İnformasiya texnologiyaları sektorunda mühüm layihələr reallaşır

 

Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mətbuat konfransı keçirmişdir.

Nazir bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də nailiyyətlər əldə olunduğunu bildirmişdir. Ə.Abbasov ölkə ərazisinin tamamilə telefonlaşdırılması, əhalinin internetə çıxış imkanının daha da asanlaşması, regionlarda genişzolaqlı internet xidmətlərinin tətbiqi və TAE fiber-optik kabel xəttinin genişləndirilməsindən danışaraq digər həlli vacib məsələlərə də toxunmuşdur.

Nazir bildirmişdir ki, bu il İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 778,6 milyon manat təşkil etmişdir. Respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 84,2 faizə çatdırılmışdır. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 15,7 ədəd təşkil etmişdir. İlin əvvəli ilə müqayisədə mobil abunəçilərin sayı 752 000 nəfər artaraq 7 300 000-ə çatmışdır ki, bu da hər 100 nəfər əhaliyə 82,0 mobil abunəçinin düşməsi deməkdir. Cari ilin əvvəli ilə müqayisədə respublika üzrə genişzolaqlı internet abunəçilərin sayı 1,5 dəfə artmışdır. Əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 8-ə, internet istifadəçilərinin sayı 37-yə bərabər olmuşdur.

Nazir informasiya texnologiyaları sektorunda həyata keçirilən mühüm layihələr - "Transmilli Super İnformasiya Magistralı", "Xalq Kompüteri", 3G texnologiyası, elektron ATS-lər və internetin qiyməti ilə bağlı məsələlərə aydınlıq gətirmiş, "AzerSpace" milli peykinin hazırlanması layihəsi üzrə görülən işlər barədə məlumat vermişdir.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 4.