, görəsiniz ki, mənim Prezidentim bizim üçün, dindarlar üçün nə cür gözəl şərait yaradıb. İnşallah, sabah konfransımız saat 10-da orada işini davam etdirəcəkdir. Bir daha "çox sağ olun" deyirəm, minnətdaram.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 noyabr.- S. 2, 7.